Nadir şahın heç yerdə olmayan pulları – Möhtəşəm FAKTLAR/FOTO

60 Baxış

dsc_2019

Senet.az saytı publika.az-a istinadən kolleksiyaçı, “Num.az” MMC-nin direktoru, Əməkdar mühəndis Rövşən Əhmədovla olan müsahibəni təqdim edir.

- Rövşən bəy, olduqca zəngin və çoxşaxəli kolleksiyanız var. Onların hansı haqda bizə ətraflı məlumat verə bilərsiniz?

- Sizə Əfşanilər dövlətinin pul dövriyyəsi haqda danışacam. Çünki, bu kolleksiya haqda hələ məlumat verməmişəm. İşlədiyim mövzulardan biri də Azərbaycan tarixinin önəmli nümayəndələrindən biri olan Nadir şah Əfşarın hakimiyyətinin pul dövriyyəsidir. Səfəvilərin çöküşü dövlətin xırda-xırda hissələrə parçalanmasına səbəb oldu. Vəziyyət günbəgün daha da acınacaqlı libas geyinirdi. Sonuncu Səfəvi hökmdarının qəyyumu olan Sərkərdə Nadir bir çox vəzifəni icra edirdi. Bütün səkərdələri, vəzifə başında olanları bir yerə toplayaraq qurultay keçirdir. Orada deyir ki, güclü bir insan hakimiyyətə gəlməlidir ki, dövləti bərpa etsin. Ümumi səsvermə ilə elə həmin qurultayda Əfşar Nadir Şah seçilir. 1736-1747-ci illər Sultan Nadirin hakimiyyət dövrüdür. Mənim kolleksiyamda da onun pulları toplanıb. Bu pulların içərisində cülus pullar da var. Cülus taxta çıxma mərasiminə həsr olunan pullardır. Hazırda keçirilən prezidentlərin andiçmə mərasimi yəni inaqurasiya hökmdarların tac qoyma mərasimindən götürülüb. O zamanlar Milli Məclis, kütləvi informasiya vasitələri yox idi, təmtəraqlı tədbir keçirdib hökmdarı elan edə bilmirdilər. Buna görə də hökmdarın inaqurasiyası sikkə buraxmaqla qeyd olunardı.

- Bu sikkələrin özəlliyi nədə idi?

- Onların üzərində Nadir Şahın taxta çıxması şeirlə qeyd olunub. Ona görə cülus pullar adlanır.

- Maraqlıdır, şeirlərin müəllifi kim olub?

- Onu indi deyə bilmərik. Çünki çox geniş araşdırma mövzusudur. Biz yalnız pulların zərb olunduqları şəhərlərin adlarını çəkə bilərik. Baxın, bu pullar Nadir Şahın Gəncədə zərb olunan pullarıdır. Abbasi adlanır. Bu nominal sonuncu Səfəvi hökmdarı Abbasın zamanında keçirilən sonuncu böyük islahatdan sonra meydana gəlib. Abbasi zetlərin və əfşarların dövründə də istifadə edilib. Burada gördüyünüz gümüş 1 şahi o qədər nadir puldur ki, heç muzeylərdə də tapa bilməzsiniz. Özü də Təbrizdə zərb olunub. Müsəlman numizmatikasına şahi nominalı Səfəvi I Şah İsmayıl tərəfindən gətirilib.

- Bəs onadək hansı nominal istifadə olunub?

- Qədim zamanlardan o vaxtadək isə dirhəm və qızıl dinar işlədilib. Mis pul isə fulus adlanıb. Bu 3 sadaladığımız nominal istifadə edilib. XII əsrdə gümüş böhranından sonra mis pulların sayı artır. Bu dövrdə Zaqafkaziya monqolların hücumuna məruz qalır. Onlar da özləri ilə təngə adlanan gümüş pul gətirirlər. Monqol təngəsi Zaqafqaziya, Azərbaycan, İran ərazisində XVI əsrədək dövriyyədə olub. 1501-ci ildə Şah İsmayıl Xətai hakimiyyətə gəldikdən sonra islahat aparır və şahi adlı yeni pul vahidi tətbiq edir. Təsəvvür edin ki, ilk şahinin çəkisi 9 qram olub. Zaman keçdikcə çəkisi azaldılaraq baxın bu ölçülərə gəlib çıxıb.

