naŞİR

164 Baxış

naŞİRSenet.az Müşfiq XANın yeni hekayəsini təqdim edir. Hekayə “Ustad” aylıq ədəbiyyat və sənət dərgisinin ilk sayında işıq üzü görüb.

naŞİR

(hekayə)

naşirin bir günü…

İş saatının ilk çayından ikicə udum alıb bir az soyuması üçün kənara itələdim. Yerinə dünəndən yarımçıq qalan nəşrə hazırladığım kitabın çap olunmuş qaralama vərəqlərini çəkdim. İki gündü kefim yox idi. Ədəbiyyatın çəmini-çümünü bilən bir nəfər “Solmaz” dərgisi üçün yazdığım hekayəni amansızca tənqid eləmişdi. Xeyli adlı-sanlı adamdı – Xudu Fərəcovu deyirəm. Zənn etmirəm ki hansınızsa bu professoru tanımasın. İndi qarşımdakı vərəqlərdə sətirlər yerində oynaşdıqca hiss elədim ki, fikrim yenə də burda deyil – srağagün başıma gələn o məşum hadisədə ilişib qalıb. Ölkədə gerçək ədəbiyyatın yiyələri, sahib çıxanları var, tənqid eləməlidilər də – uzun-uzadı özümə təskinlik verib düşüncələrimə bu sözlərlə nöqtə qoydum. Ancaq bundan sonra fikrimi əlimdəki yazıya cəmləyə bildim.

Qapı döyülmədi, amma içəri biri girdi. Məşğul olduğumu göstərməkçün və bir az da əsəbiləşdiyimə görə laqeyd davranıb başımı qaldırmadım.

– Gözünün nuru getdi, az oxu! – qonağım otağa girdiyi kimi də tələm-tələsik halda başımın üstünü kəsdirib hırıldamağa başladı.

Gözlərimə inanmadım, Qədir idi. Onu axırıncı dəfə universiteti bitirdiyimiz gün görmüşdüm – on beş il əvvəl. Elə o vaxt da belə düşüncəsiz adam idi. Amma nə yalan deyim, gəlişinə çox sevindim.

Xoş-beş edib oturduq. Öləndən-itəndən, keçəndən-qalandan danışıb cibindən iki dənə fləş kart çıxardaraq həvəslə stolun üstünə tulladı.

– Ağzına kimi şeirlə doludu. Al qoşginən ora, sən mənim canım. Gör qardaşın sənnən sonra nələr yaradıb ey!

Qədirin birinci kursda oxuyanda dekanımıza dalbadal dörd şeir həsr edib qrup nümayəndəsi seçildiyi gün yadıma düşdü.

– Özün necəsən e? Bə burda işlədiyini mənə niyə xəbər eləməyibsən? Qardaşın da düşüb dağa-dərəyə, nəşriyyat axtarır!

Bir-iki dəqiqə məni danlayıb yanıma – kompüterimin başına keçdi.

– Hə, odu, odu. Bütün şeirlərim ordadı, – faylları tapdığımı görüb uşaq kimi sevincək  yerində atılıb-düşməyə başladı. – Birini də indicənə – yolda gələ-gələ sənə yazmışam!

Göstərdiyi “Qədir Qiymət” adlı qovluğu açdım. Dilim dinc dayanmadı:

– “Qiymət” yeni təxəllüsündü?

– Yox, əşşi. Qiymətlər qalxandan bınnan yazıram də, – gözünü monitordan ayırıb üzümə baxmadan pis-pis güldü. – Bu gün çapa versək, neçə günə hazır olar?

Sizə kiçik bir sirr açım: nəşriyyatda işlədiyim ötən doqquz il müddətində ən çox nifrət elədiyim sual elə bu “neçə günə hazır olar”dı. O səbəbdən ki, bizim mötəbər müəlliflər yarımçıq, ya da yazmağa niyyət elədikləri kitablar üçün də bu sualı verirlər. Qısası, bu sualdan çiyrənmişəm. Tərs-tərs üzünə baxdım. Amma bu dəfə də fikri məndə deyildi.

