“O, bir əsr üçün deyil, bütün zamanlar üçündür” – Vaqif Yusifli

48 Baxış

Без названия

XX əsr Azərbaycan mədəniyyəti bir sıra görkəmli şəxsiyyətlərin adları, imzaları ilə qürur doğurur.  Əsrin əvvəllərində Sabir, Mirzə Cəlil, Hüseyn Cavid, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Hadi, az sonra bu pleyadaya qoşulan Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza, Şəhriyar, Mirzə İbrahimov, Süleyman Rəhimov, İlyas Əfəndiyev, Mir Cəlal, Bəxtiyar Vahabzadə mənim təsəvvürümdə XX əsr Azərbaycan mədəniyyətinin ən nəhəng simalarıdır.   Mən təkcə bu mədəniyyətin söz, qələm  bürcünü nişan verdim və olsun ki, bu sırada kimlərinsə adlarını çəkmədim.  Təbii ki, dünya xəritəsində bir bənövşə yarpağı boyda yer tutan Azərbaycanımız  XX əsrdə çox ziddiyyətli, təzadlı, olduqca mürəkkəb və üzüntülü dövrlər, mərhələlər, illər yaşayıb, amma bu bənövşə yarpağı boyda torpağın  sinəsi cadar-cadar olsa da, üstündə işğalçı orduların tökdüyü qanlar hələ silinməsə də, kişilər, qəhrəmanlar, dahilər yetirməyə qadirdir.

Keçən əsrin altmışıncı illəri XX əsr Azərbaycan mədəniyyəti tarixində üçüncü İntibah dövrü sayıla bilər.  Və İntibah deyəndə mən yeni dünyagörüşünü, mədəniyyət, xüsusilə, ədəbiyyat aləmində baş verən əhəmiyyətli dəyişiklikləri nəzərdə tuturam.  Yeni dünyagörüşü yeni mədəniyyət, yeni ədəbiyyat yaradır və sovet quruluşunun, bərqərar olmuş sistemin hələ çökmədiyi, amma barometrin tezliklə fırtına göstərəcəyi  bir dövrdə ədəbiyyatın – söz sənətinin yeni bir gəncliyi doğuldu.  “Altmışıncılar” ədəbiyyata gəldilər və bu yeniləşməyə təşəbbüs göstərən  ustadlarla bir sırada  ədəbiyyatın sifətini, xarakterini dəyişməyə, onu milli ənənələrdən təcrid olmamaq şərti ilə  dünya ədəbiyyatı ilə qovuşdurmağa can atdılar. Artıq sosrealizmin prinsipləri, onilliklər boyu “Şair, hökmdarın hüzurundasan”, “Ədəbiyyat işi ümumproletar mexanizminin bir təkərciyi, vintciyidir” hökmləri  sınmağa, müqavimət göstərsə də, tədricən sönməyə, öləziməyə  başladı.  Ədəbiyyatda “müsbət qəhrəman”, “aparıcı insan” modelləri dağılmağa üz qoydu. “Müstəsna” qəhrəmanları adi, lakin mənəviyyatca zəngin insan  obrazları əvəz etdi. İnsanı hərtərəfli, həm müsbət, həm də ziddiyyətli -”boyaların qatışığında” təsvir etmək prinsipi, həyatı, gerçəkliyi bəzəmək yox, bütün təzadları ilə təsvir etmək meyli getdikcə güclənməyə başladı. Bu prosesdə yaradıcılığa əllinci illərdə başlamış İsa Hüseynov, İsmayıl Şıxlı, Sabir Əhmədli və “altmışıncılar” – Anar, Elçin, Yusif Səmədoğlu, İsi Məlikzadə, Əkrəm Əylisli, Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, Fərman Kərimzadə, Sabir Azəri, Əlibala Hacızadə mühüm rol oynadılar.