- Yəqin ki, səbəblərdən biri də infilyasiya olub.

- Əlbəttə, və bu səbəblə çəki 9,6 qramdan 1,12 qramadək azalıb. Burada Qəzvin, Şiraz, Təbrizdə və digər şəhərlərdə zərb olunan pullar var.

- Hamısının da üzərində xüsusi yazılar var…

- Nadir şah Əfşar şiə təriqətinə xidmət edən müsəlman olub. Pulların üzərində də Kəlimeyi-şəhadət və 12 imamın adı yazılardı. Şiə pullarını sünnü pullardan fərqləndirən əsas cəhət də o idi ki, onların üzərinə 12 imamın adı mütləq həkk olunardı. Pulun arxa üzündə isə Şahın adı, zərb yeri və ili qeyd olunur. Nadir Şah hakimiyyətə gələndən sonra cüluslar zərb olunur. Ardınca isə islahatlar aparır, və külli miqdarda 6 şahilər zərb olunur. 6 şahilər əsasən İsfahan, Məşhəd, Şiraz, Qəndahar, Tiflis ərazilərində zərb edilib. Hətta burada eyni ildə, eyni şəhərdə buraxılan 10 ədəd pul var. Hamısı İsfahana aiddir. Amma müxtəliflik var. Tarixçilər, diyarşünaslar üçün bu o qədər də önəmli fakt sayılmır. Lakin numizmatika elmi dövlətin iqtisadiyyatını, siyasətini də araşdırır. Bu pulların hər birinin üzərində fərqli ştempel var. Demək ki, bu şahilərin 10-u da 10 fərqli usta tərəfindən zərb olunub. Ustalar hamısı xəttat olublar. Hərəsinin öz ülsubu vardı. Şəhərin və şahın adını da fərqli şəkildə yazıblar.

- Bir ölkədən digərinə gedəndə puldəyişmə məntəqələrinə üz tuturuq. Bəs bu şəhərlərin pullarını digərlərində də rahat istifadə etmək olurdu?

- Nadir şahın pulları bütün şərq dünyasında istifadə olunurdu. Bu, isə dövlətin, şahın böyük qüdrətindən xəbər verir. Dərbənd, Azərbaycan, İran, Əfqanıstan, Pakistan, Hindistan kimi böyük əraziləri əhatə edirdi. Hətta çox maraqlı bir məqama toxunmaq istəyirəm. Nadir şah Hindistan səfərinə gedir. Həmin dövrdə isə Teymur Ləng sülaləsindən olan monqol hökmdarları müəyyən səbəbdən Orta Asiyadan Hindistan ərazisinə köç etmişdilər. Orada çox varlı dövlət yaratmışdılar. İndi Tac Mahal sarayı həmin ərazidə yerləşir. Sultan Nadir müharibə aparıb, onların dövlətini zəbt edir. Xəzinələrini isə özü ilə birgə Təbrizə gətirir. Həmin dövlətin də 11,5 qramlı rupi adlı gümüş pulları olur. Nadir Şah bu pulu çox bəyənir və Azərbaycana gətirib dövriyyəyə buraxır. Əhali gümüş rupiləri elə çox bəyənir ki, şah həmin pulu öz adı ilə zərb etmək hökmü verir. Beləliklə 6 şahidən əlavə 10 şahi dövriyyəyə buraxılır. Rəsmi sənədlərdə bu pulların adı nadiri gedir. Dünya və qərb ədəbiyyatında rupi deyirlər. Müsəlman aləmində isə 10 şahi adı verilib.

