Nuranə Nurun “Yoxluğuna və sağlığına”

109 Baxış

gulnarƏdəbi aləmdə xüsusi yolu olan Nuranə Nurun ikinci kitabı orijinallığı ilə diqqəti çəkir. Kitabın titul vərəqindəki tanışlıqla tamamilə razılaşmaq olar: “Kitabdakı şeirlərin quruluşu, deyim tərzi, dramaturgiyası müasir ədəbi prosesdə tamamilə yeni dəsti xətdir, dialoqlar çal-çarpaz, münasibətlər əksliklərlə zəngindir”. Deyilən fikirlərlə razılaşmamaq haqımız yoxdur. Lakin gənc yazarın şeirlərinin bədii quruluşu ənənəvi formadan tamamilə fərqlənir. Bu fərqin ən yaxşı izahını ön sözdə N.Həsənzadə vermişdir; “Bəzən qafiyəli, qafiyəsiz, bəzən hecada əsasən sərbəst yazılmış bu şeirlər epistolyar janrda qələmə alınmış bir məktub təsiri bağışlayır”.

Razılaşırıq ki, formaca sərbəst şeirin sərbəstliyinə istinad edən bu əsərlərdə güclü poetizm, fəlsəfi ümumiləşdirmələr, yeni deyimlər kifayət qədərdir. Ən yaxşısı konkret nümunələrlə fikirmizi əsaslandırmaqdır. Kitabdakı şeirlər müxtəlif mövzulu olsalar da, sevgiyə həsr edilmişlər xüsusi maraq oyadır. Titul vərəqində yazıldığı kimi “Sadəcə burada gedişlərin, günahların şəkli çəkilir və çox zaman gedəndə günah görülmür, əsas qalan günahlandırılır…” Bir sözlə, bu yazıların öz fəlsəfi biçimi var. “Kiçik həyəcanlarla başlayır böyük eşqlər” deyimindəki kiçik və böyük antonimliyinin özündə bir uyarlıq var. Həmin kiçik həyəcan olmasa, böyük eşqlərin də yolu bağlanar. Yazar isə başqa qərara gəlir. “Heç kim sən deyilsən sevgilim, Mən də sənin “heç kimin” olmaq istəyirəm”. Səbini də gizlətmir. “O gündən öyrətdiklərinlə Həyata imtahan verirəm”. Nədənsə bu imtahanın da xoşa gəlməz nəticələri oldu. “Hesablamadığın təsadüfün oldum sənin Özümə həsr edə bilmədim səni Bağışla…”

Əslində bu ayrılığın kökündə bilə-bilə səhv etməyin etirafları dayanır. “Sən deyəndə inanmırdım, Gözlərimdən öpmə, ayrılıq gətirər Hanı o ayrılıq öpüm onun gözlərindən, Bəlkə, səni gətirə”. Göstərilən parçada xalq inancının fəlsəfə yozumlarıyla qarşılaşırıq. Bu ayrılığın elə özünəməxsus ziddiyyətləri var ki, dərinliklərinə vardıqca yollar haçalanır “Ürəyim səni elə istədi ki, Bir istəkan su içdim, heç susamamışdım”. Diqqət yetirdikdə sevənin bu istəyinin əslində yola vermək olduğunu anlamaq olar. Bu susuzluğun üstündən bir istəkan su içildi. Yəni bəzən nəyisə başından eləmək üçün “ üstündən su iç getsin” ifadəsini işlədirik. Qəribəliklərlə qarşılaşmaqda davam edirik. “Düşünmək-unutmaq cəhdimdi, Qüsurlarını xatırlamaq da sənə toxunmaqdı… Yağışlar buludlara qayıdanda gəlimmi?!” “Heç dönməyəcəm!!!” hökmünü qətiliklə deyib. Könül sındırmaq istəmir, yumşaq-yumşaq ritorik sualla “daha gözləmə!” deyir, çünki yağışlar buludlara dönmür. Bir təbii proses olaraq su buxarlanır və bu zaman H2O dəyişməsə də, çox şeylər dəyişir.

Bütün nişanları dəyişmisən

Bu sevginin yollarında bilirəm…

İndi ki, belədir, Belə istədin,

Hazırlaş yola çıx, Mən də gəlirəm.

Bu elə bir gəlişdir ki, bütün yol hərəkət qaydalarını dəyişib. Əslində sən başqalarından fərqli sevdin, etirafını dolayı yolla pıçıldayır.

Ömür kitabımda qatlandığım səhifə-sən

Arasında qurutduğum çiçək-xatirələrin

Vərəqlərin saralması həsrətin,

Oxunmamağı isə,

Həsrətin özünə həsrət qalmağımdır.

