“Narahatlıq” – Anri Truaya

33 Baxış

HTroyat

Senet.az oxucularına Fransa ədəbiyyatının görkəmli nümayəndələrindən olan Anri Truayanın “Narahatlıq” hekayəsini təqdim edir.

Madmuazel Paskalın sifəti arıq, ovurdları batıq idi. Burnu vəhşi quş dimdiyi kimi yastılanmışdı. Saçlarını arxaya darayır, boynunun dalına toplayıb sancaqlayırdı. Tünd rəngli donlarının yeganə bəzəyi iri bir sancaq və üzərində gül düyməsi həkk olunmuş parıldayan daş lövhəcik idi. Madmuazel Paskal deyirdi ki, bu, “Əfqanıstan daşı”dır. Çiyninə tikmələri didilmiş şal salırdı. Hərəkətləri sərt idi. Adamla elə cəld əl verib görüşürdü ki, elə bil adət etdiyi qapının dəstəyini bururdu.

Beş il idi ki, madmuazel Paskal beynəlxalq əmlak mühafizəsi və əmlak qəbulu nazirliyinin hüquq bölməsində müdir müavini işləyirdi. İdarədəki xırda dedi-qodu onun irəliləməsini ləngitmişdi. İndi iş yoldaşlarının ədalətsizliyinə bələd idi, özünü qoruya bilirdi. Hər vasitə ilə onu incitməyə çalışırdılar. Onun bölməsinə üç-dörd nəfər işçi tələb olunurdu.

Amma bircə nəfər vermişdilər, o da fərsizin biri idi, işin öhdəsindən gələ bilmirdi.

Köməkçinin adı Hüş idi. Saralmış sifətində səfeh bir ifadə vardı, dodaqları sallaq idi. Qırmızımtıl bığları burnunun altına yapışdırılmış poçt markasına oxşayırdı. Həmişə soyuqdəyməli olurdu. Madmuazel Paskal deyirdi: “O, ibtidai adamlara oxşayır; içən deyil. Əgər içən olsaydı, ağzından iy gələrdi”. O işçisinə kin bəsləyir, onunla yalnız idarə işləri barədə danışır, ən ağır işləri ona tapşırırdı.

Otaqda üz-üzə qalmaqdan bezikəndə isə onu nazirliyin uzaq bir küncünə göndərirdi. Onların masaları üz-üzə qoyulmuşdu. Otaq elə darısqaldı ki, masaların yerini dəyişmək də olmurdu.

Bir gün Hüş işə bir saat gecikmişdi. O, üzünü səliqə ilə qırxmış, təzə paltar geymişdi. Yeniyetmə oğlan kimi utancaq-utancaq gülümsəyirdi. O, sakitcə üzrxahlıq etdi:

- Bu gün günortadan sonra beynəlxalq əmlak mühafizəsi və
əmlak qəbulu nazirliyinin həvəskar rəssamlarının ikinci sərgisinin açılışıdır.

O, nəfəsini dərmək üçün fasilə verdi, sonra gözlərini yerə dikdi, dodaqlarını irəli uzatdı və nazlana-nazlana dedi:

- Mənim də rəsmlərim göstəriləcək.

Bu xəbər madmuazel Paskalı təəccübləndirdi. Onun üzündə bir çaşqınlıq vardı. Bilmirdi maraqlansın, rəhmdillik etsin, yoxsa acıqlansın. Axırda dedi:

- Yaxşı, mən də gəlib baxaram.

-Birinci mərtəbədədir, Cambetta foyesində. Giriş də pulsuzdur.

- Çox gözəl! Amma daha vacib işlər də var. Cənab Qardobutun “Filan milli cəmiyyəti”nin müdiriyyəti tərəfindən xüsusi nəzarət haqqının ödənilməsi barədə məktubuna cavab yazdınızmı?
Cənab Hüşün qolları yanına düşdü, boynunu bükub masasının qarşısında durdu.
Saat beşdə madmuazel Paskal vacib bir işə yekun vurub birinci mərtəbədəki rəsm əsərləri sərgisinə baş çəkməyi qərara aldı. O, çiynindəki şalını düzəltdi, saçlarını qaydaya saldı və açıq dənizdə üzən gəmi kimi otaqdan çıxdı.

Həvəskar rəssamların ikinci sərgisi birinci mərtəbədəki bozumtul, soyuq salonda açılmışdı. İçəri girən kimi adamı kilsə sükutu bürüyürdü. Tamaşaçı az idi, ehtiyatla gəzinir, xəlvət-xəlvət pıçıldaşırdılar. Madmuazel Paskal xeyirxah bir təbəssümlə tablolara yanaşdı.

