“Oksigen Balonu”

297 Baxış

anaminkitabi

Senet.az  bu gündən etibarən “Anamın Kitabı” Ədəbi müsabiqəsinə göndərilən pyesləri yayımlayır. İlk pyes  Vüsal Məmmədzadənin “Oksigen Balonu” əsəridir. 

 

“Oksigen Balonu”

4 PƏRDƏLİ TAMAŞA

 

 

 

I PƏRDƏ

 

HEYƏT:

Hadisəni nəql edən –

Asif –                    Vaxtı ilə hər üçü bağban olublar. İndi park və yaşıllıq kimi bir şey

Qasım –               olmadığından onların da işi yoxdur. Aradabir əvvəllər işlədikləri

Aqil –                     parkın yerində qalan balaca bir yerdə oturub söhbət edirlər, nərd

                               oynayırlar, orada qalan yeganə ağaca su verirlər. Yaşları 50-55.

Adilə -   Asifin arvadı, 45-50 yaşlarında

Zərifə -  Asifin qızı, 20 yaşında

Vaqif –  Dövrün yaxşı bir tikinti şirkətində işləyən varlı birisi. 50-55 yaşlarında

Xədicə – Vaqifin arvadı

Vüqar – Vaqifin oğlu. Zərifəyə elçi düşüb. 20-25 yaşlarında. O da atası kimi

memardır

Təlimdə olan bir neçə nəfər və oksigen balonu satan oğlan.

 

 

   2042-ci il, Bakı.

   Səhnəyə əvvəl hadisəni nəql edən daxil olur. Başına maska geyinib. Bu oksigen balonudur. O, tamaşaçılara 2042-cil ildə dünyanın hansı vəziyyətdə olduğunu danışır.

 

Hadisəni nəql edən: 2042-ci ildir. Dünya əhalisinin sayının BMT-nin statistikasında 10 milyard olduğu bildirilib. Dünyada dəyişikliklər sürətlə gedir. Əhali artımı qidaya və yaşayış yerinə olan tələbatı artırıb. Hər tərəf beton binalardır. Əvvəllər dincəlmək, söhbət etmək üçün oturduğumuz parklardan əsər əlamət yoxdur. Yeni binalar tikmək üçün parkları, yaşıllıqları məhv ediblər. Nəticədə, dünyada oksigen qıtlığı yaşanır. Yalnız bəzi yerlərdə oksigen var. Qalan yerlərdə isə süni şəkildə əldə olunan oksigendən istifadə edirlər. Bu oksigen qazı balonlara doldurulur və küçələrdə satılır. Hər kəs mənim kimi oksigen balonu ilə nəfəs alır.

 

   Bu zaman səhnəyə Asif, Qasım və Aqil daxil olurlar. Asifin əlində nərd, Aqilin əlində su qabı, Qasımın əlində qəzet var. Onlar səhnənin ortasında olan ağaca yaxınlaşırlar. Aqil su qabının qapağını açır və ağaca su verir, sonra su qabını ağacın yanına qoyur. Daha sonra ağacın yanında olan stulda oturub nərdi açırlar və Asiflə Aqil nərd oynamağa başlayır. Qasım isə qəzet oxuyur. Hamısının oksigen maskası var. Balonları ilə birlikdə.

Hadisəni nəql edən ürək ağrısı ilə onların səhnəyə daxil olmaqlarına, ağaca su verməklərinə və nərd oynamağa başlamaqlarına baxır. Onlar söhbətə başlayanda isə səhnəni başıaşağı tərk edir.

 

Aqil (əlindəki zəri oynada oynada): Həə… Elçilik bu gündür, Asif?

Asif (üzündə narazılıq var): Hə…

Aqil: Nə olub? Deyəsən, razı deyilsən bu izdivaca?

Asif: Hələ tanımıram oğlanı, onun ailəsini.

Aqil: Tanıyarsan da. Hələ bir eliçilik olsun, sonra tanıyarsan. Ağlın əvvəlkinə getməsin e. Hələ sevin ki, elçilik adətini qoruyub saxlaya bilmişik. Tanımaq problem olmaz. Ürəyini sıxma.

Asif: Qız deyir ki, oğlanın dədəsi memardır.

