“O sözü ki, axtarırsan, görmək, oxumaq, ona toxunmaq istəyirsən”…

80 Baxış

eksAprelin 3-də 42 yaşı tamam olan şair-publisist Əkbər QOŞALI ilə
şair və yazıçılardan, alimlərdən bol sitatlı müsahibə…

- Yaşınız elə yaşdı ki, 40-ı artıq xırdalayıb, 50-yə tərəf gedirsiz, daha dəqiqini desək, 42 yaşınız tamam olur, heç bu aralar özünüzə, “Əkbər, nə tez qocaldın sən?” deyə sual verisizmi?

- Sual və diqqət üçün təşəkkür edirəm. Riyaziyyatla götürsək, 42-dən sonra 43, ədəbiyyatla, götürsək, sanki 40-dan sonra 50, 50-dən sonra 100 gəlir. – “50-ni aşırdın, 100-ə nə qaldı?” misalında olduğu kimi… Bəli, “40”-ın çıxdımı, göz önündə 50-dir, sizin sözlə desək, 50-yə tərəf gedirik… Rəhmətlik Səməd Vurğunun “Şair, nə tez qocaldın sən?” ritorikası hər şairin öz-özünə üz tutması, tək qalınca gümüldənməsidir. (Yeri gəlmişkən, bir düşüncəmi də sizinlə bölüşüm: məncə, rəhmətlik Səməd Vurğunun ən qüvvətli iki şeiri seçilsə, biri məhz bu şeir olardı…) Dost-tanış da arada-sırada zarafat salıb, “Şair, nə tez qocaldın sən?” deyə sual edə bilər… ancaq bu sual zarafat söhbəti deyil, əslində… “Şair, nə tez qocaldın sən?” ağrı-acını ifadə edir…
Nə deyim? – ikidən-birdən 50 yaşım ha olmayıb… ancaq, şair sözüdür, deyir, “mən bir ömür yaşamışam, hərdənbir düşür yadıma”… yaxud Ramiz Rövşənin sözü ilə desək,
“Bir dəfə də gəlmişəmmi?
Gəlmişəmmi, görmüşəmmi?
Yaşamışam, ölmüşəmmi? –
Dünya mənə tanış gəlir”…

Poetik siqlətlə götürsək, 50 yaş, o qədər də ögey gəlmir bəzən… Gözüm alıb, “50”-ni, onu görəcəm, onu yaşayacam, inşallah. Nə gizlədim, sağlıq durumumda ara-sıra sorunlar çıxınca, az qala bədbin düşüncələrə kökləndiyim də olub… lakin Tanrının izni ilə 50-ni adlamaq gərəkdir – ən azından, sonbeşik övladım yetkinlik yaşına çatsın da, “sonrası… sonrası… nə olar-olar”… Rəhmətlik Akif Səmədin sözü olmasın,
“…Sevənlər aşiq olmasa,
Qan bircə qaşıq olmasa,
Bu arvad-uşaq olmasa,
Qardaş, ölüm nəmənədi?..”

Demə, mən adgünündən danışıram, sən ölümdən… gəl, Məmməd İsmayılın sözü ilə “Hələ yaşamağa dəyər bir az da” deyibən, keçək, sizin sıradakı sualınıza…

Həyat tamı ilə ədəbiyyatda inkas ola bilər, ədəbiyyat tamı ilə həyatda inkas oluna bilməz

- Keçək deyirsiz, keçək. İstərdim, deyəsiz: özünüzdə bəyənmədiyiniz hansı özəllikləri dəyişmək istərdiniz?
- Artıq gecdir… 40-ı çıxmış adam, “özəllik” dediyiniz nəsnəni necə dəyişsin? Necəyiksə, eləyik… – xeyirlisi, inşallah. Bununla belə, imkanım olsaydı, bəzi özəllikləri dəyişmək istərdim, əlbəttə. Bir sözün kökü özəlsə, qoy, özəlliklər – dəyişilib, dəyişilməməsindən asılı olmayaraq, özəl də qalsın. – Vaqif Bəhmənlinin yeniki tabının adı ilə desək, BELƏ YAXŞIDIR…

- Ədəbiyyatla və ədəblə keçən həyatın oxşar və fərqli cəhətini bu yaşa qədər tapa bilmisinizmi?

