Narkoz

161 Baxış

tanhuMəhəmməd Tanhu

 

“Velosiped oğruları” filmini seyr edərkən

Hüznlü kadrlar çölümdəki məni öldürməyə başlayırdı

Çəkisini bilmədiyim başımı da götürüb həyətə endim, ətraf səssiz deyildi

bütün uzağlığın himni olan itlərin ulaşma sədaları qulağımdan asılmışdı

itlər gecənin köynəyindən yapışıb səsləri yetdikcə havlayırdı

heyvanların dilini anlayan bir dostum var

o bir dəfə dedi ki, itlər hər gecə ulduz görəndə hürərək bircə cümləni təkrarlayırlar:

bəs, bizim günahımız nə idi?!

 

bədənimi daşıyan ayağımın altında siqaret kötükləri çoxalmağa başladı

saat və məkan məchulluğunu içimdə indi-indi hiss etməyə başladım

qonşum qızıldiş Farizə zəng vurdum, neçə vaxtdır ilan dili çıxarırdı, borcunu qaytardım.

hövlnak dostuma zəng vurdum, ona qarşı edilən ən böyük oğraşlığın

sirr pərdəsinin arxasındaki insanın mən olduğunu dedim, gerisi maraqsız idi.

İstərdim bütün Bakını oyadıb, “Hamınızın yerinə hamınızdan üzr istəyirəm” deyim.

 

əynimdəki insan qabı nazik olsa da, canımda bu axşam soyuqluq yox idi

belə sanırdım ki, cəmi-xislətim div yuxusuna gedib

qadınıma, ona etdiyim birinci və sonuncu xəyanət barəsində danışdım,

kəsəsi, kadrlar şöbəsindəki Simuzərlə aramızdakı “одноразовый” macəranı etiraf etdim

kişi ancaq ilk xəyanətdən sonra öz qadınına əbədiyyən bağlanır

sol çiynimdəki “günəmuzd” mələk heyrətdən əllərini üzünə apardı…

bəlkə xoşladığım bir musiqi dinləyim, yaxud bir şeir oxuyum, bəlkə bir kitab…anı uzatmağa

axı bu gün mən ən çox özüməm.

“Şəfəq söküləndə necə olacağam?” sualını eşidəndə ehtimal nəzəriyyəsinin qollarını yanına düşdü

Sübhün ilk işartıları görünür və mənsə həyətə tulladığım saatımı gəzirəm,

tapıb yaxşıca sındırmaq üçün…

 

 

 

 

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10