Nizami Gəncəvinin oğluna üç nəsihətinin sirli məqamları – Fərid Hüseyn

12 Baxış

Senet.az Fərid Hüseynin “Nizami Gəncəvinin oğluna nəsihətləri haqqında üç sual” məqaləsini təqdim edir:

 BİRİNCİ SUAL

  Nizami Gəncəvi üç əsərində – “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” – oğlu Məhəmmədə nəsihət edir. Bəs “Sirlər xəzinəsi” və “İsgəndərnamə”də oğlu Məhəmmədə nə üçün öyüd vermir? Məncə, bunu etməkdə şairin üç əsas məqsədi var və bu məqamlarda təsadüfülük axtarmaq bihudə zəhmətdir:

  1. “Sirlər xəzinəsi” şahların, “İskəndərnamə” müdriklərin (şahlar, filosoflar və peyğəmbərlər) kitabıdır. Məhəmmədsə nə Şahdır, nə də müdrik, nə də peyğəmbər.

  2. “Sirlər xəzinəsi” yazılanda şairin oğlunun 1, ya 2 yaşı vardı və Nizami hələ onun öyüd dinləyəcək yaşda olmadığını bilirdi.

  3. Nizami “İsgəndərnamə”də kamillik mərtəbəsinə çatmışdı deyə artıq bu əsərdə o, təkcə oğluna yox, bütün dünyaya üzünü tutub xitab edirdi.

  

  İKİNCİ SUAL

 

Nəyə görə “Xosrov və Şirin”də Nizami oğluna nəsihəti əsərin sonunda, “Leyli və Məcnun” və “Yeddi gözəl”də isə əsərin əvvəlində edir?

1. Nizami “Xosrov və Şirin”də oğluna nəsihəti Xosrovun aqibətindən ona görə sonraya saxlayır ki, Xosrovun taleyi göz önündədir və oğlu (7 yaşlı) özü baxıb ondan ibrət götürməlidir, bu əsərdə qəhrəmanın mahiyyəti tam mənada sonda açılır. “Leyli və Məcnun”da isə oğluna əsərin əvvəlində – eşqə düşməmiş eşqdən saqınmağı məsləhət görür. “Yeddi gözəl”də isə söhbət Bəhramın hakimiyyət yolundan gedir deyə, əsər başlamamışdan əvvəl oğluna hakimiyyətdən, siyasətdən uzaq durmağı, Allaha bağlanmağı tövsiyə edir.

2. “Xosrov və Şirin”dəki hadisələr ağlagəlməzdir, insanın o cür tale pusqularından xilası mümkünsüzdür, ona görə də bu cür hadisələrin axırını gözləmək lazımdır, öyüd mahiyyətcə kara gəlmir, çünki belə aqibətdən qaçmaq namümkündür. Bu səbəbdən də, Nizami oğluna sözünü Xosrova “deyəcəklərindən” sonraya saxlayır.

Ancaq tale qaçılmazlığından fərqli olaraq insan örnək eşq və hakimiyyət iddiasından bəri başdan imtina edə bilər, ona görə də “Leyli və Məcnun” və “Yeddi gözəl” əsərlərində Nizami oğluna əsərin əvvəlində nəsihət verir, onu eşqdən və hakimiyyət hərisliyindən, güc olmaq tamahından saqındırmağa çalışır.

 

  ÜÇÜNCÜ SUAL

Niyə Nizami oğluna hər nəsihətdə yeni bir yol təklif edir?

Nizaminin oğlu Məhəmmədə verdiyi nəsihətlərin birində (“Xosrov və Şirin”) deyir ki, elm öyrən, ağıllı ol və çalış səni namuslu insanlar qiymətləndirsinlər, namuslu insanlardan “afərin eşit”.

İkinci nəsihətdə (“Leyli və Məcnun”) oğluna düzgün peşə seçməyi məsləhət görür.

Üçüncü nəsihətdə isə (“Yeddi gözəl”) deyir ki, iddialı olma, zəhmətkeş ol, istedadına zəhmətlə güc qat, çox istedadını kef havasına xərcləyənlər axırda saxsısatan oldular. Çalış Allaha olan əhdi pozma, o uca məqama ucalandan sonra “hər şey hava və həvəsdir”.

Nizami üç əsərdə oğlunun əlini tutaraq elmdən sənətə, sənətdən isə Allaha doğru aparır. Göründüyü kimi Nizaminin nəsihətlərinin mövzusu hər dəfə dəyişir, oğlu mənəvi və fiziki, Nizami isə kamilən böyüyür. Nizami oğlunu beləcə “böyüdür”. Hər oxucu əslində, Nizaminin oğludur – üz tutduğu kəsdir. Nizamini “Sirlər xəzinəsindən” “İsgəndərnamə”nin sonunacan anlamaq Nizaminin “əlində böyüməkdir”.

KÖŞƏ YAZARLARI
TOP 10