Nizami Gəncəvi haqqında rus dilində yeni mühüm nəşr

0 Baxış

hg

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun rus dilində çapdan çıxmış “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” adlı kitabının təqdimatı keçirilib.

Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, bir sıra elmi müəssisələrin rəhbərləri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.

Əvvəlcə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək ölkə Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə cari ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar Azərbaycanın bir çox elm, təhsil, mədəniyyət və digər qurumlarında olduğu kimi, AMEA-da da bu istiqamətdə tədbirlərin görüldüyünü bildirib. Qeyd edib ki, akademiyada bununla bağlı görülən tədbirlərin əsas məqsədi sərəncamın işığında N.Gəncəvini Azərbaycanın dövlət müstəqilliyi ideallarının gözü ilə Azərbaycan xalqına, gənc nəsillərə, eləcə də dünyaya yenidən tanıtmaqdan ibarətdir.

İ.Həbibbəyli dahi Nizaminin nəslinin milli mənsubiyyət etibarilə azərbaycanlı olduğunu və Gəncə şəhərində yaşadığını bildirib, şairin azərbaycanca düşünüb əsərlərini farsca qələmə aldığını vurğulayıb. O, Nizaminin əsərlərini fars dilində ərsəyə gətirməsinin onun Şərq ölkələrində tanınmasına müsbət təsir göstərdiyini qeyd edərək, dahi şairin yaradıcılığında türk sözlərinə, Azərbaycan zərb məsəllərinə və Azərbaycan şəhərlərinin adlarına sıx rast gəlindiyini də bildirib.

Akademikin sözlərinə görə, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində” adlı kitabı Nizamini azərbaycançılıq baxımından təhlil edən qiymətli əsərlərdəndir. Bundan əlavə, bu yaxınlarda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin “Nizami və tarix” kitabı təkmilləşdirilmiş şəkildə yenidən çap olunub, nəşrdə Nizaminin azərbaycanlı olması məsələlərinə işıq salınıb.

İ.Həbibbəyli, həmçinin, AMEA-da Nizaminin “Xəmsə”sinin elmi-tənqidi mətninin hazırlanması istiqamətində tədbirlərin görüldüyünü deyərək, artıq “Sirlər xəzinəsi” poeması üzərində işlərin tamamlandığını diqqətə çatdırıb. O, “Nizami ili” çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Xəmsə”nin yenidən fars dilindən Azərbaycan dilinə tərcüməsinin nəzərdə tutulduğunu da vurğulayıb.

Akademik İ.Həbibbəyli təqdimatı keçirilən “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” kitabını Nizaminin elmi dünyagörüşünün sistemli şəkildə tədqiq edildiyi ilk monoqrafiya kimi dəyərləndirib.

Daha sonra çıxış edən AMEA Rəyasət Heyətinin üzvü, Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva “Nizami ili” çərçivəsində ərsəyə gələn “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” kitabının nizamişünaslığımıza yeni bir töhfə olduğunu söyləyib. O, kitabın ensiklopedik şəxsiyyət olan Nizaminin elmi dünyagörüşünə həsr olunmasının əhəmiyyətindən danışıb. G.Baxşəliyeva monoqrafiyanın Nizaminin bir alim, mütəfəkkir kimi xarakterizə etmək baxımından xüsusi rola malik olduğunu qeyd edərək, kitabda dahi şəxsiyyətin təbiət elmləri haqqında, eləcə də ictimai-siyasi fikirləri ilə bağlı müqayisəli təhlillərinin aparıldığını, Nizaminin dərindən araşdırılaraq əsərlərində təqdim etdiyi tarixi faktlara nəzər salındığını diqqətə çatdırıb.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə dərin məzmuna malik monoqrafiyada Nizaminin tarixi şəxsiyyətlərə və hadisələrə olan münasibətinin dərindən təhlilinin apardığını, dahi şairin ictimai-siyasi və fəlsəfi fikirləri ilə bağlı mənbə kimi dünya ədəbiyyatının dəyərli tədqiqatçılarının əsərlərindən istifadə olunduğunu önə çəkib.

Sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək Nizami Gəncəvinin yaşadığı dövrdən hətta 2-3 əsr öncə yaşamış ərəb və fars ictimai-siyasi və mədəni mühitinin görkəmli nümayəndələrinin yaradıcılığına dərindən bələd olduğunu bildirib. O, dahi mütəfəkkirin əsərlərində tarixiliyi əks etdirməklə həm Azərbaycanın, həm də bütövlükdə müsəlman Şərqinin şairlərindən yüksəkdə dayandığını deyib. E.Mədətli qeyd edib ki, indiyədək Azərbaycan tədqiqatçılarının və əcnəbi müəlliflərin mövzuya dair ərsəyə gətirdikləri araşdırmalarda Nizaminin elmi dünyagörüşü ilə bağlı müəyyən qədər münasibət bildirilsə də, “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” monoqrafiyası mövzuya həsr olunmuş ilk əhatəli və sistemli tədqiqat işidir.

Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin elmi işçisi Hürnisə Bəşirova və həmin şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova Nizamişünaslıq şöbəsi tərəfindən dahi şairin irsinin əsaslı tədqiqi istiqamətində görülən işlərdən bəhs ediblər. Bildirilib ki, Nizaminin əsərlərinin XV əsrdən əvvəlki dövrə aid, təhrif olunmamış variantları akademik İsa Həbibbəylinin dəstəyi ilə AMEA tərəfindən əldə olunub.

Sonra MEK-in baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev çıxış edərək geniş elmi araşdırmalar nəticəsində ərsəyə gələn monoqrafiyada Nizami irsinin obyektiv elmi meyarlar əsasında təhlil olunmaqla, böyük sənətkarın əsərlərinə dair reallıqların diqqət mərkəzinə çəkildiyini vurğulayıb. M.Əliyev rus dilində çap olunmuş kitabın MEK tərəfindən MDB ölkələri kitabxanalarına göndərilməsinin nəzərdə tutulduğunu bildirib.

Daha sonra kitabın müəllifi, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov çıxış edərək bildirib ki, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrindən hesab olunan Nizami yaradıcılığının bir çox aspektləri ölkəmiz, eləcə də Rusiya və dünya şərqşünaslığında müraciət olunan aktual mövzulardandır.

“Nizami milli mənsubiyyəti baxımından azərbaycanlı olsa da, dahi şairin yaradıcılığı onun ideallarına hörmət edən və bu idealları həyata keçirmək uğrunda fəaliyyət göstərən bütün xalqlara və cəmiyyətlərə məxsusdur”, – deyən müəllif, Nizaminin “Xəmsə”sinin elmi və bədii meyarlara uyğun olaraq yenidən işlənilməsinin zəruriliyi məsələsinə toxunub. Qeyd edib ki, “Nizami ili”ndə bu, Azərbaycan mənbəşünaslığı qarşısında dayanan vacib və aktual məsələlərdən biridir.

E.Əmirov çıxışının sonunda tədbirdə iştirak edən, dəyərli fikirlərini bölüşən hər kəsə təşəkkürünü bildirib, gələcəkdə bu istiqamətdə aparılacaq tədqiqatların daha da dərinləşdirilməsi üçün qeyd olunan təkliflərin nəzərə alıncağını diqqətə çatdırıb.

Sonda E.Əmirovun müəllifi olduğu kitab MEK-ə hədiyyə edilib və oxucuların istifadəsinə verilib.

Bölmə : Ədəbiyyat