Anar- o illərdə bu prosesin aparıcı nümayəndələrindən  biri, indi XXI əsrdə  bütün millətin tanıdığı, təqdir etdiyi sənətkar, Azərbaycan mədəniyyətini  sözün həqiqi mənasında bütün dünyada təmsil edən görkəmli mədəniyyət xadimi kimi etiraf etdiyimiz bu böyük ziyalı 80 yaşına qədəm qoyur.  Mən onu təkcə XX əsrin yox, XXI əsrin də fikir, düşüncə, əqidə,  Azərbaycan həqiqətlərini yüksək tribunalarda səsləndirən bir ziyalı hesab edirəm.  İngilis şairi Ben Consonun U.Şekspir haqqında söylədiyi bir fikri xatırlayıram: “O, bir əsr üçün deyil, bütün zamanlar üçündür”. Anar da məhz belə bir şəxsiyyətdir. İllər, əsrlər keçəcək, Anarın adı bütün zamanlarda anılacaq.

Anar Rəsul oğlu Rzayev ensiklopedik bir zəka sahibidir və onu təkcə yazıçı-sənətkar kimi qəbul və etiraf etmək azdır. Azərbaycan və dünya mədəniyyətinin elə bir sahəsi yoxdur ki, Anar ona bələd olmasın. Musiqi, rəssamlıq, memarlıq, opera sənəti, folklor, xaricdə mövcud olan bütün sənət cərəyanları Anarın bilgi dairəsindədir.

Anar- XX və XXI əsrdə Zərdabi, Sabir, Mirzə Cəlil, Üzeyir bəy ənənələrini yaşadan, bu ənənələrə sadiq qalan,  amma həmişə novatorluğa, yeniliyə can atan qüdrətli qələm sahibidir. O, klassik ədəbiyyatla müasir ədəbiyyat,  Füzuli ilə öz müasirləri arasında uçulmaz, dağılmaz canlı bir körpü yaradan müasirimizdir.

Anar – bütün varlığı ilə Azərbaycana, onun keçmişinə, milli-mənəvi sərvətlərinə bağlı olan, onun müstəqilliyini arzulayan və bu amal uğrunda mübarizə aparan, təkcə əsərləri ilə deyil, ictimai-siyasi fəaliyyəti ilə də böyük ziyalı, vətənpərvər obrazını öz varlığında əks etdirən azərbaycanlıdır. Xatırlayıram, 90-cı ilin iyununda, SSRİ Ali Sovetinin sessiyasını. Sessiyada 20 Yanvarla bağlı müzakirə aparılırdı. Anar şəhidlərin xatirəsini yad etmək üçün bütün iştirakçıları ayağa qaldırdı. Qorbaçov bunu etmək istəmirdi.

Anar – türk dünyasının sayılan, seçilən, türkçülüyü, turançılığı təkcə sözdə deyil, əməldə nümayiş etdirən bir türkdür.

Anar – Azərbaycan mədəniyyətini  dünya arenasında təbliğ edən, dünyanın Azərbaycan kürsüsündə  söz deməyə ixtiyarı və səlahiyyəti çatan xalq və dövlət adamıdır.

Anar – bugünkü Azərbaycan ədəbiyyatının başında duran, ona yön, axar, istiqamət verən, ağsaqqallıq səlahiyyətini layiqincə yerinə yetirən bir şəxsiyyətdir.

Anar – kinomuzun, teatrımızın, mətbuatımızın inkişafında yadda qala biləcək, unudulmayacaq sənət əsərlərinin müəllifidir.

Anar – gəncliyin dostudur.

***

1938-ci il, mart ayının 14-də Azərbaycanın iki gənc şairi – Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində bir oğlan uşağı dünyaya gəlir.  Adını Anar qoyurlar.

“An” – saniyə, Anmaq – yada salmaq, Anım – assosiasiya.

Oxucularla görüşdə birisi soruşur:

- Adınızın mənası nədir?

- Anar, – anmaq feilindəndir, anmaq – yada salmaq, anar – yada salar. Anar – yada salan.

-Bəs deyirlər adınız belə açılır: Anam Nigar, atam Rəsul.