Aqil: Lap yaxşı. Deməli, qızın yaxşı yaşayacaq da… (gülür)

Asif: Başın xarabdır? Guya indi pis yaşayır ki, qızım?! Özü də sən bilmirsən, mən memar tayfasına nifrət edirəm? Elə əsas onlar oldu da bizi işsiz qoyan, yaşıllıqlarımızı məhv edən.

Aqil: Bilirəm e, amma nə etmək olar?!

Asif: Gördüm, xoşuma gəlmirlər, verməyəcəyəm qızı.

Aqil: Bax da… Qız sənindir, özün bilərsən. (gülür)

Asif: Bilmirəm, bu qız da gedib haradan tapıb bu memarı?!

Aqil: Əşi, kef elə… Yaxşı olar, inşallah.

 

Bu vaxt hər ikisi yavaş yavaş başlarını Qasıma tərəf çevirirlər. Onun başı bayaqdan qəzet oxumağa qarışıb. Söhbətə heç fikir vermir.

 

Aqil: Adə, nə görmüsən o qəzetdə? Sən də bir təbrik elə də kişini. Qızına elçi gəlib e…

Qasım: Allah xoşbəxt eləsin.

Asif: Sağ ol, Qasım.

Aqil: Sən canı, Qasım, bayaqdan nə oxuyursan elə?

Qasım: Heç nə, artıq dünyanın axırına çatmışıq.

Aqil: Eeee… Olmadı da səninki… Həmişə elə deyirsən, “dünya dağılır”, “dünyanın axırıdır”… Narahat olma e, səndə ki bu sifət var, dünya dağılsa da ölən deyilsən sən (gülürlər)

Qasım (gülməyini saxlayıb): Bilirsiniz, bayaqdan nə oxuyuram?

Aqil: Adə, bəsdir də, bilmirik… De görüm nə oxuyursan.

Qasım: Bilirsiniz də, dünyada artıq çox az yerdə oksigen balonsuz nəfəs almaq olur. Bu yerlərdən biri də Qarabağ idi.

Aqil: Bilirəm, mən tez-tez gedirəm oraya. Hələ Zəngilan meşələrində bilirsən necə oksigen var?

Qasım (kədərli halda): Elə o meşələr haqqında oxuyurdum. Başlayıblar o çinar meşələrini də qırmağa. Ermənilər qırmışdı da nə qədər… Qalanını da özümüzünkülər qırır. Belə getsə, Qarabağa gedəndə də oksingen balonlarımızı götürməli olacağıq.

Aqil: Əşi, kefini pozma… O ağacların indiyə qədər qalmağı möcüzə idi onsuz da. Təəccüblənmədim. Keçən il süni oksigen yaratmağın təzə üsullarını kəşf edəndən sonra, əməlli başlı ağacları qırmağa başladılar. Belə deyək də, artıq ağaclar insana təkcə tikintidə lazım olur (kədərli gülüşlə sözünü bitirir).

 

Bir az sonra

 

Asif: Oyna görək, Aqil. (oyuna davam edirlər)

Aqil(zəri atır): şeş qoşa (sevinclə gülür)

 

Oyun bu cür davam edir. Qasım da bu vaxt qəzet oxuyur. Birdən Qasımın vəziyyəti pisləşir. Onun oksigen balonunda oksigen qurtarıb. Asif və Aqil təşvişə düşürlər.

 

Qasım: nəfəs ala bilmirəm (çətinliklə deyir).

Asif (ayağa durur, ətrafa baxır, kömək istəyir): Kömək edin! Oksigen! Oksigen lazımdı!

 

Aqil bu vaxt Qasımla məşğul olur. Ona öz oksigen balonundan havanı götürüb, onun oksigen balonuna (maskaya) üfürür.

Bir az sonra Oksigen balonu satan cavan oğlan gəlir. Asif tez onun əlindəki balonlardan birini götürür və Qasımın maskasına taxır. Bu vaxt oğlan balonu vermək istəmir və əvvəlcə pulu tələb edir.

 

Oksigen balonu satan oğlan: Pulumu verin, sonra!

Asif: Adə, verəcəm də, qaçmıram ki? Kişi ölür, görmürsən?

