Nanotexnologiya – Karnegi Mellon Universitetinin professoru Con Vunun araşdırıması

14 Baxış

120055_g92jfegf0n

Tələbələrimdən biri belə bir sual ilə mənə müraciət etmişdi: “Nanotexnologiya nədir? Nanotexnologiya elmi haqqında bir neçə məqalə oxumağıma baxmayaraq, bunu nə başa düşə bilmişəm, nə də bu elm haqqında təsəvvürüm yaranıb. Xahiş edirəm bunu daha sadə dil ilə və yaxud da misallar ilə izah edin. Rica edirəm, kömək edin.”

Cavabım: Sadə dil ilə ifadə etsək, Nanotexnologiya molekulyar miqyasda funksional sistem mühəndisliyidir. Nano-mütəxəssislər mikroskopik cihazların hazırlanması üçün çox kiçik  miqyaslı (ölçülü) materiallar ilə işləyirlər. Nano nəyinsə milyardda biri deməkdir. Millimetri olan bit xətkeşə baxın. İndi isə bir millimetri milyon hissəyə bölün. Bu nanotexnologiya dünyasıdır.

Məsələn: Bu tədqiqatın bir sahəsi Nano-borulardır: hüceyrələrə müxtəlif elementlərin transportasiyası üçün istifadə olunan mikroskopik borular. Elm adamları Nano-boruların köməyi ilə  birbaşa xərçəng hüceyrələrinin içərisinə, digər sağlam hüceyrələrə toxunmamaq şərti ilə dərman yeridə bilirlər. Bu zaman xərçəng hüceyrələri dağıdılır, sağlam hüceyrələr isə toxunulmamış qalır. Digər sahə olan Nano-robotlar vasitəsilə çox kiçik robotlar insanın qanına yerləşdirilir ki, orada olan xərçəng hüceyrələrini axtarıb taparaq, onları məhv etsin. Gələcək bir neçə ildə həkimə xəstəliyinizin müayinəsi üçün gedəcəksiniz. Həkim sizin qan kütlənizə çox kiçicik bir robotu inyeksiya vasitəsi ilə yerləşdirəcək. Robot sizin xəstəlik səbəbinizi aşkar edir, bədəninizin müvafiq hissəsinə ötürülür və zədələnmiş hissəni dərman dozası ilə təmin edir. Sözsüz ki, robot elə kiçik olmalıdır ki, insan bədənində hərəkət edib, dərman dozasını daşıya bilsin. Bundan sonra isə, robot həm də sizin bədəninizi tərk etmə yolunu tapmalıdır. Bu uydurma yox, artıq bir neçə laborotoriyalarda araşdırılan bir işdir. Bu gün sizin həzm sisteminizdə səyahət edən, bədəninizin içərisində şəkillər çəkən və həkimin daxili həzm sistemini yoxlaması üçün bu şəkilləri kabelsiz onun kompüterinə göndərə bilən robotlar mövcuddur. Kamera həbləri artıq bir neçə xəstəxanalarda məşhurlaşmışdır və siz də tezliklə onu bir çox məkanlarda görəcəksiniz.

İndi Yüksək Texnologiyalar dedikdə 3 əsas texnologiya nəzərdə tutulur: İnformasiya, Bio və Nano. Cəmiyyətə daha çox faydalı olmaq, yüksək səviyyədə xidmət etmək üçün bu üç texnolgiya adətən birlikdə çalışır. Yüksək texnologiyada baş verən hər bir növbəti yenilikdən yararlanmaq üçün biz şagirdlərimizə Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (STEM) disiplinlərinə yiyələnmələrini təmin edib, texnoloji cəhətdən dəyişən və inkişaf edən dünyada öz yerlərini tutmalarına köməklik göstərmiş olacağıq. Bu o deməkdir ki, bütün tədris proqramları, ibtidai siniflərədən başlayaraq STEM təhsilinə çevrilməlidirlər. İnsanların çoxu fərdi kompüter və ağıllı telefonların istifadəsini İnformasiya Texnologiyasının bəxş etdiyi vacib amil kimi anladı, lakin bu hələ bir başlanğıcdır. Tədqiqat laborotoriyalarında bir çox araşdırılan, amma kommersiyalaşdırılmayan texnoloji yeniliklər var. Belə bir sual yaranır: “Bu inkişaf etməkdə olan texnoloji yeniliklərə məhəl qoymadan həyatımıza davam etsək nə baş verəcək?” Kimsə iddia etmişdi ki, İnformasiya Texnologiyası trilyon dollarlıq biznesdirsə, onda Biotexnologiya on trilyon dollar, Nanotexnologiya isə yüz trilyon dollarlıq biznes olacaq. İnformasiya Texnologiyası sahəsi milyonerlər yaratdığı halda, Biotexnologiya və Nanotexnologiya trilyonerlər meydana gətirəcək.

