“Nuri Bilgə Ceylanı tənqid etməyə biliyim çatmaz” – Şənər Şənlə müsahibə

3 Baxış
9G7ppJj
Şənər Şən yeddi il sonra yeni filmi “Yol ayrıcı” ilə bəyaz pərdəyə çıxdı. Parafraz bununla bağlı usta aktyorun müsahibəsini təqdim edir:
 
- Bu filmdə varlı, qəddar obrazı canlandırırsınız. Halbuki belə tiplər, adətən, sizin qarşınızda yer alırdı.
- Qəddar deməyək. Daha çox ruhsuz, sistemin əsiri olmuş adam… Bacarıqlı, amma insani xüsusiyyətlərini itirmiş, qaranlıq və işinə fokuslanmış… Əvvəlki obrazlarım bəlli xətti izləyən obrazlar idi. Məzhər isə dəyişikliyə uğrayan şəxsiyyətdir.
 
 
Yeddi ildir ki, filmə çəkilmirdiniz, Yavuz Turqulu gözləyirdiniz. Niyə ancaq onunla işləyirsiniz? 
- Mane ola bilmədiyim belə mühakimə var. Buna daha baş qoşmuram. Bir-birimiz üzərində basqı quran əlaqəmiz yoxdur. Nə mən Yavuza, nə də o mənə “mənsiz film çəkmə” deyə bilmərik. Kaş beş-on Yavuz da olaydı, bu qədər fasilə verməyəydim. Elə gözəl ssenarilər əlimə keçsə, oynayaram. Təəssüf ki, dünyada Yavuz kimi keyfiyyətli ssenari müəllfi azdır.
 
- Əlaqəniz necədir? Dostluq, yoxsa iş münasibəti?
- Dünya, həyatla bağlı fikirlərimiz üst-üstə düşdüyünə görə dostuq. Arasında uyuşmazlıq olan insanlar bir nöqtədə ayrılır. Mənim işim aktyorluqdur. Yavuz kimi yaradıcılıq baxımından istehsalla məşğul deyiləm. Biz şərhçiyik. Yaxşı pianoçu kimdirsə, yaxşı aktyor da odur. Əsas işin sahibi bəstəkardır. Kinoda da əsas iş ssenaridi.
- Bu hekayələrdə nə qədər varsınız?
- Birinci gərək Yavuzdan danışaq. O bir dünya yaradır. İstəyirsiz, Robert De Niro, Al Paçino… dünyanın ən yaxşı aktyorlarını toplayın. Əgər yaxşı ssenari yoxdursa, heç nəyə oxşamaz.
- Necə başlayırsınız filmə? Yavuz Turqul zəng edib deyir ki, mən bir şey yazıram, gəl danışaq?
- Yox, Yavuz işinə qarışdırmır. Beynində bir hekayət varsa, ilk imtahanını özünə verir. İşi çox çətin çıxarır. Ona görə də fasilələr belə uzun çəkir.
- Çingiz Səmərçioğlu deyir ki, Türkiyə Yavuz Turqula görə üzünü güldürənini itirdi. Qəhqəhələrlə güldüyümüz adamı bizdən oğurladılar. Mizah tərəfinizi itirdiyinizi düşünənlər var. Buna nə deyirsiniz? 
- Bu doğru deyil. Yavuz əsla mənə qarışmır. Ssenarisini bitirəndə “bax gör, bəyənəcəksənmi?” deyə mənə verir. Yəni, qapını açıq qoyur. Əgər bəyənməsəm, “yox” deyərəm. Belə mühakimə yarandı və yaxşı ssenari bu mühakiməni yıxa bilmədi. Yeddi ildə əlliyə yaxın senari oxumuşam. Heç biri çəkiləcək səviyyədə deyildi. Nə menecerim, nə ağıl verənim var. Qərarlarımı özüm verirəm.
 