- Bu pullar zərgər dəqiqliyi ilə o qədər gözəl işlənib ki, medalyona da bənzəyir. Nadir şah hakimiyyətinin ən nadir pulları göstərə bilərsiniz?

- Bunlar Nadir şahın Gəncədə, Tiflisdə, Şahcahanabbadda vurdurduğu nadir pullardır. 3 eyni puldur, lakin baxın dizaynca necə fərqlənir.

Bu da Nadir şahın 20 şahi adlı ən böyük puludur. Özü də bu pul 10 şahidən iki dəfə ağırdır. Ona görə hiylə gəlmək mümkün deyildi. İndiki kimi eyni formatda kağızın üzərinə 100 yaxud 200 manat yazılmır.

- Yəni insanlar varlandıqca, cibləri də ağırlaşırmış (gülürük).

- Bəli, sözün əsl mənasında…

- Bəs kolleksiyanızda Nadir şahın hakimiyyəti dövrünə aid qızıl pullar var?

- Hələ ki, onları əldə etmək şansım olmayıb. Onun qızıl pulları əşrəfi adlanıb.

- Maraqlıdır, əşrəfiləri əldə etmək istəməmisiniz?

- Qızıl pulları tapmaq çox çətindir. Bu pulları yalnız İngiltərədə, Almaniyada, Amerikada almaq mümkündür. Özü də çox yüksək qiymətə…Həm də mənim kolleksiyam çoxşaxəlidir. Digərlərini də zənginləşdirməliyəm.

- Siyahıya hansı sahələr aiddir?

- Ağqoyunlular, Qaraqoyunlular, Əfşarlar dövlətlərinin pul dövriyyəsini toplayıb, albomunu çap etdirməyə qərar vermişəm. Lakin numizmatika mövzum bununla bitmir Türkiyə ərazisindəki pul dövriyyələrini də yığıram. Buraya səlcuqlar, elxanilər, osmanlıların hakimiyyəti illərindəki pullar da aiddir. Bir də Böyük Britaniya pullarını yığıram. Özü də II Yelizavetaya qədər dövriyyədə olan pulları… O vaxtlar xatirə pulları buraxılmırdı. İndi isə kimsə dünyasını dəyişəndə, doğulanda, evlənəndə bəlkə 10 cür pul buraxırlar. Onları yığmağa heç muzeylərin gücü çatmaz.

- Kolleksiyanızda olan bir sıra pullar heç muzeylərdə də yoxdur. Bəs nümunələrinizi satmaq üçün muzeylərdən sizə təklif gəlir?

- Onlar hamısı məni tanıyır. Sərgilər, tədbirlər keçiriləndə nümunələrimizi veririk. Sonra geri qaytarırlar. Yaxud kitab çap olunanda yazılı materialla təmin edirik.

- Rövşən bəy, düşünürəm ki, həyat tərziniz çox bahalıdır…

- Məni əhatə edən çevrə bunu qəbul edir, heç müzakirə də olunmur. 40 ildən artıqdır numizmatika sahəsindəyəm.

- Bəs kataloqda qeyd etdiyiniz R hərfi nəyin göstəricisidir?

- Bu hərf nadirlik göstəricisidir. Bir R nadir, RR çox nadir, RRR həddən artıq nadir deməkdir.

- Bir növ ulduz kimi…

- Bəli…

- Bəs 5 R kateqoriyasında olan pullar varmı?

- Əlbəttə var. Həmin pullar dünyada yalnız bir nüsxədən ibarət olanlardır.

- Sizdə RRRRR kateqoriyalı pul var?

- Xeyr. O kateqoriyada pula sahib olanlar azı 10 cangüdənlə gəzməlidirlər.

- Əməyiniz tariximiz adına o qədər dəyərlidir ki, sizi nəinki 10, hətta 20 cangüdən qorumalıdır. Dəyərli məlumatlarınız üçün təşəkkür edirəm.

- Minnətdaram.

Leyla Sarabi,