- Çox ilginc sualdır. Belə suallara təşəkkür düşür. Hər ədəbiyyatçı ədəbli deyil, hər ədəbli ədəbiyyatçı deyil – bu aydındır. Hər ədəbiyyat adına qeydlərdə keçən yazı-pozuya da ədəbiyyat demək olmaz, yazıçı-publisist Səfər Alışarlının sözü olmasın, əlbəttə, əlbəttə, əlbəttə…
Könül istər, ədəbiyyatla və ədəblə keçən ömür mövzusunda tərəzinin xeyir gözü əysin. Nə gizlədim, belə bu sualla rastlaşmamışam və ilk dəfə cavab verirəm. Fərqli cəhətlər də var, oxşar cəhətlər də.
Həyat tamı ilə ədəbiyyatda inkas ola bilər, ədəbiyyat tamı ilə həyatda inkas oluna bilməz. Necə deyərlər, “iks”ı “iqrek üstü”nə vurmaq olar, “iqrek”i “iks üstü”nə vurmaq olmaz – yanılmıramsa, uzaqdan idarəetmə nəzəriyyəsi, pult komandaları ilə bağlı idi bu düsturlaşma. Başqa sözlə, “ədəbi teorem”ləşmə aparsaq, bu halda, teoremin əksi doğru deyil. Bu məsələlər, olsun ki, Çingiz Əlioğlunun “Ruhumun həndəsəsi”ndə daha geniş qələmdən keçirilmiş olsun.
Ədəbiyyat yaradan adam öz yaratdıqlarına uduzur çox vaxt. Çox vaxt da, monarx tipli yazarlarda rastlanır yəqin bu hala. Rəhmətlik akademikimiz Azad Mirzəcanzadənin sözü ilə desək, yazarlar iki cür olur – monarx və spiker tipli yazarlar. “Spiker”lər daha çox obrazları önplanda tutur, onları danışdırır, “monarx”lar isə özləri önplanda olur, ağırlıqları obrazlara da, əsərə də çökür – belə demək mümkünsə…
Uzun sözün qısası, mənim şəxsimdə sualınız necə bir cavab bulur? – olsun ki, mənim özümü tanıyan oxucu bunu daha dəqiq dəyərləndirmiş olsun. Şübhəsiz, mən özümçün bir şeylər bəlli etmişəm – etməmək nəyə yarardı? Ədəb ədəbiyyata nə qədər çox gəlsə, tərəzinin xeyir gözü nə qədər çox əysə, parıltı da, reklam-filanda bir o qədər uduzmuş ola bilərsən, ancaq bu bir sürəcdir, keçib gedir. Qalan ədəb və ədəbiyyatın özü olur. Ramiz Rövşənin “Yenə də Allaha şükür, yenə də şeytana lənət” misralarının havasında desək, yenə də ədəbə şükür, yenə ədəbsizliyə lənət!

Ömür olumla ölüm arasıdır…

- Həyatda heç olumla ölüm arasında qaldınızmı?

- Əlbəttə, insan belə durumlarda qala bilər və qalır da… Buna təəssüfmü deyək, nə deyək, əcaba?.. Təqdir deyəlim yenə, təqdir. Sizə deyim, sabah-birisigün elə bir seçim qarşısında qalmayacaq deyilik – ha mən, ha başqası… Təqribən 1 il öncə, rəhmətlik professorumuz Vaqif Arzumanlının yas yerində bir ruhanidən eşitdiyim sözü bölüşüm sizinlə. – O deyirdi, “Həyat verən yalan, ölüm gətirən doğrudan (həqiqətdən) yaxşıdır!” Bu söz məni yaman tutub – deyən sıradan biri deyildi, məclisdə xeyli bilikli, oxumuş, görüb-götürmüş aydın vardı, onların da biganə qalmadığını gördüm bu kəlama… Onsuz da, ömür olumla ölüm arasıdır… və bu olum-ölüm aralığı imtahan yeridir, gərək imtahandan kəsilməyəsən…

-Kamillik yaşına catmış Əkbər müəllimin yetkin ağlını çaşdıra biləcək hansı qüvvə ola bilər?