Əlqərəz, üç saat sonra Qədir Qiyməti birtəhər yola salıb yerimə təzəcə oturmuşdum ki, bu dəfə də zəng elədi:

– Yadımnan çıxdı deyəm, orda bir ağ fləşim qaldı. İçi ləbələb şəkillərimnən doludu. Hamısını dünən çəkdirmişəm. İlk fotosessiyamdı, sən canun, birini kitabın əvvəlinə, birini axırına, qalanını da şeirlərin arasına verərsən. Sən allahun, uşaqlara tapşır, qəşəng dizayn-zad eləsinlər.

Sağollaşıb əlaqəni kəsdim. Doğrudan da, Qədirin otuz iki geqabaytlıq ağ fləş kartı stolumun bir küncündə – təzə qəndqabımın yanında dururdu.

Oxuduğum səhifənin ortasına çataçatda qapı yenə açıldı. Daha doğrusu, bu dəfə əvvəlcə taqqıldatdılar, dalınca açdılar. Gələnin üzünü və bədənini görə bilmirdim – adam qucağında beş dənə stulu iç-içə yığıb içəri girməyə çalışırdı. Qeyri-ixtiyari yan-yörəmə nəzər saldım. Gətirdiklərindən əlavə daha iki boş stul var idi, həmişəki kimi. Düz otağın ortasına çatanda başını stulların arxasından çıxarıb tanışlıq verməyə çalışdı. Sözəgəlməz dərəcədə gərgin, gülməli və nataraz vəziyyət almışdı.

– İcazə olar, məllim. Mənəm e, dünən səhərə yaxın sizə feysbukda kitab çapı ilə bağlı yazmışdım ha – Qəzənfər. Əslində adım Qənbərdi.

İşarə elədim ki, stulları yerə qoya bilər. Yalnız bundan sonra Qənbər qucağını boşaldıb cəld hərəkətlə təzədən çölə sıçradı.

– Gəlin, – deyib, qapının ağzında dayananlara hövlnak işarə verdi. Tez də qayıtdı.

Otaqda heç kim yox idi, özümüzdük – mən, Qənbər, Qənbərin anası, Qənbərin atası, Qənbərin qardaşı, Qənbərin gələcək nişanlısı, Bakıya maşın almaqçün rayondan dünən gələn Qənbərin bibioğlusu və Qənbərin bu dünyada varı-yoxu yeganə dostu olan Əlfağa.

– Ay oğul, bizim uşaq kitab yazıpdı, gəlmişük onu çıxardağ, – ağsaqqallığı Qənbərin atası öhdəsinə götürüb söhbətə giriş verdi.

– Nağayrağ e, uşağdı dayna, həvəsdi vaxtlarıdı, – şairin anası xeyli qəmgin notlarla zarıdı.

– Şşşş, – Qənbər yəqin ki, “şeir” deyəcəkdi.

Amma mobil telefonuma gələn zəngdən sonra sözünü ağzında çeynəyib uddu. Zəng vuran yenə də Qədir idi. Cavab verməyib, məşğul olduğumu bidirməkçün qırmızı düyməni basdım. Səssiz rejimə keçirməyə macal tapmamış mesaj gəldi:

– Qardaş, kitabın adını tapdım! “Qədrimi bilməsən də, məni heç ha vaxt unuda bilməyəcəksən”. Necədi? Amma, deyəsən, bir az uzundu… (((((

Qədir bu müdhiş mesajının sonunda həştad səkkiz dənə mötərizə qoymuşdu. Çox  yox, cəmi həştad üç dənəsini ixtisar elədim ki, oxuyub əldən düşməyəsiz. Çünki hələ söhbətimin canı qabaqdadı. Amma onu da deyim ki, özümdən asılı olmadan ha düşündüm görəsən Qədir zəngin ardınca dərhal bu mesajı hansı ara vaxt eləyib yazdı, ağlıma bir şey gəlmədi. Yəqin yaramaz bu dəfə zənginə cavab verməyəcəyimi bilib mesajı qabaqcadan yazıb hazırlayıbmış.

– Vayfayın parolunu deyə bilərsiz, məllim? – Qənbərin nagüman səsi eşidildi.

– Əzbər bilmirəm. Nə üçün lazımdı? – lap məəttəl qalmışdım.

– Şeirlərimi telefona yazmışam. Göndərim emayıl poşdanıza.

Əməkdaşlarımızın uzun sürən mücadiləsindən sonra şeirləri Qənbərin telefonundan götürmək mümkün oldu. Email ünvanıma gələn “Qənbər Qulu” adlı faylı açdım.

