Nizami, Dostayevski, Anar

307 Baxış

mushfiqxanMüşfiq XAN

 

Paytaxtın mərkəzi küçələrindən birində keçirilən sorğudan (ümumi mənzərə red.)

 

– Gənc yazarlardan kimləri oxuyursunuz?

 

Universitetin dördüncü kurs tələbəsi: Nizami Gəncəvinin romanlarını sevirəm.

 

Qısa saçları yaşıla boyanmış qırx yaşlarında xanım: Dostayevskini çox oxuyuram, bizimkilərdən heç kimi oxumuram, yaza bilmirlər (hırıldayır – red.)

 

Azərbaycan Yazıçılar Birliyinə bir ay əvvəl üzv olmuş jurnalist: Yalnız Anarı oxuyuram.

 

 

Yaşadığımız ölkədə kitab yeganə sahədir ki, bununla heç bir insanımızı təəccübləndirə bilməzsən. Futbola, mikrofona, rəngarəng əyləncələrə olan hərarətli və şiddətli istəyi aforizmşünas xalqımız kitabçün nümayiş etdirə bilmir, yaxud da bacarmır. Bəlkə də istəmir – nə bilmək olar ki?

 

Diqqət edirsinizsə, gündəlik mətbuatda kitab və ədəbiyyat ətrafında yayımlanan yazıların böyük bir qismi tənqid müstəvisindədi. Mütəfəkkirlərin də buyurduğu kimi, dünyada ən asan iş başqasına məsləhət verməkdi. Tənqid eləmək bunnan da asandı. Bizim ədəbiyyatdakı tənqidi nəzərdə tuturam, daha dəqiqi qərəzi. Dəhşətlisi budur ki, təqdiretmə bacarıqlarımız da bayağı təriflər ampluasınnan kənara bir addım ata bilmir.

 

Söz vaxtına çəkər, keçən payız bu vaxtlardı. Altmış yaşlarında bir nəfər gənc yazıçı-şairlə söhbətləşirdik. İllər boyu yazdığı roman, şeir, təmsil və povestləri qalaqlayıb birdən çap etdirməyə qərar vermişdi. Bir gün onu qayğılı, pərişan gördüm. Səbəbini belə izah elədi – Türkiyədəki naşir dostumnan kitablarımnan birini çap etməsini rica etmişdim. Dünən cavab yazıb ki, hələlik bu mümkün deyil, çünki sizin yazıçılardan birinin kitabları nəşriyyatımızda yığılıb qalıb, ayaq basmağa yer yoxdu. Nə alan var, nə gəlib aparan, nə də yiyə duran. Buna görə də nəşriyyat müdirini razı sala bilməyəcəm. Əlbəttə, söhbət əsnasında mənə kitabları Türkiyədəki nəşriyyatın anbarında aylardı yığılıb qalan həmin yazıçının adını da dedi. Yadıma salarsız, sonda deyərəm. İndi kefinizə soğan doğramayım, çünki məqsədim qətiyyən bu deyil.

 

Bir az əvvəlki söhbət necə oldu qəfil yadıma düşdü, bilmirəm, amma hal-qəziyyə bu ki, Azərbaycan yazıçısının dünyaya çıxa bilməməsinin səbəblərinin əsasında belə hadisələr dayanır. “Aslanım” deyənlərin, xislətində “pişiyim” yoxdu. Dövlət hesabına çap olunan, yayımlanan, alınan, satılan, təbliğ olunan kitabların müəllifləri eyni, bəlli kəslərdi – layiqliləri də var, layiq olmayanları da. Məhz elə həmin layiqli imzaların özünü dönə-dönə çap etmək, siyahıya həmin bəlli kəslərdən savayı kimsənin adını salmamağın özü çox böyük anormallıq, dəhşətli çatışmazlıqdı.

 

Gəlin oturub hər şeyi bir də düşünək. Daha dərinnən düşünək. Lütfən, düşünərkən əlimizi də vicanımızın (əgər hələ də sağdısa…) üstünə qoyaq. Və cavab tapmağa çalışaq – nə üçün tənqid elədiyimiz kitab-ədəbiyyat qurumlarının, ədəbiyyata xidmət etdiklərini düşünən adamların yanlışlarını, səriştəsiz fəaliyyətini əlimizə fürsət düşən macalda özümüz də təkrarlayırıq? Hansı məchul hədəfimizçün? Kim daha çox günahkardı – doğal haqqını tələb edən gənc yazarlarmı, yoxsa istedad qatili olan sizlərmi? Onsuz da onlar Azərbaycanda yazıçı olmaqla özlərini bədbəxt ediblər, day siz də niyə baltalayıb atırsız?

 

Paxıl olmayın, onlara da təqaüd, mükafat, ev verin. Onları da müalicə edin. Nolsun ki, himayədarları yoxdu – Azərbaycan Respublikasının Dövlət Büdcəsi dədənizin şəxsi kassası deyil ki.

 

P.S. Türkiyədəki nəşriyyatın anbarında aylardı yığılıb qalan həmin yazıçının adı məqalənin başlığında var…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Müşfiq XAN
KÖŞƏ YAZARLARI
TOP 10