Nizami Kino Mərkəzində “Ər quyusu” adlı filmin təqdimatı keçirilib

3 Baxış

14872279974740136322_1000x669

Nizami Kino Mərkəzində “Ər quyusu” adlı filmin təqdimatı keçirilib. Filmi yazıçı Səidə Haqverdiyeva müəllifi olduğu “Qara qızın qara bəxti” hekayəsinin motivləri əsasında ekranlaşdırıb.

Senet.az xəbər verir ki, təqdimat mərasimində bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva çıxış edərək ekran əsərinin çəkilişlərinin 5 gün ərzində aparıldığını söyləyib. Qeyd edib ki, xronometrajı 95 dəqiqə olan filmin çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda həyata keçirilib.

Daha sonra film nümayiş olunub.

Ailə-məişət mövzusunda çəkilən tammetrajlı bədii filmin quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Əfşan Əsədovadır. Ekran işinin səs operatoru Kamal Qarabasma, səs rejissoru isə Anar Quliyevdir.

90-cı illərin həyat tərzi və münasibətlərinin qabardıldığı filmdə əsas motiv kimi qızların ərə getməməsi və ailələrdə sırf bu səbəbdən qabaran mənəvi-psixoloji problemlər ön plana çəkilib. Filmdə 6 qızı olan və sadəcə oğul övladı dünyaya gətirmək üçün ümidini falçılara bağlayan ananın, həmçinin qızlarının ərə getməməsinə görə həmkəndlilərinin məsxərə obyektinə çevrilən atanın və bütün bunların fonunda “evdəqalmış” damğası alan qızların dramını sarkazmla ekrana köçürülüb. Tamaşaçı filmdə həm yaxın keçmişə səyahət edib, həm də özünün aktuallığını qoruyan qızların ərə getməmək məsələsini fərqli baxış bucaqlarından gülərək və düşünərək izləyib.

Komik hadisələrlə zəngin filmdə rolları Əməkdar Artist Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov və Gülnarə Abdullayeva ifa ediblər.