O qızdan bu tərəfə

70 Baxış

faiqFaiq Hüseynbəyli

 

O qızdan bu tərəfə

 

Təbəssüm sayrışan dodaqlarına,

İndi təbəssümün yeri göynəyir.

İlahi, arzusu xəzələ dönüb,

Bu qızın içində pəri göynəyir.

 

Bu qızı qarşıma niyə çıxartdın?

Bəlkə xoşbəxt ola deyə, çıxartdın…

Yel vurmuş ömrümə yiyə çıxartdın,

Nə varsa o qızdan bəri, göynəyir.

 

Bir insan ömrünü bitirib gəlib,

Quru nəfəsini götürüb gəlib.

Bütün sevgiləri itirib gəlib,

Dərdi inildəyir, səri göynəyir.

 

Sevgisiz yaşamaq bir az çətindi,

Deyirsən, qismətin, səadətindi…

Bu can da, bu ruh da əmanətindi,

Biri toxtamamış biri göynəyir.

 

Ömür sətir-sətir əridi, könül,

Üstümə təbiət yeridi, könül.

Sevincim-kədərim diridi, könül,

Sevincim-kədərim diri göynəyir.

 

Güzgü

Bir az unutsun o məni,
Bir az darıxsın, bilməsin.
Özü özündən xəbərsiz,
Evimi yıxsın, bilməsin.

Dərdlərimə hakim olsun,
Fərman olsun, hökm olsun.
Dostum, yarım… hər kim olsun,
Sonuma çıxsın, bilməsin.

Oxusun söz ürəyimi,
Çıxardım öz ürəyimi…
Əritsin buz ürəyimi,
Yandırsın, yaxsın, bilməsin.

Məni mənə özgə elə,
Məsud elə, özgür elə.
Allah, məni güzgü elə,
O mənə baxsın, bilməsin.

 

 

Bu sevgidən soyusam,
Tox olsam neyniyərsən?
Yüz qadına paylanıb
Çoxalsam neyniyərsən?

Hər gözələ xoş gələn,
Sənə əliboş gələn…
Qara daşa tuş gələn,
Ox olsam, neyniyərsən?

Xəyalına dalmadım,
Ürəyini almadım…
Sənə həmdəm olmadım,
Ax… olsam neyniyərsən?

Mən nə ruham, nə bədən,
Nə qalanam, nə gedən…
Olammadım sənə tən,
Bax, olsam neyniyərsən?

Xəzəl kimi tökülüb,
Son baxışa bükülüb,
Səmalara çəkilib,
Yox olsam neyniyərsən?

 

 

 

 

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10