“Nabat” filminin nümayişi keçiriləcək

7 Baxış

nabat_yarat_10 may(1)10 may tarixində saat 19:00-da Yarat Müasir İncəsənət Mərkəzində Elçin Musaoğlunun “Nabat” tammetrajlı bədii filminin nümayişi keçiriləcək. Yarat Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək.

“Nabat” bədii filmi 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınmışdır.

Dram janrında lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və  Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Fatameh Mohamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.

Film Qarabağ müharibəsi dövründə dağ kəndində tənha yaşayan Nabat adlı yaşlı qadından bəhs edir. Bir gün səhər tezdən məlum olur ki, bütün kənd camaatı evlərini tərk ediblər. Nabat kənd xarabaya çevrilməsin deyə hər gecə yalnız qalmış evlərin işıqlarını yandırır. Bunu görən düşmən tərəf düşünür ki, kənd camaatı kənddən çıxmayıb, demək döyüşə hazırdılar. Sonra Nabat bombardman nəticəsində balalarını itirmiş dişi canavarla rastlaşır.

Giriş sərbəstdir.

Əlavə məlumat üçün əlaqə telefonu: +99412 505 1414