- Son bir neçə günü köhnə filmlərinizi izləyərək keçirmişəm. Əvvəllər bu filmlər bizə ümid verirdi. Həyatımızın yaxşılığa doğru dəyişəcəyindən danışırdı. Bu filmlərlə böyümüşük. Amma bu dəfə fərqli duyğularla izlədim. Mənə elə gəldi ki, canlandırdığınız obrazlara verdiyimiz sözü tuta bilməmişik, onlara xəyanət etmişik… Bu qədər təmiz insanların artıq filmlərdə belə, olmayacağını düşündüm. Bəs siz indi o filmlərə necə baxırsınız? 
- Daha kövrək, romantik məhəllə və ailə bağlarının qüvvətli olduğu dönəmlər idi. “Arzu Film” şirkəti ilə çəkdiyimiz bütün filmlər bunları əks etdirirdi. Amma dəyişiklik həyatın gerçəyidir. Qlobal dünya, beynəlxalq şirkətlər, Çindəki adamla Hakkaridəki adamın eyni sviteri geyinməsi, özünə aid heç nəyin qalmaması… Bu nəticə təbiidir. İndi başqa insanlar, başqa dəyərlər var. 20 il sonra da başqa dünya ilə qarşılaşacağıq. Ah-vay etmirəm və bu zamanı anlamağa çalışıram.
-Bəli, zaman dəyişdi, amma “Arzu Film”in filmləri “Youtube”da izlənmə rekordları qırır. Televiziyada hələ də “Hababam sinfi”ni, “Süd qardaşları”nı göstərirlər. Bu həsrətin səbəbi nədir ? 
- “Arzu Film”in hekayələri, ailə, dostluq hamımızın həsrət duyduğu şeylərdi. “Kaş elə olaydı” deyirik. Daha kövrək, həssas, bir-birinə dəstək olan, qarşısındakına hörmət edən insanların hekayələri…
- O zamanlar insanlar daha yaxşıydı?
- İnsanın yaradılışı dəyişmir. Pis, saxtakar, ehtiraslı, başqalarının malında gözü olan, doymayan insanlar o zaman da var idi.
- İndi biraz daha çoxdu elə bil…
- Yeni dünya dəyərləri bizi yaxşılıqdan getdikcə uzaqlaşdırır. “Başını işlət, praqmatik yanaş, bir əlaqəyə xeyrin varsa gir, yoxdursa girmə”… Bunlar o qədər güclü diktə edilir ki, içimizdəki yaxşılığı duysaq da, istifadə edə bilmirik. Bu dəfə də “gecikəcəm, zərərə düşəcəm, axmaq yerinə qoyulacam” duyğusu hərəkətə keçir.
- Həyata rəngli, amma çətin başlamısınız…
- Zeytunburnunda böyümüşük. Nə iş tapsaq, görməyə, ayaq üstə durmağa çalışmışıq. Gecəqonduda “Survivor” hekayəsi idi.
 
- Bu dönəm aktyorluq qabiliyyətinizi qidalandırıb… 
- 1962-ci ildə, 20-21 yaşındaykən taksi sürürdüm. İplik fabrikasında fəhlə olmuşam. Zeytunburnu kosmopolit yer idi. Gecəqondularda hər mədəniyyətdən, hər yerdən həyat mücadiləsi edən yoxsul xalq yaşayırdı.
- Hələ də elədir. Çox əyləncəli, qarmaqarışıq yerdir.
- Bir tərəfimizdə konyalı, bir tərəfimizdə rum, arxada isə qaradənizli qonşularımız vardı. Çox zəngin insan resursunun içində böyümüşəm. Bəzi insanların müşahidə qabiliyyəti var. Məndən asılı olmadan başqalarının diqqət etmədiyi şeylərin fərqinə varıram.
- Nə kimi? 
- Detallar… İnsanların danışıq tərzi hafizəmə yazılıb. Aktyor olmağa qərar verəndə fikrimdə qeyri-adi hekayələr yığılmışdı. Məsələn, “Çiçək Abbas”dakı pis sürücü obrazı kimi adamları çox görmüşəm. O obrazı canlandıranda çətinlik çəkmirəm, çünki tanıyıram. Fırıldaqçıları çox görmüşəm. “Banker Bilo” filmindəki kimi İsveçrədə təhsil almış xalqdan uzaq adamları… Müəllimlik də etmişəm. O da məni çox zənginləşdirib.
 
- Şərqdə, elə deyilmi?
- Muşun kəndlərində… Sevərək müəllimlik etmişəm, amma idealım deyildi. Kənddə tək qalanda düşünməyə vaxtım oldu. Qərarımı verdim, istefa etdim.
 