- Dilimizdə belə deyimlər var: “Ağılalmaz”, “Başımda ağıl qalmadı”, “Ağlımı əlimdən aldı” və s. . Həyatda elə olaylar baş verir, elə olaylar baş verə bilər, elə ümidsizlik ortamı yaranar, orda qərarvermə, hərəkətetmə prosesində yalnız ağıl iştirak etməz yaxud ağıl heç iştirak etməz, bəlkə..! Heç kim belə haldan sığortalanmayıb. Ağlın, səbrin, soyuqbaşla qəraravermə imkanının da bir sınırı, həddi var yəqin. O sınır keçildisə, daha heç nə… – elə deyilmi? Aqibətimiz xeyir olsun.

-Xoşbəxt dogulmusuz ya xoşbəxtliyi özünüz üçün kəşf edənlərdənsiniz?

- Əgər xoşbəxtliyi yaratmaq insanın öz əlindəsə, mən onu illa da yaradaram. Ancaq 40-ı aşan yaşımla, xoşbəxtliyin, bəxtiyarlığın, öz adlarından da göründüyü kimi, yalnız insanın istəyindən, iddia və imkanından asılı olmadığını görmüşəm… Tanrı yar olsun, yaşayarıq görərik. Şair necə deyir? – “Bəlkə də xoşbəxtik, xəbərimiz yox”…

Bilirsiz, bu suala xeyli geniş cavab vermək mümkündür. Baxır, şəxsi ya milli baxımdan yaxud bəşəri miqyasda cavab verməli olursan; ya da dini, siyasi, milli baxımdan cavab axtarırsan..? Bəlkə də, əsl xoşbəxtlik bütün bu və başqa mümkün suallara universal cavabda mövcud olardı. Müstəqil dövlətimizin mövcudluğu xoşbəxtlikdir, torpaqlarımızın böyük bir qisminin düşmən işğalında olması taleyüklü problemdir; bəşəriyyətin əldə etdiyi böyük elmi-texniki yeniliklər, tərəqqi olayları, bizim onlardan istifadə imkanımız yüksək dəyər daşıyır, xoşbəxtlik kimi dəyərləndirilə bilər lakin dünyada az qala hər gün baş verən qanlı olaylar, işğal faktları, terrorizim bu xoşbəxtlik duyrğu və düşüncəsinə zərbə vurmurmu? Bir əzizimizin, doğmamaızın uğuru bizi xoşbəxt edərkən, başqa bir doğmamızın, əzizimizin uğursuzluğu günümüzə kədər gətirmirmi? Beləliklə, sanki “dəngəli sonuc”la üz-üzə qalmış oluruq: yaşam yalnız ağın, işığın, gündüzün, uğurün, xeyirin… bunların toplu bəxş etdiyi hiss-həyəcanla süslənməyib, “bəxt”in qabağında yalnız “xoş” deyil, neynək, “bəd”də yazılır… Bütün hallarda insan övladı xoşbəxtliyin diləyində… yolunda olacaq, əlbəttə…  Necə deyərlər, “bəlkə də bir gün”…

-Yaradıcılığınızda diqqətçəkən örnəklər çoxdur lakin mən ən çox “Kişilər… Qadınlar” şeirini sevirəm. Bu möhtəşəm şeiri necə yazdınız? – maraqlıdı.

- Dəyərləndirmənizə alqışla cavab verim: möhtəşəm gününüz olsun!
Necə yazdım? – Bilmirəm bu sauala necə cavab verməliyəm..? Necə ki, bu suala cavab verməyin “necəliy”ini bilmirəm, o şeiri də necə yazdığımı o qədər də dəqiq bilmirəm. Fikrət Sadıq demiş, “əslində, əslində əslində deyil”…Əlbəttə, şair yazanda anlaqsız olmur, ancaq havalı olur. Bir dəfə sosial şəbəkədə paylaşdığım bir “status”u burda sizinlə də paylaşmaq istərdim: “Havalıyam, havam çatmır”… Bax, şeir yazma olayını bir baxıma bu “status”la yorumlamaq olar. O sözü ki, axtarırsan, görmək, oxumaq, ona toxunmaq… istəyirsən və onun mövcud olmadığını idrak edirsən, tam da o məqam şeirin doğuluş anına uyğun gəlir…

- Əkbər müəllim, maraqlı müsahibə üçün təşəkkür edirəm. Bir daha adgününüz qutlu olsun!

- Mən Sizə, kollektivinizə, oxucularınıza, oxucularımıza təşəkkür edirəm.
Var olun!

Söhbətləşdi:
Şəfəq AĞACAN

Bölmə : Manşet, Müsahibə
KÖŞƏ YAZARLARI
TOP 10