Bir neçə misradan ibarət olan bitkin əsərdə fikirlərini dolğun şəkildə, poetik boyalarla ortaya qoymağı bacarıb. “Bambaşqa eynilik var səndə… Mənim səndə görmədiyim heç nə sənə yaraşmır… Yoxluğun nə qədər çoxaldır səni…” Səndə görə bilmədiyim əslində naqis kəsirlərdir. O səbəbə görə bilmirəm ki, səndə mükəmməlliyə yaraşmayan heç nə yoxdur. Tamlığınla bütövləşirik. “Uzağa baxıram deyərdin mənə Uzaqgörən deyiləmmiş… Heç gözləmədiyim tərəfdən gəldin, amma Gözlədiyim tərəfdə də yoxsan indi…” Belə çıxır ki, mənim tərəfimdə deyilsən. Müxtəlif tərəflər meydana gəlir. Hər tərəfdən, sənin hərtərəfliliyin hiss olunur . Sən mənə, mən də sənə tərəfdarıq. Mənim tərəfimi saxlasan özünü haqsız çıxarmazsan, çünki birtərəfliyik. “Ayrılıqdan soruşduqlarımı Həsrətə danışdım varaq-varaq. Razılaşdıq birtəhər Məndən aldıqlarını geri ver, Ayrılaq!” Aydındır ki, məndən aldığın özünsən, özünü geri qaytar. Qəribədir özünü geri qaytaranda necə ayrılmaq olar ki?! Əslində “ayrılaq!” qərarı “ayrılmayaq!” hökmünün təsdiqidir. “Yeni çəkilmiş foto kimiyik hələ Baxılmaqdan doyulmayan. Xoşbəxt, qayğısız… Birdəfəlik itirmək itirəndən sonra axtarmaqdan yaxşıdır”. Düzü, çox məntiqli qərardır, nə qədər bədii olsa da, bir o qədər həyatidir. “Üzünə baxıram gözlərin hanı? Dönüşün gedişinə xəyanətindi. Bir gün xəyalında xəyalın idim… Günəşin batışı doğuşundan da gözəl olur…”

Buxarlanmış şüşə üzərinə yazdığım

adlar kimi Yadımdasan.

Bir könül məsafə var aramızda.

Hər gün bir qurtum əlvida içirəm şərəfinə.

Gəl sənə məni unutmağı öyrədim.

Öyrənmək heç vaxt gec deyil.

Bu imtahanda düzləri qaralayanda

Səhvlərimin üzü ağ olur…

Eşqin harasından dönsən xeyirdi.

Buxarlanmış şüşə üzərindəki damcılar əridikdə “yazılmışlar” suya qərq olur. Özünəməxsus təşbehdir. Digər misralardakı “qaralayanda” və “ağ olur” təzadları da maraqlı poetizmdir. Başqa bir fərqlilik də odur ki, deyim əslində belədir. “Ziyanın harasından qayıtsan xeyirdir”. Belə çıxır ki, eşqlə ziyan arasında bir bərabərlik işarəsi qoyulur. “Ən gözəl göründüyüm ayna idi gözlərin, İndi onlara baxa bilməmək təsəllisini Baxdığın yerlərdən alıram… Ən sevdiyim azadlığım idi qısqanclığın”. Sənin gözlərində özümə baxırdım, özümdə səni görürdüm. Gözlərimizin ayrılığı birliyimizə xəyanətdir. Birlikdə qısqanclığın da sevimli azadlıq idi, sevgi azadlığı- mənə səni sevməyə izn vermişdin. “Yavaş-yavaş cümlələrimi tərk edir adın… Yalnız öz arxasını saxlayar gözdən asılan pərdə”. Adın cümlələrimi tərk etdikcə hər dəfə yenidən təkrarlanır, yəni adın dilimdən düşmür. Deyəsən, bu adın səs və hərf tərkibi fərqli olduğu kimi forma və məzmunu da dəyişkəndir. “Hər gün ürəyimdən keçən Bircə dəfə bilmədi ki, hardan keçir”. Sətirlərdə “ürəyindən keçirmək” frazeologiyasını ustalıqla omonimləşdirib. Ürəyimdən elə keçdin ki; “Səni qucaqlayıram, Qollarımın xətrinə”.

Məhəbbətə müxtəlif cür yanaşmanın nümunələri kifayət qədər çoxdur həmin kitabda. Lakin Nuranə Nurun özünəməxsus həyat fəlsəfəsi var. O da sakini olduğumuz dünyaya şair gözləriylə baxır. “Zamanın sayğacı 30-u göstərir”. Bilirik ki, 1 saat 60 dəqiqədir. Bunun yarısı isə 30-dur, yəni bir saatlıq zamanın yarısı. Bir saatı bir ömürlə müqayisə etsək, 60 illik insan ömrünün yarısı 30 yaşdır. “Heç kəs işığı qaranlıq qədər sevə bilməz, Gözlərim qaralanda bildim. Heç kəs yolları addım qədər sevə bilməz, Gündə bilmirəm neçə dəfə , Üzünü üzünə qoyub götürməz”. Nümunə özü şairin həyata baxışındakı xüsusiliyi üzə çıxarır.

