Nilgün Saryal: “Maestro Niyazinin gətirdiyi xəbərdən sonra babam ağladı” – Dilqəm Əhməd

69 Baxış

images

Onu Azərbaycan mühacirətinin tədqiqatçısı, dostum Ceyhun Nəbi vasitəsilə tanıdım. Feysbukda dostlaşdıq, Ankaraya gəldiyim zaman həm özü ilə, həm də atası Nuri bəylə tanış olmaq istədiyimi dedim. “Varislər” adlı kitab hazırladığım üçün mühacirlərin övladları, nəvələri ilə fürsət düşdükcə görüşür, onlardan müsahibələr alır, ailə arxivlərində olan materiallardan istifadə etməyə çalışıram. Tale belə gətirdi ki, onunla Ankarada babası İsmayıl Saryalın evində deyil, Bakıda Yunis Əmrə İnstitutunda görüşdük. Babasının “Bakı rüzgarı” kitabının təqdimatı üçün gələn Nilgün Saryalla müsahibəmiz beləcə baş tutdu.

Babası Mirismayıl Seyidzadə Azərbaycan Cümhuriyyətinin xaricə oxumağa göndərdiyi 102 tələbədən biri olub. Berlində Şarlottenburq Texniki Universitetini yüksək elektrik mühəndisi diploma ilə bitirdikdən sonra 1924-cü ildə Bakıya dönür. Vətəninə orada evləndiyi alman Helena xanımla birgə gəlir. 1929-cu ildə övladları dünyaya gəlir, Nuri adını qoyurlar. Elə həmin il artıq bolşevik təzyiqinə tab gətirə bilməyəcəyini görüb, Türkiyəyə mühacirət edirlər.

İsmayıl bəy bolşeviklərin onları yaşatmayacağını vaxtında dərk etmişdi. Çünki 1937-ci il rüzgarı bir çox tələbəni repressiyaya məruz qoymuşdu.

Beləcə, Türkiyədə Azərbaycan mühacirləri arasında köklü bir ailə də yer alır. İsmayıl bəy həyatı ilə bağlı “Bakı rüzgarı” kitabını yazır, oğlu Nuri Saryal 1977-1979-cu illərdə Türkiyənin ən məşhur universiteti olan Orta Doğu Texniki Universitetinin rektoru olur.

Nuri bəyin böyük qızı Nilgün Saryal isə maşın mühəndisliyi ixtisasına yiyələnir, bu gün ailəsinin Azərbaycanla olan bağlarının qopmaması üçün var gücü ilə çalışır.

Beləliklə, “Ustad”ın müsahibi Mirismayıl Seyidzadə Saryalın nəvəsi Nilgün Saryaldır:

– Nilgün xanım, babanız İsmayıl Saryal “Bakı rüzgarı” əsərində həyatı ilə bağlı xatirələrini yazıb. İstərdik ki, Siz də babanızla bağlı unutmadığınız xatirələrdən danışasınız.

O qədər çox xatirə var ki, hansından başlayım, bilmirəm. Babamın kitabının təqdimatı ilə bağlı Bakıda olduğum üçün bu kitabı necə yazması ilə bağlı xatirəmi bölüşmək istəyirəm. Bizim evdə Azərbaycan guşəsi olub. Orada Bakının bir fotosu vardı, mən o fotonu tapıb yenidən öz yerinə asdım. Babamın kreslosunu da yerinə qoydum. Bir gün həmin kresloda oturdu, yazı makinasında iki barmaqla yazmağa başladı. Yazı makinasını istifadə etməyi yaxşı bilmirdi. O zamanlar bizim evdə Azərbaycan günləri olurdu. Türkiyədə yaşayan azərbaycanlılar, eləcə də türklər gələrdilər. Atam onlara Azərbaycandan danışardı. Çünki hamısı “İsmayıl bəy, danışın” deyərdi. Təkrar-təkrar danışdırardıq ki, hafizəmizə yazılsın. Kitab ətrafdakıların israrı ilə çıxdı. “Mütləq yazılmalıdır” deyirdilər. O qədər çətin vaxtlar idi ki, babam kitaba əsl adları yazmadı. Öz adını Oğuz yazdı, Oğuz türkləri olduğumuz üçün. Nənəmin adını Alya, atamın adını Mete olaraq yazdı. Türk adları seçmişdi. Vəsiyyəti də o oldu ki, əsər azadlıq əldə etdikdən sonra yayımlansın. Düşünürdü ki, bu kitab basılsa, ailəsinə, sevdiklərinə, kitabda adı keçən yaxınlarına zərər gələr. Ona görə də əsəri 1990-cı illərdə çap etdik.

