Nağıl kimiydi sevgimiz…

54 Baxış

xeyyam7_nCavidan Mirzəzadə

Nağıl kimiydi sevgimiz…

 

 

Nağıl kimiydi sevgimiz,

Biri vardı biri yoxdu…

Deyəsən bu nağılda heç

Ayrılığın yeri yoxdu…

 

Nağıl kimiydi sevgimiz,

Yaman inandın mənə sən.

Dedim sevmirəm, nağıldır…

Amma inandın yenə sən…

 

Nağıl kimiydi sevgimiz,

Bir inanan görmədim heç

Kim danışdı bu nağılı,

Kim dinlədi? Bilmədim heç…

 

Bəd sonluqla bitdi nağıl

Qırıldı tale yelkənim…

Göydən 3 alma düşməmiş,

Sən gözümdən düşdün mənim…

 

 

İstəməmişdim

 

Gəldikcə ilbəil yaş üstünə yaş

Dərd qəmin əlindən qalıram çaş baş

Bəlkə inanmırsan, inan a qardaş

Mən belə dünyanı istəməmişdim…

 

Neynirəm bu ömrü ağacı barsız

Qış dolu ömürdür, fəsli baharsız

Öləndə qəbrimin üstə yazarsız

Mən belə dünyanı istəməmişdim…

 

Sevginin məkanı səhra deyilmiş

Bu həyat çin çıxan röya deyilmiş

Dünya 1 qəpiklik dünya deyilmiş

Mən belə dünyanı istəməmişdim…

 

Hər yanı suallar dolu müəmma

Nə altı, nə üstü sənindir sanma

Bəlkə istəmişdi kimlərsə, amma

Mən belə dünyanı istəməmişdim…

İstərsən həyatın yaşına dəysin

Baş gərək bir əlhət daşına dəysin

Kim verib, verənin başına dəysin

Mən belə dünyanı istəməmişdim…

 

Yuxuda görüş

 

Yaxşı ki qarşılaşdıq

Danış görüm necəsən?

Söylə gündüzü qoyub

Niyə gəldin gecə sən?

 

Danış, özündən bir az

Nə olsun ki gecədir?

Biraz ailəndən danış

Söylə ərin necədir?

 

O səni məndən alıb

Xoşbəxt edə bildimi?

Söylə içindəki eşq

Yaşadımı, öldümü?

 

Ağla, boşalt qəlbini

Göz yaşını silərəm.

Bircə unutdum demə

Yuxudaca ölərəm…

 

De sevirəm hələ də

De ki, həqiqət budur

Yalan da olsa söylə

Bu onsuzda yuxudur…

 

O vaxtdan illər keçib

Hələ də görüşürük

Yolumuz ayrılsa da,

Bir yuxuya düşürük.

 

Niyə lal dayanmısan?

Danış daha, dayanma

Hara yoxa çıxırsan?

Yalvarıram oyanma…

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10