 

Oğlan gözləyir. Bir az sonra Qasım da özünə gəlir. Artıq rahat nəfəs ala bilir.

Bir azdan hər şey qaydasına düşür. Asif cibindən pul çıxarıb oğlana verir. Satıcı oğlan gedir.

 

Aqil (Qasıma): Adə, zalım oğlu, evdən çıxanda bir bax da balonuna, gör oksigenin var, ya yox. Başını soxursan bütün günü qəzetin içinə, özündən də xəbərin olmur.

Asif (Aqilə): İşin yoxdur…

 

Oyuna davam edirlər. Qasım yenə qəzetini götürür və oxumağa davam edir. Aqil ona tərəf baxır. Başını bulayır.

 

Aqil: Adə, əl çək də bu zibildən.

Qasım: Sən nərdini oyna.Dünya dağılır, sizin xəbəriniz yoxdur.

Aqil: Cəhənnəmə dağılsın. Dağılsaydı, səndən də canım qurtarardı, dünyadan da, elə sənin qəzetindən də…

Qasım: Narahat olma, az qalıb…

Aqil: Pah atonnan…

Asif (saatına baxır): Qurtarın mübahisəni. Mən getməliyəm. (kinayə ilə) qonaqlarım gələcək. Siz də durun gedin evinizə…

 

Asif nərdi yığışdırır, Aqil su qabını götürür, Qasım qəzet oxumağa davam edir. Qasım və Aqil mübahisə edə edə səhnəni tərk edirlər. Həmçinin, Asif də onlarla bərabər səhnəni tərk edir.

 

PƏRDƏ

 

II PƏRDƏ

 

Səhnə iki hissəyə bölünüb: Asifgilin evi və binanın Asif gilin qapısı olan hissəsi (dəhliz). Səhnənin Asifgilin evi olan hissəsində Asif, Adilə və Zərifə var. Onlar divanda oturublar (Zərifə kresloda oturub), qonaqları gözləyirlər. Bu vaxt səhnənin önündə Hadisəni nəql edən gəlib dayanır.

 

Hadisəni nəql edən: Hə… Artıq vədə gəlib yetişdi. Elçilik vaxtıdır. Asif səbrsizliklə istəmədiyi qonaqlarını gözləyir (başını Asifə tərəf çevirir). Bildiyiniz kimi, Asifin qızına bir memar elçi düşüb. Bu zəmanədə memara tələbat böyükdür.Hər yerdə tikinti gedir axı… Amma Asifin memarlardan heç xoşu gəlmir. O, bir vaxtlar parkda bağban işləyirdi. Sonra memarlar gəlib onun işlədiyi parkı da yeni tikiləcək binanın planına daxil etdilər. Nəticədə park artıq yoxdur. Asif də işsizdir. Dövlətdən aldığı təqaüd isə ona dolanmağa hələ ki bəs edir. Əslində o vaxt ona da bir tanışı bir memarlıq şirkətində iş təklif etmişdi. Amma o, “Nə danışırsan? Mən acından ölərəm, amma memar olub təbiəti məhv etmərəm” – deyirdi. Memar olmadı. Amma indi həyat onun qarşısına memarlar çıxarıb. Maraqlıdır… Görəsən, Asif qızını memara verəcək?

 

Bu vaxt dəhlizdə Vaqif, Xədicə və Vüqar peyda olurlar. Onlar öz aralarında söhbət edirlər. Onların səsini eşidən Hadisəni nəql edən başını arxaya çevirir.

 

Hadisəni nəql edən:Nə isə… Artıq getmək vaxtıdır (səhnədən çıxır).

 

Elçiliyə gələnlər qapının ağzında dayanırlar, onların da oksigen balonu var. Vüqarın əlində gül dəstəsi var. Üst başlarını qaydaya saldıqdan sonra qapını döyürlər. Asifgildə hamı ayağa qalxır. Asif qapıya yaxınlaşır. Adilə də onun arxasınca gedir. Zərifə isə otaqda gözləyir. Asif qapını açır.

 

Asif: Xoş gəlmisiniz. Buyurun, keçin içəri.

