Nuri Bilgə Ceylan. Psixoloji drama doğru – Aydın Dadaşov

6 Baxış

FotorCreated

“Mərhəmət bəşəriyyətin yaşam tərzinin əsas, bəlkə də yeganə qanunudur”– FyodorDostoyevski

İki yaşından uşaqlığını kənd təsərrüfatı mütəxəssisi olan atasının doğma yurdunda, Çanaqqala yaxınlığındakı Yenicə mahalında  keçirən Nuri Bilgə Ceylan (1959) səkkiz yaşından gəldiyi İstanbulda orta məktəb təhsili ilə yanaşı fotoqrafiyaya, şahmata meyil göstərir. İstanbul Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olan (1975) alpinist kimi Nepala, Himalay dağlarına üz tutan, İngiltərədə yeməkxanalarda xidmətçi kimi çalışan Nuri Bilgə Ceylan ali təhsilini nəhayət ki, başa vurub (1985) əsgəri xidmətini yerinə yetirir. Londonda Kino Məktəbində bir semestr oxuduqdan sonra təhsilini vətənində, Memar Sinan Universitetində davam etdirən Nuri Bilge Ceylanın valideynləri Emin və Fatma Ceylanın iştirakı ilə çəkdiyi qısametrajlı, ağ-qara, mətnsiz  “Qoza” filmini uşaqlığını keçirdiyi Yenicə mahalında reallaşdırır. Bir-birindən ayrı düşən ərlə arvadın görüşünü əks etdirən bu filmdə arı pətəyini vurub aşıran, daim sapandla gəzən 10-12 yaşlı Oğlan (Turqut Topraq) rejissorun uşaqlığı kimi təqdim olunsa da dəyişkən təbiət mənzərələrinin önə keçməsi ekrana Andrey Tarkovskidən istinadlar gətirir.

Nuri Bilge Ceylanın valideynləri Emin və Fatma Ceylanın iştirakı ilə Yenicə mahalında çəkdiyi Andrey Tarkovskinin peşəkar üslubunun təsirini yaşadan “Qəsəbə” filmi artıq ekrana gələn mətnin dramaturji əhəmiyyətini nümayiş etdirir. Ekranda süjet yaratmadığından nəsrdən uzaqlaşmaqla filmi poetik kino istiqamətinə yönəldən bu mətnin uzun-uzadı fasilələrlə ekrana gəlişi təsviri meydan verir. Yalnız ilk epizodda görünən dəli Əhmədin (Muzaffer Özdemir) qarlı bir gündə kənd uşaqları ilə buz üzərində sürüşərkən yıxılıb gülüş hədəfinə çevrilməsi, oradan keçən Safetin (Mehmet Emin Toprak) laqeydlik nümayiş etdirməsi əslində sosial mühitin təsvir təqdimatını yaradır. Məktəbdə, soba qoyulmuş sinifdə “Doğruyam, türkəm, çalışqanam” kəlmələrini təkrarlayan şagirdlərin; Gökhanın, Nazlının, Pınarın “Toplum həyatının bərabərlik qanunları” haqqında mətni növbə ilə  oxumaları mətnə illüstrativ səciyyə verir.  İslanmış halda sinfə daxil olan balaca İsmayılın təbəssümlə isti sobaya sığınması məhrumiyyətə məhəl qoymayan şagirdlərin təhsil almaq əzmini göstərir. Dərsi aparan Müəllimin (Latif Altıntaş) pis qoxu duymaqla şagirdlərdən Asiyenin (Havva Sağlam) evdən gətirdiyi yeməyi iyləməsi, anasının diqqətli olmasını qızcığaza tapşırması belə mətni arxa planda saxlamaqla sosial sıxıntını təsvirdə göstərir. İsmayılın qurumaq üçün qoyduğu corablardan sobaya düşən damcıların buxarlanması sosial sıxıntının ötəriliyinə ümid yaradan təsviri zənginləşdirir. Dərsdən çıxıb evlərinə doğru uzun yolları köhnə qəbiristanlıqdan keçən Asiye ilə kiçik qardaşı Əlinin burada əkilən ağacdakı kal əriklə özlərini doydurmaları onların arasındakı dialoqa da illüstrativ səciyyə verir. Rejissorun yəqin ki, uşaqlığını ekranda əks etdirən Əlinin diqqətlə baxdığı ulağın iri planda göstərilən gözlərini qırpmaqla milçəkləri qovması müşahidə metodunu gözlənilməz istiqamətə yönəldir, Nuri Bilge Ceylanın bacısı Əminənin prototipi olan Asiyenin xəbərdarlığına baxmayaraq Əlinin arxası üstə çevirdiyi tısbağanı ölümə məhkum etməsi günah hissini önə çəkir.

