“Nizami Gəncəvini Türkiyədə tanımırlar” – “Türkiyə notları”

90 Baxış

azad2Azad Qaradərəli

( 3-cü yazı )

İSTİQLAL CADDƏSİ

Yazının bu hissəsini işləyərkən artıq Azərbaycandaydım. Amma Türkiyə hissləri məni buraxmamışdı. Zatən uzun müddət də buraxmaz yəqin.
…Artıq İstanbuldayam və dostların təklifi ilə Ulusal kanaldakı “Ədəbiyyat cəbhəsi” verilişinə – canlı yayıma qatılıb-qatılmamaq barədə düşünürəm. Onu deyim ki, tam 15 il radioda çalışdım və o sıradan televiziya verilişlərinə də qatıldım, hətta canlı yayımlarda iştirak etdim, kitablarım əsasında televizya filmləri çəkildi, sözün hər-hansı yolla olur-olsun sahibinə çatdırılmasına çalışdım. Amma deyim ki, radio-televiziya yazıçının qənimidir. Burada işləyənin bütün şəhdini-şirəsini radio-televiziya sümürür və bir də səni mütləq senzuraya uğradır – axı nə gizlədək, bizdə hələ də bu sistemdə və qəzetlərdə də, hətta bədii yaradıcılıq sahəsində də qatı bir senzura var. Düzdür, bir fərmanla ləğv olunan senzuranı iki gözlə görə bilməzsən, amma o məhz sənin içindədir, ağıllıca dərk edirsən ki, əgər bunu yazsam, ya verməyəcəklər, ya da səni işdən atacaqlar. Və başlayır rus demişkə “sama senzura”. Özü özünü senzura əslində ən böyük senzuradır, cəsarətin bitdiyi yerdir.
Beləcə, bu kanalda çıxışa razılaşıram, yalnız bir şərtlə ki, (özüm özümlə şərt kəsirəm???) burada gerçəkdən ədəbiyyat söhbəti edəcəyik. Düzü, ölkədən çıxıb filə dönənləri qınamışam. Gücün çatır, otur burda, sözünü de, ölkədən çıxıb ağzına gələni deməyin bircə adı var: qeybət. (Ola bilsin ki, mən yanılıram, bu sadəcə mənə belə görünür.) Bax, buna görə doğrudan-doğruya ədəbiyyat cəbhəsində gedən mübarizənin şərhində iştirak edib, sözümü deməyə üstünlük verirəm…
Bu dəfə müşayətçi istəmirəm – bu “nəh’ng şəhəri daha tanıyıram” kimi lovğalıq anlamına gəlməsin dediklərim, sadəcə artıq “haçansa küçələrində olduğum” İstanbulla rahatca ünsiyyətə girə bilirım deyə… Təkcə Ulusal kanalın yerləşdiyi Gəzi parkı səmti – İstiqlal caddəsi (küçəsi) tərəfə getməkçün üç dəfə metro stansiyalarını dəyişməliyəm. Bununçün qısa bir xəritə kimi cızırıq: “Qartal” stansiyasında metroya minirəm, “Ayrılıq çeşməsi” stansiyasında düşürəm, “Ayrılıq çeşəsi”nə keçib metroya əyləşirəm, “Yeni kapı” stansiyasına çatıb, “Yeni kapı” satansiyasında yerdəyişmə edib qatara əyləşirəm və “Şişhanədə” düşürəm…