-Yox, bu uydurmadır. Kim uydurubsa, maraqlı uydurub. Heç vaxt atamla anamın ağlına gəlməyib. Təkrar edirəm: – Anar – anmaq feilindəndir, anmaq – yada salmaq” (“Sizsiz” povestindən).

Atası Rəsul Rza, anası Nigar Rəfibəyli. Bu ailənin Azərbaycan ədəbiyyatına necə töhfələr verdiyi danılmazdır. Böyük türk şairi Nazim Hikmətin  “özünəməxsus orijinal şair, xalq şeirinin, klassik poeziyanın  böyük pərəstişkarı, axtaran şair” adlandırdığı Rəsul Rza XX əsr Azərbaycan poeziyasında ədəbi məktəb yaradan şairdir.Otuzuncu illərdən ömrünün sonuna kimi o, ədəbiyyatımızda yenilikçi – novator şair kimi şeirimizin milli ənənələri ilə beynəlmiləl ünsürlərini bir vəhdət halında birləşdirdi.  Sərbəst şeirin ədəbiyyatımızda intişarı, onun milli poeziya ərazisinə daxil olması və burada qəti olaraq milliləşməsi Rəsul Rzanın adı ilə bağlıdır. İncə, zərif nərgiz çiçəyi öz yenilməz həyat qüvvəsi ilə qalın asfaltı yarıb günəşə boylandığı kimi, Rəsul Rza poeziyası ədəbiyyatda belə bir missiyanı yerinə yetirdi. Nigar xanım Rəfibəyli isə öz zərif, bahar bənövşələrini xatırladan, şeirlərində Bakının, Xəzərin, Azərbaycan təbiətinin gözəlliklərini əks etdirən incə ruhlu şair idi. Heç kimə bənzəmirdi. 1981-ci ildə, aprelin 1-i ilə iyulun 10-u arasında keçən yüz gün ərzində Anar dünyada bu iki əziz adamını itirəcək. Amma həyat davam edir: “Ömür keçir, qatar keçir, işıq keçir. Dünyada qəm də, sevinc də keçəridir”.Bu ailənin təməli ədəbiyyatla yoğrulub və Anarın Günel qızı, Tural oğlu da söz adamıdırlar. Əlbəttə, onların anası Zemfira xanımı – görkəmli sənətşünas, akademiki də unutmaq olmaz.

***

Bu yazını qələmə alarkən Anarın 2003-2006-cı illərdə nəşr olunan altıcildliyinə nəzər yetirdim. Deyim ki, Anarın ilk yazılarından sonuncu “Göz muncuğu” povestinə qədər nə yazıbsa, hamısını oxumuşam, amma onun yaradıcılığı haqqında bəlkə ən az söz deyən mənəm. Onun əsərləri nəinki Azərbaycanın, keçmiş SSRİ məkanının və xarici ölkələrin (əsasən Rusiya və Türkiyə) tənqidçi, ədəbiyyatşünas  və tanınmış söz adamları tərəfindən yüksək qiymətləndirilib. Amma Anar həm də yaradıcılığının müəyyən dövrlərində sərt, acı tənqidlərə də məruz qalıb. Xatırlayıram, altmışıncı illərin sonlarını. Bir tənqidçi yazmışdı ki: “Anarın qəhrəmanlarının heç birində yüksək, işıqlı həyat idealı yoxdur”. Sosrealizm məntiqi ilə söylənilən bu fikir çox tezliklə iflasa uğradı. Amma  Anar bu yaşacan yenə “tənqidlərdən”, yersiz qınaqlardan, bəzən hətta təhqirlərdən yaxa qurtara bilmir. Anarın bir hekayəsini yaza bilməyən bəzi cavanlar  ona hərzəvü-hədyanlar yağdırdılar. İndi də onun kitablarını yandırmaq təşəbbüsündə bulunanlar var. Ancaq onlara bu həqiqət çatmır ki, Anar uzaq gələcəkdə də görünən bir həqiqətdir!