- Muşda yaşamaq çətin idi yəqin…
- Yox, əslində aktyorluq çətin oldu. Fərqli böyümüşük. Çətinlik bizə öyrədilməyib. “Bunu edə bilmərəm” deyə, bir şey bilməmişik. “Bu ediləcək!” deyilirdi, biz də edirdik. Yoxsulluğun, mücadilənin gətirdiyi bir şey idi. Gülməşəkər böyümədiyimiz üçün… Evdə yemək varmı? Necə yaşayacağıq? Gəlib kəndlərdə yaşaya bilməyənlər də oldu, amma təbii hal idi. Məndən pis vəziyyətdə olanlar var idi. Yataqxanada qalmağa yerim, maaşım var idi. Əlindəkinin dəyərini bilmək öyrədilmişdi bizə. O vaxtın insanı belə idi. İndi eyni Şənərəmmi? Əlbəttə, deyiləm.
 
- Bu gün gedib Muşdakı o kənddə yaşaya bilməzsiniz?
- Heç bir çətinlikdən qorxmamaq genetikamda var. Buna görə yeddi il “yox” deyə bilirəm. “Hər il iki filmdə çəkilə bilərəm, bu qədər serialda oynaya bilərəm” deyə, hesablayıb “ay aman! bu pulu itirmişəm!” demirəm. Bunlar fikrimdən belə keçməz. Pul qazansam da pis işdə xoşbəxt olmaram.

 
- Hər şey “Badi Əkrəm”lə başladı demisiniz. Bu necə oldu?
- Əvvəllər kinoya ciddi yanaşmırdım. Məqsədim teatrda yer qazanmaq idi. Şəhər teatrlarına gedirdim. Əlavə gəlir üçün kinoya yönəldim.
- Ərtəm Əyilməz kəşf edib sizi. Ona dahi deyirsiniz. 
- Hardasa elədi… Çox kəskin xarakterlidir. Zəkası ilə bu kəskinliyi tarazlamağa çalışırdı. Türk xalqını bu qədər yaxşı oxuya bilən, bu qədər yaxşı tanıyan başqa adam görməmişəm.
 
- Kamal Sunal, Munir Özkul, Adilə Naşid, Tarık Akan kimi bütün ulduzları bir yerə toplamışdı. “Arzu Film”in mühiti necə idi? 
- Ssenari qrupunun başında Yavuz Turqul, Sadiq Şəndil var idi. Hamısının başında da Ərtəm abi… Böyük coşqu, böyük davalar… Əlbəttə, sənət davaları idi bunlar. “Bir insanın başına bu gələndə belə davranmaz, elə davranar” kimi davalar. Ssenari necə yaranır, əhəmiyyəti nədir, orada öyrənmişəm. “Ssenari” deyib, durmağımın səbəbi də Ərtəm Əyilməz məktəbində yetişməyimdi.
- Bir neçə gün əvvəl kanallardan birində “Hababam sinfi”ni gördüm, sonuna qədər izlədim. Mininci dəfə izləməyimə baxmayaraq yenə gözlərim yaşardı. Arada o filmləri izləyirsiniz?
-Əlbəttə, kanallarda rast gələndə izləyirəm.
- Ən çox hansını izləməkdən həzz alırsınız?
- “Ayıra bilmirəm” çeynənmiş cavabdır, amma mənim cavabımda doğruluq payı var. Çünki o rolları özüm seçərək ifa etmişəm. Özüm seçmədiyim layihədə yer almamışam.
- “Namuslu” filmində çəkilmək üçün Ərtəm Əyilməzə meydan oxumusunuz. “Lazım gəlsə bir daha baş rol oynamaram, amma buna çəkilməliyəm” demisiniz.
- Bəli. Bu, Ərtəmə deyiləsi söz deyildi. Çox ağır xarekteri vardı. “Arzu film”dəki yeganə adam idi ki, bu sözü demək olmazdı.
- “Badi Əkrəm” kimi saf yumoristik obrazlardan uzaqlaşmaq istədiniz?
- Mənim işim aktyorluqdur. Bəzilərinin “bu dünyada gözəl bir yuva qurum” kimi duyğusu olur. Məndə də var indi, amma bacarmadım. Geridə iki evliliyim var. Mən aktyorluğu seçdim, qərarlarım da bununla bağlıdır.
- Dediniz ki, Ərtəm Əyilməz cəmiyyəti yaxşı oxuyurdu. Bugünkü komediya bumuna necə baxırsınız? “Rəcəb İvedik”i, bu həftə göstərilən “OHA deyirəm” kimi filmləri izləyirsiniz? 
- Çox tənqidi və məsafəli yanaşmıram. Kino geniş sahədir. Porno filmi də çəkilir, siyasi də, sevgi də… Bunu alçalda və mühakimə edə bilmərik.
- Əvvəllər “bu qədər ağ eləməyək, eyibdir”, filan deyirdilər?
- İnsanın yaradılışı dəyişmir. Elə deyən də var idi, deməyən də.
- Filmlərinizdə həmişə dostluq, vəfa mövzusu var. Həyat bu mənada sizə necə davranıb? 
- Deyirlər e, mən heç dəyişməmişəm. Dəyişmişəm. Ad-san, şöhrət, pul… Bunların insanı dəyişdirməməsi mümkün deyil. Amma bu adların altında əzilmək istəmirəm. Məni idarə etməsini istəmirəm. “İçimdəki uşağı” deyim, – klassik olaraq – qorumağa çalışıram. Çünki yaradıcılığımı və aktyorluğumu o irəlilədir. İstəsəm, çox lüks yerlərdə yaşaya, hər gecə başqa yerdə gəzə bilərəm, jurnalistlərin olduğu yerlərdə görünərəm, Manhettendə mənzilim olar. Bunlar məni zərrə qədər də maraqlandırmır. Əksinə belə həyat tərzinin içimdəki təmizliyi, həyəcanı öldürəcəyini düşünürəm. Çünki pozulmamaq (çürüməmək) mümkün deyil.
- Dostluqlarınızı qoruya bildinizmi?
- Birtərəfli dostluğa inanmıram. Sən onun üçün narahatsansa, o da sənin üçün narahat ola bilməlidir. Belələrinin sayı çox azdır. Onsuz da çox olmağının faydası yoxdu. Bir neçə yaxın dostum var.

