Nazım Hikmətin “Qadın”ına nəzirə

95 Baxış

hikmetAysel Abdullazadə

 

“…KADIN”
Kimi der ki kadın
Uzun kış gecelerinde yatmak içindir.
Kimi der ki kadın
Yeşil bir harman yerinde
Dokuz zilli köçek gibi oynatmak içindir.
Kimi der ki ayalimdir,
Boynumda taşıdığım vebalimdir.
Kimi der ki hamur yoğuran.
Kimi der ki çocuk doğuran.
Ne o, ne bu,
ne döşek, ne köçek,
ne ayal, ne vebal.
O benim kollarım, bacaklarım, başımdır.
Yavrum, annem, karım, kızkardeşim,
Hayat arkadaşımdır.

…Şeir vardır, oxuyub keçərsiniz. Şeir vardır, içindən bir misrasını, bir dördlüyünü bəyənər əzbərləyərsiniz. Bəzilərini cibinizdə daşıyar, dəfələrlə oxuyar, düşünərsiniz. Dostlarınıza oxudar, paylaşarsınız. Elə şeirlər vardır ki, mövzusu ilə baxış bucağınızı dəyişər. Eynilə mən də belə düşünür, belə inanıram deyərsiniz. Yeri gəldiyində o şeirlə daşı qayaya vurarsınız…

Nazım Hikmətin “Qadın” başlıqlı yuxarıdakı şeiri də mənim üçün, qadına baxış açımı ən gözəl şəkildə dilə gətirməyim istiqamətiylə mənalı və mesaj yüklü bir şeirdir. Oxumayan, oxuyub keçənlər var deyə yazımla paylaşmaq istədim.

Bəli, gərək cəmiyyətimizdə, gərəksə dünya cəmiyyətlərində qadın həmişə müzakirə mövzularının ilk sıralarında yer almışdır. Tarix boyunca insanların gündəmindən az qala bir an belə düşməmişdir. Kimiləri şeytan dedi qadına, kimiləri mələk deyib qanadlı şəkillər etdi ona. Kimiləri quruda toruna sala bilmədiyi qadını balığa bənzədib quyruq etdi xəyalında, nə tilovlar atdı dənizə…

Oxumuş ilə oxumamış insanların bir çoxu həmfikir oldu. Qadını, ət və vücuddan ibarət görüb ac pişiyin ciyər gördüyündə axıtdığı suya bənzər, kəlimə-kəlimə sözlər axıtdılar ağızlarından. Sərxoşlar məzə, ayıqlar saqqız edib çeynədilər.

Kölə etdilər, bazarda satdılar. Həqarət deyib aşağıladılar. Qumarda sərmayə olaraq ortaya qoydular. Bəzən qızıldan daha bahalı bir ləl-cəvahirat kimi görüb investisiya etdilər, bəzən tənəkə qədər dəyərsiz görüb küçəyə atdılar.

Bəziləri ilahi kimi görüb, qadına tapındı. Bəziləri məxluq olduğunu bəlirtib, yerin 7 qat dibinə layiq gördü. Kimi utandı varlığından diri-diri torpağa basdırdı, kimiləri şeytanın uşağı deyə atəşdə yandırdı. Fahişə deyib daşladılar, təlxək edib alqışladılar.

Halbuki insana yaraşan baxış, ana olmuş hər qadına anaya baxar kimi baxa bilməkdi. Gənc bir qıza gələcəyin anası olacaq gözüylə baxmaqdı.  Çünki ana, cəmiyyətin təməlidir. Yoldaşa, həyat yolunda qol-qola, savaş yolunda yan-yana olacağı, güvənə biləcəyi ilk sırada yer alması lazım olan dost nəzəri ilə baxılmalıdır. Qadının da bir insan olduğu və kişidən zərrə qədər aşağı olmadığı şüurlara qazınmalıdır…

Əxlaqdan özünə ən böyük payı çıxaran əxlaq çığırtqanları, dönüb zehininə nəzarət etsin. Küçədə, bazarda, yolda, işdə birlikdə olduğumuz qadınlarımıza hansı gözlərlə baxırıq. Qiyafəsi açıq olsun, bağlı olsun fərq etməz. Özümüz üçün düşünmədiyimiz, düşünülməsini istəmədiyimiz baxış və əməllərdən uzaq dayanmağa məcburuq. Necə ki, mənim bir anam, bir yoldaşım, bacım, qızım, xalam, bibim varsa və bunlar mənim üçün müqəddəsdirsə, hər qadının da biriləri üçün müqəddəs olduqlarını unutmamaq lazımdır. Mənim üçün qutsal olan qadınlara edilməsini istəmədiyim bir iyrəncliyi bir başqasının müqəddəs varlığı olan qadına qarşı necə edə bilərəm? Necə düşünə bilərəm?

Belə bir düşüncəni, iyrənc bir hərəkəti bilərək işləmək demək, eyni şeyləri mənim qutsalıma da edə bilərsiniz demək mənasını vermirmi?

Hər qadın, ən az özüm qədər qiymətlidir. Hər qadın dünyanın ən gözəlidir. Hər qadın əsla qoparılmayacaq, incidilməyəcək, soldurulmayacaq ən gözəl çiçəkdən daha gözəl bir güldür. Hər qadın ana, bacı, yoldaşdır.

Belə baxar, belə bilir, belə inanaram.

Nazim Hikmətə – dahi şairə Allahdan rəhmət diləyirik!