“Nargin faciəsi” tamaşası nümayiş edildi

4 Baxış

nargin

Oktyabrın 24-də Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində Sarıqamışda əsir düşən hərbçilərin xatirəsinə həsr olunan “Nargin faciəsi” tarixi dram tamaşası Bakı Bələdiyyə Teatrında təqdim olunub.

Senet.az xəbər verir ki, tamaşa Türkiyənin Azərbaycandakı səfirliyinin himayəsi, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) dəstəyi ilə ərsəyə gəlib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, səfirliyin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, mədəniyyət, incəsənət, elm və ictimaiyyətin nümayəndələri tamaşaya baxıblar.

Tədbirdə Xalq artisti Amaliya Pənahova çıxış edərək Azərbaycan-Türkiyə dostluğundan bəhs edib, tamaşa haqqında məlumat verib.

“Nargin faciəsi” tamaşası 1914-1915-ci illərdə rus-türk cəbhəsində Sarıqamış əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlanıldıqlarına görə əksəriyyəti həlak olmuş minlərlə türk əsgərinin və azərbaycanlı mülki şəxslərin xatirəsinə ithaf edilib.

1914-1915-ci illərdən bəhs edən videoçarxın nümayişindən sonra tamaşa təqdim olunub.

Tamaşanın bədii rəhbəri Xalq artisti Amaliya Pənahova, rejissoru isə Tural Ağayevdir. Rolları Əməkdar artistlər Rafiq İbrahimov, Tofiq Bayramov, Əfqan Soltanov, Əhməd Salahov, “Humay” mükafatı laureatları Zülfiyyə Qurbanova, Tural Əhmədov, Cövdət Şükürov, Toğrul Rza Asif Rəhimov, Rəşid Soltanov və Namiq Cavadov ifa ediblər.

Bölmə : Sənət xəbər