Nazım Hikmətin qadınları

233 Baxış

nazimhikmet

Vəfa Babasoy:

“Bir insanı sevməklə başlayır hər şey” deyirlər. Bir sevgi adamı… Aşiq olduğu qadınlar və hər qadına həsr olunmuş onlarca şeirlər… Hər biri səmimi, qəlb oxşayan, ilk sevgiliyə yazılmış kimi saf, tərtəmiz… Şairin sevgisi elə bir dəryadı ki, tək sevgiliyə duyulan sevgi adlandırmaq insafsızlıq olar bunu. Məmləkətə, təbiətə, eləcə də, gözəl olan hər şeyə bir eşq var şair könlündə. İçində qocaman bir sevda daşıyan şairin qadınlara sevgisindən bəhs edək bir az.
Nazim Hikmət və Nüzhət

Nazim və Nüshət uşaqlıq dostu idilər. Moskvada universitet tələbəsi olarkən evlənirlər. Nüshətin ailəsi bu evliliyə razı deyildi. Moskvaya məktubları yağmur kimi yağdırırlar. “Hər sözüylə, hər hərəkəti ilə hər şeyə üsyan etmiş, hətta saçları bərbər darağına üsyan etmiş bu adamla sənin kimi munis və itaətkar bir qız dolanmaz!” deyirlər.

nazc4b1m-ve-nc3bczhet

 

Bir ara Nüshətin sağlamlığında problem yaranır və məmləkətinə dönür. Nə qədər müalicə olunub yaxşılaşmış olsa belə, artıq Nazimə yoldaşlıq edə bilməyəcəyini düşünür. Bəlkə də, ailəsinin təsiri ilə boşanmağa qərar verir. Nigahları Moskvada kəsildiyi üçün boşanmaq kimi hüquqi bir problem də yaşamırlar. Bu qərarla yıxılır sanki şair. İki il davam edən bu evliliyin bitməsi şairə məşhur “Mavi gözlü dev, minnacık kadın və hanımelleri” şeirini yazdırır:
O mavi gözlü bir devdi,
Minnacık bir kadın sevdi.
Kadının hayali minnacık bir evdi,
bahçesinde ebruli hanımeli açan bir ev.
Bir dev gibi seviyordu dev,
Ve elleri öyle büyük işler için hazırlanmıştı ki devin,
yapamazdı yapısını,
çalamazdı kapısını bahçesinde ebruliiii hanımeli açan evin.
O mavi gözlü bir devdi,
Minnacık bir kadın sevdi.
Mini minnacıktı kadın.
Rahata acıktı kadın yoruldu devin büyük yolunda.
Ve elveda! deyip mavi gözlü deve,
girdi zengin bir cücenin kolunda bahçesinde
ebruliiii hanımeli açan eve.
Şimdi anlıyor ki mavi gözlü dev,
Dev gibi sevgilere mezar bile olamaz: bahçesinde ebruliii hanımeli açan ev…

Şeirdən xəbərdar olan Nüzhət ona bir məktub göndərərək bildirir ki, onların ayrılığının səbəbi “bahçesinde ebruli hanımeli açan bir ev” deyil, düşüncə fərqi idi. Cavab şairi sarsıdır. Nüzhətin onu tərk etməsinin ardından Nazim Hikmət bir qərar verir: o, artıq tərk edilən yox, tərk edən olacaq.
Nazim Hikmət və Pirayə

Pirayə Nazim Hikmətin bacısı Samiyənin rəfiqəsi idi. Ərindən boşanmış, bir oğlu və bir qızı var idi. Qızılı saçlı, gözəl, təhsilli və mədəni bir mühitdə böyümüş, zəngin bir ailəyə mənsub idi. Nüzhətdən ayrılandan sonra tanış olmalarına rəğmən, araya girən Nazimin uzun həbs illəri evlənməklərinə mane oldu. 1935-ci ildə heç kimə xəbər vermədən evlənir, İstanbulda məskunlaşırlar. Ancaq yenə rahatlıq onlara nəsib olmur. Qısa müddət sonra araya məhbusluq girir. Məhbəs həyatı onların sevgisini daha da gücləndiri. Nazim ona məktublarında şeirlər yazır. Eşq sözləri ilə dolu olan bu məktublar əksər hallarda “karıcığım, canım karıcığım” xitabları ilə başlayır. Bəzən isə şair məktublara şeirlər yazaraq qızılı saçlı sevdiyinə göndərirdi.

piraye-1

 

Məhkumluq yorurdu şairi. Elə ona görə də ümidsizliyə qapıldığı zamanlarda Pirayəyə məsləhət görür ki, ondan ayrılsın. Pirayə “100 il də məhkum olsan belə, sənin arxandayam, bunu belə bil!” deyir şairə. Ona yazdığı məktubların birində duyğularını belə ifadə edir: “Nazim, sənin yanında dünyanın ən bəxtiyar qadını idim, elə də qalacağam. Sən ən gözəl şeirlərini mənə yazdın. Bütün əsərlərində məndən bir parça var. Səninlə mən eyni insanıq kimi gəlir mənə”.

