Nəsibə Zeynalovanın 105 illiyinə həsr olunmuş ədəbi-bədii gecə

19 Baxış

hg

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan teatrının unudulmaz korifeyi Xalq artisti Nəsibə Zeynalovanın 105 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir Mərdəkan Mədəniyyət Sarayında fəaliyyət göstərən “Rəsm” kursunun tələbəsi Rəna Cəfərovanın görkəmli sənətkarımıza həsr etdiyi rəsm əsərlərindən ibarət sərginin nümayişi ilə başlayıb. Gənc rəssamın şəkilləri tədbir iştirakçılarında, xüsusilə də Nəsibə xanımın nəvəsi Nəsibə Əsgərovada xoş təəssürat yaradıb.

Tədbiri giriş sözü ilə açan Sarayın direktoru Cavid Şahbazbəyov bildirib ki, Milli Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan, Azərbaycan teatrsevənləri arasında “Qayınana” kimi sevilən Nəsibə Cahangir qızı Zeynalova hamının xatirəsində əbədi yaşayacaq.

Gecə sənətkarın həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə davam edib.

Azərbaycan Respublikasının Əməkdar artistləri Çingiz Əhmədov və Mirzə Ağabəyli Nəsibə xanımla bağlı xatirələrini bölüşüblər.

Gecənin musiqili hissəsində “Yeni Ulduz – 7” yarışmasında ikinci yerin sahibi, 2010-cu ildə keçirilmiş “Avroviziya” mahnı müsabiqəsində milli seçimin yarımfinalçısı Azad Şabanov, Prezident təqaüdçüsü, vokalçı Amil Həsənoğlu, Cəmalə Qambayeva, Aylin İlqar rəngarəng mahnı çələngi ilə çıxış ediblər.

Tədbir boyu Nəsibə xanımın oynadığı “Qayınana”, “Ulduz”, “Hicran” tamaşalarından səhnəciklər həvəskar aktyorlar Elgün Əliyev, Afaq Bayramova, Elxan Rəhimov, Mir-Zahid Məmmədovun iştirakı ilə nümayiş olunub. “Lalələr” rəqs kollektivinin çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Sonda Nəsibə xanımın nəvəsi Nəsibə Əsgərova çıxış edərək görkəmli sənətkarımız haqqında tamaşaçılara geniş məlumat verib və belə gözəl tədbirin təşkili üçün hamıya öz dərin təşəkkürünü bildirib.

Sonda fəal tədbir iştirakçıları təşəkkürnamələrlə təltif olunublar.

Ən böyük mükafatı tamaşaçı sevinci, tamaşaçı alqışı olan dəyərli sənətkara həsr olunan tədbir qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Bölmə : Sənət, Teatr