Vaqif: Xoş gününüz olsun. (keçirlər içəri)

 

Asif qapını bağlayır. Onları otağa dəvət edir. Vüqar əlindəki gülü Adiləyə verir. Adilə minnətdarlığını bildirir. Qonaqlar gəlib divanda otururlar. Kresloların birində Asif, digərində Adilə oturur. Adilə əlindəki gülü stolun üstünə qoyur. Zərifə səhnədən kənara çıxır bu vaxt. O, mətbəxdədir.

 

Asif: Bir daha xoş gəlmisiniz.

Vaqif: Çox sağ olun.

 

Bu vaxt Xədicə başındakı maskanı çıxarır və nəfəs almaq istəyəndə boğulur. Adilə və Asif ayağa qalxırlar. Ona kömək edirlər. O, maskasını təzədən geyinir.

 

Xədicə (özünə gələndən sonra): Oksigen aparatınız yoxdur?

Adilə: Yox, yoxumuzdur.

Xədicə (kinayə ilə): Hmm…

 

Bir müddətlik sükut çökür. Sükutu Asif pozur.

 

Asif: Nə isə… Keçək əsas məsələyə.

Vaqif: Hara tələsirik?! Bir əvvəlcə çaydan filandan içək, sonra (gülür)

Asif (gülür): Yox, məni səhv başa düşdünüz. Yəni, bir az bir-birimizi tanıyaq deyirəm. Nə də olsa, ilk dəfədir, bir-birimizi görürük.

Vaqif: Düzdür. Bizim görüşüb, bir-birimizi tanımağımıza səbəb cavanlar olub. Oğlum Vüqar və qızınız Zərifə bir-birilərini görüb, bəyəniblər. İndi ona görə də gəlmişik sizə ki, işi ciddiləşdirək.

Asif: Yaxşı eləmisiniz. (bir az gözlədikdən sonra) Eşitdiyimə görə memarlıqla məşğulsunuz?

Xədicə (sözə başlamaq istəyən Vaqifin sözünü kəsərək): Hə, Vaqif məşhur bir tikinti şirkətində baş məsləhətçidir. Oğlum Vüqar da elə memardır (sevincək gülərək üzünü gah Adiləyə, gah da Asifə çevirir).

Asif (başını aşağı salır): lap yaxşı…

 

Yenə bir müddətlik sükut…

 

 

Asif (sükutu pozur): Arvad, dur qıza de, çay gətirsin.

Adilə: bu dəqiqə (ayağa durur, stolun üstünə qoyduğu gül dəstəsini də götürüb səhnədən kənara gedir)

 

Bu vaxt Hadisəni nəql edən səhnənin ortasına gəlir. O danışan müddətdə arxada oturanlar asta səslə söhbətlərinə davam edirlər.

 

Hadisəni nəql edən:Hə… İndi maraqlı bir səhnəyə şahid olacaqsınız. Əvvəllər çayı fincanda içərdik. Fincanı əlimizə alardıq, çəkərdik başımıza. Amma bu maskalar, bu oksigen balonu buna imkan vermir.Düzdür, bəzi evlərdə oksigen aparatı var və evdə maskasız gəzmək mümkün olur. Məslən, Vaqif müəllimgildə (başı arxaya çevirib Vaqif və Xədicəyə baxır). Maskalarla çay içmək isə o qədər də asan deyil (səhnəni tərk edir).

 

Adilə qayıdır, yerində əyləşir.

Bir az sonra Zərifə əlində padnos içəri girir. Əvvəl Vaqifə, sonra Xədicəyə, sonra Asifə, sonra Adiləyə, sonda isə Vüqara padnosu uzadır. Sonra otağı tərk edir.

Xədicə qızı süzür.

 

Xədicə (Vüqara sakit səslə): bu atsifət qızı hardan tapmısan?

Vüqar: Ana!

 

Asif bunu eşidir. Ancaq eşitməməzlikdən gəlir.

Vaqif çayın içinə çayı içmək üçün xüsusi borucuk salır və maskasına yaxınlaşdırır. Çayı bu cür içirlər.

 

Vaqif (çaydan bir qurtum alır): Hə… Asif bəy, siz nə işlə məşğul olursunuz?

Asif: Mən bağban idim.