 
- Kamal Sunalla bağlı “O qədər məşhur idi ki, küçədə gəzə bilmirdi. Ona görə də üzündə kefsiz maska ilə gəzirdi” demisiniz. Bəs siz necə bacardınız bu “məşhur olmaq” ilə?
- Kamalın işi mənimkindən çətin idi. O həqiqi ulduzuydu. Yəni ssenarisinə baxılmadan filminə gedilən adam idi… Tamaşaçısını da aldatmadı heç vaxt, ondan gözləniləni verdi. Yoxsul, sınmış, lakin cəmiyyətin ortaq müdrikliyini, çoxbilmişliyini daşıyan tiplərdən idi. Hekayənin sonunda qalib gələn o idi. Bu düsturu bütün filmlərində istifadə etdi. Avantajlı idi; Tamaşaçı nəyə baxacağını əvvəldən bilirdi. Camaat onu “Şaban” deyə çağırırdı. Ama o Kamal deyildi. Yaratdığı obrazlar idi. Əlbəttə, bundan narahat olurdu.

 
- Sizdə belə olmadı?
- Mən bunu sındırdım. Əgər “Namuslu”da yaşadığım dəyişiklik olmasa idi, mən də Bilo, Bankir Maho kimi gəzəcəkdim. O rollar üstümə yapışıb qalacaqdı. Amma çox böyük risk idi. Heç kim ulduzkən bu riskə girməzdi. Tamaşaçı bunu qəbul etməyə bilərdi.
 
