Oğru – Aləm Kəngərli

19 Baxış

photo_1613

Hekayə 

Hava təzəcə qaralırdı. Səkkiz-on yaşlarında olan bir qız uşağı marketin vitrinləri arasında dolaşaraq, oradakı şirniyyatlara nəzər yetirir, nə oğurlayacağını  götur-qoy edirdi. Yoxsul ailənin uşagı olduğu bəlli idi. Qız söhbət əsnasında sinif yoldaşlarından eşitmişdi ki, kasıb balaları tamahını saxlaya bilməyəndə mağazalardan oğurluq edirlər. Ilk cəhdi uğurlu olmuşdu. Bir həftə bundan əvvəl qoynuna basıb çölə cıxardığı “Mars” şokoladının ləzzəti hələ də damağından getməmişdi. İndi  oğurluq etmək üçün növbəti məqamı gözləyirdi. Bu dəfə hədəfdə “Snikers” şokoladı idi. Onu elə götürməliydi ki, heç kim görməsin. Arxası ilə vitrinə tuşlanan müşahidə kamerasının qarşısını kəsməli, ön tərəfdə isə heç kim olmamalı idi.

İçəridəki nəzarətçi gənc olsa da, təcrübəsinə söz ola bilməzdi. O, beşinci il idi ki, bu marketdə çalışırdı. Kimin oğru oldugunu gözündən oxuyur, yerişindən sezirdi. Nimdaş  geyimli bu qız uşağı onun diqqətini çoxdan cəlb etmişdi. Özü bilərəkdən yaxınlaşıb onu sorgu-sual eləmirdi. Məqsədi qızı oğurluq üstündə yaxalayıb,  müdiriyyətdən  mükafat  almaq  idi.

Çox gözləmək lazım gəlmədi. Qız əliboş şəkildə kassanın yanından sivişib çölə çıxmaq istəyəndə sol biləyindən güclu bir əl yapışdı. Oğlan özünü gözə soxmaq, bacarığını nümayiş etdirmək üçün səsini başına atıb hündürdən deyinməyə başladı:

- Abrınız-həyanız olsun! Əl çəkin bu alçaq hərəkətlərinizdən! Sizin əlinizdən hara gedək, bilmirik! İndi polisi çağırıb səni tutduraram,  aglın başına gələr!

Qız qışqırıb-bağırır, özünü yerə çırpır, nəzarətçinin əlindən qurtarıb qaçmaq istəyirdi:

- Yalvarıram, buraxın məni! Bir də etmərəm! Anam bilsə, məni qaranlıq zirzəmiyə  salacaq!  Xahiş  edirəm,  nə olar?!

Mağazadakı alıcılar bir anın içində nəzarətçi ilə uşağı dövrəyə aldılar. Qıza yazığı gələn adamlar onu qurtarmaq üçün hərəkətə keçdilər:

- Əşi, uşaqdı, qanmayıb də!

- Yazıqdı, buraxın getsin! Bir də eləməz.

- Ayıb deyil?!  Bir şokolada görə uşağın bağrını çatlatdınız ki !

- Paho! Dünya dağılıb də. Qorxursuz qazancınız azala?  Götürüb, götürüb də!

Marketin müdiri də gəlib çıxdı. Kənardan deyilən sözlərə məhəl qoymayıb  qıza yaxınlaşdı. Onu dilə tutub yaşadığı ünvanı,  telefon nömrələrini öyrənmək istədi. Bu vaxt əli əsalı yaşlı bir kişi müdirə yaxınlaşıb dedi:

- Cavan oğlan, heç boy-buxunundan utanırsan?! Bu boyda imkanınız ola-ola bir konfetdən yana az qalırsız  yazıq qızı dara çəkəsiniz!

Müdir təmkinini pozmadan dedi:

- Ağsaqqal, məni nahaq yerə təhqir edirsiz. Qızı incitmək fikrim yoxdur. Valideynlərinə təhvil verim ki, bir də oğurluq etməsin. Qız uşağıdır, əli pis öyrənsə, böyüyəndə tərgidə bilməyəcək. Qaldı ki, bu qızcığaza, görünür, kasıb ailədəndir. Valideynlərinin  imkanı çatmır ki, ona şokolad alsınlar. Əgər siz istəyirsinizsə, mən ona yüz manat da verib evlərinə  yola sala bilərəm.

- Verin! Verin! İstəyirik!- deyə ətrafdakılar  bir ağızdan səsləndilər.

- Ancaq bir şərtim var! – müdir dedi.

- Buyurun, görək! – deyə əli əsalı kişi istehza ilə dilləndi.

- Şərtim budur ki, yüz manat mən verəcəyəm, adama beş manat da siz verəcəksiniz!

Heç kimdən səs çıxmadı. Elə bil qurbağa gölünə daş atdılar. Uşağa qahmar çıxan adamlar bir anın içində hara çəkilib getdilərsə, bilən olmadı.

***

Uşaq səsini kəsmişdi. Daha ağlamırdı. Market sahibinin mehriban davranışını görüb, valideynlərinin kim olduğunu, hansı binada yaşadıqlarını ondan gizlətmədi.

Müdir göy rəngli sellofan torba götürüb içini şirniyyatla doldurdu.