O “Ruhani”dən sonra İsa Muğannanın ruhu qarşısında sazdan üzr istədim… – Müşfiq XAN

176 Baxış

musfiq-xan

Senet.az oxucularına “Ustad” jurnalının “Hər zaman xatırlananlar” rubrikasından Müşfiq XANın “O “Ruhani”dən sonra İsa Muğannanın ruhu qarşısında sazdan üzr istədim…” yazısını təqdim edir.

1997-ci ilin yayı idi. Doqquzuncu sinfi bitirib tətilə buraxılmışdım. Evdə nənəmin əldamındakı taxçasından üstündə “Yanar ürək” sözləri yazılan kitab tapdım. Adı maraqlı gəldi. Oxumaqçün götürdüm. Yadımdadı üç ay boyunca Pənahi Makulunun “Səttarxan” romanını iki cilddə, Nəzər Heydərovun “Zəngəzur dağlarında”, Həsən Seyidbəylinin “Cəbhədən cəbhəyə” kitablarını oxuyub bitirdim. Arada dincəlməkçün rayon kitabxanasından götürdüyüm Conatan Sviftin “Qulliverin səyahəti” romanını təkrar oxuyurdum. Və bütün bu müddətdə İsa Hüseynovun romanını tamamlamağa çalışırdım. Dərslərin başlamasına bir-iki gün qalmış bitirə bildim. O vaxt dərsləri öyrənə bilməyəndə belə deyirdik – “oxuyuram, başıma girmir”. “Yanar ürək” də başıma girmədi.

Nənəmdən bunun səbəbini soruşdum. Qısaca bildirdi:

– O kitab hələlik sənin başınçün deyil.

Məyus oldum. Xətrimə dəydi.

Səhəri gün Azərbaycan televiziyasında “Tütək səsi” filmini verirdilər. Nənəm məni çağırdı:

– Gəl otur, bu kinoya yaxşı-yaxşı bax.

Filmi çox sevmişdim. Bitəndən sonra dedi ki, İsa Hüseynovun əsəri əsasında çəkilib.

Sonralar, başım on ildən çox təhsilə qarışdı…

2011-ci ilin payızı idi. Şəmil Sadiqlə Xocalı faciəsinin 20-ci anım ilinə həsr edib birlikdə yazdığımız “Ümidlərin izi ilə” romanını tamamlayıb fevrala qədər çapa verməyə hazırlaşırdıq. Dostumun yazdığı hissələrdən birində “İdeal” adlı romana rastladım. Rastladım deyəndə ki, biz bir-birimizin yazdığı hissələri, yalan olmasın, on dəfə oxuyub üstündə saatlarla işləyirdik. Hə, romanın müəllifinin adı illər öncə mənim başımçün olmayan o kitabı xatırlatdı. Və yalnız o zaman öyrəndim ki, bu “İdeal” o “Yanar ürəkdi”. Həyatın işinə bir bax!

2012-ci ilin fevralı gəldi. Kitabımızın təqdimatı uğurla keçdi. Amma bu həmin ilin ən yadda qalan hadisəsi deyildi. Çünki üstündən iki-üç ay keçəndən sonra İsa müəllimlə, İsa Muğanna ilə, uşaqlığımın o “başıma girməyən” əlçatmaz İsa Hüseynovu ilə real həyatda görüşdük. Hüsü Hacıyev küçəsində “Yazıçılar binası”ndakı o ev, özümüz də hiss etmədən, doğma ünvanımıza çevrildi. İsa müəllim mənimçün yaşımın bu çağına qədər həyatımda yaxından tanıdığım ən fövqəl insan oldu. Bu görüşün səbəbkarları olan dostlarım Şəmil Sadiqə və Əli İbrahimbəyliyə hər zaman minnətdarlıq hissi duyuram.

2013-cü il idi. Çalışdığım “Hədəf” nəşrlərində bir-birinin ardınca İsa Muğannanın “İdeal”, “Məhşər” (“Ənşər-mən şər”), “Qəbiristan”, “GurÜn”, “İsahəq, Musahəq” və “Cəhənnəm” romanlarını, povestlərini isə “İlan dərəsi”, “Kollu koxa”, “Şəppəli” və “Saz” kitablarında çap etdik. Bunu da deyim ki, müəllif “İdeal” romanını həmin il növbəti sonuncu düzəlişləri ilə yenidən işlədi. Həmin əlyazmalar bu gün nəşriyyatımızın arxivində qorunur.