Yüksək Texonogiya sahələri STEM sahəsində çalışa bilən mütəxəsislər tələb edir, məhz ona görə də gələcək illərdə yaranacaq tələbə uyğun olaraq, bu bacarıqların inkişafı vacibdir. Bu sahədə karyera quran gənclər ən yaxşı iş imkanlarına sahib olacaq. Siz də bu gənclərin arasında olmaq istəyirsinizsə, tədricən artan tələb, təklif və imkanları qarşılamaq üçün təhsilinizi STEM üzrə qurmalısınız.

Kamera həbi haqqında videonun linki:

http://www.bing.com/videos/search?q=The+camera+pill+video&qpvt=The+camera+pill+video&FORM=VDRE#x0y0  

Nanorobotlar haqqında videonun linki:

http://www.bing.com/videos/search?q=Nanorobots+video&qs=n&form=QBVR&pq=nanorobots+video&sc=0-11&sp=-1&sk=#x178y0  

Tərcüməçidən: Nanotexnologiya atom və molekul miqyasında ‘əşyaların’ – ümumiyyətlə material və cihazların yaradılması ilə əlaqəli bir tədqiqat və innovasiya sahəsidir. Bir nanometr bir metrin milyardda birinə bərabərdir: bir hidrogen atomunun diametrinin on qatı. Bir insanın saçının diametri orta hesabla 80.000 nanometrdir. Belə ölçü miqyasında fizika və kimyanın adi qaydaları artıq tətbiq edilmir. Məsələn, materialların rəngləri, möhkəmliyi, keçiriciliyi və reaktivliyi kimi xüsusiyyətlər nanomiqyasda əhəmiyyətli dərəcədə fərqlənə bilər. Karbon ‘nanoborular’ poladdan 100 qat daha möhkəm, lakin altı dəfə yüngüldir.

Nanotexnologiya enerji istehlakının səmərəliliyini artırmaq, ətraf mühitin təmizlənməsinə kömək etmək və geniş sağlamlıq problemlərini həll etmək potensialına sahibdir. İstehsal xərclərini nəzərə çarpacaq dərəcədə azaldaraq, məhsuldarlığı əhəmiyyətli şəkildə artıra biləcəyi deyilir. Nanotexnologiya məhsulları daha kiçik, ucuz, yüngül, lakin daha funksional olacaq və istehsal üçün daha az enerji və daha az xammal tələb edəcək.

İnkişaf etməkdə olan dünyada Braziliya, Çili, Çin, Hindistan, Filippin, Cənubi Koreya, Cənubi Afrika və Taylandda dövlət tərəfindən maliyyələşdirilən proqramlar və tədqiqat institutları yaradılaraq nanotexnologiya sahəsinə diqqət ayırmışlar. Toronto Universitetinin “Joint Centre for Bioethics” elm mərkəzinin tədqiqatçıları bu ölkələri “öndə gedənlər” (Çin, Cənubi Koreya, Hindistan) və “ortada olan” oyunçular (Tailand, Filippin, Cənubi Afrika, Braziliya, Çili) kimi təsnif etmişlər. Bundan əlavə, Argentina və Meksika “yuxarıda olanlar və gələnlər” adlandırılaraq: nanotexnologiyanı öyrənən tədqiqat qrupları təşkil etsələr də, hökumətləri hələ də bu sahəyə xüsusi maliyyə ayırmamışdır.

İngilis dilindən tərcümə: Aytən Hüseynova, Hədəf STEAM Liseyi