“Nabat” və “Dmitrov küçəsi 86” filmləri “Didor” film festivalında

11 Baxış

Elçin Musaoğlunun “Nabat” və Cəfər Axundzadənin “Dmitrov küçəsi 86” filmləri “Didor” beynəlxalq film festivalına dəvət alıb.

Senet.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki film festivalın müsabiqə proqramlarında yer alıb. Festivalın açılış mərasimi oktyabrın 16-da Tacikistanın paytaxtı Düşənbədə baş tutacaq.

Filmlər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

“Nabat” bədii filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Fatimə Məhəmməd Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar. Filmin beynəlxalq premyerası Venesiya film festivalının “Orizzonti” müsabiqə proqramının çərçivəsində baş tutub.

“Dmitrov küçəsi 86” filminin ssenari müəllifi Cəfər Axundzadə, quruluşçu operatoru Əlişir Həmidhocayev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Rüstəm Zeynallı, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və İradə Bağırzadədir (“Adari films”). Filmdə baş rolları Zemfira Sadıqova, Əlibəy Məmmədli, Abdül Mahmudov, Dilarə Kazımova və digərləri canlandırıblar.

 

Bölmə : Kino, Manşet