Təbiətlə təmas quran ailə ilə bağlı əsas hadisələrin cərəyan etdiyi evdə Nənənin (Fatma Ceylan) təmizləyib közün üstündə bişirdiyi qarğıdalıları  Asiye ilə Əlinin də iştahla yemələri fonunda Babanın (Mehmet Emin Ceylan) keçmiş xatirələrini yada salması Anton Çexov yaradıcılığının ruhunu yaşadan mətni filmin strukturuna qoşur. Dərzinin tikdiyi pencək üçün əlli lirə istəməsinin, kəndə gələn bərbərin işinin müqabilində üç-dörd pomidor, bir qədər buğda ilə yola salınmasının xatırlanması, on beş yaşında kürd dostu ilə iştirak etdiyi azadlıq mücadiləsindəki sərgüzəştlərini; ingilis kapitanın intiharını, özünün əsirlikdə vətən həsrəti çəkməsini dəfələrlə danışdığının üzə çıxması qocalığın uğurlu portretini yaradır. Elm, təhsil dalınca xarici ölkələrə üz tutan bir neçə dil bilən Atanın (Sercihan Alioğlu) qayıtdığı doğma kəndində su arxı çəkilməsini həyata keçirməsi, kasıb güzəranından razılığını bildirməsi yurda bağlılığın təzahürünə çevrilir. Ailənin ekranda görünməsə də, özünü maddi dünyaya bağlayıb, xarici ölkələrin birində sərgərdan həyat sürən, qəsəbəyə qayıdanda evdəkilərin bulqur – yarma yeməsini ələ salan Böyük oğlunun portretinin söhbətdə, mətndə yaranması ailə dramını üzə çıxarır.  Böyük oğulun yeganə övladı, əsgərlikdə qəsəbənin torpağının ətrini, ağacların görünüşünü xatırlasa da, indi bir işin qulpundan yapışmayan, atasının qınaq obyektinə çevrilməsinə dözümsüzlük göstərən tərs, üsyankar Safetin (Mehmet Emin Toprak)  danlanması əməyə, halal çörəyə ilıq münasibəti səciyyələndirsə də, mətnə dramaturji əhəmiyyət qazandıra bilmir. Əksinə evdəki kişilərin mübahisələrinə dözməyən Nənənin gözyaşlarına qərq olması, su arxının yanında uzanan Babanın sanki dünyasını dəyişməsi, yağışlı gecədə Əlinin yuxusunda pəncərədən qəsəbədəki yanğını seyr edən Ananın (Semra Yılmaz) eynən arxası üstə çevrilən bağa kimi yıxılıb ölməsi sürrealizmə meydan verir. Arxın kənarındakı hündür otların arasında sanki dünyasını dəyişmiş kimi yatan Baba insanın təbiətə qovuşmasının obrazını yaradır. Qarğıdalı sahəsində bəlkə də oğurluğa gələn sinif yoldaşı İsmayılla rastlaşmaqla sevgidən daha əvvəl gələn duyğuları keçirən Asiyenin qaçaraq gəldiyi arxın suyuna əllərini salması bütün məhrumiyyətlərə baxmayaraq ötüb keçən həyatın davamını göstərir.  Nuri Bilge Ceylanın valideynlərinin, qohumlarının iştirakı ilə azacıq büdcə hesabına, çəkiliş prosesində yaranan impressionizm cərəyanı istiqamətində ərsəyə gətirdiyi “Qəsəbə” filminə Berlin kinofestivalında (1998) həvəsləndirici mükafat verilməsi rejissoru yaradıcılıq istiqamətinin davamına sövq etdi.