azad(Buradaca qeyd edim ki, İstanbulda metro ən rahat minik vasitəsidir. Metroda bura ilk dəfə gələnlərçün, hətta gözü görməyənlərçün də şərait yaradılıb. İlk dəfə gələn divarlardakı yazıları və ayaq altındakı işarələri izləsə, kifayətdir. Gözü görməyənlərçün də sarı rənglənmiş cizgi və bu cizgilər üzərində ayaqla hiss olunacaq qabarit xətlər var. Sarı rəng bizlər üçündür ki, ora çıxmayaq, qabarit xətt də görməyənlər üçündür – ayaqları yaxud, əl ağacları ilə gedəcəyi səmti müəyyənləşdirsin deyə… Və daha bir vacib məqam: bu şəhərdə metrolara sevə-sevə ad qoyublar. Bircə adam adıyla adlanan metroya rast gəlmədim. Hər dəfə zərif səsli diktor stansiyaların adını elan edəndə ruhum sevinirdi: Kartal, Gülsuyu, Soğanlık, Kozyatağı, Hüzur evi – ada bax də! – Adliyye, Yeni kapı, Kadıköy, Bostançı, Ayrılıq çeşməsi, Şişhanə… Müqayisəni ayıq oxucuların öz ixtiyarına buraxıram.)
…Heç kimə zəng-filan etmirəm, özümü sınamaq istəyirəm: fəhmim məni aldatmaz deyə düz gəlib İstiqlal caddəsinə çıxmışam. Tək vaqonlu tramvay (bu əslində rəmzi bir şeydir) yanımdan ötür içərisində gəlin-bəy və saçlı-saqqallı çalıb-oxuyanlar. Ətrafım qol-qola gəzişən, xoşbəxt-xoşbəxt gülümsəyən gənclərlə doludur. Hə, axı bu gün Sevgililər günüdür!
Saata baxıram, hələ televiziyanın işçisi Sadık Albayraqla görüşümüzə yarım saat var. Elə isə özüm bir balaca baş işlədib kanalın yerləşdiyi yeri tapıram və bundan sonra bu fərqli küçəni (gerçəkdən burası fərqli bir yer – əsl Avropadır ki var! ) gəzməyə başlayıram. Bir dəstə afrikalı əyinlərində milli geyimlə küçədə çalıb-oxuyur, gəlib-gedənlər də onlarla şəkil çəkdirir, hətta papaqlarına lirədən, quruşdan atırlar. (Quruş qəpiyə deyirlər.) Bir az aralıda hindu geyimində başqa bir dəstə çalıb-çağırır. İki gənc alman (danışıqlarından bildim almanlıqlarını) ağız-ağıza öpüşə-öpüşə bu təkvaqonlu tramvayın pəncərəsindən boylanırlar. Mən də bu tramvaya minmək istədim, amma vaxtım az, ona görə vaz keçdim. Bu vaxt tanış qoxu burnumu qıdıqlayır. Düz qarşımda şabalıd qovuran türk oğlanı görüb bir qutu qovrulmuş şabalıd alıram və ləzzətlə yeyirəm. (Türklər buna kestane deyirlər.)