Rəsmlərdə qürubun qırmızımtıl, mülayim rəngləri, Britaniya sahillərində qara qayalara çırpılan mavi dalğalar, üzərinə lalələrin qızartısı səpələnmiş sarı taxıl zəmiləri təsvir edilmişdi. Səbətlərdən boylanan, yaraşıqlı xırdaca pişiklər, yumşaq tüklü körpə çəpişlər, dovşan balaları, köhnə, qızılı pərdələr fonunda çəkilmiş əlvan çiçəklərə də tamaşa etmək olardı. Bunların hamısı çox gözəldi, adamı əyləndirir, ruhunu oxşayırdı. Madmuazel Paskal boş vaxtını bu cür gözəl işə sərf etmiş həmkarlarına ürəyində təşəkkür etdi.

Salonun axırına çatanda dörd iri əsər düzülmüş bir lövhə onu dəhşətə gətirdi. Bu şəkillərdə yaraşıqlı çılpaq qadınlar təsvir edilmişdi. Dümağ dərili, qırmızısaç bir qadın çarpayının qırağına sərilib uzanmışdı. Stolu at kimi minmiş başqa birisi əlində siqaret, gözlərini peşəkar bir laqeydliklə boşluğa zilləmişdi. Üçüncü tablodakı qadın güzgü qarşısında gərnəşirdi. Onun çox gözəl qaməti vardı. Dördüncü isə, ehtiyatla ayağını tasdakı suya salırdı. Bu bədənlər şəhvətlə, baş gicəlləndirən bir həyasızlıqla çəkilmişdi. Nə abır örtən tül parça, nə də bürünəcək vardı.
Qəzəbindən qızarmış madmuazel Paskal, rəssamın adını öyrənmək üçün tablolara yanaşdı. Rəssamın adını oxuyanda az qaldı özündən getsin; bu murdar şəkillərin altında belə bir imza qoyulmuşdu: Hüş.

O, qəzəbindən titrəyə-titrəyə iş otağına qayıtdı. İndi nə edəydi? İşçisini rəsmlərə görə tərifləyəydi? Yox, onda həmin şəkillərə haqq qazandırmış olardı. Bəlkə narazılıq edəydi? Axı, nə ixtiyarla? Heç dinib-danışmasa necə? O susmağı qərara aldı.

Lakin ertəsi gündən narahatlıq ona aman vermədi. Görəsen, işçilər onun haqqında nə danışırlar? Yəqin bu cür fikirlərlə yaşayan bir kişi ilə hər gün səkkiz saat bir otaqda qapanıb qaldığma görə yazıqları gəlir? Görəsən, onu məsxərəyə qoymurlar ki? Bəlkə işçilər bir-birinə Paskal və Hüş haqqında lətifələr danışırlar? Bəlkə onların hansı formada sevişməsindən bəhs edirlər? “O öz işçisi ilə yatır”. Bu fikir madmuazel Paskalı əldən salırdı.

O, indi öz işçisinə tamam başqa gözlə baxırdı. Onun üzündəki pozğunluq əlamətlərini əvvəllər sezə bilmədiyinə təəccüblənirdi. Axı rənginin solğunluğu, baxışlarının sönüklüyü hərarətli gecələrin əlamətidir. Danışarkən dilinin dolaşması isə yəqin ki, ehtirasın gücündəndir. Eh! Madmuazel Paskal onun ərəb yastıqları döşənmiş emalatxanasında, xoş tüstulü qəlyanlar və xəzlər arasında çılpaq bir qadına necə oturmağı göstərdiyini, sonra isə ləngiyib qadına ehtirasla əl gəzdirdiyini, onunla dəlicəsinə sevişdiyini təsəvvür edirdi. Deməli, çılpaq qadınlarla kefə baxdıqdan sonra idarəyə gəlir, onunla üz-üzə oturur, qovluqları vərəqləyir, amma fikri çox vaxt əyləncə yerində, qadınların yanında qalır.

Elə bunları fikirləşdiyi vaxt madmuazel Paskal cənab Hüşun nəzərlərinin ona necə zilləndiyini, bədənini dolaşdığını, ilbiz kimi hər yerini gəzdiyini hiss edirdi. Hüş onu baxışları ilə soyundurur, öpürdü. O, Hüşün çılpaq modellərindən birinə dönürdü.

Madmuazel Paskalı tər basırdı. O yerində qurdalanır, ayağa qalxır, çıxıb bayırda gəzinirdi. Lakin otağa qayıdan kimi işçisinin çaşqın baxışları onu qapının ağzındaca yaxalayırdı. Ona elə gəlirdi ki, Mavritan bazarında qul dəllalı onu ora-bura çevirir, yoxlayır, bədəninin ayrı-ayrı yerlərinə əl gəzdirir, qiymət qoyur. Madmuazel Paskalı fikir götürmüşdü: “Əvvəl-axır məni ələ keçirməyə cəhd edəcək”. O, işdən çıxanadək tir-tir əsirdi.