***

Nuri Bilge Ceylanın növbəti dəfə avtobioqrafik səciyyə daşıyan “Uzaq” filmində (2002) rejissorluq arzusunu içində boğmaqla, mənzilində yaratdığı fotolaboratoriyasında  üzlük fabrikinin məhsullarının reklamı ilə kifayətlənən, televizorda erotikaya baxıb yeganə məqsədi mətbəxdəki siçanı yapışqanlı lentlə tutmaq olan, daim özündən muğayat olmasını tapşıran anasının zənglərini belə cavablandırmayıb səs yazısını dinləyən  Mahmudun (Müzəffər Özdəmir) tənhalığı təsvirdə üzə çıxır. Kənddəki – qəsəbədəki  yeganə fabrikin bağlanması ilə minə yaxın həmkarı, o cümlədən atası kimi işsiz qalan Yusifin (Mehmet Emin Topraq) şaxtalı bir gündə ümidlə üz tutduğu  İstanbulda  qohumu Mahmudun (Müzəffər Özdəmir) yanına gəlişi bu iki fərqli personajı tamaşaçıya tədricən tanıtdırır. Gəmilərdən birində işə düzəlib dəniz səyahətlərinə çıxmaqla pul, macəra axtaran hərdəmxəyal Yusifin   Mahmuda unutmaq istədiyi keçmişini xatırlatması bu iki personaj qarşıdurmasının rüşeymində dayanır. Yusifin girişdəki islanmış çəkmələrinin qoxusunu yox etmək naminə ətirləyən, sonra dolabçaya qoyub bağlayan Mahmud özünün keçmişini xatırladan gözlənilməz qonağa qarşı müqavimətini dəqiq göstərə bilir. Adətən qışı ilıq keçən İstanbulun qarlı küçələrindəki, qədim məscidin qarşısındakı parkda qartopu oynayan cütlüyə, ötüb keçən qızlara həsədlə baxan, yüngül gödəkçəli,  saçlarına qar səpələnən, artıq bildiyimiz kimi ayaqları islanmış Yusifin üz tutduğu limanda böyrü üstə çevrilən gəmi ilə rastlaşması, Mahmudun mənzilində islanmış corablarını, çəkmələrini qızdırıcının üstündə qurutması ziddiyyəti təsvirdə qızışdırır.

Yığışan dostlardan birinin vaxtilə Mahmudun Tarkovski kimi rejissor olmağı arzuladığını xatırlatması, “Stalker” filmindən kadrların televizorda görünməsi avtobioqrafik xətti qabardır.  Gecə imkan tapıb evlərinə zəng edən Yusifin anasının ağrıyan dişini nisyə çəkdirməsini məsləhət görməsi, iş tapan kimi pul göndərəcəyini bildirməsi, ertəsi gün görüşdüyü dənizçidən gəmidə çalışanların kasıbçılığı barədə öyrənməsi mühitin sosial mənzərəsini yaradır. Evlərinə zəng edərək anasının ağrıyan dişini nisyə çəkməkdən imtina edən qocanı cəzalandıracağnı bildirən Yusifin Antalyaya fotoçəkilişə birgə getməyə hazırlaşdıqları Mahmudun verəcəyi pulu ailəsinə göndərəcəyini bildirməsi mətnin dramaturji imkanını artırır. Yusifi xəlvət dinləyən Mahmudun aradan çıxarkən siçan üçün hazırladığı yapışqanlı lentə ilişən ayağına salafan dolaması acı gülüş doğurur.

Mahmudun boşanma ərəfəsində dörd aylıq körpəsini abort etdirməsi səbəbindən indi dünyaya uşaq gətirə bilməyən keçmiş arvadı Nazanla (Zuhal Gencer Erkay) söhbəti dramatik məqamları üzə çıxarır. Belə ki, indi dünyaya uşaq gətirmək naminə müalicələrə xərclədiyi pullara görə mənzilini satıb onu sevən əri Oranla Kanadaya köçməyə hazırlaşan Nazanla Mahmudun mənəvi bağlarının təzahürü psixologizmi gücləndirir. Mahmudun  qarlı gecədə balaca avtomaşınında  keçmiş arvadının işıqlı pəncərəsini qəmgin-qəmgin seyr etməsi kədərin miqyasını göstərir. Gecə Mahmudun “Güzgü” filmindən kadrları izləməsi Tarkovski motivini gündəmdə saxlayır.  Antalya səfərində qarşısında çoxsaylı göyərçinlər uçan məscidin, namaz qılanların, divarlardakı naxışların foto çəkilişlərində işıqçılıq edən Yusifə səfərdən qayıdarkən yoldakı qoyun sürüsünü gölün fonunda çəkməkdən vaz keçən Mahmudun bu dəyərli kadrın kimsəyə lazım olmadığını bildirməsi kommersiyanın sənəti üstələdiyini vurğulayır. Yusifə yetərincə zəhmət haqqı verən Mahmudun ev telefonuna bacısından gələn zənglərdən əməliyyat olunduğu üzə çıxan anasının xəstəxanada oğluna siqareti atmağı məsləhət görməsi münasibətlər sistemini genişləndirir. Xəstəxanadan anasını bacısının evinə gətirən Mahmudun divarda özü ilə Nazanın toy şəklini görməsi, Yusifə zəng edib axşam saat ona qədər evə gəlməməsini tapşırmaqla məşuqəsi ilə görüşməsi əslində tənhalıq problemini qabardır. Evdəki pintiliyə; içilmiş pivə bankalarının küncə atılmasına, acı “Dənizçi” siqaretinin çəkilib külünün döşəməyə tökülməsinə, unitazın suyunun buraxılmamasına görə qınanan Yusifin bacısı qızı üçün aldığı, sürünə-sürünə avtomatdan atəş açan əsgər oyuncağına sevinməsinə qıcıqlanan Mahmudun dözümsüzlüyü son həddə çatır. Artıq tərgitdiyi siqaretin mətbəxdə də çəkilməsinə qadağa qoyan Mahmudun reklam çəkilişlərində istifadə etdiyi gümüş cib saatını oğurladığını güman edib qonağın çantasını axtarması,  öz yeşiyində tapdığını gizlətməsi Yusifin evdən qovulmasını gözönü təsvirdə göstərir. Mahmuda keçmiş arvadı Nazanın zəng edərək sabah təyyarə ilə Kanadaya yola düşdüklərini bildirməsi isə ayrılıq süjetini davam etdirir.