ULUSAL KANALDA
azzzzzz…Nəhayət, studiyadayıq.
(Burada bir şeyi anlatmam gərək: Ulusal kanalın bütün pilləkənləri ağ mərmərdəndir. Yox, təkcə bura yox ki. Türkiyədə hara üz tutdum, pilləkəni, pəncərə altlarını, canım sizə desin, parklardakı skamya altlıqlarını belə mərmərdən gördüm. Düzü, xoşuma getdi ki, biz ölülər yatan qəbiristanı mərmərə tuturuq, Türkiyədə mərmər dirilər üçündür… Amma bu qədər də yox ki! Mərməri bu qədər ucuz tutmaq?.. Bəlkə?.. Sadık bəydən soruşmalı oluram bu barədə. Cavab düşündüyüm kimidir. “Hocam, bizim Marmaray deyilen yerimiz var, ya. Şurası tamamən marmar yatakları… “
Sadıq bəy narahatdır ki, birdən mənim türkcəmi seyirçilər (tamaşaçılar) anlaya bilməz. Ona görə Azərbaycandan olan və burada rus dili dərsi verən Nərgiz adlı bir xanımı da yardımçı olmaq üçün dəvət edib. Tanışlıqdan sonra kitablarımı və “Yazı” dərgisinin son sayını Sadıq bəyə təqdim edirəm. Elə həmvətənimiz olan xanıma da hansısa kitabımı bağışlayıram. Və bir az söhbətdən sonra Nərgiz xanım söhbətə qoşulmaqdan imtina edir və beləcə də deyir: sizə tərcüməçi gərək deyil, yaxşı anlada bilirsiniz. Beləcə qısa söhbətdən sonra studiyaya giririk. Canlı yayım 3-4 dəqiqə gecikir. Hansısa “şunur” xarabmış. (Müsəlmançılıq burda da özünü göstərir.) Nəhayət başlayırıq.
Bütün verilişi burada anlatmaq fikrində deyiləm: zatən 40 dəqiqəlik söhbət “yotube”də var və istənilən an girib izləmək olar. Mən, sadəcə bir-iki nüansı qeyd edəcəyəm…
Söhbət əsnasında məlum oldu ki, Nizami Gəncəvini Türkiyədə tanımırlar, tanıyanlar da fars şairi kimi tanıyır. Mən onda sual etdim ki, əcaba, Mövlana farsca yazmamışmı? Odamı fars şairidir? Yaxud Güney Azərbaycan, o cümlədən Güney Azərbaycan ədəbiyyatı anlayışı yoxmuş burada. Səməd Behrəngini fars yazıçısı kimi bilirmişlər. Bizim ilk dəfə Şərqdə Cümhuriyyət qurmağımız, o Cümhuriyyətə bağlı olan yazıçılar, ictimai xadimlər haqda müasir Türkiyə yazıçısı və oxucusunda heç bilgi yoxdur. Zatən bizdən əvvəl bura gələnlər ancaq atasını, anasını və özünü anlatmağa çalışmış…
Bəylər, biz bu vətənçün – Azərbaycançün heç nə yapmadıq, onu tanıtmaqçün qol-biləyimizi çirməmədik. Baxın, Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” əsəri burada yenicə nəşr olunub, üstündə müəllifin adı sadəcə Mehmetkuluzadə yazılmış!? Əzizlərim, bu kitabın çapından bir azərbaycanlının xəbəri olmamışmı? Olubsa, niyə o yanlışlığı düzəltməmiş?
Daha bir məsələ: bizim sovet ədəbiyyatını Türkiyədə bəzəyib-düzəyib təqdim etməyin! Ağa ağ, qaraya qara deməsəniz, türk gəncliyi bu yalanları özü tapacaq, onda sizin səmimiyyətiniz beş paralıq olacaq – bu həm də bütün azərbaycanlılara münasibətin ölçüsünə çevriləcək. Yəni, deyin ki, biz 70 il Sovet rejiminin boyunduruğunda olmuşuq. Və boyunduruqda olan xalqın ədəbiyyatı da bundan artıq ola bilməzdi. Heç nəyi şişirtmədən, barıtını artırmadan təqdim etsəniz, sizi anlarlar. Yoxsa yalandan Pasternaklar düzəltməyə lüzum yox. Axı Pasternakı bəzədiz, bəs “Doktor Jivaqo”nu haradan tapacaqsınız?
Və daha bir məsələ: indiyə qədər Türkiyədə çap olunan müasir Azərbaycan ədəbiyyatı nümunələrinə dur demək vaxtı çatıb. Onlar bizi orada necə təmsil ediblər, daha bununla işim yox, zatən nəticə göz qabağındadır. Müstəqil Azərbaycanda yaranan modern ədəbiyyat, xüsusən gənclik bizi orada və ümumən xaricdə təmsil etməlidir. Mən həm televiziya çıxışımda, həm ədəbi çevrələrdəki söhbətlərimdə bu barədə ətraflı söhbət açdım.
azzzGƏZİ PARKI

