“Nizamidən Yunusa: bir olmaq” mövzusunda videokonfrans keçirildi

0 Baxış

hg

Məlum olduğu kimi, 2021-ci il Türk dünyasının bir neçə dahi şair və mütəfəkkirlərinin əlamətdar ildönümləri yadda qalacaq. Bu ilə dünya poeziyasının günəşi hesab edilən Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı sənədə əsasən, Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə qardaş ölkədə “Bizim Yunus İli” və türkcənin dünya dili kimi təbliğ edilməsi ili elan edilib. Hər iki əlamətdar mədəni hadisə münasibətilə müxtəlif ölkələrdə çeşidli tədbirlər keçirilir.

Belə tədbirlərdən biri də mayın 25-də Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə gerçəkləşdi. “Nizamidən Yunusa: bir olmaq” mövzusunda keçirilən videokonfransda Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və iki ölkənin tanınmış elm adamları iştirak edirdi.

Konfransı açıq elan edən Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç bildirdi ki, bu il mayın 7-də Bakıdakı Beynəlxalq Muğam Mərkəzində “Nizamidən Yunusa. Birlik ilə baxmaq” adlı tamaşa təqdim edilib. Bugünkü konfransda bu iki dahinin bəşəri ideyaları yenidən diqqət mərkəzinə çəkiləcək.

Yunus Əmrə İnstitutunun (Türkiyə) rəhbəri, professor Şərəf Atəş çıxış edərək konfransı ortaq mədəni mirasımız olan şairlərimizin təbliği baxımından əlamətdar hadisə kimi dəyərləndirdi: “İnsanlığı sevmək, bəşəri ideyaları təbliğ etmək türk coğrafiyası alimləri üçün, mütəfəkkirlərinin hər zaman ilkin mövzusu olmuşdur. Azərbaycan adının özündə belə can sözü keçir və dolayısı ilə bu bizim dünyaya anlada biləcəyimiz önəmli bir dəyərdir. Yunus Əmrə və Nizami Gəncəvi bənzərsiz əsərləri və ideyaları ilə yaşadıqları dövrü adlayaraq böyük şair olduqlarını bir daha sübut ediblər. Nizami “Xəmsə”si ilə dünya ədəbiyyatına yeni bir səs gətirən şairdir. Hər iki mütəfəkkir bizim ortaq mirasımızdır”.

“Yunus Əmrə Nizaminin mənəvi varisidir…”

Konfransda çıxış edən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov iştirakçıları salamlayaraq mötəbər bir konfransın təşkilinə görə Bakı Yunus Əmrə İnstitutuna təşəkkürünü bildirdi.

Türk xalqlarının mədəni birliyi və siyasi həmrəyliyi ideyasının böyük tərəfdarı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirlərini xatırladan nazir dedi ki, Nizami Gəncəvi və Yunis Əmrə kimi dahi söz-sənət adamlarının həyat və fəaliyyəti təsdiq edir ki, bu birlik təkcə siyasi, hərbi, iqtisadi deyil, mədəni sahədə də çoxəsrlik tarixə malikdir: “Xalqlarımız kimi şairlərimiz, şeirimiz, ümumən mədəniyyətlərimizin də taleyi bir-biri ilə qırılmaz tellərlə bağlıdır və çağımızda bu bağlılıq uğurlu gələcəyimizin əsasında dayanır. Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığı təkcə ədəbi-bədii fakt olmayıb, həm də milli şüurun formalaşmasında bəlli bir mərhələnin göstəricisidir. Osmanlı dövləti Səlcuqlu dövlətinin varisi olduğu kimi, Yunus Əmrə də, əslində, Nizaminin mənəvi varisi idi”.