- Bu seçimi sadəcə küçədə rahat gəzə bilmək üçün etdiniz?
- Aktyorluğumun başqa tərəflərini də göstərmək istədim. Məzəli obraz Badi Əkrəm, fırıldaqçı Maho tipi… Amma aktyorluq xəyalım bu deyildi. Mən “Quldur”u da oynamaq istəyirəm, Möhsün bəyi də. Bu dəyişikliyi etməsəm olmazdı. Buna görə də məni küçədə görən adamın ağlından bütün filmlərim keçir, amma mənə nə deyəcəyini bilmir.
- Doğrudan, küçədə rahatlıqla gəzə bilirsiniz? 
- Metroda gəzirəm, qatara minirəm.
- Bəzən şlyapalı şəkillərinizi görürəm. İşə yarayır?
- Hə olur bəzən, amma məsələ o deyil. Gərək hərəkətləriniz xalqa aid olsun. Nə etsəniz də, aid olduğunuz sinifdən çıxa bilməzsiniz. Aktyorların təhər-tövrü, ulduzların təpədən baxışı… Bunlar həzmedilmiş şeylərdi. Mən onsuz da xalqın içindən gəldiyim üçün Şənər Şən adı mənə çox da təsir etmir. Sadə vətəndaş kimi gəzə bilirəm. Metroda digər insanlar kimi mənim də çiyinlərim çökür. Onlar qədər yorğunam. Buna görə gözə dəymirəm. “Bizdəndir” deyirlər. Gözə dəymək üçün oralarda genəlib gəzmək lazımdır.
- Günləriniz necə keçir?
- Həyat o qədər zəngindir ki! Bir ömürə sığa bilməyəcək qədər çox rəng var. Yeddi il işləmədim, amma özümü zənginləşdirməklə məşğul idim. Oxudum, gəzdim, izlədim. Əsas məsələm kino idi. Hansı filmi çəkə bilərik? Yxşı layihəni necə tapa bilərik. Bunlar insanı ayaq üstə saxlayan şeylərdir.
Serial izləyirsiniz?
- Bəzən gözümə dəyir. Üç saatlıq filmi bir gecəyə vermələri təbiiliyi və aktyorluğu zədələyir. Hamı vaxtı doldurmağa çalışır. Bunlara baxmayaraq xalqın bəyəndiyi, uğur qazanan serialları təbrik edirəm. O şəraitdə necə işləyirlər, bilmirəm, çətin işdir.
- İzləməkdən zövq aldığınız aktyorlar varmı?
- Mən özümü də bəyənmirəm, bu işin axırı yoxdur. Hələ canlandırmadığım obrazlar, göstərmədiyim tərəflərim var. Onları ortaya çıxaracaq filmlər gözləyirəm.
 
- Yavuz Turqul çox yaxşı rejissordur, ancaq başqaları da var. Nuri Bilgə Ceylan, Zəki Dəmirkubuz… Onlarla işləmək istəməzsiniz? 
- Onlardan təklif gəlməyib. Mən heç kimi seçmirəm.
- Bəs bu rejissorların filmlərinə münasibətiniz necədir? 
- Məsələn, Nuri Bilgə Ceylan çox özünəməxsus rejissordur və kinemotoqrafiyasını bütün dünyaya qəbul etdirib. Bu tərzdir. “Sən o tərzi sevirsənmi?” desən, sevmirəm.
- Niyə? Durğun gəlir sizə?
- Onu tənqid etməyə biliyim çatmaz. Bir şey deməyə haqqım da yoxdur. Öz kino anlayışımda hekayənin düz-əməlli danışılmasının tərəfdarıyam. Bu klassik strukturdur. Qırıla da bilər. Elə hekayə gələr ki, onu da ifa edərəm. İndiki bəyənmə səbəbim, bəlkə gələn il dəyişəcək, Yavuzun bu hekayəsidir. Mənə xoş gələn hekayə… Hələlik ölçü budur.
- “Atam və oğlum” filmindəki Çətin Təkindorun rolu əvvəl sizə təklif edilib, istəməmisiniz. Doğrudur?
- O qədər çox şey təklif edilib ki. Mən istəməmişəm deyə, həyat dayanmayacaq ki. Bəli, o rol gəlib, başqaları da gəlib. Burada ölçü mənəm, özüməm. Bəzən bəyəndiyim rol olur, amma özümü orada görmürəm. Bizim kimi ədabaz cəmiyyətlərdə belə şeylər deyilmir. “Mən bu rolu ərsəyə gətirə bilərəmmi?” sorğusu edilmir. Amma nəyi bacarıb-bacarmadığımı bilirəm.
 
- Gələk günümüzün Türkiyəsinə… Keçən il prezident yanında Mədəniyyət və Sənət mükafatına layiq görüldünüz. Nə hiss etdiniz?
- İsmət paşadan bəri hər dövrü xatırlayıram. Bu mükafatı Dəmirəl dövründə də almışıq. O vaxt adı “Dövlət Sənətçisi” idi. Türkiyə çox qəribə nöqtəyə gətirilib. Cəmiyyət o qədər bir-birindən ayrılıb, düşmən halına gətirilib ki, ağla gələn ilk sual “sən o tərəfdənsən, ya bu tərəfdən?” olur. Bunda siyasətçilərin böyük rolu var. Heç kimin bir-birini görməyə, dinləməyə dözümü qalmayıb. Hər kəs istədiyi dünyagörüşündə ola bilər. Bunun mübarizəsinin mədəni qaydaları var. Düşmənliyi qızışdıraraq ölkəni bu vəziyyətə gətirmək olmaz.
 
