Senet.az ədəbiyyat və sənət dərgisində şənbə günləri “Memuar notlar” layihəsi:
İki bacı varmış: Nabat və Gövhər. Natəvan xanımın qohumlarından imiş. Böyük bacı Nabatı ərə verərəkən, cehizə baxmağa Natəvan xanımı da çağırırlar. Kiçik bacı Gövhər cehizin çox olduğunu görüb şikayətlənir:
–Ay Ana! Cehizin hamısını Nabata verdiniz. Mənə heç nə qalmadı.
Balaca qızın sözləri Xurşid xanımın çox xoşuna gəlir, o, xeyli gülür və deyir:
–Qızım, qorxma, sənə elə cehiz verəcəyəm ki, ondan da yaxşı olsun.
Elə də olur. Gövhər ərə gedəndə, onun cehizini Xurşid xanım özü verir…
***
Qəza torpaq idarəsi rəisi Şuşada oturarmış. O, çox təkəbbürlü imiş. Bir gün o, yanından laqeydcəsinə keçən Məşədi Nəsir adlı bir nəfərin hərəkətindən qəzəblənir, əlindəki ağacla onu vurur. Kişi qorxusundan Xurşid xanımın imarəti olan tərəfə doğru qaçır, yıxılır. Çar çinovniki onu təpikləməyə başlayır… Demə bu mənzərəni Xurşid xanım görürmüş. O, cəld küçəyə çıxıb çar çinovnikinin üstünə cumur, ona bir-iki bərk sillə ilişdirir, sonra da əl atıb zərli paqonunu qoparır. Çinovnik Natəvana heç bir söz deməyə cürət etmir, şəhər hakiminə şikayətə gedir. Xurşid xanımın cəsarəti qarşısında özünü itirən şəhər hakimi deyir:
–Xurşid xanım, çinovniki vurmağa etiraz etmirəm, lakin paqonları qırmaq, dövlətə hörmətsizlik kimi qiymətləndirilə bilər.
–Nə cür qiymətləndirirsiniz, qiymətləndirin! – deyə şairə cavab verir.
***
Xurşid xanım Şərq təbabətini gözəl bilir, bir çox xəstəlikləri özü türkəçarə üsulu ilə müalicə edirmiş. Qudurmuş it tutanlara belə bir müalicəsi varmış: Parabizən adlı cücünü (bu ən çox xımmı otu üzərində gəzən, qırmızı və qara xallı kiçik cücüdür) kağıza və ya taxtaya sancıb qurudar, sonra həvəngdəstədə narın döydürərmiş. Xəstəyə dərmanın qədərini də özü təyin edərmiş. On gün xəstə onun yanında qalarmış. Sonuncu gün Xurşid xanım xəstə ilə üzbəüz oturar və qəfildən ona sillə vurarmış. Xəstə diksinərsə, deməli, o, sağalıbdır, yox, diksinməzsə, müalicəni davam etdirərmiş.
***
Xurşid xanım evində xüsusi həkim saxlamazmış. Lakin bir nəfər şəhərin görkəmli həkimi daima onların evinə gedib-gələrmiş. Bir dəfə Xurşid xanım xəstələnəndə həkim deyir:
– Xan qızı, qanınınz azalıb, gərək çaxır içəsiniz.
Xan qızı Nəcəfül-Əşrəfə, müctəhidin yanına xüsusi adam göndərir ki, onun məsləhətini öyrənsin. Müctəhid də məsləhət görür ki, əgər şərabı kef üçün yox, müalicə üçün içirsə, bu, şəriətə zidd deyil, belə halda şərab dava-dərman hesab edilməlidir.
Bundan sonra o, şərab içir. Stəkanı dodaqlarına özü aparmaz, ev xidmətçilərindən biri çaxırı ona içirdərmiş. Sonra da ağzı təmiz olsun deyə, suya çəkərmiş və tez də namaza oturarmış ki, “işlədiyi günah” paka çıxsın.
***
1880-ci ilin bahar fəslində, Natəvan xanım pəncərə önündə əyləşib, şiddətlə yağan yağışa və gurultu ilə axan sellərə tamaşa edirmiş. Köçərilər mal-qara ilə arandan yaylağa köçürmüşlər. Natəvan xanım öküzün belinə alaçıq keçəsi və çubuqlarla bərabər iki körpə uşağın da örkənlə sarındığını görür. Onlar bərk islanmış, ağlayırlarmış. Şairənin ürəyi tab gətirə bilmir. Tez adam göndərib uşaqları və valideynlərini gətirtdirir. Onlara olmazın yaxşılıq etdikdən sonra, uşağın birini onun yanında qoyub getmələrini xahiş edir:
–Uşağa öz balam kimi baxacağam… İstədiyiniz vaxt gəlib uşağı görə bilərsiniz…
Razılaşırlar, uşaq xan qızının evində xoşbəxt, qayğısız böyüyür. İllər keçir. Seyid Həsən adlı bu oğlanı çoxları Natəvanın oğlulluğu yox, doğma oğlu hesab edirmişlər.
***
Deyirlər qızıl gülün lap təzəcə çıxdığı vaxt bir nəfər fəqir Natəvana bir dəstə qızılgül gətirir. Xan qızı ona təşəkkür etdikdən sonra yüz manat da bağışlayır. Kişi xanıma dua edir, xudahafizləşib getdikdən sonra, ev darğası Natəvana deyir:
– Xanım, icazə versəniz, sizə bir söz demək istəyirəm.
– Eşidirəm.
– Xanım, o kişi sizə bir dəstə qızılgül gətirdi, onu qiymətə vursaq, lap yuxarısı iki şahıdır. Bir dəstə gülə yüz manat verməniz, məni həqi-qətdə çox təəccübləndirdi. Səxavətin də bir sərhəddi var.
– Bizim yerlərdə gülü pulla ölçməzlər, bunu yaxşı bilirsən. O kişi ehtiyac içində boğulur. Gülü əldə bəhanə edərək mənim yanıma gəlmişdir. Onu heç cürə əliboş yola salmaq olmazdı. Hər kasıbı sevindirəndə aldığım həzzin dərəcəsi ölçüyə gəlməz. Bunu yadında saxla.
***
1883-cü ildə Natəvan oğlu ilə faytonda, yanında da atlılar, Bərdədən Ağdama gəlirlərmiş. Yolda, Narlı dərə deyilən yerdə, bir qarı onların qabağını kəsir və açdığı süfrəyə dəvət edir. Şairə qarının xahişini məmnuniyyətlə qəbul edir, bir-iki stəkan çay içib, təzə yuxa ilə pendir yedikdən sonra, təşəkkür bildirib yola düşürlər. Atlılardan biri qarıya deyir:
– Qarı, xan qızı oturan döşəyin altına bax, Allah qismətini yetirdi.
Demə Xurşid xanım kasıb, kimsəsiz qarıya yüz manat bəxşeyiş veribmiş.