Hər xəzan olan yarpaq,

Payız mövsümünə bir əlvidadır.

Hər yağış damcısı,

Ürəyə ən azı bir dəfə daman eşqdir.

Ürəyimə damıb ki,

bu il quraqlıq olacaq.

Kiçikhəcmli və mükəmməl şeirdə şair sevgisizliyin portretini ustalıqla canlandırıb. Bənzətmədən bənzətməyə profesional şəkildə keçərək tamamilə orijinal fikir yürüdüb. “Azadlıq bir qadının evi qədər, bir kişinin cibi qədər olur”. Qadın evinə, kişi də cibinə tez-tez əl gəzdirir. Amma hərəsi başqa məqsədlə. Hər ikisi sonucda təmizlik işi aparır, lakin müxtəlif üsullarla. Bunlara diqqət yetirmək isə söz ustasının nəzərindən qaçmayıb. “Hələ doğulmayanlarla, Hələ ölməyənlərin heç birnin həyatda olmadıqlarını dərk etmək və getmək…” Hər bir yazarın daim müraciət etdiyi yaşam və ölüm qarşıdurmasında yeni mənalandırmadır. Əgər hələ doğulmayanın da ən son yerinə yetirəcəyi iş getməkdirsə, gəlmək reallığı nə dərəcədə inandırıcıdır?! Şair bəzən təbii hadisələrə də bədii fon verir. “Günəş əritdiyi gecədən üzr istəyib Doğur hər gün üzümüzə. Havada yenə günah qoxusu var. Məncə günahkarların əvəzinə Onların əmməlləri cavabdeh olmalıdır”. Günah günahkarın əməllərini müdafiə edir. Necə ki, günəşin hərarəti gecənin sərinliyinə qənim kəsilir, onu dirigözlü öldürür. Bütün ölülərdən fərqli olaraq gecə ölərkən gözləri açılır. “Axı böyüyə bilməmək yaşlanmaqdan qurtulmaq demək deyil. Hər şeyin sonunun səsidir səssizlik”. Yaşadığımız anlar bizi yaşlandırır, böyüsək də, böyüməsək də bu təbii prosesə müdaxilə imkanımız yoxdur.

Tayı itmiş ayaqqabı kimi,

qarşı-qarşıya dayanmışam yalqızlığımla.

O da bir gün itsə…

İlk dəfə ağlayacam utanmadan,

Doğulduğumda ağladığım kimi…

Ağlamaq…

İnsan belə doğulursa nəyi pisdir?

Ağlamaq…

Bu parçalar Füzulinin məşhur əsərindən Qeysin dünyaya gəlişini yada salır. Şairin fikrincə ağlamaq yenidən doğulmağa bərabərdisə, burada pis heç nə yoxdur. “Gözlərim hələ də uşaqkən uçurtduğum çərpələngi axtarır göylərdə, Bəlkə də, hardasa, hansısa buludun üstündə yaşayır hələ də… Bəlkə, bulud da o vaxtdan ağlamır onun xətrinə”. Göyə çıxmış uşaqlığı çərpələngin altındakı buludlar nə qədər yağışa dönsələr də, göydən yerə yağdıra bilməzlər. Onun heca vəznində yazdığı şeirlərdə də poetik axtarışlar davam edir.

Yolunu bilməyən qayığın külək,

Yelkəninə yön vermirsə nə yazım.

Yanımdakı uzaqlığım kimisən,

Könlüm əl vermir ki, bu yolda azım.

Yanımdakı uzaqlığın elə yaxındadır ki, hərəmiz onun bir başında qalmışıq. “Yaşanmayan xatirələri yaşamaq qalacaq bizə”. “Yalnız bütün şifrələri sənin adınla açanda xatırladım səni”. Maraqlı nəticəyə gəlir. “Hər tapındığın şey sənindi-demək deyil”. Qəribə paradoks “sənindi demək” qütbünün o biri tərəfində “sənindi demək deyilmiş” inkarı dayanır. “Nəsə damır içimə Dama-dama çoxalır”. Əslində dama-dama göl olar. “Seçə bilmədiyimiz adımız kimidir həyatımız da”. Etiraf edilir ki, bizim olan çox şeydə ixtiyar özümüzün deyil. “Heç bitməsin deyə başlamamaq isə səbəb deyil, bəlkə də, çarədir”. Belə olanda ən məsləhətlisi budur ki; “İçində hava xoşdursa, Unut hansı mövsümdür”.

