Nazim Hikmətin vəsiyyətinə oğlu əngəl oldu

92 Baxış

nazim

Vəfa Babasoy:

 

Nazim Hikmət hələ ölümündən 10 il öncə – 1953-cü ilin 27 aprelində Barviha sanatoriyasında olarkən özünün məşhur “Vasiyet” şeirini yazdı. Ölümü sanki bir nəfəs qədər yaxında duyan şair şeirində dəfn olunmasını istədiyi yeri də bir az ağrı, bir az vətən həsrəti ilə qeyd edirdi…
Yoldaşlar, nasip olmazsa görmek o günü,
ölürsem kurtuluştan önce yani,
alıp götürün
Anadolu’da bir köy mezarlığına gömün beni…

Yoldaşlar, ölürsem o günden önce yani,
– öyle gibi de görünüyor –
Anadolu’da bir köy mezarlığına gömün beni
ve de uyarına gelirse,
tepemde bir de çınar olursa
taş maş da istemez hani…
Əlbəttə, bu, rəsmi sənəd deyildi, sadəcə, bir insanın ruhi çırpıntıları idi. Şübhəsiz, Nazim Hikmət kimi məmləkətindən uzaq, oğluna həsrət bir şair rəsmi vəsiyyətnamə yazacaqdı. Yazacaqdı… Elə yazdı da….
Saimə Göksu və Edvard Timmsin “Romantik kommunist Hikmətin yaşamı və əsəri” kitabında Nazim Hikmətin vəsiyyətinə aid bir açıqlama yer alır:
“Cənazə mərasimindən sonra miras probleminə çarə tapmaq lazım idi. Nazim 10 sentyabr 1959-cu ildə rusca qələmə aldığı vəsiyyətnaməsində ən dəyərli mirası olan əsərlərinin müəllif hüququnun üçdə ikisini arvadı Münəvvər və oğlu Mehmetə, yəni keçmiş ailəsinə, qalan üçdə birini də Türkiyə Kommunist Partiyasına vəsiyyət etmişdi. Vəsiyyətnaməsini Yazarlar Birliyinə əmanət etmiş və sənəd imzalamışdı. Rus qanunlarına görə, arvadı kimi bilinən Veranın adı vəsiyyətnamədə keçmədiyi halda, Moskvadakı mənzili və Nazimin digər bəzi şəxsi əşyaları Verada qala biləcəkdi”.

Nazim Hikmətin imzası olan vəsiyyətnamənin mətni belədir:
“Moskva şəhəri, 10 sentyabr 1959-cu il.

Mən, vətəndaş Hikmət-Borjentski Nazim, Moskva şəhərində 2-ci Pesçanaya küçəsi, 6-cı ev, 112-ci mənzildə yaşayan şəxs bu vəsiyyətnamə ilə ölümün eşiyində aşağıdakıların yerinə yetirilməsini vəsiyyət edirəm:
Bütün ədəbi əsərlərimin və onların yeni nəşrlərinin yazarlıqdan doğan müəllif hüquqlarını aşağıdakı şəxslərə vəsiyyət edirəm:
Türkiyədə, İstanbul şəhərində, Kadıköydə Cevizlik küçəsi, 31 ünvanında yaşayan arvadım Münəvvər Andaç və oğlum Mehmet Andaça gəlirlərimin 75 faizini vəsiyyət edirəm.
Türkiyə Kommunist Partiyasına, onlarının nümayəndələrinin şəxsində gəlirimin 25 faizini qoyuram.
Sovet Sosialist Respublikaları İttifaqı kostitusiyasının 422-ci maddəsinin məzmunu notarius tərəfindən mənə oxundu.
Bu vəsiyyətnamə iki surət olaraq hazırlandı və imzalandı.
Bunlardan birinci surət Doroqomilovskaya küçəsi, 4-cü binadakı Moskva 11-ci Dövlət Notarius Bürosunda mühafizə edilməkdədir.
İkinci surət də Hikmət-Borjentski Nazimə verilmişdir”.

