O evdə başqa ailə yaşayır

164 Baxış

ozgeSenet.az Kənan Hacının “Özgə qapılarında” silsiləsindən 2-ci hekayəni təqdim edir:

 

“Özgə qapılarında” silsiləsindən I yazı

 

 

 

 

Kənddəki evimizi bir “ZİL” sürücüsünə satdıq. Yeyib-içən, qumarbaz, şişman bədənli, göygöz kişiydi. Yanaqları həmişə qıpqırmızı olardı. O vaxt – doxsanıncı illərdə “ZİL” şoferləri yaxşı pul qazanırdılar. Kəndin bütün boş sahələri yerli və gəlmə adamlara satılmışdı və bu yerlərdə sürətlə tikinti gedirdi, quma, daşa güclü tələbat vardı. “ZİL”, “Kamaz” şoferlərinin əli pulla oynayırdı. Tikinti aparan adamlar çox vaxt daşın, qumun pulunu şoferə qabaqcadan verirdilər. Şoferin kimisə aldatmasından söhbət gedə bilməzdi, kənddə daş bazarına çıxan şoferlərin hamısını adbaad tanıyırdılar. Onda indikindən fərqli olaraq kənddə hamı bir-birini tanıyırdı. Əlihüseyn kişi ilə qonşu idik, atamla, indi olmasın, dost idi, bir-birləriylə çox şit zarafatları da vardı.

 

Atam əlində olan-qalan pulu təzə evimizin tikintisinə xərcləmişdi, pulsuz-parasız vaxtlarımız idi. Mən də heç yerdə işləmirdim, “pijon” vaxtlarım idi, ancaq evə ziyan verməklə məşğul idim. Əlihüseyn kişinin böyük oğlu Almaniyada yaşayırdı, deyilənə görə orda hansısa avtomobil şirkətində çalışırdı, kiçik oğlu Ramillə söhbətimiz tuturdu və qısa müddətdən sonra möhkəm dostlaşdıq. Zahirən atasının eyni olan Ramil əhlikef, baməzə oğlan olsa da dəhşətli dərəcədə atasından qorxurdu. Hava qaralandan sonra mütləq evdə olmalıydı, əks halda döyüləcəyi qaçılmaz idi. Rəhmətlik övladlarına qarşı olduqca əzazil idi. Mənim atam da ondan geri qalan deyildi. Rəhmətlik mənim üçün “Jiquli” markalı 011 maşını almışdı, mən də bütün günü kəndin küçələrində avaralanırdım. Həmin günləri xatırlayanda havalanmaq həddinə çatıram. Ən enerjili, sağlam vaxtlarımı necə də boş-boşuna yelə vermişəm. Bu, həmin dövr idi ki, çalışdığım qəzetdə siyasi yazılar yazmaqdan bezmişdim və öz ərizəmlə işdən çıxmışdım. Ədəbiyyat yanğısı məni qəzetçilikdən uzaqlaşdırdı, halbuki qəzetdə çalışdığım cəmi üç il idi. Çoxlu bədii kitablar oxumuşdum və qəfildən nə baş verdi, indi də izah etməkdə çətinlik çəkirəm, mütaliədən, yazı-pozudan tamamilə uzaqlaşdım. “Çəhrayı qan” romanında bu barədə təfsilatıyla yazmışam.

 

Beləcə, həyatımın tüfeyli dövrünə qədəm qoydum. Bu, doxsanıncı illərin sonuydu. İndinin özündə də içimdə bu hiss var ki, bir gün qəfildən yazmağın daşını ata bilərəm. 2006-2008-ci illər də mənim yazmadığım illər olub. Hətta həmin vaxt tənqidçi dostlarımızdan biri yazmışdı ki, Kənan çəkilib kəndə, daha heç nə yazmır. Həmin dövr mənim həyatımın küçələrə səpələnən didərgin çağıydı, nəsə yazmaq sadəcə, mümkün deyildi. O zaman mən yalnız yaşamaq uğrunda mübarizə aparırdım.