Mətləbdən uzaqlaşmayaq. O illərdə Anar və “altmışıncılar” işıqlı həyat idealını “kommunizm ideallarında” deyil, həyatın özündə axtardılar. Nədir xoşbəxtlik, nədir səadət, insan hansı amallar uğrunda mübarizə aparır, insan nədən ötrü yaşayır? Vaxt, zaman amansızdır, dünya fanidir, insan ona bəxş olunan bu ömür payını necə yaşamalıdır? “Altıncı mərtəbə”nin ünvanı haradır, ağ liman və qırmızı gəmilər bizi hara səsləyir? Təbiətə, kəndə, keçmişə, ilkinliyəmi? Məncə, Anar və “altmışıncılar” bu suallara tam və dolğun cavablar verdilər. Yalnız gələcəyə! Vaxtilə Məmməd Arif yazmışdı ki: “Anarın qəhrəmanları ən adi adamlardır, onlar ən adi işlər görür, ən adi sözlər danışırlar. Ustalıq da elə ondadır ki, bu adilikdə insan mənəviyyatının dialektikasını, qeyri-adilikləri duya biləsən”. Arif müəllimin məqaləsindəki bu “qeyri-adilik” ifadəsini təkcə onun ədəbi qəhrəmanlarına deyil, seçdiyi mövzulara, həyat materialına, nəsr və dram əsərlərindəki sənətkarlıq boyalarına da aid edirəm.

“Mənim 20 yaşım vardı və mən belə düşünürdüm. Mənə elə gəlirdi ki, insana səadət verilməmişdir: ona yalnız səadət arzulamaq, xoşbəxtlik ümidində, bəxtiyarlıq gümanında yaşamaq, sevincin kölgəsində daldalanmaq haqqı verilmişdir. Səadətə çatdığın an o öz təravətini, ətrini, gözəlliyini, cazibəsini itirir. Səadət üfüq kimidir: görünən və çatılmaz, yaxınlaşdıqca uzaqlaşan” (“Taksi və vaxt”). Səadətin üfüq kimi görünməz olduğu, amma insanın ümidlə yaşamaq ideyası o dövr ədəbiyyatı üçün qeyri-adi idi. Anar bu həqiqəti “Mən, sən, o və telefon”, “Gürcü familiyası” hekayələrində , “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərlərində bədii həqiqətə çevirdi. Anar  ədəbiyyata yeni qəhrəman tipajları gətirdi. Bu Zaur, bu Təhminə, bu Məmmədnəsir, bu Feyzulla Kəbirlinski, bu Nemət. Onların heç biri “müsbət qəhrəman” deyildi, amma reallığın özündən doğan insan idilər. Hər birinin öz həyat idealı, yaşamaq prinsipi vardı və Anar sübut elədi ki, cəmiyyətdə  bir-birinə oxşar, bir-birinin təkrarı olan insan modelləri yoxdur.

Böyük tənqidçimiz Yaşar Qarayev yazırdı ki: “Nəsrdə altmışıncı illərdən start götürən gəminin yan aldığı sahildə “Ağ liman” sözləri yazılmışdı. Dövrün ideya axtarışları və onun nəzəri özünüdərki Anarın həm bədii, həm də ədəbi-tənqidi fəaliyyəti ilə bağlıdır”.

Və birdən-birə Anarın “Ağ liman” həqiqətindən “Molla Nəsrəddin-66″ gülgüsünə meyl edib Mirzə Cəlil manerasını xatırladan bir üsulla “cəmiyyəti böyük mənəvi bir ideal və arzular naminə”(Y.Qarayev) tənqid etməsi də gözlənilməz deyildimi? Anar yaradıcılığında  kifayət qədər tənqidi realizm ünsürləri və güclü yumor xətti axtaranlar heç də səhv eləmirlər. Onun əksər əsərlərində (xüsusilə, bir sıra televiziya tamaşalarında) bu tənqid və yumor xətti  uğurludur. Anar bu mənada ustadı Mirzə Cəlildən çox şey əxz edib, Mirzə Cəlil kimi o da  təkcə güldürmək naminə deyil, düşündürmək üçün yazıb bu əsərləri.