Nazir qeyd etdi ki, milli müəyyənliyin əsas göstəricilərindən biri dildir. Nizami dövrün ənənəsinə uyğun olaraq öz hikmətlər xəzinəsi olan “Xəmsə” və lirik şeirlərini fars dilində, Azərbaycan şairindən bir qədər sonra yaşamış Yunus Əmrə isə türk dilində yazsa da, türkçülük ruhu onların hər ikisinin bədii düşüncəsindən qızıl xətlə keçir: “Nizaminin tanınmış tədqiqatçılarından Yevgeni Bertelsin dili ilə desək, o, türkcə düşünüb, farsca yazırdı və məhz bu daxili dil amili onu türkcə yazıb-yaradan Yunus Əmrə ilə analoji düşüncə məkanına gətirirdi”.

Nizami Gəncəvi və Yunus Əmrənin timsalında Azərbaycan-Türkiyə qardaşlığını önə çəkən Anar Kərimov bu ilin mart ayında Türkiyəyə rəsmi səfərində də bu qardaşlığın bir daha şahidi olduqlarını diqqətə çatdırdı: “Hörmətli mədəniyyət və turizm nazirinə qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm. İnanıram ki, bu konfrans, eləcə də bəlli istiqamətdə ilin sonuna qədər həyata keçiriləcək layihələr xalqlarımızın tarixi-mədəni birliyinin təsdiqi və möhtəşəm nümayişinə çevriləcək. Diqqətinizə görə hər birinizə minnətdarlığımı bildirir, konfransın işinə uğurlar diləyirəm”.

“Nizami insanların könül memarıdır”

Türkiyə Cümhuriyyətinin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türk dünyası ədəbiyyatının dəyərli təmsilçilərinə həsr edilən konfransa qatıldığına görə məmnunluğunu ifadə etdi. Dedi ki, bu əlamətdar il bizi bizə anlatmaq üçün bir fürsət yaradıb. Bu konfrans həmin fürsəti dəyərləndirmək üçün atılan addımlardan biridir: “Bu gün geriyə baxsaq, türk dövlətlərinin idarəsi altında olan torpaqların genişliyi qədər mədəniyyətimizin izinin genişliyini də görə bilərik. Çünki biz millət olaraq hər zaman əxlaq, ədalət və firavanlıq kimi ənənələrimizi yaşatmışıq. Bizə elmi ilə, sənəti ilə bunun qapısını açanlar isə heç bir zaman unudulmayacaq qədər dərin fəlsəfi anlama malik mütəfəkkirlərdir. Onları yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məsuliyyətini hər birimiz vətəndaş olaraq daşıyırıq. Nizami insanların qəlbinə yol tapmış bir könül memarıdır. Bu gün, təəssüf ki, dünyanın hər yerində insanların qəlbinə kölgə salmaqda olan bir qaranlıq var. Nifrətdən, kindən bəslənən bir qaranlıq. Yunusda və Nizamidə əks etdirilən mədəniyyətimiz bu xəstəliyə daha əsrlər öncə qalib gələ bildi. Bizim ümumbəşəri hisslər aşılayan və sülhə səsləyən mədəniyyətimiz var. Sonda isə Azərbaycanın Mədəniyyət Nazirliyinə konfransa dəstəklərinə görə təşəkkürümü bildirirəm”.

***

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında dedi ki, Nizami və Yunus Əmrəyə həsr edilən illərin iki xalq olaraq bir arada qeyd edilməsi əlamətdar tarixdir.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Yunus Əmrə və Nizamini Türk dünyasının ortaq fəxrləri adlandırdı. Vurğuladı ki, Avropa Balzak, Şekspir, Homerlə fəxr etdiyi kimi, Türk dünyası da Nizami və Yunus Əmrə ilə fəxr edir.

Türkiyəli ədəbiyyatşünas Mustafa Özçelik bildirdi ki, hər iki şairin ədəbi irsi insanları cəhalətdən eləmə çağırır.

Videokonfransın sonunda Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç iştirakçılara öz təşəkkürünü bildirdi.

 

Bölmə : Ədəbiyyat