Vaqif (gülür): Hə? Lap yaxşı… Deməli, siz köhnə sənət sahibisiniz?

Asif: Köhnə sənət… (kədərli səslə). Düzdür, köhnə sənət. Yeni sənət sahibləri məhv elədilər bağbanlığı. Əslində bağbanlığı yox, mən deyərdim, təbiəti.

Vaqif: Yox, əzizim, niyə elə düşünürsünüz? Zəmanə dəyişib artıq. Ona görə, təbiət də dəyişməlidir də.

Asif: Başqa bir şey fikirləşmək olmazdımı?

Vaqif: Əlbəttə yox. Bizə yaşamaq üçün oksigen lazımdırsa, bunu indiki halda istehsal edirlər də. Ona görə də artıq ağaclara ehtiyacımız yoxdur. Tikintiyə tələbat artıb e… Buna görə də əsas diqqəti tikintiyə yönəltmək lazımdır.

Asif: Bəs heç yadınıza düşürmü, meşəliklərə istirahətə getdiyimiz vaxtlar?

Vaqif: Yox, düşmür. İndi daha maralı istirahətlər var. Hər gün yeni əyləncə qurğuları quraşdırırlar. Bilirsiniz, necə həyəcanverici olur?

Asif: Mənə ağac lazımdır. Bir də rahat nəfəs almaq. Bu gün balonundakı oksigen qurtardığı üçün az qala dostum ölürdü. Bu cür yaşamaq olar?

Vaqif: Gərək, dostunuz diqqətli olsun da… Niyə olmur bu cür yaşamaq? Mən necə yaşayıram? Siz necə yaşayırsınız?…

Asif (başa düşür ki, Vaqifə söz çatdırmaq olmayacaq, sözü dəyişir): Nə isə… Keçək başqa məsələyə. Dediniz, oğlunuz da memardır?

Xədicə: Hə, memardır. (Vüqara baxır) Ə, bir danış da…

Vüqar (utancaq səslə): Bəli, memaram.

Vaqif: Əslində, tam memar demək olmaz. O, bizim şirkət üçün yeni kadrlar hazırlayır.

Asif: Lap yaxşı… Yəqin, maraqlı olar işin (Vüqara müraciətlə).

Vüqar: Maralıdır, bəli (başı ilə təsdiq edir).

Vaqif: Asif müəllim, bəlkə, bir gün siz də oğlumun təlimlərində iştirak edəsiniz? İnandırıram sizi, həmin təlimlərdən sonra başa düşəcəksiniz ki, biz əslində necə müqəddəs bir iş yerinə yetiririk. İndiki halda memarlara nifrət edirsiniz. Amma ondan sonra fikriniz tam dəyişəcək.

Asif: Yox, əstağfürullah, mən heç kimə nifrət etmirəm. Sadəcə, təbiətin bu cür məhv edilməsi məni kədərləndirir. Düzünü desəm, əsas günahkarlardan biri kimi də memarları görürəm.

Vaqif: Baxın, görürsünüz? Mənfi fikirdəsiniz memarlara qarşı. Amma təlimlərdən sonra fikriniz tamam dəyişəcək.

Asif (bir az düşünür. Bu müddətdə otaqda olanların hamısı Asifə baxır): Təlimlər nə vaxtdır?

Vüqar: İki gündən sonra növbəti təlim var.

Asif: Gələ bilərəm?

Vüqar (gülür): Əlbəttə. Sevinərəm.

Vaqif: Hə… Lap yaxşı oldu belə. Siz gedin, oğluma qulaq asın. O, sizə başa salacaq niyə ağacları binalarla və başqa tikililərlə əvəz edtiyimizi.

 

Çaylarını içməyə davam edirlər.

Bir qədər sonra…

 

Vaqif: Hə… İndi keçək gəlişimizin məqsədinə.

Asif: Bir dəqiqə… Məncə, keçməyək. Yaxşısı budur, mən oğlunuzun təlimlərində iştirak edim, onu yaxından tanımağa çalışım, həmçinin sizi də. Sonra bir də qonağımız olarsınız. Yəqin, başa düşərsiniz məni?