Havalar azca isinən kimi “Atatürk” mərkəzində böyük bir təqdimat və İsa müəllimlə görüş keçirdik. O günlər İsa müəllimin səhhəti sözünə baxmırdı. Halı tez-tez dəyişirdi. Elə tədbirə də çox gec gəlmişdi. Həmin gün kürəkəni, rəhmətlik Elbrus bəylə tədbir salonuna girəndə oxucuları İsa müəllimi çox böyük bir sevgi ilə qarşıladılar. Bunu sözlə ifadə etmək mümkün deyil. Həyat yoldaşı, rəhmətlik Firuzə xanım da xalq yazıçısının qoluna girmişdi, həm də heç zaman büdrəməyəcək azman bir canlı sütun kimi. O gün o mənzərəni, sadəcə, orada görmək lazım idi. Sevgidolu, güvən dolu baxışlar möhtəşəm hislər yaradırdı.

2014-cü il… Aprel… Ayın biri…

Günün tələb etdiyi ovqata uyğun hər kəs zarafatlaşır, şən əhvali-ruhiyyə yaratmağa çalışır, qayğılardan, problemlərdən bir az uzaqlaşır, ya da ki, uzaqlaşdığını sanırdı. Amma bunlar sonra, hər kəs səhər oyanıb məktəbə-işə gedəndə olacaqdı. Olmadı. Həmin gün hamının yerinə ən ağır zarafatı İsa Muğanna elədi. Hamıdan əvvəl, səhərə yaxın… Yaratdığı “SafAğ” elmini bizə əmanət edib göyün yeddinci qatına qalxdı…

Uşaqlıqdan evimizdə həmişə tar və pianino olub. Rəhmətlik atam tar məktəbini bitirmiş, anamsa fortepiano fakültəsindən məzun olmuşdu. Səbəbini bilməsəm də, buna görə özümü həmişə qınasam da tarı, ümumiyyətlə simli alətləri sevə bilməmişəm. Ələlxüsus sazı. İllər sonra anladım ki, bunun baiskarı iştirak etdiyim şənlik-məclislərdə bu milli musiqi alətimizi gözdən salan aşıqlardır. Ta ki İsa Muğanna ilə vida gününə qədər…

3 il olacaq… Həmin gün Fəxri Xiyabanda İsa müəllimin məzarı başında çalınan “Ruhani” havasının sədaları hələ də qulaqlarımdan getmir… İsa müəllim mənə ədəbiyyatla yanaşı, həm də sazı sevdirdi. Həmin gün İsa Muğannanın ruhu qarşısında sazdan üzr istədim…

Ölümdən sonra həyat var. Mən buna bütün varlığımla inanıram. Və qəbul etdiyim bu reallığa nə zamansa darvinistlərin, yaxud metafiziklərin pəncərəsindən baxmağı düşünməmişəm. İsa Muğanna da, sadəcə, dünyasını dəyişdi. O, dünyasını dəyişəndən qırx gün sonra nəşriyyatımızın çap etdiyi “Ölümdən sonrakı həyat” kitabına son söz yazanda da bunu hiss edirdim, indi də.

Sadəcə, bir şeyə təəssüf edirəm – hər ay çap olunan, dərgilərdə, saytlarda yayımlanan onlarla Azərbaycan müəllifi arasından heç kim İsa Muğannanın “Şinel”indən çıxmadı. “SafAğ” elmi başı gündəlik ədəbiyyat qayğılarına qarışmış tənqidçilərin belə diqqətini çəkmədi. Məhz bu səbəbdən xalq yazıçısı dünyasını dəyişəndən sonra ilk dəfə “Hədəf” nəşrlərində işıq üzü görən “Türfə” romanı yetim uşaq kimi yol gözlədi, gözləyir…

Və bir də, “İdeal” (yaxud “Məhşər”) “Dəniz kənarı ilə qaçan alabaş”dan heç vaxt geri qalmadı. Yalnız məkanda şansı gətirmədi – Azərbaycan Qırğızıstan deyildi…

Mənbə: “Ustad” jurnalının 10-cu sayı.

KÖŞƏ YAZARLARI
TOP 10