Nazim Hikmətin mirası

Tanınmış şair Nazim Hikmətdən geriyə üç vəsiyyət qalır. Konstantin Simonov seçim eləməyi o vaxt təsadüfən Moskvada olan Əziz Nesinə həvalə edir.
Üç vəsiyyəti də oxuyan Əziz Nesin məqbul hesab etdiyi səbəblərlə birində qərar qılır. Bu vəsiyyətə görə, Nazim Hikmətin mirası oğlu Mehmetə və Türkiyə Kommunist Partiyasına qalır.
“SÖZCÜKLER” dərgisində tanınmış yazar Əziz Nesinin oğlu, riyaziyyat üzrə professor Əli Nesinə yazdığı son dərəcə vacib bir məktub yayımlanır. Nazim Hikmətin vətəndaşlıqdan çıxarılma qərarını ləğv edən Nazirlər Kabinetinin qərarı ilə yenidən gündəmə gələn miras, vəsiyyət və mirasçılar haqqında həmin məktubda təəccüb doğuran məlumatlar var. Əziz Nesin 24 fevral 1992-ci ilə aid məktubunda Nazim Hikmətin üç dəfə intihara cəhd etdiyini və hər cəhddən öncə bir vəsiyyət yazdığını bildirir. Təsadüfən Nazim Hikmətin öldüyü günlərdə Əziz Nesin də Moskvada olur. Nazim Hikmət Kollegiyasının rəhbəri Kostantin Simonov vəsiyyətnamələri Əziz Nesinə göstərərək bunlardan hansının daha keçərli olduğunu soruşur. Tərcüməçiliyi isə Nazim Hikmətin yaxın dostlarından Əkbər Babayev edir. Simonov Əziz Nesinə “Əlimizdə üç vəsiyyət var. Hansının keçərli olduğunu müəyyən etmək lazımdır. O biri ikisini yox sayacağıq. Sizə inanıram. Siz necə desəniz, elə eləmək istəyirəm” deyir. Ardını Əziz Nesinin məktubundan izləyirik:
“Böyük məsuliyyət… Rusca yazılmış üç vəsiyyəti tərcümə etdirdim. Məntiqə görə, son tarixli vəsiyyəti keçərli saymaq lazımdır. Amma son vəsiyyətində oğlu Mehmetə miras qoymayıb. Zənn edirəm ki, Münəvvərə hirsli olduğu zaman yazıb. Belə düşündüm. Necə olsa, yaşadığı ev və əşyalar arvadı Vera Tulyakovanın olacaq. Bundan başqa, Veranın heç bir dolanışıq çətinliyi yoxdu. Belə olan halda Veranın müəllif haqlarından yararlanması yazılmamış olan vəsiyyətə əsasən daha ədalətli olacaqdı. Bu vəsiyyətində Nazim mirasını, yəni müəllif haqlarını oğlu Mehmetə və Türkiyə Kommunist Partiyasına qoyurdu. Bax bu vəsiyyət keçərli sayıldı. Digər iki vəsiyyəti, deyəsən, Simonov yox etdi. Bu hadisədən heç kimin xəbəri yoxdu, çünki yazmadım. Yazsaydım, yenə qiyamət qopacaqdı. Amma sağ qalsam, yazacağam. İndi Nazimin müəllif hüquqlarından gələn gəlirini Mehmet alır, həm də atasını heç sevməyən Mehmet… TKP-nin miras almış olduğunu heç sanmıram”.