piraye-2

 

Pirayənin keçici olaraq bir neçə aylıq Bursada qaldığı dönəmdə həbsxana idarəsi ev izinləri ilə onların yalnız qalmalarına göz yumur. Buna baxmayaraq, onlar arasında ciddi mübahisələr olurdu. Bu da hər iki tərəfi yorurdu. Nazim həyəcanı başqa qadınlarda axtarmağa başlamışdı. Başqa qadınlar isə roman yazarı Cahit Uçuk və opera sənətkarı Semiha Berksoy idi. Pirayə qüruru qırılsa da, ona anlayış göstərir və bağışlayır. Ta ki, onu Münəvvərlə aldadana qədər.

pi-4

 

1946-cı ildə Bursa həbsxanasında olarkən dayısının qızı Münəvvərin ziyarətləri çox sıx xarakter almağa başlamışdı. Yeni bir eşq alov almağa başlayır şair qəlbində. Pirayəyə məktub yazaraq hər şeyi ona deyir. Aldığı xəbərdən sarsılsa da, Pirayə ağrılarını heç kimə bəlli etmir.
Münəvvər də evli qadın idi, bir uşağı vardı. Əri ondan ayrılmaq istəmirdi. Sevgiləri qarmaqarışıq bir vəziyyət yaradır. Elə o aralarda Nazim Hikmət Pirayəyə bir məktub yazır. “Yer üzündə heç bir insan heç bir insana mənim sənə etdiyim pisliyi etməyib. Bütün bunlara rəğmən, gəl. Sənə “gəl” deyəcək qədər üzsüz və alçağamsa, neyləyim, eləyəm. Lakin gəl. Və məndən nifrət edərək, məni xor və alçaq görərək də olsa, məni bir daha yalnız buraxma!” deyir ona. Gəlməsə, intihar edəcəyini deyən məktublar yazır arvadına. Sevən qadın qəlbi Dayanarmı bu çağırışa?! Gedir onu görməyə. Daha sonra da münasibətləri davam edir. Bu, elə bir vaxt idi ki, Nazim Hikmət xəstəxanada aclıq aksiyası keçirmiş və vəziyyəti yaxşı olmadığına görə xəstəxanaya yerləşdirilmişdi. Artıq xüsusi əfv gözləyən şair azad ediləcəyini gözləyir və bu zaman onun Münəvvərlə münasibətləri yenidən başlayır. Pirayə bundan xəbərdar olsa da, xəstəxanaya gedir və çıxanda evinə gələ biləcəyini deyir. Elə bu vaxt Nazim Hikmətin bacısı və Münəvvər xanım içəri girirlər. Çıxılmaz vəziyyətdə qalır şair. Pirayə otaqdan çıxır və bu, Pirayə və Nazim Hikmətin son görüşü olur.
20 il davam edən sevgiləri boyunca Pirayə Nazim Hikmətə hər zaman dəstək olur. Uzun həbs illərində onu səbrlə gözləyir. Ölənə qədər isə heç kimə onun haqqında danışmır.
Sevgilərindən geriyə uzun məhbəs gecələrində yazdığı şeirlər, məktublar, kitablar qalır.

 

Nazim Hikmət və Münəvvər

1938-ci ildə Nazim Hikmət Bursa həbsxanasında idi. Bir gün dayısı qızı Münəvvər ziyarətinə gəlir. Gəlişi ilə içəri bir gözəllik gəlir, fransız ətrinin qoxusu, şən gülüşləri şairin ağlını başından alır. Get-gedə sıxlaşan görüşlərdən sonra birlikdə yaşamağa qərar verirlər. Nazim tezliklə həbsdən çıxacağını düşünür. Lakin onun həbsdən çıxması mümkün olmur, Münəvvərin əri də boşanmağa razı olmadıqda, vəziyyəti Nazimə yazıb bildirir. Bundan sonra şair aclıq aksiyasına başlayır.

mc3bcnevver

 

1950-ci ildə əfv qanunu ilə azadlığa qovuşur. Həbsdən çıxar-çıxmaz Münəvvərlə evlənir. 1951-ci ildə oğulları Mehmet dünyaya gəlir. “Nazimin kopyası, mavi gözlü, sarı saçlı bir oğlan idi”. Hökumət Nazim Hikmətin əsgərə getməsini təkidlə tələb edir. Bu zaman artıq şairin 49 yaşı var idi və 1918-ci ildə Bahriye Məktəbini bitirmişdi. Hökuməti razı sala bilmir. Artıq qaçmaqdan başqa yol görmədiyi üçün bir neçə şəhər dəyişərək Moskvaya qaçır. Bununla başlayır şairin vətən həsrəti. Moskvada olarkən arvadına və oğluna şeirlər yazır. Buna baxmayaraq, şairin qəlbi Moskvada da boş qalmır. Ürəyini yeni sevgilərə açır.