 

Yay vaxtıydı. Bir gün hardansa əlimə bir az pul düşmüşdü, Ramilə dedim ki, gedək yaxşı bir yerdə oturaq, yeyib-içək. Ramil dedi Bilgəhdə “Xəyal” restoranı var, bəlkə ora gedək? Deyirlər orda məşhur müğənnilər oxuyur. Axşamçağı maşını səssizcə həyətdən çıxartdım, Ramillə aradan çıxdıq. “Xəyal” restoranı “Bilgəh” sanatoriyasının həyətində, mənzərələri yerdəydi. Restoranın həyətindən dənizin geniş panoraması görünürdü, dənizin içində geniş meydança qurulmuşdu. Köhnə “Jiquli”mi utana-utana bahalı xarici maşınların böyründə saxladım. O vaxt nəinki kənddə, şəhərin özündə də xarici maşın çox az idi. Yalnız yüksək vəzifə sahibləri, bir də biznesmenlər xarici maşın sürürdü. Məşhur müğənnilər də toylara, restoranlara taksiylə gedib-gəlirdilər. Həmin vaxt Nadiq Qafarzadənin “Reno” taksiylə şadlıq evinə gəldiyini gözümlə görmüşdüm.

 

Masalarda oturanların demək olar ki, hamısının zəngin adamlar olduğu hər halından bəlli idi. Masaların üstü kabab və soyuq qəlyanaltıyla dolub-daşırdı. Səliqə ilə geyinmiş, boynuna kəpənək taxmış ofisinat bizi nəzakətlə boş masalardan birinə ötürdü. İkimiz də döyükə-döyükə qalmışdıq, Ramilin qulağına pıçıldadım ki, sən Allah, çox şey sifariş vermə, pulumuz çatmaz, biabır olarıq. Bura çox bahalı yerdir. Kabab, çoban salatı, pendir, limonad, bir də “Stoliçnaya” arağı sifariş verdik. Meydançanın görünən yerində musiqiçilər əyləşmişdi, stolumuza qəlyanaltı gələndə Faiq Ağayev göründü və reverans edəndən sonra məşhur “Səni əvəz eləmir” mahnısını oxumağa başladı. Aradan uzun illər keçməsinə baxmayaraq həmin gecənin bütün detallarını xatırlayıram. Ən maraqlı hadisə rəqqasənin oriental rəqsi zamanı baş verdi. Rəqqasə sinəsini əsdirə-əsdirə bütün masalara yaxınlaşırdı və adamlar döşlərinin arasına pul basırdı. Allaha yalvarırdım ki, bizim masaya yaxınlaşmasın. Çünki cibimdəki pul hesabı ödəməyə çatacaqdı ya yox, bunu dəqiq bilmirdim. Bilirdim ki, Ramilin cibində bir qəpiyi də yoxdur. Amma burda rəqqasədən qaçmaq mümkün deyil, tualet adıyla sivişmək istəyəndə rəqqasə titrəyən döşləriylə qarşımı kəsdi. Özümü itirdim, udduğum tikə boğazımda qaldı. İkimiz də sakitcə əlimizi süfrədən çəkib ona baxırdıq, onunsa bizim halımız vecinə deyildi, qarşımızda ilan kimi qıvrılırdı. Deyəsən bizdən asanlıqla pul qopara bilməyəcəyini anladı. Bir az da yaxınlaşıb titrəyən ombasını masaya toxundurdu, dolu bakallar titrədi və limonad üstümüzə sıçradı. Eyninə deyildi, işvəli təbəssümüylə bizi utandırmaqdaydı. Bu dəfə lap irəli gəldi və dizimin üstündə oturdu, nəfəsim kəsildi. Ramil guya ərkyana dedi ki, alə, çıxart qıza pul ver də. Bu məqamda əlimi cibimə atmaqdan başqa çarəm qalmadı, tərslikdən də cibimdə dörd dənə əlliminlik var idi. O vaxt əlliminliyə “beş şirvan” deyirdilər. Beləcə, əlliminliyin birini qızın döşünün arasına qoydum. Ondan sonra qız gözlərini süzdürüb dizimin üstündən qalxdı və başqa masalara yaxınlaşıb rəqsini davam etdirdi.

