“Naxçıvan tarixi” çoxcildliyinin təqdimatı olub

4 Baxış

Naxçıvan tarixiYanvarın 26-da Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Naxçıvan tarixi” çoxcildliyinin təqdimat mərasimi keçirilib. AMEA-nın saytında yerləşdirilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvanın elmi həyatında mühüm hadisə olan “Naxçıvan tarixi” çoxcildliyinin təqdimatı münasibətilə muxtar respublika ziyalılarını və elmi ictimaiyyəti təbrik edib.

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə hər iki rəhbərliyi dövründə Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının tarixinin elmi şəkildə öyrənilməsinə xüsusi diqqət yetirdiyini söyləyən Ali Məclisin Sədri bildirib ki, görkəmli şəxsiyyətin ötən əsrin 70-ci illərindən başlayaraq milli dəyərlərin qorunması və xalqın tarixi yaddaşının bərpası istiqamətində həyata keçirdiyi tədbirlər milli tarixə yeni yanaşmanın əsasını qoymuşdur. Hələ o dövrdə Naxçıvanın tarixi ilə bağlı elmi araşdırmaların aparılması, yeni arxeoloji tədqiqat qruplarının yaradılaraq muxtar respublikaya göndərilməsi tariximizin öyrənilməsi üçün geniş imkanlar açmışdır. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə ulu öndərimiz xalqımızın qədim tarixinin fundamental əsaslarla öyrənilməsi və təbliği ilə bağlı qarşıya yeni vəzifələr qoymuş, Azərbaycan, eləcə də Naxçıvan tarixinin yenidən araşdırılmasına başlanmışdır.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 6 avqust tarixli Sərəncamına əsasən üç cilddən ibarət “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanmasına başlanıb. Ötən üç il ərzində “Naxçıvan tarixi” üzərində aparılan işlər öz bəhrəsini verib, ilk dəfə olaraq Naxçıvanın ən qədim dövrdən müasir dövrədək tarixi sistemli və fundamental tədqiqatların predmetinə çevrilib, tariximizə və mədəniyyətimizə aydınlıq gətirən qiymətli çoxcildlik nəşr olunub.Ali Məclisin Sədri diqqətə çatdırıb ki, əsas vəzifələrdən biri də tariximizi dünya ictimaiyyətinə olduğu kimi çatdırmaqdan və tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısını almaqdan ibarət olmalıdır. Bu işdə yalnız tarixçi alim və tədqiqatçılar deyil, bütün ziyalılar, ictimaiyyət nümayəndələri fəallıq göstərməlidirlər. Bu gün “Naxçıvan tarixi” çoxcildliyinin nəşrinin yekunlaşmasını Naxçıvan tarixi ilə bağlı görülən işlərin hesabatı kimi də dəyərləndirmək olar.

Sonra AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək deyib ki, Çoxcildlik hazırlanarkən yüzlərlə mötəbər qaynaqlara, xarici dövlətlərin 10-dan çox arxivlərinin sənəd və materiallarına, kitab və monoqrafiyalara, internet saytlarına, dövri mətbuat materiallarına istinad edilib. O, “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşrinə göstərdiyi diqqət və qayğıya görə yaradıcı heyət və muxtar respublikanın elmi ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, “Naxçıvan tarixi” çoxcildliyinin nəşri bütövlükdə Azərbaycan elmində əlamətdar hadisədir. Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərini əks etdirən çoxcildlik Naxçıvanın tarixi barədə ilk ümumiləşdirilmiş elmi əsər kimi mühüm əhəmiyyətə malikdir. “Naxçıvan tarixi” çoxcildliyində tarixə hərtərəfli baxış prinsipi ortaya qoyulub, ən qədim dövrlərdən günümüzədək Naxçıvanda elmin, mədəniyyətin, ədəbiyyatın, sənətkarlığın, eləcə də mətbuatın inkişafı tariximizin ayrılmaz tərkib hissəsi kimi araşdırılıb. Kitab Azərbaycan tarixinin Neolit dövrünün maddi sübutlarla elmi ictimaiyyətə çatdırılması və xalqımızın etnogenezinin öyrənilməsi baxımdan da dəyərli, eyni zamanda Azərbaycan tarixşünaslığı üçün örnək tədqiqat toplusudur. Kitabda ilk dəfə olaraq bu məsələ vahid mövqe və milli maraqlar əsasında təhlil edilib. Çoxcildlikdə Naxçıvanda yaşı min illərə dayanan sənayeləşmə dövrünün tədqiqi sanballı və tutarlı faktlarla ortaya qoyulub, bu ərazidə formalaşmış duzçıxarma sənayesi barədə dəyərli materiallar verilib, Nuh peyğəmbər və dünya tufanı haqqındakı tədqiqatlar öz əksini tapıb. Həmçinin çoxcilidlikdə Azərbaycanın müstəqillik tarixi nəzəri və elmi əsaslarla tədqiq olunub.

Tədbirdə çıxış edən Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev “Naxçıvan tarixi” çoxcildliyinin nəşrinin Azərbaycan elminə və ictimai-humanitar fikrinə töhfə kimi dəyərləndiriblər.

Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları Naxçıvan tarixinə həsr olunan yeni nəşrlərdən ibarət sərgiyə baxıblar.