 

Nazim Hikmətin oğlundan zəhər kimi açıqlamalar

Moskvadakı Novodeviçye Monastırında uyuyan Nazim Hikmətin məzarının Türkiyəyə gətirilməsi ilə bağlı illərdir gizlədilən gerçəklər açıqlandı. Nazim Hikmətin son həyat yoldaşı Vera Tulyakovanın hələ sağ olarkən məzarın köçürülməsinə icazə verməsi üçün bir milyon dollar istədiyi ortaya çıxdı. 1999-cu ildə Türkiyədəki Nazim lobbisi bu pulu toplamağa qərar verdi. “Ən yaxını” olaraq məzarın köçürülməsi üçün qanuni olaraq Nazim Hikmətin oğlu Mehmet Nazim Rusiya hökumətinə müraciət etməli idi. Ancaq Mehmet Nazim “rubl üçün Rusiyaya qaçmış, pul qarşılığında şeir yazmış, məni və anamı tərk etmiş bir adam üçün tükümü də tərpətmərəm” deyərək, bu addımı atmaqdan boyun qaçrdı. Nazim Hikmət 1950-ci ildə həbsdən çıxdıqdan sonra 1951-ci ildə arvadı Münəvvər xanımı və üç yaşındakı oğlu Mehmeti tərk edərək Türkiyədən qaçmış, ailəsinin yanına gətirilməsi mümkün olduğu halda bu təklifləri rədd etmişdi.

“Böyük eşqi” dedikləri qadın sümüklərinə bir milyon dollar istəyib

Türkiyədə “Nazimin böyük eşqi” deyə göylərə çıxarılan Vera Tulyakovanın bir milyon dollar qarşılığında “ərinin sümüklərini satan həyat yoldaşı” vəziyyətinə düşməsi Türkiyə ictimaiyyətindən israrla gizlədildiyi bir zamanda Nazim Hikmətin rəsmi arvadı Münəvvər xanımdan olan öz oğlu Mehmet Nazim də atasının Türkiyəyə gətirilməsinə “layiq deyil” deyərək qarşı çıxdı. Bu gerçək də böyük bir ustalıqla gizlədildi. Sadalanan əngəllər ortada olduğu halda, Nazim lobbisi tərəfindən dünyaya “məşhur şairin öz ölkəsinə gətirilməsi əngəllənir” yalanı təkrarlandı. Nazimin məzarının gətirilməsi üçün referandum da daxil olmaqla, bir çox sensasion müzakirələr başladıldı.

nazim3Vətəndaşlıq verildi, məzarı hanı?

Nazirlər Kabineti Nazim Hikmətə Türkiyə vətəndaşlığı hüququ verdi və bu qərar 10 yanvar 2009-cu il tarixli “Resmi Gazete”də yayımlandı. Nazim lobbisinin illərdir əngəl kimi göstərdiyi bu yalançı bəhanə də ortadan qalxdı. Ancaq buna rəğmən, niyə hələ də məzarın gətirilmədiyi sualı önə çıxdı. Aparılan araşdırmalar nəticəsində hadisənin illərdir başqa cür göstərildiyi bəlli oldu.

Daxili İşlər Nazirliyi Nazim Hikmət haqqındakı vətəndaşlıqdan çıxarılma qərarı ləğv edildikdən sonra şəxsiyyət vəsiqəsinin nömrəsi olaraq 20753206252-ni verdi. Bu qərar 2002-ci ildə icra edildi.
Tanınmış şair Nazim Hikmətlə ölümündən qısa müddət öncə Moskvada 15 gün boyunca gecə-gündüz bərabər olan jurnalist Orxan Qaravəli “Vətəndaşlıqdan çıxarılması Nazim Hikməti, əlbəttə, çox üzmüşdü. Amma onu əsl üzən xalqının sevgisini itirməsi idi.
58 illik utanc sona çatdı və o, Türk vətəndaşlığına rəsmən qəbul edildi. İndi növbədə onun vəsiyyətinin yerinə yetirilməsi vardı. 15 yanvar – doğum günündə onun vəsiyyətini yerinə yetirmək üçün bu böyük addımı da ataq” deyildi. Məzarının Moskvadan Türkiyəyə gətirilməsinin Nazim Hikmətin vəsiyyəti olduğunu xatırladan Qaravəli ancaq bu mövzuda oğlu Mehmet Nazimin razılıq verməsinin vacib olduğuna diqqət çəkdi. Son zamanlarda gerçək mirasçısı olan oğlu Mehmet Nazimin adından danışan bir çox qohumunun meydanaçıxması haqda Qaravəli belə danışdı:

“Oğlu razılıq verəcək”

“Qohumun deyə özlərini tanıdanların kimlər olduğu bəlli deyil. Nazimin qan bağı olaraq bir tək əqrabası var, o da Parisdə yaşayan oğlu Mehmet Nazimdir. Və Mehmet Nazim bu mövzuda müsbət, ya da mənfi bir şey deməyib. Mehmet Nazim atasının oğludursa, Türk millətinin arzusuna qarşı çıxmaz. Əgər oğlu razılıq verərsə, məzar Türkiyəyə tezliklə gətirilər. Oğlunu razı salmaq üçün lazım gələrsə məzarın gətirilməsi mövzusunda bir qeyri-hökumət təşkiatı da təşkil edə bilərik”.
Nazim Hikmətin məzarının ruslar üçün turistik bir yer olduğunu qeyd edən Qaravəli “Kremldən öncə Nazimin məzarını ziyarət edirlər. Qəbrini ziyarət etmək istəyən milyonlarca türk vətəndaşı var. Ruslar məşhur opera müğənnisi Fyodr İvanoviç Şalyapinin məzarını Parisdən Moskvaya gətirtdi. Əgər Türkiyədən də ciddi tələb olarsa, məzarı verməməzlik etməzlər” dedi.

“Məzarına zərər gəlməz”

Nazimin Türkiyəyə aid olduğunu, vətən həsrəti ilə alışıb-yandığını, bu səbəblə məzarının özünün də vəsiyyətində dediyi kimi, Anadoluda bir yer olması lazım olduğunu vurğulayan Qaravəli: “Mənə də son görüşümüzdə bu həsrətini dəfələrcə danışıb. Mən həyatımda vətən həsrətilə bu qədər alışıb-yanan bir insan görmədim. Siyasi və şəxsi düşüncələrdən uzaq duraraq bu fürsətin dəyərləndirilməsi lazımdı. Qəbri mütləq Türkiyəyə gətirilməlidir. Çünki bu, onun vəsiyyətidir, şeirilə və bizə söylədiyi sözlərlə. Lazım olarsa, təsdiq olunan kimi gedib sümüklərini mən alaram. Türk insanının məzara zərər verəcəyini düşünənlər, görəsən, türk insanını təhqir etdiyinin fərqindədir? Türklər kimin qəbrinə zərər verdi? Heç kim narahat olmasın, Türkiyə onun qəbrinə lazım olan sayğını göstərər” – dedi.

Nazimin oğlu atasını niyə istəmədi?