 Gecə mətbəxdəki yapışqan lentə düşən Mahmud səhər qapıçı Kamilə təhvil vermək istədiyi siçanı Yusifin paketə qoyaraq zibilliyə atarkən ölmədiyini görüb, diri-diri pişiklərin qismətinə çevrilməməsi üçün ətrafında kimsənin yoxluğuna əminliklə divara çırpması daxili üsyanı önə çəkir. Mahmudun bu prosesi pəncərədən izləməsi isə “gizli kamera” metodunun istifadəsini vurğulamaqla, postmodernizmə xas film içərisində film strukturu yaradır. Səhər hava limanında əri Oranla birgə Kanadaya uçan Nazanla baxışlarının toqquşması ömürlük vidalaşmanın ağrılı mənzərəsini yaradır. Üzən gəmilərlə uzaqdan-uzağa vidalaşıb yoxa çıxan Yusifin  asılqanda qoyub getdiyi mənzilin açarlarını görən Mahmudun qonağın yatağında unutduğu “Dənizçi” siqaretini uzaqdan gəmilərin göründüyü sahildəki skameykada tüstülətməklə (hərçənd ki, dolayı yolla olsa da, siqaret çəkilməsi kimi zərərli adəti reklam edən bu xətt daha maraqlı bir variantla əvəzlənə bilərdi) qaranlıqda qeyb olması personajlarının həyatlarının görünməyən tərəflərini,  ruhi aləmlərini göstərə bilən filmi başa çatdırır. Yeri gəlmişkən, “Uzaq” avtomobil qəzasında dünyasını dəyişən (2002) Mehmet Emin Toprakın son filmi olur.

 “Искусство kино” jurnalının 2014-cü il 7-ci sayında Marina Toropıginanın: “Mən intuisiyaya söykənirəm”məqaləsində Nuri Bilge Ceylan: “Müasir hadisələr barəsində film çəkməmişəm və çəkmək də istəməzdim. Ehtimal ki, bü günün aktual müşkülləri barədə ən azı üç il sonra film çəkmək mümkündür. Düşünürəm ki, bu günün mənzərəsini göstərən jurnalistdən fərqli olaraq rejissor baş verənlərin mahiyyətini önə çəkməlidir” kəlmələri ilə sənətin dövrü deyil, əbədi problemə güzgü ilə üz tutmasına çağırış kimi səslənsə də, onun: “Mənim üçün hadisənin özü film yaratmağın motivi deyil. Mən insanın tutaq ki, Marsdan az bildiklərimizdən ruhunu, həyatını anlamaq istəyirəm”[1] cümləsi sənətkarın kredosunu göstərir.

Filmin sonunda, şəhərin, Mahmudun sərt rejiminə tab gətirə bilməyən Yusifin kəndə qayıtması bədii çərçivəni qapayır.  Xalası oğlunu, həyat yoldaşını, anasını əsas rollara çəkməklə, divarında Fyodor Dostoyevskinin portreti asılan, rəflərində İohan Baxın musiqisi yazılan disklər sıralanan mənzilini, ikiadamlıq, xırda avtomaşınını əsas hadisələrin məkanına çevirən quruluşçu rejissorun fərdi üslubu ekrandan duyulan daxili azadlığını, sərbəstliyini üzə çıxarmaqla 56-cı Kann kinofestivalında  münsiflər heyətinin “Qran-pri” mükafatını qazanan  “Uzaq” filmi (2003) Nuri Bilgə Ceylanın uğurlarının başlanğıcına çevrildi.

***

Yazının davamı “Ustad” jurnalının 11-ci sayında

KÖŞƏ YAZARLARI
TOP 10