Makina əlyazması qalırmı?

Makina əlyazmasını da, makinanın özünü də qoruyub saxlayıram. Bu əşyaları Gəncəyə vermək istəyirəm, ata yurduna dönsün. Atasının evini Gəncədə uçurublar, amma xalasının evi qalır. Əgər o əşyalardan ayrıla bilsəm, verəcəyəm. Vəsiyyətimdir, mən edə bilməsəm də, siz gənclər edərsiniz.

Babanız uzun illər qürbətdə yaşadı. Bu qürbətçilik onda hansı hisləri yaratmışdı?

Əslində, qürbətdə yaşayan babam yox, nənəm olub. Çünki Azərbaycan kimi, Türkiyə də babamın vətəni idi. Nənəm isə alman idi. Onlar Azərbaycanla bağlı çıxan jurnalları, qəzetləri, kitabları izləyir, hamısını bir-bir oxuyurdular. İkisi də çoxlu dil bilirdi. Xüsusən, Sovetlərdə baş verən hadisələri yaxından təqib edirdilər, bilirdilər ki, orada baş verən hər şey Azərbaycana da təsir edəcək. İnanırdılar ki, şans yenidən yaranacaq və Azərbaycan müstəqil olacaq. Çox üzülürəm ki, o, bu günləri görmədi. Babam ömrünün son illərində çox kövrək olmuşdu. Azərbaycan həsrəti onda daha da artmışdı. Vətənini o qədər sevirdi ki, ora bir də qayıda bilməyəcəyini bilə-bilə yurdunun bütün adətlərini, mədəniyyətini, mətbəxini övladlarına, nəvələrinə öyrədirdi. Biz Azərbaycanla bağlı hər şeyi babamızdan öyrənmişik. O, bizə Azərbaycan musiqisi, mədəniyyəti, ədəbiyyatı haqqında hər şeyi danışardı. Mən ilk dəfə Bakıya 5 il bundan əvvəl gəldim. Yaşım 50-ni haqlamışdı. Amma Azərbaycan türkcəsində hər şeyi başa düşürdüm, buna təəccüblənirdilər. Burada bişirilən yeməkləri mən də bilirdim. Elə bilirdilər ki, mən hər zaman Azərbaycanda olmuşam. Bütün bunlar babamın sayəsində olub. Ömrünün son günlərində tez-tez “Ayrılıq” mahnısını oxuyardı, “Ayrılıq, ayrılıq, aman ayrılıq” misralarını zümzümə edərdi. Atam uşaq olanda ona ilk öyrətdiyi Azərbaycanın himni olub. “Azərbaycan, Azərbaycan” deyəndən sonra, “Nurinin yurdu Azərbaycan” misralarını da ona söylədərmiş. Babam çox tolerant insan idi. Heç zaman hansısa millətə qarşı pis fikirdə olmazdı. Deyərdi  ki, rusun da, ingilisin də, erməninin də yaxşısı var. Amma onları pis edən siyasətdir. Danışardı ki, mənim babam Gəncə qiyamı zamanı ermənini ölümdən xilas edib. Özü onu sərhədə kimi gətirib və deyib ki, bununla işiniz olmasın. O günahsızdır. Onlar bizi düşmənçiliklə böyütmədilər, ermənilərin, rusların bizə etdiklərini demədilər. Çünki düşündülər ki, onsuz da böyüyəndə özümüz araşdıracağıq.

Babanız mühacirətə necə getdi?

Azərbaycan Cümhuriyyəti devriləndən sonra babamın ömrünün acı illəri başlayıb. Sonradan Bakıya gəlsə də, burada işləyə bilməyib. Bir neçə ildən sonra gizli yollarla İrana, oradan isə Türkiyəyə gedib. Kitabı oxusanız, onun Türkiyəyə necə böyük çətinliklə getdiyini görərsiniz. Çünki artıq burada təqib edilirdi. Elə özü kimi izlənilən bir neçə adamla birlikdə böyük çətinliklər hesabına Türkiyəyə gediblər.  Alman xanımla evli olması, türkçülüklə bağlı düşüncələri səbəbindən üzünə qapılar bağlı olub. Həm də universitetdə çalışırdı, orada tələbələrinə türkçülüyü aşılayırdı. Bu fakt artıq lazımi yerlərə çatdırılmışdı. Bir gəncəli komissar atamın uşaqlıq dostu idi. Ona deyir ki, “sən buradan mütləq get, yoxsa səni də güllələyəcəklər”. Amma getmək istəmir. Deyir ki, “güllələyəcəklərsə, güllələsinlər. Bura mənim vətənimdi, buradan heç yerə gedən deyiləm”. Ondan sonra nənəm deyib ki, “oğlun sarışındı, mən də almanam. Səni güllələyib, məni sürgün edəcəklər və simaca onsuz da rusa bənzəyən oğlunu rus təfəkküründə böyüdəcəklər”. İsmayıl babam buna hiddətlənir. Deyir, “bu, mənə ölümdən də ağır olar”. Məhz bu səbəbdən Türkiyəyə getməli olur. Yəni, o, ölümdən qorxduğu üçün deyil, oğlunun rus zehniyyəti ilə böyüməməsi üçün bu addımı atır. Bütün bunların hamısını bizə sonradan nənəm danışıb.

