“Nazim Hikməti Anma Gecəsi” keçiriləcək

2 Baxış

Nazim Hikmət04 mart 2016-cı il tarixində saat 18:00-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi, Türkiyənin Azərbaycan səfirliyi nəzdində fəaliyyət göstərən Bakı Yunus Emre İnstitutu təşkilatçılığı ilə “Türk Ədəbiyyatı Günləri” çərçivəsində ilk proqram “Nazim Hikməti Anma Gecesi” həyata keçiriləcəkdir. Proqramda Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Alper Coşqunla yanaşı şairlər, yazıçılar və alimlərin iştirakı gözlənilir.

Qonaqlar arasında həyatdaykən Nazim Hikmətlə qarşılaşma şansını əldə edənlər, şairin yaradıcılığı ilə bağlı əhəmiyyət kəsb edən işlər görmüş önəmli şəxsiyyətlər olacaq.

Azərbaycan Nazim Hikmətin həyatında çox əhəmiyyətli bir yer tuturdu. Hətta burada etdiyi çıxışların birisində “Bu dünyada nə varsa öyrəndiyim, çoxunu sizlərdən öyrəndim.” demişdir.

1957-ci ildə, otuz il aradan sonra Nazim Hikmət ikinci dəfə Bakıya gəlir. 18 Oktyabr günü Bakı Universitetində etdiyi çıxışında Türkiyəyə olan dinməyən həsrətini dilə gətirir. O illər Azərbaycanda oyanmağa başlayan milli şüur Nazimin gəlişiylə daha da hərarətlənir. Qardaş Azərbaycan Nazim Hikmətin vətən həsrətini aradan qaldırdığı ikinci məmləkəti olmuşdur. Azərbaycan xalqı da hər səfərində eyni qardaşlıq duyğusu ilə Nazimi qucaqlamış, Türkiyə ilə Azərbaycan arasında bir körpü kimi qəbul edərək bağrına basmışdır. Nazimin həmin o nitqi sanki bir gün bir Yunus Emre İnstitutunun gəlib Azərbaycanlı dostlarıyla birlikdə onu burada anacağını işarə edər kimi idi.

15 Yanvar 1902-ci ildə Selanikdə başlayan həyat xətti 3 İyun 1962-ci ildə Moskvada sona çatır. Nazim Hikmət XX əsrin ən sevilən şairlərindəndir. Dünyanı və insanı yaşadığı ağrılı ömürdə bu qədər könüllərə toxunaraq şeirlərə tökən şairi oxuyub da, həyata baxışı nə olursa olsun, bir yerlərdə ürəyi titrəməyən, bu şeirlərdə özündən bir parça tapmayan varmı görəsən? Hər kəsin şairidir Nazim Hikmət…

Qeyd edək ki, YUNESKO 2002-ci ili Nazim Hikmət ili elan etmişdir.

Bölmə : Sənət xəbər