Naxçıvanda nə gördüm? – Hüseyn Cavid

20 Baxış

6

Naxçıvanlılara

Rəvayət olunduğuna görə Naxçıvan əski yarımtanrılardan məşhur “Daqyanos”un mərkəzi-səltənəti imiş. Demə ki, çox da kiçik yer sayıla bilməz. Tarix səhifələrində bir para qəraib təsadüf olunur ki, əsrlər keçsə də öz əhəmiyyətini qeyb etməz, necə ki, Zərdüşti məzhəbində cari olan bir çox işlər, imdi belə təbdili-məzhəb etmiş bəzi müsəlmanlar arasında hökmfərmadır.

Yuxarıdakı rəvayət doğru olmasa belə Naxçıvanın imdiki əhvali-ruhiyyəsi bunu gözəlcə isbat etməkdədir.

Şəhər əksəriyyətlə ikiyə bölünür: bir qismi qul təbiətində yaşar, miskinliyi sevər. Bir payı da təkəbbür və xudkamlıqdan xoşlanır, daima öz nüfuzunu işlətmək istər.
Orta yerdə hürriyyət vicdan, bəyani-rəy etmək haqqı kimsəyə verilməmişdir. Müstəsna olaraq bir neçə zat var isə də məətəəssüf sayları üç cüt bir təki aşmaz, hər nə qədər çığırıb-bağırsalar da səsləri-ünləri bir yerə yetişməz.

Naxçıvan on beş il əvvəl cəhalət uyqusundan diksinmək ehtiyacını duydu, maarif dairəsinə girmək istədi. Milli məktəb təsis etdi, mərhum Sidqi sayəsində çalışıb-çapalamağa həvəsləndi, gündən-günə arş irəli!.. Hərəkət etməyə başladı.
Sidqi vətənpərvər idi, həmiyyətli idi, məslək sahibi idi, millətini sevərdi. Hər addım başında məşhur Napolyonun (dünyada olmaz-olmaz) düstur-cəsuranəsi sərməşq ittixaz edilmişdi.

Öyrənmək, bilmək, dev addımları ilə irəliləmək, əfkar-milliyyəyi aydınlatmaq ən birinci məqsəd sayılırdı.

Bu hal beş-altı il qədər davam etdi. Sonra zavallı Sidqi getdi, məktəbin məktəbliyi də onunla bərabər bitdi.

İmdi beş-üç gözüaçıq cavan bulunsa, şübhəsiz ki, o beş-altı ilin məhsuludur.
Sonra nə oldu… Məktəb qapandımı? Xeyr, qapanmadı… Lakin nə zərər verdi, nə xeyir gətirdi. Zira qapansa idi, gözəl bir təhəssür, həzin bir arzu ruhu oxşar idi, insanı məşğul edərdi.

Məktəbin bu uyğunsuz yaşaması hər kəsi iyrəndirdi. Xalqa böyük bir dərd oldu.
Məktəbdə əvvəldən hökumət barmağı var idi. Fəqət Sidqi dövründə əsla əl vurulmadı. O zavallı sönər-sönməz istibdadın qara buludları hər tərəfdən məktəbin üzərinə çökməyə başladı. İş büsbütün dəyişdi.

…Nəhayət işin sonu bir heçdən ibarət qaldı. İki-üç ay sonra qiraətxana da fərağətxanaya təbdil etdi, onunla bərabər bütün həvəslər də bitdi getdi. Və öylə olmaq da icab edərdi, zira bu ani hərəkət, bu məkusi-tərəqqi ciddiyyət və mühakimədən ziyadə şaklabanlığa, nümayişə aid bir vəziyyət idi. Nümayiş üçün qabaran hissiyyat dəniz köpüyündən çox da fərqli olamaz. Qabarması ilə sönüb getməsi bir olur. Hər işdə səbat və istiqamət ən birinci şərt sayılır.
Mətin və paydar bir iş üçün kəskin bir düşüncə, dərin bir mühakimə lazımdır. Yoxsa halva-halva deməklə ağız şirin olmaz.

Bu son zamanda bir neçə zat himmət buyurmuşlar, digər bir-iki məktəb daha təsis etmişlər. Doğrusu fəna bir təşəbbüs deyil. Lakin bu da əsassızdır. Kökü çürükdür. Çünki əvvələn hücrələrdə “Üsuli-cədid” məktəbi ayaq tutmaz, tutsa da yürüməz, saniyən əvvəlki məktəbi o hala qoyan hökümət barmağı oldu.

İmdi də bu yeni məktəb və müavinət olsun deyə yenə bir rusca müəllimi ilişdirildi, fəqət müsəlman imiş, bəs yox.

Bir də məktəb açan zat ən əvvəlcə hər məsrəfi nəzəri-diqqətə almalı, sonra işin kökünə əl vurmalıdır. Zira təməlsiz (əsassız) divar iki gün yaşar, üçüncü gün uçar, yıxılar, sahibini sevindirəcək yerdə büsbütün məhcub edər, kədərləndirər; son nədamət isə heyhat… faidə verməz. Qız məktəbinə gəlincə, azacıq ehtiyatlı davranmaq icab edər.

İmdilik müstəid bir türk xanımı ana dilini tədris etməkdədir. Ondan ediləcək istifadə mühəqqəqdir, həm də günəş qədər parlaqdır.

Lakin rusca müəllimlərinin əxlaq və istedadına bir az diqqət lazım. Məktəb binası olduqca sihhi, gözəl və həvadar bir yerdə vaqe olur, hər xüsusda bu məktəb digərlərindən şərəflidir və onlara tərcih olunmalıdır. Çünki oğlan-qız bütün vətən yavrularının tərbiyeyi-ibtidaiyyəsi ancaq onların ağuşa-şəfqətində hüsulpəzir ola bilər.

(“Həqiqət” qəzeti, № 3, 4 yanvar 1910-cü il)

KÖŞƏ YAZARLARI
TOP 10