 

Həmin gecə yaxşıca yeyib-içdik, xoşbəxtlikdən restorana borclu qalmadıq. Elə bil ofisiant cibimin pulunu hesablamışdı, hesab “on beş şirvan” elədi. Restorandan ciblərim tərtəmiz halda çıxdım. Amma araq əməlli-başlı kefimizi açmışdı, ovqatımızı məhləyə çatanda Ramilin atası pozdu. Asfalt yoldan torpaq yola dönəndə gördük ki, tində tosqun bir adam dayanıb, əlində də uzun çubuq vardı. Qəfildən vaxtın fərqinə vardıq, gecə saat 12-ni keçmişdi. Ramil atasını tanıdı və oturacaqda büzüşdü. Restoranda rəqqasədən qaça bilmədiyimiz kimi burda da qaçası yerimiz yox idi. Mən maşını qapımıza sürdüm və saxlayan kimi Ramil maşından düşüb dabanaltı götürüldü. Gecənin bu çağı Əlihüseyn kişinin gül ağzı açıldı, uşaqda ölü-diri, var-yox qoymadı qalsın. Bütün kənd kişiləri kimi o da ağızdan pərtov idi. Ramili çubuğun altına salmayınca hirsi soyumayacaqdı, həmin məqamda mən heç cür dostumu xilas edə bilməzdim.

 

Dəmir darvazanı açıb maşını həyətə saldım. Evimizin işıqları sönmüşdü, evdəkilər yatmışdılar. Atam yeniyetmə vaxtlarımda məni evdən çölə buraxmırdı, gecə küçəyə çıxmaqdan isə söhbət gedə bilməzdi. O, Neft Daşlarında işləyirdi və günlərinin çoxu dənizdə keçirdi, mən arada onun evdə olmamasından istifadə edib axşamlar evə gec gəlirdim. Anam hər dəfə məni atamla hədələsə də məni satmırdı. Amma qəzetdə işə girəndən sonra daha atam da “hara getdin, hardan gəldin” deyə məni sorğu-sual eləmirdi. Hiss edirdim ki, mənimlə fəxr edir. İşdən çıxmağıma görə isə məndən küsmüşdü, evdə də mənimlə çox soyuq davranırdı. Mənim işdən çıxmağıma anamdan çox atam məyus olmuşdu. Restoran əhvalatından sonra çalışırdım ki, Əlihüseyn kişinin gözünə görünməyim. Amma bir neçə gündən sonra məhlədə üzbəüz gəldik, salam verdim, salamımı almadı. Qaşqabaqlı halda: – səndən xahiş edirəm, bir də Ramili özünlə heç yerə aparma! – dedi. Baş üstə, dedim. Amma bu qadağa bizim dostluğumuzu poza bilmədi, yenə hər gün birlikdəydik. Ramil hər uşağın arzusunda olduğu azadlığa can atırdı və atasının zəhmi də onun bu istəyinin qarşısını ala bilmirdi. O əhvalatdan sonra Ramillə bara da getdik, hətta bir-iki dəfə “bazlıq” da etdik.  Bir dəfə Əlihüseyn kişi yarızarafat-yarıciddi mənə dedi ki, bu qırışmalın gözünü sən açdın, daha qabağını ala bilmirəm. Kopoyoğlu əməlli-başlı kişiləşib. Gülümsədim, cavan oğlandır, kefinə toxunma, dedim. İkiniz də avaranın yekəsisiniz, dedi.

 

Atam dünyasını dəyişəndən sonra evi Əlihüseyn kişiyə su qiymətinə satdım. Evlərin çox ucuz vaxtıydı, mənə dedi ki, sən canın, gözün dalınca qalmasın, ürəknən halallıq ver. Halallıq verdim, amma uzun illər bunun peşmançılığını çəkdim. İndi də peşmançılıq hissi məni tərk etməyib. Halallıq verdiyimə görə yox, qətiyyən, evi satdığım üçün peşman olmuşdum. O evin tikilməsində mənim heç bir rolum olmamışdı, evi atam tikmişdi. Onun ruhundan halallıq almaq lazım idi. Şəhərə köçəndən bir neçə il sonra kəndə getmişdim, həmin evlə maraqlandım, dedilər indi o evdə başqa ailə yaşayır. Əlihüseyn kişi evi başqa adama satmışdı.

 

Bu günlərdə eşitdim ki, Əlihüseyn kişi rəhmətə gedib…

 

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10