– Bunlar şeir deyil axı, – səbrimi basıb dəqiqləşdirməyə çalışdım.

– Hə, məllim, şeirlər axırdadı. Kitabın əvvəli massonlar haqqında araşdırma yazılarımdı.

– Harda araşdırmısınız?

– Ququlda. Deyim, saytı yaz da ora… çıxacaq hamısı.

Bunu deyib cibindən bir pitik çıxartdı:

– Deməli, az, nöqtə, wikipedia, nöqtə, org.

Təxminən iki saat sonra Qənbər Qulugili ellikcə ram və mürəxxəs etməyə müvəffəq oldum. Xoşbəxt idim. Saata baxdım – axşamüstü altı olacaqdı. Səhər açılandan stolumun üstündə pərən-pərən düşmüş çapa hazırlanan kitabın vərəqlərini sahmana salıb otağın havasının dəyişməsi üçün pəncərəni açıb, böyük ümidlərlə təzədən yerimə çökdüm.

Mən deyim iyirmi dəqiqə, siz deyin yarım saat. Bundan artıq zaman keçməmişdi. Bir nəfər ədəb-ərkanla qapını döydü. “Gəlin”, – dedim. Deyəsən, eşitmədi. Özüm də fikirli olduğumçün düşündüm ki, ola bilsin qulağıma səs gəlib. Amma çox keçmədi, kim idisə, təzədən taqqıldatmağa başladı. Ancaq bu dəfə bir az əsəbi olduğunu hiss elədim. “Gəlin, gəlin”,– az qala qışqırdım.

– Salam-əleyküm. Qərib müəllim sizsüz?

Adam o qədər həyəcanlı görünürdü ki, daha cəld cavab verə bilməm üçün başımın işarəsi ilə “hə” dedim. Qəfil də anladım ki, sözlə cavab versəydim, daha tez olardı. Lap başımı itirmişdim.

– Sizinlə danışmaq istəyən var, – bunu deyib öz mobil telefonunu mənə sarı uzatdı.

– Məllim, professor Xudu Fərəcovun köməkçisi …

Zəng edən adamın təqdimatının əvvəlini eşidəndən sonra qulağımda ansızın küy peyda oldu.

– Alo, alo… məllim, ordasız?

– Bəli, buyurun, – handan-hana özümə gəlib cavab verdim.

– Sürücüm indi sizə bir dividi verəcək. Ordakı kitabdan altmış min dənə çap edərsiz. Bir həftəyə lazımdı.

Tirajı eşidəndən sonra bayaqkı küy bu dəfə şəklini dəyişib titrəşim halına keçdi. Sonra da qulağımdan ötürülərək bütün bədənimə yayıldı. Sürücü diski stolumun üstünə qoyub heç nə demədən getdi.

Yarım saat sonra özümə gəlib orda yazılanlara nəzər salmağa çalışdım. Mətn professor Xudu Fərəcovun on səkkiz səhifəlik giriş sözü ilə başlayırdı. Nəğməkar şair Dildar Hüseynin ədəbiyyatımızın, poeziyamızın inkişafı və rəngarəng televiziya verilişlərindəki fəaliyyəti, şəxsiyyəti haqqında ağızdolusu tərifdən ibarət idi. Hə, hamınızın tanıdığı “Taxta-şalban Dildar”ı deyirəm.

Keçmiş-davamedici zamanda Dildar Hüseyni, qeyri-qəti gələcək zamandasa Xudu Fərəcovu tanıdığıma, bu səhər ona haqq qazandırdığıma görə it peşmanı olmuşdum. Və yəqin ki, axşam evə qayıdandan sonra da, sabah da bugünkü peşmançılıqdan doğan təəssüf hissim məni tərk etməyəcəkdi…

 

P.S. Səkkiz-on il əvvəl, rəhmətlik direktorumuz həmişə məni görəndə: “ŞİR kimi oğlansan, bu işlərin öhdəsindən ancaq sən gələrsən”, – deyəndə hələ duza getdiyimi, günlərin birində belə “şair”lə, belə “ədəbiyyatçı” ilə, belə “araşdırmaçı müəllif”lə işləyəcəyimi hardan biləydim? İndi yorğun, amma daha çox usanmış, yumağa dönmüş halımla güzgünün qabağına keçəndə gördüm ki, bir naŞİRin mənə baxır…