Beynəlxalq qaydalara görə, şəxsin ölmədən öncəki həyat yoldaşı və ya birinci dərəcəli qohumlarının razılığı ilə məzar köçürülməsini gerçəkləşdirmək mümkündür. Türkiyədəki Nazim lobbisi xaricdə yaşayan Nazim Hikmətin oğlu Mehmet Nazimə pulu toplaya biləcəklərini bildirərək onun sadəcə Rusiya hökumətinə məzar köçürülməsi üçün rəsmi müraciət etməsini istədilər. Mehmet Nazim isə Vera Tulyakovaya tək quruş verməməklə yanaşı, atasının məzarının köçürülməsi üçün də heç bir təşəbbüs göstərməyəcəyini söylədi.
Mehmet Nazim bununla da kifayətlənmədi və Nazim Hikmətin Rusiyaya qaçışını təşkil edən və indi də gətirilməsi üçün ən çox səy göstərən ailə dostu Refik Erdurana “Çox təkid etməyin. Atam rubl qarşılığında şeir yazan bir adam idi. Xəstə anamı və hələ üç yaşım olanda məni tərk edib başqa qadınlara getmiş bir adam üçün tükümü də tərpətmərəm” dedi. Nazim Hikmətin sümükləri qarşılığında bir milyon dollar almaq xəyalları puç olan və Türkiyədə “Nazimin çox sadiq və məsum həyat yoldaşı Vera” olaraq tanınan Vera Tulyakova 2001-ci ildə öldükdən sonra öz vəsiyyətinə əsasən cəsədi yandırılaraq Nazim Hikmətin məzarına basdırıldı. Hazırda o məzarda iki nəfər yatdığı üçün ehtimal olunan bir köçürülmə zamanı Nazim Hikmətin oğlu ilə yanaşı, Vera Tulyakovanın qızı Anna Stepanovanın da razılığı lazım olacaq. Beləcə, məzarın açılaraq Nazim Hikmətin sümüklərinin gətirilməsi daha da qarışıq vəziyyət aldı.

“Oğlundan xeyir yoxdu”

“Vakit”ə danışan Refik Erduran “Siz bunları hardan öyrəndiniz?” deyərkən, Nazim Hikmətin oğlunun, atasının məzarının Türkiyəyə gətirilməsini istəmədiyini təsdiq etdi. Erduran “Atası haqqında artıq-əskik danışır. Rubl qarşılığında Rusiyaya gedib filan kimi. Məncə, razı salmaq üçün çalışmağın da bir yararı yoxdu. O zaman ona çıxıb danışması üçün fürsət verilər ki, bu da heç yaxşı olmaz. Oğlundan bir xeyir yoxdu” dedi. Erduran Vera üçün isə “Mən Veraya yaxşı baxan biri deyiləm, amma Veranın Nazim Hikmətin sümükləri qarşılığında bir milyon dollar istədiyinə də şahid olmadım” deməklə kifayətləndi.

nazim2“Oğluna fürsət verilməməlidir”

Erduran Mehmet Nazimin anası Münəvvər xanım tərəfindən “atasına qarşı zəhərlənmiş bir insan” olduğunu bildirərək “Bu mövzuda çox cəhd oldu, amma heç bir nəticə alınmadı. Mehmet qətiyyən istəmir, bu aydındı. Atası haqqında çox mənfi münasibətdədi. “Rubl üçün Rusiyaya getdi” kimi məntiqsiz sözlər işlədir. Açığı, Mehmetdən xeyir yoxdu. Ondan müsbət bir qatqı gözləməyə dəyməz” dedi. Erduran “Ailədən biri istəməsə, bu iş necə olacaq?” sualına isə bu cavabı verdi: “Olmayacaq. Edə biləcəyimiz heç nə yoxdu. Mən artıq heç ümidli deyiləm. Hətta bu vasitə ilə ortaya başqa sözlər gətirilə bilər. İndiki vəziyyətdə bu mərhələdə Nazimi olduğu yerdə qoymaq ən yaxşısıdı. Lazımsız yerə problem çıxarmaq lazım deyil”.

Hökumətlər günahlandırıldı

Erduran Nazim Hikmətin məzarının Türkiyəyə gətirilməməsində həmişə ölkələrin günahlandırıldığı fikrinə isə “Mən bu mövzuda qəti danışa bilərəm; hökümətin də mövqeyini bilirəm, xüsusi danışıqları da bilirəm, necə bir mövqe ortaya qoyulduğunu da bilirəm. Hökumətin Nazimin gətirilməməsi kimi bir mövqeyinin olmasından söhbət gedə bilməz. Ailədən belə bir tələb gəlsə, hökumət də buna müsbət yanaşacaq. Amma belə bir vəziyyət yoxdu. Məcbur eləməyin mənası yoxdu. İndi məcbur edilsə, oğlu çıxıb atası əleyhinə bir çöx şeylər deyər. Qaş düzəltdiyimiz yerdə göz çıxararıq. Bunu indi qurcalamamaq ən xeyirlisidir” şəklində cavab verdi.