Vaqif (bu söhbətdən heç də xoşhal olmur): Eybi yox, Asif müəllim. Olar. Siz bizə xəbər verərsiniz onda.

Asif: Çox sağ olun.

Vaqif: Nə isə… Artıq gecdir. Biz gedək. Tezliklə görüşərik.

Asif: İnşallah.

 

Hamı ayağa qalxır. Asifgil Vaqifgili qapının ağzından yola salır.

Asifgil qayıdırlar divanda otururlar. Zərifə gəlir.

 

Asif: Qızım, mənim bunlardan heç xoşum gəlmədi e…

Zərifə (utanır): Ata, eybi yox, sən necə istəyirsən, elə də elə…

Asif: Mən sənin yaxşılığını istəyirəm, Zərifə.

Adilə (söhbətə qoşulur): Ay kişi, heç düz eləmədin e.

Asif: Arvad, niyə ki? Qoy bir tanıyaq, görək, kimdirlər də. Memarlardan xoşum gəlmir. Qoy bir bunların xoşuma gələn bir tərəflərini tapım, sonra da.

Adilə: Necə istəyirsən, elə də elə. (kinayə ilə) “Memarlardan xoşum gəlmir”… Nə var, nə var, bunun parkındakı 1-2 çürümüş ağacı kəsib, yerində bina tikiblər. Dövrün tələbidir də…

Asif: Dövrün tələbidir? Bu insanların nəfsindən başqa bir şey deyil, arvad.

Adilə: Nə isə… Özün bilərsən. Qız sənin, necə istəyirsən, elə.

Asif: Narahat olma elə edəcəyəm onsuz da… (ayağa durur). Gecdir. Gedin yatın.

 

Özü səhnəni tərk edir. Bir qədər sonra Adilə və Zərifə də səhnəni tərk edirlər. Zərifə stolun üstündəki fincanları padnosa yığıb səhnədən çıxır.

 

PƏRDƏ

 

III PƏRDƏ

 

Səhnədə bir sinif otağı var. Otaqda 5-6 nəfər. Vüqar ayaqüstə onlara nələrisə izah edir. Arxasındakı lövhədə diaqramlar çəkilib. Oturanlar ona diqqətlə qulaq asırlar. Onların da arxa tərəfində bir qapı var. Bu sinifin qapısıdır. İçəridəkilər oksigen balonundan istifadə etmirlər. Onlar balonlarını çıxarıb yanlarına qoyublar. Otaqda oksigen aparatı var.

   Hadisəni nəql edən səhnəyə daxil olur. Ən öndə dayanır.

 

Hadisəni nəql edən: Vüqarın təlimi başlayıb. Bu gün bu təlimdə Asif də iştirak etməlidir. Amma gecikib. Görəsən, niyə gəlməyib? Bəlkə, heç gəlməyəcək? Düşünürəm ki, Vüqar ağacların qırılmasına, yaşıllıqların məhv edilməsinə əsaslı səbəblər gətirə bilməsə, çətin ki, Asifin qızını ala bilsin.

 

Bu vaxt qapı döyülür.

 

Vüqar: Buyurun.

 

Asif qapını açıb içəri daxil olur. Vüqar onu görəndə həyəcanlanır.

 

Vüqar: Asif dayı, buyurun. Keçin əyləşin (boş yerlərdən birini ona təklif edir). Oksigen balonunuzu çıxara bilərsiniz. İçəridə aparat var. (Asifə bildirir)

 

Asif balonu çıxarır, keçib boş yerlərin birində oturur.

 

Vüqar: Asif dayı, artıq bir neçə dəqiqədir ki, başlamışıq, amma mən sizə yenidən izah edəcəm danışdığım məqamları.

 

Asif də ona diqqətlə qulaq asmağa başlayır.