Yetmişinci illərin əvvəllərində isə Anar Dədə Qorqud dünyasına üz tutdu.Xalqımızın milli-mənəvi dəyərlərinin ilkinliyini özündə hifz edib bir dastana heç bir zədə toxundurmadan onun müasir variantını yaratmaq doğrudan da ədəbi hünər idi. Xalq bəlkə yox, lap həqiqətən Dədə Qorqudu orijinal mətndən deyil, Anarın kino-dastanından sevdilər.

Anar Azərbaycan kinosunda “Torpaq. Dəniz. Od. Səma”, “Dədə Qorqud”, “Gün keçdi”,”Qəm pəncərəsi”, “Üzeyir ömrü”, “Cavid ömrü”, “Otel otağı”, “Təhminə”, “Sübh şəfəqi” və s. bədii və sənədli filmlərin ssenari müəllifi kimi silinməz izlər buraxıb və fikirləşirsən ki, əgər bu filmlər olmasaydı, kinomuz bir qədər yoxsul görünməzdimi?

Mən Anarın bir dramaturq kimi fəaliyyətindən də söz aça bilərdim. Və kinomuz haqqında söylədiyim həmin fikri Azərbaycan teatrı üçün də məqbul sayıram.

Anar tənqidçidir, publisistdir, ədəbiyyatşünasdır, sənətşünasdır və bu fikrimi də sübut eləmək üçün onlarla təkzibedilməz dəlillər tapa bilərəm. Təbii ki, onun tənqidçiliyi, ədəbiyyatşünaslığı, sənətşünaslığı publisistika ilə nəfəs alır. Ancaq publisistika Anarın söz demək, fikir söyləmək  ehtiyacının münasib ifadə üsuludur. Əsl fikir sahibinə, professional tənqidçiyə xas olan ümumiləşdirmə qabiliyyəti Anarın mənim ən çox bəyəndiyim “Şairin hünəri”, “Şairin zəfəri”, “Azərbaycançılıq haqqında düşüncələr”, “Şəhidlər dağı”, “Gecə düşüncələri” və özünün mənsub olduğu ədəbi nəslin yaradıcılığı haqqında söz açdığı məqaləsində , həmçinin Nazim Hikmət, Rəsul Rza, Ənvər Məmmədxanlı haqqında qələmə aldığı yazılarında daha bariz nəzərə çarpır.

Səksən yaşlı Anarda yaradıcılıq enerjisi qətiyyən tükənməyib və mən bunu neçə il öncə onun Azərbaycan televiziyasında (“Mədəniyyət” kanalında) sərasər neçə il aparıcısı olduğu “Poeziya” verilişlərində də hiss etdim (o verilişlərdə mən Anar müəllimlə iyirmi dəfə tərəf-müqabil olmuşam). Anar 76 yaşında nəsrimizdə ədəbi hadisə kimi qeyd edilən “Göz muncuğu” romanını qələmə aldı. Az bir müddət ərzində roman ədəbi ictimaiyyət və oxucular arasında böyük əks-səda doğurdu. Bütün yaradıcılığı boyu hər yeni  nəsr əsəriylə oxucuları düşünməyə sövq edən, onları narahat edən suallara cavab axtaran və təkcə məzmununa, təlqin etdiyi fikir və ideya anlamına görə deyil, həm də  bədii-sənətkarlıq priyomlarına görə seçilən Anar nəsri bu dəfə də ədəbi aləmi tərpətdi, silkələdi. Görünür, nəsrdə uzun müddət həyatı, insanı bu səpkidə təsvir edə biləcək əsərlərə ehtiyac duyulurmuş.

Təbii ki, bu yazıda Anar haqqında düşündüklərimi söylədim. Tərif üçün söyləmədim, bildiyim həqiqəti izhar elədim…

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10