“Bu mövzuda danışmaq istəmirəm”

Nazim Hikmətin məzarının Türkiyəyə gətirilməsi mövzusunda dəfələrlə cəhdlər edən Türkiyə Yazarlar Sindikatı Başqanı Enver Ercan isə “Biz əlimizdən gələni etdik və etməkdəyik. Oğlunun razı salınması ilə bağlı məsələlər keçmişdə oldu, bu, doğrudur. Ancaq razı salmaq mümkün olmadı. Bununla belə, danışıqlar davam edir” dedi. Ercan Veranın sümüklər qarşılığında istədiyi bir milyon dollarla bağlı “Bu mövzuda danışmaq istəmirəm” dedi.

Nazim Hikmətin qızı Anna: “Sovetlər atamdan istifadə etdi”

Nazim Hikmətin qızı Anna müsahibəsində atasının kommunizm mövzusunda böyük xəyal qırıqlığı yaşadığını dedi. “Literaturnaya Rossiya” qəzetinə müsahibə verən Anna Nazimin öldükdən sonra Sovetlər İttifaqında tezliklə unudulduğunu ifadə etdi.

Hikmətin qızı “Anam Sovetlər Birliyi dönəmində Nazimin bizimlə yaşadığı evi muzeyə çevirməyə çalışdı. Amma bütün işlər üçün pul lazım idi. Qonşuların razılığı, xilasetmə dairəsindən icazə və başqa əməliyyatları yerinə yetirməli idi. Sovetlər Nazimin kommunizmə olan inancından sui-istifadə etdi, ancaq ölən kimi onu unutdu. Atam kommunizmə çox inanırdı. Ancaq sonra böyük xəyal qırıqlığı yaşadı və buna görə də öldü”.
Atasının Münəvvər Andaçdan olan oğlu Mehmet haqqında da qəzetə danışan Anna “Mehmet atasına çox incik idi. Bəlkə, anasının Nazimə olan incikliyi oğluna da keçmişdi. Bu səbəbdən də zavallı Mehmetin ölü atası ilə belə münasibətləri çox qopuqdur” sözlərini işlətdi.

“Memedim, oyun etdi bana bu mendebur yürek…”

Nazim Hikmətin rəssam oğlu Mehmet atasını hər nə qədər qəbul etməsə də, məzarının Türkiyəyə, özü istədiyi kimi, bir Anadolu kəndinə gətirilməsi üçün heç bir cəhd göstərməsə də, geniş ictimaiyyət arasında Nazim soyadı ilə tanınmasına xüsusi əhəmiyyət verir. Ancaq daha bir ziddiyyətli məqam var ki, Mehmet Nazim insanların onu “Memed” kimi çağırmasına nifrət edir, atasının çağırdığı kimi…
Nazim Hikmət Türkiyədən uzaqda olanda oğlu üçün həzin şeirlər yazırdı. O şeirlərdə oğlunun böyüdüyünü, qocaman adam olduğunu görə bilməyən bir atanın hüznü, peşmanlıqları, həsrəti ifadə olunurdu:
Bir yandan cellatlar girdi araya,
Bir yandan oyun etdi bana
bu mendebur yürek,
Nasib olmayacak, Memedim, yavrum,
Seni bir daha görmek…
“Memede son mektubumdur” adlı bu şeirində zərif şair qəlbi atıb getmək məcburiyyətində qaldığı oğlu ilə birlikdə, çox incitdiyi bir qadından da sanki üzr istəyirdi. O qadın Münəvvər idi. Sevgi və peşmanlıq dolu misralarda Münəvvəri oğluna əmanət edirdi, özü güldürə bilmədiyi qadını oğlu güldürsün istəyirdi…

 

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10