 

Vüqar (əlindəki markerdən istifadə edərək): Deməli, artıq dünya 2020-ci ildən sonra sürətli inkişafa qədəm qoydu. Buna dünya əhalisinin say artımı güclü təsir etdi. Yaşamağa daha çox yerə ehtiyac var idi. Buna görə də tikintiyə daha çox fikir verilməyə başlandı və bunun üçün daha çox yer ayrıldı. Nəticədə yeni bir məsələ ortaya çıxdı: ağacları qırmaq. Bu həm yer üçün, həm də tikinti materialı üçün bizə lazım idi. Amma bildiyimiz kimi ağaclar bizə həyat üçün mühüm olan oksigen verirdi. Alimlər bunun da çarəsini tapdı. Süni oksigen əldə olunmağa başlandı. Bu oksigen balonlarda saxlanılır və istifadə olunurdu. İndi bizim istifadə etdiyimiz oksigen balonları həmin balonların təkmilləşmiş formalarıdır. Bu balonlarda daha çox oksigen saxlamaq mümkün olur və daha təhlükəsizdir.

Yəni, ağacların qırılmağı əslində, problem deyil. Bu tikinti sənayesinin inkişafına öz müsbət təsirini göstərdi.

Asif: Bəs o yaşıllıqlar? O kölgəliklər? Əvvəllər parklarda ağacların kölgəsində oturub dost-tanışla söhbət edərdik. Təmiz hava alardıq. Ancaq indi ağaclar qırıldığına görə təmiz hava yox, heç təbii hava da tapa bilmirik.

 

Bu vaxt hamı diqqətlə Asifə baxırdı.

 

Vüqar (Bir az fikirləşir): Düzdür. Amma bizim başqa çıxış yolumuz da yoxdur axı.

Asif: Niyə yoxdur? Sizi bilmirəm, amma mənə bu cür yaşamaq çox əziyyət verir. Qorxursan ki, küçənin ortasında oksigenin qurtaracaq,  öləcəksən. Hər gün neçə nəfər ölür buna görə? Bəs siz bunlar haqqında heç fikirləşmirsinizmi?

Vüqar: Bu bizim işimiz deyil. Dünyada qəbul olunmuş bir inkişaf mexanizmi var. Biz də ona uyğun hərəkət edirik.

Asif: Bu yaxınlarda eşitdim ki, Zəngilan meşələrini qırmağa başlayıblar. Heyf deyil mi o meşələrdən?

Vüqar: O prosesi bizim şirkət həyata keçirir. Xəzər dənizində salınacaq yeni şəhərcik üçün çinar ağacları lazım idi. Ən yaxşı materialları Zəngilan meşələrindən tapa bilərdik.

Asif: Alimlər oksigen kəşf ediblər deyə, dünyanı dağıdırlar, insanları məhv edirlər… Sənin alimlərin süni oksigeni kəşf edənə qədər tikintidə yeni üsullar axtarardı gərək. Sənaye inkişaf edib. Ağacları əvəz edən materiallar çoxdur. Tikintidə də bunlardan yararlanmaq olar. Ancaq təbii ağacdan hazırlanan tikili daha gözəgəlimli və bahalı olur. Tikinti şirkətləri də o qədər pula həris olublar ki, ağacları qurban edirlər.

Vüqar: Düz deyil bu!

Asif: Sözümü kəsmə! (əsəbiləşir). Alimlərin süni oksigenlə insanları yaşadınca, süni materiallarla bina tikməyi ön plana çəkməli idi. Hər halda insan sağlamlığı daha vacibdir. 50 mərtəbəli binaların arasındakı həyətə gün işığı düşmür. Ağac olsa da gün işığı olmadan yaşaya bilməzdi. Yəni, oğlum, sizə təklif edirəm ki, nəsə tikəntə hər şeyi fikirləşin. Yazıq insanları da, bitkiləri də, canlıların hamısını fikirləşin!

 

Bir qədər sükutdan sonra Asif sakit səslə başıaşağı sözünə davam edir.

 

Asif: Başa düşə bilmirəm, insanlar nəfslərinə niyə bu qədər uyublar? İstəyirlər, hər şey istədikləri kimi olsun, istədiklərini eləsinlər. Bir ara alimlər Ayda, Marsda həyat axtarmağa başladılar. Amma tapa bilmədilər. Orada oksigen, atmosfer yox idi. Ona görə orada yaşamaq da olmazdı. İndi onlar bizim yaşadığımız Yer planetini həmin vəziyyətə qoyublar. Burdada artıq oksigen yoxdur. Atmosfer də tədricən məhv olur. Bəs bir neçə ildən sonra necə olacaq? Məncə, Yerin nə Marsdan, nə də Aydan fərqi olacaq.