…Canlı yayımdan sonra Sadık bəy, Nərgiz xanım və mən İstiqlal caddəsinin bir səs-küylü qəhvəxanasında qəhvə içir, verilişi müzakirə edirik. Nərgiz xanım bəyənmiş. Xüsusilə, mənə onun doğma ədəbiyyatını anlatdığıma görə təşəkkür edir. Və biz Gəzi parkına çıxırıq. Park artıq parklıqdan çıxmış. O qədər diqqətdən kənarda qalıb ki, bu son zamanlarda döşəmələr belə uçub-dağılır. Parkın aşağı başındakı Opera və balet teatrı qapalı olduğundan xarabaxanaya bənzəyir…
Dünyanı baş-ayaq çəkən rəssam yadınızdadırmı – Umberto Ekonun “Gülün adı” romanının qəhrəmanı, sonu faciə ilə bitən Adelmonu deyirəm? O necə çəkirdi rəsmlərini? “Quş ayaqlı başlar, bellərində insan əlləri olan heyvanlar, içindən çıxan ayaqlarla pırpızlanmış başlar, zebrə oxşayan əjdahalar, minlərcə kor düyünlə bir-birinə dolanmış ilanvari boyunları olan varlıqlar, maral buynuzlu meymunlar, zərqanadlı su pəriləri, bellərindən donqar kimi başqa adamların çıxdığı əlsiz insanlar və dişli ağızları qarınlarında olan məxluqlar və at başlı insanlar və insan ayaqlı atlar və quş qanadlı balıqlar…”
(Artıq Azərbaycanda olanda Səudiyyə Ərəbistanından olan bir gənc şeyxin “kəşflərini” oxudum internetdən və dəhşətə gəldim. Dünya fırlanmır deyən bu əbləhin arqumentlərinə baxın: “Əgər dünya dönürsə, onda bir uçaq havada durduğunda Çinin uçağa doğru gəlməsi lazım deyilmi?”)
…”Burası Bəyoğlu…” Sadə bir türk insanının ağzından çıxan bu kəlmə məni kitaba, ədəbiyyata qaytarır. Və lap bu yaxınlarda oxumağa başladığım romandakı cümlələr gözümün önündən keçir: ”…Mövlutun üzerinde ta babasıyla yoğurt satdıkları ortaokul yıllarından kalma Beyoğlundakı bir dükkandan aldığı yeni yeni bir kumaş pantalon ve mavi bir gömlek, ayağında askere gitmeden önce Sümerbankdan aldığı ayakkabılar vardı.” (Orhan Pamuk, “Başımda bir tuhaflık”)
Həəə… İndi bildiniz yazının 1-ci hissəsində “…elə bil mən bu şəhərdə haçansa olmuşam” sözünü niyə demişdim? Hə, bax, Nazim Hikmətin, Əziz Nesinin, Orxan Kamalın, Orxan Pamukun əsərlərini oxuya-oxuya mən İstanbulu – Bəyoğlunu, Kadıköyü, Üsküdarı, Boğziçini, Mərmərəni, Gülhanəni, Cərrahpaşanı… gəzmiş, tanımışdım. Necə ki, Hüqonun əsərlərindən Parisi, Coysun əsərlərindən Dublini, Şekspirin əsərlərindən Britaniya şəhərlərini, Murakaminin əsərləri ilə Tokonu gəzmişdim…
Ədəbiyyat sərhəd tanımır. Ən hündür hasarlar, qalalar, zindanlar belə sözün qabağında acizdir. Nazimin şeirləri Türkiyədə yasaq idi, aşdı sərhəddi – Nazim dönə bilməsə də şeiri döndü Türkiyəyə. Almas İldırımın şeirləri Azərbaycanda yasaq idi, özü dönə bilmədi, çeirləri döndü Azərbaycana…
Axşam İstanbulda, Pendikdə məclis qurmuşduq. Azərbaycanın ümidi olan gənclərlə ədəbiyyatın, sözün sağlığına badə qaldırdıq.
Sözün sağlığına!

ATATÜRKÜN TÜRKİYƏSİ

Atatürk hava limanındayıq. Bu hava limanı kiçik bir şəhərdir. Layik bir şəhər. İstanbul Atatürk hava limanından, Türkiyə İstanbuldan başlayır. Əlvida Atatürkün Türkiyəsi! Əlvida Nazimin İstanbulu! Xoşca qalın.

06-16 fevral 2015, İstanbul-Ankara-Bakı

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10