Sizin evinizə o zaman tanınmış mühacirlər, onların ailələri gələrdi. Onlardan biri də Rəsulzadənin həyat yoldaşı Leyla xanım idi. Leyla xanımı xatırlayırsınızmı?

Leyla xanımı xatırlayıram. O, vəfat edəndə mən ibtidai sinifdə idim. Həm nənəmlə, həm də anamla yaxşı dost idi, tez-tez gedib-gələrdik. Anamı Leyla xanım bəyənib nənəmə demişdi ki, çox yaxşı bir qız var, Nuriyə uyğundur. Azərbaycanlılardan əmi kimi sevdiyim maestro Niyazi vardı. O, mənim üçün çox dəyərlidir. Onlar Türkiyəyə gələndə uzun müddət qalırdılar. İndi öyrənmişəm ki, biz Niyazi ilə də uzaqdan qohum olmuşuq. O vaxtlar bunlar danışılmazdı ki, heç kimə zərər gəlməsin. Niyazi hər dəfə gələndə bizə Bakıdan bir torba konfet gətirərdi. İndi o konfetlərdən Bakıda axtarsam da, tapa bilmirəm. Niyazinin bizə hədiyyələri arasında “Koroğu” operasının valı da var idi. Babam mənə “Koroğlu” operasını başdan-ayağa əzbərlətmişdi. Hərdən evdə “Koroğlu”nu babamla biz “oynayırdıq”. O, Koroğlunun səsi ilə danışar, biz isə cavab verərdik. Niyazi kimi adamlar həm də Vətəndəki qohumlarımız barəsində məlumat mənbələri idilər. Onların heç biri ilə əlaqəmiz yox idi. Amma babam Niyazidən hamısını bir-bir soruşardı. Çox təəssüf ki, başqa cür əlaqə yaratmaq mümkün deyildi. Məsələn, babam Nüşabə xanımın dayısı olub. Onun anası qardaşı İsmayıl Saryaldan, o da bacısından 35 il xəbər tuta bilməyiblər.  Lütfiyar İmanov da gələrdi. Mən illər sonra anladım ki, babamla qohumları gizli-gizli məktublaşıblar. Çünki bəzən söhbətlərində nə dərəcədə məlumatlı olduqları görünürdü.  Niyazinin gətirdiyi bəzi xəbərlərdən sonra İsmayıl babamın ağladığını görürdüm. İndi anlayıram ki, bu xəbərlər onun ölən dostları, yaxınları ilə bağlı olub. Bütün bunların hamısını sizə mənim atam, İsmayıl Saryalın oğlu Nuri Saryal daha yaxşı danışa bilər. Ondakı xatirələr tükənməzdir. Babamın dostları, əqidədaşları, mühiti hamısı onun gözləri önündə keçib.

Mühacirlərdən başqa kimlərin ailələri ilə gediş-gəlişiniz vardı?

Nəsib bəy Yusifbəylinin Türkiyədə yaşayan ailəsinin evinə tez-tez gedərdik. İndi də onun xanımı Şəfiqə xanımı, qızı Zöhrəni yaxşı xatırlayıram. Şəfiqə xanım möhtəşəm qadın idi. Bizim ailədə heç zaman əl öpməzdilər. Bu, bizdə adət deyildi. Amma onlara gedəndə anam hər dəfə deyərdi ki, Şəfiqə xanımın əlindən öpüm. Mən bunun səbəbini sonradan anladım. Şəfiqə xanımın necə bir qadın olduğunu, həqiqətən də, əl öpülməyə layiq olduğunu sonradan bildim. Zöhrə isə çox sevimli insan idi. Oğlanları atamla dostluq edib…

Mənbə: “Ustad” jurnalının 13-cü sayı.

 

KÖŞƏ YAZARLARI
TOP 10