Bir səhər idarənin iki fəhləsi otağa girdi: ‒ Sizin sifariş etdiyiniz divanı gətirmişik, cənab. Madmuazel Paskal az qala huşunu itirmişdi. Gör bu murdar özünə necə arxayındır! O, diqqətlə Hüşə baxdı. Huş təəccüblənmişdi. O dedi ki, heç nə sifariş etməyib. Sonra bilindi kl, fəhlələr səhv ediblər. Onlar divanı əsil sahibinə apardılar. Madmuazel Paskal axşama kimi özünə gələ bilmədi.
Həmin gündən zavallı qadının ürəyi tıppıltıda idi: “Görəsən, bu gün nə olacaq? Bəlkə sabah?” Ona elə gelirdi ki, Hüş masa arxasında bəbir kimi sıçrayışa hazırlaşır. Hərdən Hüş qovluq istəyəndə gözlərini qadına zilləyib onu həyəcanlandırırdı. İndi Hüş danışarkən işlətdiyi sözün hər biri müdirin fikrincə, gizli məna daşıyırdı. Madmuazel Paskal əməkdaşının işini yüngülləşdirirdi. Onu daha gözündən uzağa qoymurdu. Baş verəsi əhvalatı gözləməkdən üzülürdü. Cənab Hüş isə hələ mətləbə keçmirdi. O, Paskalla pişik siçanla oynayan kimi oynayırdı. Nəhayət, madmuazel Paskal cəsarətini toplayaraq ondan soruşdu:

- Siz şəkilləri naturadan çəkirsiniz?

Hüş gözlərini qıyaraq üzünə hiyləgər bir ifadə verdi:

- Bəli, çox vaxt naturadan çəkirəm. Amma maraqlı bir süjet
görəndə yadımda saxlayıram, sonra xəyalımda canlandırıb çəkirəm.

“Bəli, o məni xəyalında canlandırır” ‒ deyə madmuazel Paskal fikirləşirdi. İndi yəqin onun siyirmələri mənim də şəkillərimlə doludur. Məni də salonda göstərilən qadın şəkilləri kimi lümlüt çəkib. Bəlkə, gələn sərgidə mənim də şəklim olacaq? Deməli, beynəlxalq əmlak mühafizəsi və əmlak qəbulu nazirliyinin bütün işçiləri onu çılpaq görəcəklər. Halbuki o, indiyə qədər heç kəsin qarşısında çılpaq durmayıb. “Yox, daha bu cür təhqirə dözə bilmərəm” ‒ madmuazel Paskal öz-özünə götür-qoy edirdi. Amma qəlbində gizli bir sevinc də dolanırdı. Bəli, həftələr keçdikcə o öz üzərində Hüşün təsirini duyurdu. Bu tərbiyəsizin yanında oturmaqdan onun xasiyyətini götürmüşdü. Ayıb yuxular görürdü; heç vaxt başına gəlməyən şeylər-iş otağının içindəcə qəribə əhvalatlar… (ixtisar olunub-Lit.az) …baş verirdi. Yuxuda Hüş onunla dostluq edirdi. O isə mehriban-mehriban Hüşün başını sığallayırdı. Yuxudan ayılanda isə görürdü ki, ehtirasdan, hərarətdən yanır. Hüşün məsələni belə ləngitməsi onu narahat etməyə başlamışdı. O, Hüşlə eyş-işrətə qoşulacağı anı elə səbrsizliklə gözləyirdi ki…

Bir gün madmuazel Paskal işə gələrkən açıq rəngli don geymiş, üz-gözünə də çoxlu kirşan-boya çəkmişdi. Donu o qədər şəffaf idi ki, bütün bədəni görünürdü. O, Hüşə yaxınlaşıb yaxasının düymələrini açdı. Hüş onun son dərəcə gözəl sinəsini görüb az qala huşunu itirəcəkdi. Madmuazel Paskal səsini həzinləşdirib soruşdu:

- Mənim portretimi çəkmək istəyirsən?

- Mən heç vaxt portret işləməmişəm,

‒ Hüş çaşqın halda cavab verdi
Madmuazel Paskal donunu çıxardı:

- Bəli, bilirəm, siz çılpaq çəkirsiniz.

Hüş lap başını itirmişdi:

- Xeyr, siz yəqin sərgidə gördüyünüz çılpaq qadınları deyirsiniz. Onları baş katiblikdəki həmkarım Hüş çəkib.

 ‒ Hüş sifətində təəccüblənmiş uşaq təbəssümilə sözünə davam etdi:

-Mənim çəkdiklərim pişik balaları idi.

KÖŞƏ YAZARLARI
TOP 10