“O ruh ki vicdan atəşilə yana bilmir, onu mənim çöllərim qəbul etməz” – Şəmil Sadiq

37 Baxış

Picture1

 

 

 

Azadlıqdakı ruhum…

• İnsanın içində çöl var. Çöl azadlıqdır. Mənim içimdə əngin bir çöl var. İçimdəki çölümdə bir oba-yurd qurmuşam, çölümdəki yurdum kimi. Tez-tez çölümdəki fırtınalarda, yağışda, boranda, tufanda içimin çölündəki obama sığınır, təsəllimi orda tapıram. İçimdəki çölü və çöldəkini sevirəm. Azadlığı sevirəm, azadlıqdakı yurdumu sevirəm…

O azadlığı ki, sevgi kimi yaşayır içimdə. İçimdəki çöldə o sevgi olmasaydı qum tufanında, boranda itib-batar, gözlərim kor olar, sərt soyuğunda isə qırovdan, şaxtadan donardım.

• …azadlığımda bir çöl var və o çöl çox əngindir. Orada bir yurdum var, ətrafı yovşanlarla sarılıb. Yovşan ətri yurdumdakı ruhumu məst edir hər an. Məst olan azad ruhum şahə qalxır hər dəfə bu ətri hiss edəndə, bu ətir qalıcı olduğu üçün ruhum da hər gün şahə qalxıb dünyaya meydan oxuyur.

• İçimdəki çölüm Naxçıvan kimidir, havası sərt, torpağı duzludur. Oraların sevgisi də sərtdir havası kimi, bir naxçıvanlının sevgisinə tuş gəldinsə, səni qızmar günəşin dağları kimi qucaqlar, amma sərt isti adamı boğmaz, sərt soyuq da öldürməz. Bu isti və soyuqdan kəklikotu kimi ətirli məhsullar yetişər. Həm də sevgi duz dağına bənzər, bitməz, tükənməz, həm də dadlı-duzlu…

• Mənim çölüm də, içim də xarici dilə tərcümə olunmur. Ümumiyyətlə, mən tərcümə olunmaram… Mən elə bir azadlığam ki, içimdə sevgi, çölümdə sevgi… Oxumaq istəsən məst olarsan və düşüncələrin uçub gedər sən olmayan yerə: orda mən varam, mən! Səni səndən qoparıb ruhuma əkmək üçün var olan mən. Məni tərcümə etmək üçün heç bir dilin ruhu yetməz… Məni tərcümə etmək üçün gərək bir ahəng ola, məni ifadə edən ahəng, o, başqa dillərdə yoxdur, sadəcə türk dilində var. Məni tərcümə etmək üçün gərək vurğular sabit ola, sədaqətli ola əhdinə, o da yoxdur başqa dillərdə… Məni tərcümə etmək üçün o dildə yovşan ətri ola gərək. Onun üçün də gərək mənim öz dilimi öyrənəsən – ruhumdakı dili! O zaman mənə aid ola bilərsən, məni tanıyarsan!

• Mənim Sevgim əngin bir çöl kimidir. Yolu yox, izi yox, sonu yox… cığırı özün açıb, özün kimi yürüməlisən, mən bitəndə o yol bitər. Yürüdükcə gah güləcək, gah da ağlayacaqsan… Əsas odur ki, o yolu özün yürüyəsən azadlıqdakı ruhumun yovşan ətrinə doğru… Ruhumun ətri yovşanlıdır, qalıcı və məstedici. İylə, məst ol və arxamca gəl! Ruhumun iyini bir anlıq itirdinsə yolunu azarsan, yum gözlərini və ruhumun ətrinin izi ilə gəl! Gəl ki, Azadlıqdakı yurdumda xoşbəxt olasan!

• Yovşan ətirli, qızmar günəşli çölüm, sevgimin at yerişinin ritmi kimi döyündüyünün fərqindəsənmi, hər an bir az da yaxınlaşan səs… Bu səs Azadlıqdakı yurduma (ruhuma) doğru yön alan ruhumun səsidir. Çöldə səslər çox önəmlidir, ruhum, çox, çünki yaşam çöldəki səsləri duya bilməklə asanlaşır!

• Ruhlar azadlığı sevir. Cism isə ruhun zindanıdır. Hətta sanki cism ruhu əsir götürüb. Və onu durmadan çalışdırır. Ruhlar sadəcə insan yuxuda olanda azad olurlar. Heç nəyə fikir vermədən istədiklərini edirlər insan yuxuda olanda. Yəni azad olur və gəzirlər sərsəri şəklində. Çərçivə bilmir, olmazları tanımırlar, yaradıcılıq sərhəddinə məhəl qoymurlar o zaman. Mənimsə cismim yuxuya getmir ki, getmir. Ruhumsa azadlığa çırpınır. Dincliyə çırpınır. Dərin yuxular və Azadlıqdakı Ruhum üçün yaman darıxır. O ruhum üçün ki, onu mən yox, ağıl yox, azadlığı idarə edir…

İçimdəki çölümün ruhu qədim türk əlifbası kimidir: hərfləri tanımasam da, sözləri bütövləşdirə bilməsəm də, duya bilirəm, anlaya bilirəm, onunla yovşan ətirli çöllərdə qan tərə bata-bata dördnala çapıram, yurduma çapıram, ənginliyiə çapıram, ədalətə çapıram, özümə çapıram.

• İçimin çölündə qalanan ocağım əbədi yanacaqdır, onu heç nə, heç zaman söndürə bilməz! Bu ocaqda Şər qüvvələr yanıb arına, saflar qızına bilərlər sadəcə. Bu ocağa sığınanlar nə yanar, nə də üşüyər… İçindəki ruhu saf saxla, tərtərmiz saxla, saxla ki, saf ruhun ləkələnməsin. Həmişə paklansın, Vicdanın onu yandırmasın: Vicdanın istisi çox güclü olur, o ruh ki vicdan atəşilə yana bilmir, onu mənim çöllərim qəbul etməz, əgər vicdanın istisində yanıb qovrulmağı bacarırsansa, o zaman çölüm də səni qəbul eylər – ya arındırmaq, ya da qızındırmaq üçün.

 

 

Bölmə : Şəmil Sadiq
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10