Vüqar: Alimlərimiz bunlar haqda, yəqin ki, düşünürlər. Necə məsləhətdirsə, elə də edəcəklər. Ümid edirəm, hər şey insanlar üçün yaxşı olacaq. İndi də pis deyil. Necə lazımdırsa, elədir.

 

Asif artıq əsəbiləşirdi. Bunu onun hərəkətlərində, mimikalarında görmək olurdu.

 

Asif: Oğlum, biz tam fərqli düşünən insanlarıq. Bir-birimizi başa düşmədik. Mən bilirəm ki, heç nə edə bilmərəm. Artıq bunun üçün gecdir. Kaş imkanım olaydı vaxtı geri qaytara biləydim. Həmin yaşıllıqlar, parklar olan vaxta… İnsanlara başa salmağa çalışardım ki, ağacları qırmaq olmaz. Bunun üçün əlimdən gələni edərdim. Kaş bu vəziyyəti vaxtında görüb nəticə çıxarmağı bacaraydıq.  Amma təəssüf…

 

Bütün bu dialoq ərzində hamı diqqətlə gah Vüqara, gah da Asifə baxırdı.

Asif ayağa qalxır. Otaqda gəzməyə başlayır. Otaqdakılara müraciətlə aşağıdakıları deyir.

 

Asif: Yazıq deyil mi, insanlara? İstirahət etməyə yer qalmayıb. Əvvəl gedib ağac kölgəsində oturub kabab bişirərdik qohumlarla, istirahət edərdik. İndi elə bir yer də yoxdur. O boyda Qafqaz dağlarındakı meşələri bir neçə aya məhv etdilər. Dəhşətə gəlmişdim. İnsan bu qədər vəhşi ola bilərmi? Deməli, ola bilərmiş.

O vaxt işlədiyim parkı məhv edəndə bir ağaca külli miqdarda pul verib özəlləşdirmişəm. İndi də salamatdır. Tez-tez gedib su verirəm. Amma bilirəm ki, onun da ömrünə az qalıb. Kimsə gəlib kəsməsə də o özü özünü məhv edəcək. Dünyada tək qalmaq nəyinə lazımdır axı. Nə isə… Mənim bu dediklərim heç nəyi dəyişdirən deyil. İşində ol, oğul. Atangilə də de, gəlməyə ehtiyac yoxdur. Qızı verdim sənə. Allah xoşbəxt eləsin sizi.

 

Asif bunları deyib, oksigen balonunu götürüb taxır və otaqdan çıxır. Otaqda hamı sakitcə onun gedişinə baxır.

 

PƏRDƏ

 

IV PƏRDƏ

 

   I Pərdədə olan səhnə, ağac, stullar və s. Asif səhnənin bir başından gəlir. Gəlir oturur ağacın yanında. Başlayır ağacla danışmağa.

 

Asif: Dostum, sənin sağ qalmağın üçün mübarizə aparmaqdan yoruldum artıq. Mən bu vəhşiləşmiş insanlara heç nə başa sala bilmirəm. Sənin qədrini bilən yoxdur. İnsanlar üçün sən tikinti materialından başqa bir şey deyilsən. Mən neçə illərdir ürək ağrısı ilə bu səhnəni seyr edirəm. Artıq dözə bilmirəm.

 

Əlini başına dayayır. Bir müddət sakit oturur.

Hadisəni nəql edən səhnəyə gəlir.

 

Hadisəni nəql edən: Asifi başa düşmək olar. Hər halda o, ağacların arasında keçirirdi bütün gününü. İndi hər yerdə ağac əvəzinə beton tikililər görmək ona pis təsir edir.

 

Bu vaxt Asif başlayır danışmağa. Hadisəni nəql edən üzünü arxaya çevirib ona tamaşa edir.

 

Asif: Belə yaşamaq mənə lazım deyil. (Balonunu çıxarır və boğulmağa başlayır)

 

Hadisəni nəql edən bu səhnəyə tamaşa edir. Ətrafa baxır.

 

Hadisəni nəql edən: Bu da son. Bəlkə də, insanlığın sonu…

 

SON

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10