mc3bcnevver-2

 

1961-ci ildə Münəvvər oğlu Mehmetlə birlikdə qaçaq yollarla Varşavaya getməyə nail olur. İllər sonra Nazim Hikmətlə bir oteldə bir araya gəlirlər. Sonra bir ev tuturlar. Münəvvər Varşava Universitetində iş tapmaq fikrinə düşür. Bir yerdə yaşaya biləcəklərini zənn edir. Lakin Nazim ona Veradan bəhs edir. Vəziyyətdən xəbərdar olan Münəvvər oğlunu da götürüb Fransaya gedir. Orada bir fransızla evlənir və 1998-ci ildə vəfat edir.
Nazim Hikmət və Qalina

Nazimin Türkiyədən Moskvaya qaçdıqdan sonra evləndiyi ilk qadın idi Qalina Qriqoryevna Kolesnikova. 1952-ci ildə tanış olmuşdular. Qalina hər şeydən əvvəl onun həkimi idi.

qalina-ve-nazim

 

 

Ancaq tezliklə münasibətləri sevgiyə çevrildi. Nazimin həkimi, yoldaşı, məsləhətçisi, qidasına nəzarət edən biri olmaqla yanaşı, həm də Rusiya adına onu kontrol edən bir vəzifəli idi Qalina. O, şairin şeir həsr etmədiyi yeganə qadın idi. Bununla belə, Nazimin ən uzun sürən münasibəti onunla olub – yeddi il.
Nazim Hikmət və Vera

“Saçları saman sarısı, kirpikləri mavi, qırmızı dolğun dodaqlı” deyə təsvir edir Veranı şair. 1961-ci ildə yazdığı “Saman sarısı” şeiri ilə ölümsüzləşdirir aşiq olduğu gənc qadını. Nazim Hikmətdən 30 yaş kiçik idi Vera. Bir uşaq anası olan Vera beş il idi ki evli idi. İlk tanış olduğu andan aşiq olmuşdu ona.

vera-3

 

 

Evli, uşaqlı olması vecinə də deyildi şairin. Dayanmadan, istədiyinə nail olanadək Veraya hər gün zəng edir. Və onun könlünə girməyə nail olur. Evlənirlər. Bundan sonra yazılan şeirlərin ilham pərisi Vera olur. Yazdığı sevda dolu şeirlərin ünvanına çevrilir Vera. Getdiyi hər şəhərdən həsrət dolu məktublar, teleqramlar yazır ona. Vera Nazim Hikmətin ölümündən sonra da evlənmir və ölənədək yalnız yaşayır.
Nazim Hikmət və Adilə
Nazim Hikmətin son illərə qədər bilinməyən bir sevgilisi də ortaya çıxıb. Adilə Hüseynova adlı bu qadın iddia edib ki, öldüyü gün Nazim Veradan ayrılıb onunla yaşamaq qərarına gəlibmiş. Buna da səbəb Veranın keçmiş əri ilə görüşdüyünü öyrənməsi imiş. Bunu öyrənmək şairə ağır psixoloji təsir göstərib.

adile1

 

Bu günədək danışmayan qadın bunu müsəlman olması və Veranın son illərə qədər sağ olması ilə əlaqələndirir. Nazimlə bir neçə illik gizli münasibəti olan Adilə xanım onunla şairin dostlarından Əkbər Babayev vasitəsilə tanış olur. Türk qızlarına bənzəyən Adilə ilk baxışdan Nazimi özünə heyran edir. Nazim onu anasına bənzədirmiş. Münasibətini uzun illər gizli saxlayan qadın 73 yaşında olduğunu, hər an ölə biləcəyini düşündüyü üçün bu sirlə məzarə getmək istəmədiyini dilə gətirib.
Bir sevgi adamı idi Nazim Hikmət. Qadınlar dəyişirdi, məkanlar dəyişirdi, sevginin şəkli dəyişirdi, sevgini bildirən sözlər, şeirlər dəyişirdi, dəyişməyən bir şey vardı – SEVGİ…
Hələ həbsdə olarkən yazdığı bir məktubunda eşqi belə izah edirdi şair: “… Məsələn, mən 45 yaşımı bitirdim. Amma hər gün bir az daha aşiq oluram. Arvadımdan, sənətimdən, təbiətdən, insanlardan, idealizmdən tutmuş bülbülümə qədər hər şeyə aşiq oluram. Və çox şükür aşiqəm. Bu eşq mistik mənada falan deyil. Platonik eşq deyil. Hər birinə praktik təzahürləri ilə fəal bir eşq… Mənə elə gəlir ki, bir tək insana, yüz milyonlarla insana, hər tək ağaca, bütün meşəyə, tək bir düşüncəyə, fikrə, bir çox düşüncəyə və fikrə aşiq olmadan yaşamaq, yaşamaq deyildir”.

 

 

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10