Nyu-Yorkda “Əli və Nino” filmi

6 Baxış

ali_ve_nino_161116_12

Noyabrın 15-də Nyu-York şəhərində Qurban Səidin müəllifi olduğu və dünya ədəbiyyatının nadir əsərlərindən biri hesab edilən “Əli və Nino” romanı əsasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanda çəkilmiş “Əli və Nino” filminin premyerası baş tutub. Premyera Nyu-Yorkun məşhur kinoteatrlarından biri olan “Sunshine” kinoteatrında keçirilib.

Senet.az-ın Trend-ə istinadən məlumatına görə, Azərbaycanın ABŞ-dakı səfirliyindən  tədbirin açılışında çıxış edən filmin prodüseri Kris Tikyer dözümlülük və multikulturalizmin dövrümüzün və günümüzün ən aktual məsələlərindən biri olduğunu vurğulayıb və “Əli və Nino” filminin bu mövzuda əhəmiyyətli mesaj göndərdiyini bildirib. K.Tikyer filmin ərsəyə gəlməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xüsusi rolunu qeyd edib. K.Tikyer qeyd edib ki, Leyla Əliyevanın güclü Azərbaycan kimliyi və Vətən sevgisi bu filmin reallığa çevrilməsində və uğurlu alınmasında mühüm töhfə vermiş faktorlardan biri olub.

Tədbirə kino industriyasının dünyada məşhur adlarından olan K.Tikyerdən başqa, filmdə Əli rolunu canlandıran Adam Bakri və Mendi Petinkin də xüsusi qonaq qismində qatılıblar. A.Bakri nümayişdən öncə çıxış edərək “Əli və Nino” filminin müxtəlif yerlərdən olan fərqli insanları bir araya gətirən güclü sevgi hekayəsi olduğunu bildirib.

Premyerada Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək Qurban Səidin müəllifi olduğu bu ədəbiyyat əsərinin həm ölkəmizin, həm də bölgəmizin tarixinin və mədəniyyətinin olduqca vacib hissəsini əks etdirdiyini vurğulayıb. O qeyd edib ki, mədəni irsimizin mühüm parçalarından biri olan “Əli və Nino” əsəri əsasında çəkilmiş bu film bölgədəki milli kimliklərin və onlar arasında qarşılıqlı münasibətlərin başa düşülməsi üçün maraqlı təqdimat rolunu oynaya bilər. Məhz buna görə, E.Süleymanov belə müstəsna əsər əsasında filmin işıq üzü görməsində xüsusi əməyi və töhfəsi olan Leyla Əliyevaya dərin minnətdarlıq ifadə edib.

“Əli və Nino” filmi premyerada Nyu-York izləyiciləri tərəfindən maraq və alqışlarla qarşılanıb. Nümayişin sonunda çoxsaylı izləyicilər filmin onlarda dərin emosional iz buraxdığını qeyd ediblər.

“Əli və Nino” filmi Nyu-Yorkda kinoteatrlarda nümayiş etdiriləcək.

Bölmə : Kino, Sənət