N.Nurun yaradıcılığında diqqət çəkən əsas nüanslardan biri də bədii dil məsələsidir. Xüsusi ustalıqla işlədilmiş bədii təsvir və ifadə vasitələri yetərincədir. “Mən sakit olanda dərin bir gölə, Ağlayanda sənə oxşayıram”. “Sakit” və “ağlayanada” sözləri mətndaxilində maraqlı təzad yaradıb. “Mənə “gülüm” deyəndə sən Güllərin solan vaxtıydı”-misraları da eyni tipdədir. Gülün ömrünün sonu solmağıdır. “Gülüm” və “solan” ifadələrində mükəmməl ziddiyyət yaradılıb. “Bütün günün xoş xatirələrini, Ayı, ulduzu əsir götürülmüş Tənha gecəyə danışıram ki, Darıxmasın”. Gecənin gecəliyinə ona görə şübhə edilir ki, üzü səhərədir. “Ayı, ulduzu əsir götürülmüş tənha gecə” epiteti tərtəzədir. “və dayaz qəmzədə boğulan təbəssümümdü. Suyun axıb öz çuxurunu tapdığı qədər günahkaram”. “Dayaz qəmzə” də tamailə yeni bədii təyindir. Digər misradakı təşbeh də yenilik əlamətidir. Mükəmməl təyinlər silsiləsinə kifayət qədər orijinal nümunələr göstərə bilərik. “Bir gün getməliyəm deyə, dırnağından yaxaladığım ümidlərim də sürüşür əllərimdən”. “Dırnağından yaxaladığım ümidlərim” ifadəsinə diqqət edək. Dırnaq lazımsız hesab edərək kəsib atdığımız yeganə orqandır. Ümidin dırnağı isə məcburən imtina etdiyimiz arzularımızdır, ürəyimizdən kəsib atmışıq. Əslində ümidimizin əlimizi üzdüyü yerindən tuturuq həmişə. “Salacaq o, bura nə vaxtsa yolun, toplayacaq, Burda ağladığın gülüşlərini”. “Ağladığın” feli sifəti “gülüşlərini” isminin bədii təyinidir. Həm də bu iki söz antiteza yaradır. Əsl peşəkarlıq da bundadır; bir ifadədə bir neçə bədii ifadə forması yarada bilmək. “Boz qafiyəli şeirləri necə oxuyum ki, Dilimə yatır, ürəyimə yox”. Qafiyənin bozluğu da yeni epitetdir. Boz qafiyəli şeir də adamın duyğularına, zövqünə bozarır. “İndi qaranlıqda qaranlığı görə bilmədiyim üçün qorxuram… Səssizliyimin səsinə toxuna bilmirəm… Onsuz da pəltək şeirimin Qorxudan dili tutulub”. “Pəltək şeir” birləşməsi poeziya üçün yeni təyinedici əlamətdir. “Günəşə sərəcəm bundan sonra günlərimi, Günəşlənsinlər! Yığmayacam artıq Üzümə ağ olan qara tellərimi”. Bu parçada işlədilmiş “günəşlənsinlər” ifadəsi həm dilçiliyimiz, həm də ədəbiyyatşünaslığımız üçün tamam yeni tapıntıdır. “Ağ” və “qara” təzadı ənənəvi olsa da, üzün və telin rəngini təyin etməkdə özünəməxsus formada işlədilmişdir. “Öz kölgəsini tutmağa çalışan körpələr kimi Gerçək bildiyim şeylərə toxuna bilməmək… Qəlbin atəşində peşmanlıqlar bişirmək…” İlk cümlədə “öz kölgəsini tutmağa çalışan” feli sifət tərkibi “körpələr” isimləşmiş sifətinin təyinidir. Körpələrdən sonra işlədilmiş “kimi” bənzətmə qoşması isə misranı bütövlükdə müfəssəl təşbehə çevirir. “Peşmanlıqlar bişirmək” metaforası isə yeniliyin yeniliyidir. “Keçirib əllərini boğazıma bayaqdan qəhər” sətrində də qəhərin əllərinin hərəkətə gəlməsi onun törətdiyi cinayətə bəraət qazandıran metaforadır. “Mənə ümid olanlar Hər gün ümidlərinin yerini dəyişirlər… Öz eybinə kor olan hamı kimi Baxıram mən də olanlara” misralarındakı “kor” və “baxıram” əksliyi bədii təzad yaradıb. Korun baxması zülmətin nur saçması kimidir. Ümidlərinin yerini dəyişə-dəyişə, yeni əsərlərini gözləyir sənə ümid olanlar!

 

Gülnar Səma

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10