Nicat Həşimzadə: “Ölümsüzlük axtarışı – “Gilqameş” və biz”

54 Baxış

nicat

Senet.az “Ustad” dərgisində yayımlanan Nicat Həşimzadənin “Ölümsüzlük axtarışı – “Gilqameş” və biz” məqaləsini təqdim edir:

 

Ölümsüzlük axtarışı – “Gilqameş” və biz

Bizim insanlar həm işsizlikdən şikayət edir, həm də kitab oxumağa vaxt tapmadıqlarını deyirlər. Obama prezident olan zamanda hər gün 30 dəqiqə kitab oxuyurdu. Angela Merkel hər gün 40 dəqiqə kitab oxuyur. Bizim bəzi gənclər də dövlət əhəmiyyətli məsələlərlə məşğul olduqları üçün kitab oxumağa vaxt tapmırlar. Kaş ki, insanlarımız səmimi olaydılar. “Kitab oxumağa vaxtım yoxdur” deməkdənsə “Oxumuram, kitabları sevmirəm” demək daha düzgün olar. Təhtəlşüurumuzda özümüzü savadlı göstərmə cəhdlərimiz olmasa, bəlkə, rahatlıqla kitabları sevmədiyimizi deyə bilərik. Folkner deyirdi ki, mən olmasam da ədəbiyyat bir şey itirməzdi, Dostoyevski, Tolstoy, Balzak kimi yazıçılar var. Hərdən düşünürəm ki, qədim “Gilqameş” dastanını düzgün anlaya bilsəydik heç Dostoyevskiyə, Tolstoya, Balzaka da ehtiyac olmazdı.

Əgər ədəbiyyata mətn hadisəsi kimi baxırıqsa, o zaman yeni imzaların, yeni əsərlərin yaranması bizim üçün maraqlı ola bilər. Əgər ədəbiyyata ideya hadisəsi kimi baxırıqsa, o zaman düşünmək olar ki, bir çox yazarlar eyni həqiqəti bizə müxtəlif formalarda izah etməyə çalışıblar. Məsələn, Qandinin qeyri-zorakı mübarizə ideyası bir neçə əsr öncə Nəsiminin həyatında və şeirlərində var idi. Qədim Şərqdə də “özünü o dünyaya həsr etmək”, “səadəti o dünyada axtarmaq” kimi fikirlər, əslində, qeyri-zorakı mübarizənin bir başqa adıdır. Çünki qeyri-zorakı mübarizə həm də insandan imtina mədəniyyətinə sahib olmaq kimi yüksək insani keyfiyyətlər tələb edir. Sənətin əsl mahiyyəti sənət adamlarının ölümlə barışmamaq, ölümə meydan oxumaq niyyətidir. Sənət adamı əbədi şöhrətə can atır. İstəyir ki, öləndən sonra onu xatırlasınlar, haqqında danışsınlar, filmlər çəksinlər. Bəzi sənət adamları, yazıçılar müsahibələrində deyir ki, mən filmi özüm üçün çəkirəm, kitabı təkcə özüm üçün yazıram. Əgər həqiqətən belədirsə, o zaman niyə kitabını, filmini, musiqini nümayiş etdirirsən?

Ölümsüz olmaq üçün insan fiziki ölümündən öncə unudulmamaq üçün xeyirli, faydalı işlər görməlidir. “Gilqameş” dastanının bizə çatdırmaq istədiyi birinci fikir budur. Gilqameş ən yaxın dostu Enkidunun ölümündən sonra anlayır ki, dünya ölümsüz deyil, bir gün o da öləcək. Kral olsan belə ölümdən qaça bilməzsən. Dastanda bir hissədə yazılır. “Tanrılar insanı yaradanda ona ölümü paylaşmaq hüququ verirlər”. Çox mənalı fikirdir. “Ölümü paylaşmaq” deyərkən, görəsən, nə nəzərdə tutulub? “Hamımız öləcəyik” fikrimi və ya ölümdən sonrakı yas mərasimləri, insanların kədərlərini biri-biri ilə paylaşması ənənəsimi demək istənilib? Müqəddəs Avqustin deyir ki, insanlar cəsədi təmtəraqla dəfn edir, çünki özlərinin həyatda qalmalarını bayram edirlər. Gilqameşə başqa adla Bilqameş deyirlər. “Gil etmək”, “qılmaq”, “ərsəyə gətirmək” deməkdir. Böyük işlər görmək anlamındadır. Bilqameş sözündəsə sözün kökü bildir. Yəni, hər şeyi bilən müdrik insan. Təbii ki, qədim eposlarda simvolik mənalar çoxdur. Əsərin çatdırmaq istədiyi əsas fikirlərdən biri budur ki, ancaq müdrik insan ölümsüzlük axtarışına çıxa bilər.

Sənətlə məşğul olmaq da bir növ ölümsüzlük axtarışına çıxmaqdır. Kimin ölümsüz olduğunusa əsrlər müəyyən edir. Məsələn, bir əsr ədəbiyyat üçün çox az zamandır. Rəsm sənəti üçün, bəlkə, iki əsr çox az müddətdir. Ancaq biz zaman məsələsinə qeyri-ciddi yanaşaraq sənət adamlarının aclıq və səfalətdən ölmələrinə rəvac verməməliyik.

Enkidu vəhşi xüsusiyyətlərə sahib bir varlıq idi. Ancaq məbədin rahibəsi Tehiptilla bu vəhşidən insan yaradır. Tanrı İştar Gilqameşi və Enkidunu öldürmək üçün Göy Buğanı göndərir. Ancaq iki dost birlikdə döyüşərək Göy Buğanı öldürürlər. Şumer dastanında bir buğanı iki qəhrəman – Bilqamıs və Enkidu, oğuz dastanında hər buğanı bir igid – Buğac və Qanturalı öldürür. Dünyanın bir çox xalqları Şumer mədəniyyətindən bəhrələnib, o cümlədən də biz. Mənə elə gəlir, Tanrı İştarın Gilqameşi və dostunu cəzalandırmasında əsas səbəb odur ki, onlar bilməli olmadıqları sirri bilməyə can atır, Tanrılarsa sirlərini kimləsə bölüşmürlər. Eyni məqam Adəmlə Həvvanın bilik ağacından oğurluq etməsinə də aiddir. Əslində, Adəmlə Həvva bilgiyə can atırdılar. Tanrısa onların bilikli olmasını istəmirdi. Ona görə yox ki, Tanrı yaratdığı varlıqların bilgili olmasını qısqanır, ona görə ki, Tanrı bilginin xoşbəxtlik gətirmədiyini bilir və yaratdığı varlıqların rəzil hallara düşməsini istəmir. Prometey odu oğurlayıb insanlara vermiş, amma Zevs buna qəzəblənmişdi. Çünki Zevs insanların səy göstərməsini, soyuğa – şaxtaya vərdiş etmələrini istəyirdi. Biz yazarlar da kitab yazaraq insanlara nəsə izah etməyə, nəsə öyrətməyə çalışırıq. (Xahiş edirəm burada öyrətmək sözü “yekəxanalıq” kimi qəbul edilməsin). Ancaq nəzərə almırıq ki, bilik insanlara səadət vəd etmir. Dostoyevski yazır ki, həddən artıq dərk etmək xəstəlikdir. Bəs, görəsən, həddən az dərk etmək nədir?

Bölmə : Araşdırma
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10