“O, yalnız pivə içəndə məni xatırlayır, mənsə onu unutmaq üçün hər gün içirəm”

65 Baxış

mushfiq

Senet.az  “Ustad” jurnalının 21-ci sayından, tanınmış detektiv yazar Müşfiq XANın hekayəsini təqdim edir:

PİVƏ, EŞQ VƏ ŞAHANƏ ETİRAFLAR

(hekayə)

 

Unutmağın ən yaxşı yolu xatırlamaqdı…

“Çoxdandır bunu etiraf etmək üçün özümdə cəsarət tapa bilmirdim. Özümü yumurtası tərs gələn toyuq kimi hiss edirəm və bu aylardır davam edir.” Yox, olmadı! – ağzıüstə yatağa tirlənən otuz yaşlarındakı qadın dodaqlarını büzdü. İnboksa yazıb göndərmək üzrə olduğu mesajı silib telefonu kənara atdı.

“Sizi görəndən özümə yer tapa bilmirəm. Bəlkə, məni dəli adlandıracaqsınız. Amma mən…” Off, – qadın yarıya qədər yazdığı sms-i göndərməkdən bu dəfə də vaz keçdi. Kənardan müşahidə edən olsaydı, təxminən əsəbi göründüyünü sezərdi.

Birdən-birə necə uşaqlaşdığının fərqinə varmaq istəyəndə gec olmuşdu. Həyatında ilk dəfə keçirmədiyi bu hislərin indiki şiddətini yatıb yuxusunda görsəydi də inanmazdı. Amma yox, keçən gecə qəhrəmanı ilə tanımadığı məkanda baş-başa verib xeyli söhbətləşmişdilər. Haraydı ora, görəsən? Yuxusunu xatırlamağa çalışdı. Tanış yer deyildi. Amma sınıq-salxaq çaynik və plastmas qənddandakı sonuncu qaxsımış karamel yadında idi. Deyəsən, heç kim yiyə durmamışdı o konfetə. Əslində, həmin saatlarda bunun elə bir önəmi yox idi. Dörd əl tutuşmuşdu. Çaylar da soyumuşdu. Dörd göz baxışırdı. Ucuz çayxana köşəsində üstündəki kirdən cin hürkən masa, dadsız çay, Lamiyədən Elnura, Elzadan Nizamiyə, Rəcəbdən Putinə, Madonnadan Aygünə, Qalatasaraydan Kəmalə-Nərmin sarayındakı toya qədər hər şeydən bəhs edib çərənləyən tüfeyli adamların onlarla eyni ortamda olduqları veclərinə də deyildi.

– Aha! – qadın sevincək yerində dikəldi. – Bəlkə, yuxumu reallaşdırım?! Əla!

Bu fikirlə sevincək telefonu əlinə aldı:

“Vaxtınız olsa, bu gün çay içib söhbətləşək.”

– Yaxşıdır, göndərə bilərəm.

Və ani yaranan sevincdən sonra çökən qatı kədər…

– Olmaz belə… Deməzmi ki, bu çay içmək hardan çıxdı?! Sənin məhəllə uşağınam, yoxsa birdən-ikiyə çay içdiyimiz olub səninlə?!

Özünü illərin yorğunu kimi hiss etdi. Tərəddüd içində əlindəki telefonu söndürdü. Bəlli idi, özü yazmasaydı, onu axtaran olmayacaqdı.

İlıq duş almaq istədi. Tək idi. Noutbuku açıb kefini youtube-da Rammstein “Ich Will” texnosuna köklədi. Səsi artırdı. Sözlərini yenicə əzbərləyib bitirmişdi. Kefli adamlar kimi uca səslə özü də oxumağa başladı. Deyəsən, get-gedə əhvalı düzəlirdi.

Hamama gedərkən qonşudakı gəlinin məsləhətinə əməl etmək istədi. Son vaxtlar saçları zəiflədiyinə görə az-az tökülməyə başlamışdı. Başını soyuq pivə ilə yuyacaqdı ki, tüklərin kökləri möhkəmlənsin. Qonşudakı gəlin belə demişdi. Əli ilə açdığı soyuducunu ayağı ilə bağladı. Dəlicəsinə enerjili görünürdü. Bayaqkı adamdan əsər-əlamət qalmamışdı. Yenə də beyninin içində ilişib qalan etiraf mesajının məzmununu tapa bilmirdi ki, bilmirdi. Əlindəki buz kimi pivəni açanda birdən yeni nəsə kəşf etmiş adamlar kimi yerində duruxdu. Arximedvari “Evrika!” da qışqırmaq keçdi içindən. Deyəsən, nə yazacağını tapmışdı. Yadına bir neçə gün əvvəl qəhrəmanının hədiyyə etdiyi kitab düşdü. Metronun yanındakı mağazalardan birindən almışdı onun üçün. Qalın olmasına baxmayaraq, elə həmin gün oxumuşdu həmin labirintvari kitabı. Süjeti əla düşünülmüşdü. Qərara gəlməsi an məsələsi oldu. Heç vaxt etmədiyini etdi. Cəsarətsizliyinə son qoyacaqdı. Qonşu gəlinin məsləhəti ilə aldığı pivəni tamsınmadan birnəfəsə başına çəkdi.

Ona elə gəldi ki, altı-yeddi dəqiqə ancaq keçib. “Vəziyyətim güldür”, – deyib öz-özünə ipləmə kimi yüksək səslə gülməyə başladı. Heç yadına da düşmədi ki, bu sözü kimdən eşidib.

Sevincək telefonu açıb üçcə kəlmə yazdı və düşünmədən ona göndərdi:

“Sizə aşiq olmuşam”.

Bütün bunları özü mənə danışmışdı. Doğrusu, mənim üçün yazıb-sildiyi mesajların məzmununu eşidəndə gülməkdən özümü zorla saxlamışdım. Etiraf edim ki, ona qarşı boş deyildim. Məndən daha cürətli çıxdığına görə özümü tənbeh edirdimsə də, indi hər şey əla idi və onda bu barədə düşünməyi səfehlik hesab edirdim. Heç bilmirdim kimə dua edim: ona, pivəni icad edənə, qonşunun gəlininə, özümə, yoxsa həmin kitabı yazan Shawn Harrisə?

 

P.S. Aradan zaman keçdi. Sonralar o, yalnız pivə içəndə məni xatırlamağa başladı. Mənsə onu unutmaq üçün hər gün içməyə başladım. Hə, indi hər şey belə tərsə-məssəbdir. İstəməsəm də, yalnız bir şey üçün dua edirəm – o hər gün pivə içsin…

 

Müşfiq Xan

Bölmə : Manşet, Müşfiq XAN
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10