- Nitqinizi “bu mükafatı toplum sülhünə xeyri dəysin ümidi ilə qəbul edirəm” sözləri ilə bitirdiniz. Yenə də mükafatı qəbul etdiyiniz üçün “Şənər Şən mənim üçün öldü” deyənlər oldu. 
- Ağlımıza ilk gələn o biri tərəflə bir araya gəlməməkdir. O biri tərəfdə səninlə bir araya gəlmək istəmir. Ölkə birdir! Biz nə edəcəyik? Siyasətçilərin başçılığı ilə səviyyə o qədər düşüb ki. Mübahisə zəmini yerindən oynayıb, yox olub. Mafia dünyasının sözləri ilə danışılır. Gedişat yaxşı yerə getmir. Sağlam cəmiyyət strukturu yoxdur.
 
- Builki Prezident yanında Mədəniyyət və Sənət mükafatını da Yavuz Turqul aldı. Yenə bir-birinizdən ayrılmadınız. 
- Mükafatı verən heyət ələkdən keçirir yəqin. Zarafat olsun deyə, etmirlər. Yavuz buna layiqdir.
 
- Aranızda bunun zarafatını etdiniz?
- Əlbəttə, o biri dostlarımızla danışdıq, onları da şirnikdirdik. Dedik, bizim kimi olun, siz də gələn il alarsınız.
 
- Köhnələrdən ən çox kimin üçün darıxırsınız? Həsrətini çəkdiyiniz günlər, dövrlər varmı? 
- Dostlarımın hamısı üçün darıxıram, amma ah-vay eləmirəm. Belə hisslərin məni geri salacağını düşünürəm. Keçmişə baş qoşsanız nə dünəni görə bilərsiniz, nə də qarşınızı. Hansısa populyar axın mənə uyğun olmasa da, hər kəsin bəyəndiyi şeyi anlamağa çalışıram, rədd etmirəm. Başqa cür addım da ata bilməzsən. “Bizim zamanımızda” deyə, başlayan çox maraqsız hekayələr danışarsan. Bunları danışdığınız dostlarınız da bir-bir ölər, bircə siz qalarsınız. Siz də axırda danışa-danışa ölərsiniz.
- Eşq işləri necə gedir?
- Təbiət o qədər gözəl tarazlaşdırır ki. 76 yaşına çatanda bəzi şeylərdən əlini, ətəyini çəkdirir. Libido aşağı düşür. Amma eşq bitmir, başqa məcralara yönəlir. İşimə münasibətim eşq münasibətidir. Bir rəssamın rəsm çəkməsi, bir musiqiçinin musiqi bəstələməsi…Amma maqazin sualı verirsinizsə, təbiət əl çəkdirir o işlərdən. Onda fiziki deyil, beyni cazibə axtarırsınız. Danışa biləcəyiniz, bölüşəcək çoxlu xatirələrin olacağı münasibət axtarırsınız.
Axtarırsınız?
- Dostlarım var, amma elə insana da yox demərəm.
 

 
- Sizi sevən, həyatlarını sizin filmlərinizlə keçirən gənc, yaşlı milyonlarla insana son olaraq nə demək istəyərsiniz?
- Etdiyimiz işlərlə, onlar da mənə olan sevgiləri ilə demək istədiyimizi deyirik. Fərqinə varmadan bağlılıq əmələ gəlir. Məni yeddi il gözlədən, lazımlı-lazımsız layihələrdə olmağıma mane olan xalqla aramdakı bu görünməz bağlılıqdır. “Onlara hörmətsizlik etməməliyəm”, – deyə, düşünürəm. “Görək indi nə edəcək?” sualının cavabı məni böyük məsuliyyət altında saxlayır. Bu mənada münasibətimizə pis demək olmaz. Əgər bu həssaslıqla davam etsəm pis də olmayacaq.
 
Hürriyet.com
Tərcümə: Arzu MƏMMƏDOVA
KÖŞƏ YAZARLARI
TOP 10