Oktay Hacımusalı: “Saz Türklərin yaddaşıdır” – MÜSAHİBƏ

31 Baxış

скачанные файлыSenet.az şair Oktay Hacımusalı ilə müsahibəni təqdim edir

 -Oktay bəy, Azərbaycan türk şeirlərinin Turandakı digər soydaşlarımızın şeirləri ilə nə dərəcədə oxşarlığı var?

-İlk ondan başlayaq ki, Türk özünü tanıyandan, əlinə qopuz alıb, çağır alıb Tenqrisinin qutsamaı ilə şeir deyib söz qoşub. Heç uzağa getməyək, Türkün ən qədim ədəbi nümunələrindən sayılan “sav”ın bu gün də arxaik leksikonumuzda belə olsa izi qalib.Məsələn tanış adamdan nəsə soruşanda deyirik ki, sözündən – sovundan?! Kim nə deyir desin bu Türkün ilkin söz saxlancıdır, ilkin söz yaddaşıdır. O ki, qaldı Azərbaycan şeiri ilə digər Türk ellərinin şeirlərinin oxşarlığına, oxşarlıq kifayət qədərdir.

-Örnəklər verə bilərsinizmi?

Bəli, örnək vermək mümkündür. Siz düşünün ki, bir Türk ulusuna məxsus şair istər Tuvada, istər Anadoluda olsun, istərsə də Azərbaycanda heç fərq etmir öz milli genetik kodlarını şeir vasitəsi ilə ötürür. Örnək:

Deyirəm özümə daha ağlama,

Yapışdı Tanrı adına atdığın sikkə.

Dodaqların qan içində deyil artıq,

Qutsallıq sevgidir, bir ovuc sevgi

Deyildir nə qan, nə də ki hikkə.  – deyən xakas türklərindən Nataliya Axpaşeva da həmin ruhun daşıyıcısıdır.

Şaman qəzəbli hərəkətləri ilə

Ruhumu ələ almağa çalışır.

Evimin qarşı pəncərəsinə əksi vurur

Umay Ananın kədərli üzünün . – deyən şor türklərindən Lyuba Arbaçakova da eyni ruhun daşıyıcısıdır.

Qutsal, şanlı tariximdən danışır,

Xakas, Altay, Tuvalarda kurqanlar.

Qopuzumuz, atımızla yarışır,

Külək kimi gəlib keçən zamanlar.

Altay, xakas, tuva, qırğız, qazaxıq,

Bizik Asiyanın xas övladları.

Durmadan böyüyüb çoxalacağıq,

Quracağıq Turan adlı diyarı. – deyən Tuva türklərindən Zoya Donqax da..

Və ən maraqlısı odur ki, yetmiş illik müstəmləkə, Sovet imperiyasinin yoxetmə siyasəti türkləri daha çox törəyə bağladı, Türk daha çox özünə yaxınlaşdı. Çünki, elə yaşam biçimini qoruyurdu. Bir şey də deyim ki, araşdırdıqca, incələdikcə görürsən ki, ədəbiyyatımız o qədər zəngindir, o qədər mükəmməldir ki, bu mükəmməlliyin, bu zənginliyin qarşısını heç bir güc ala bilməz.

- Ürəyinizə sağlıq. Yaxşı, Oqtay bəy xalq oyunlarında necə bu birlik özünü göstərirmi? Məsələn Azərbaycan türklərində oynanan “aşıq-aşıq” oyunu və s.

-Hələlik, o yerlərə gedib gelmək şansımız olmadığından – ki, Tanrım qismət eləsin, Ötükəni, Tanrı dağlarını görək hər birimiz – indilik sadəcə virtual aləmdə o yerlərə səyahət etmə imkanımız olur. Yəni, sosial şəbəkələr vasitəsi, o yerlər haqqında, tarixi, etnoqrafiyası ilə bağlı çəkilən sənədli filmlərə baxdıqca adam barmağını dişləyir ki, ey dadi – bidad, hər şeyimiz eyni imiş. İşdən imkan tapdıqca, bir neçə vaxtdır ki, sırf Sibirdə yaşayan Türkləri araşdırıram və görürəm ki, xırda bəzi ləhcə fərqlərini çıxsaq demək olar ki, hər şeyimiz eynidir. Məsələn, xakas türklərində bizim bənövşə oyununun eynisi oynanılır. Balaca Xakas cocuqları “giçik toy” dedikləri nişan mərasimində maraqlı bir oyun oynayırlar. Bu oyunda oğlan uşaqları bir tərəfə, qız uşaqları bir tərəfə ayrılırlar. Və başlayır oyun. Elə bircə “adı qyuzel”, “uzi güzel” desek, yəqin ki, oxucular biləcəklər söhbət hansı oyundan gedir.

Bu bizim hamimizin uşaq vaxti oynadığı “Bənövşə” oyunudur. Ya da nağıllarımız. Şorlar diyarında yaşayan türklərin nağılları ilə Saxaların, ya da biz Azərbaycan türklərinin nağılları arasında elə də böyük fərq yoxdur, ola da bilməz. Çünki, bu şifahi xalq ədəbiyyatı nümunələri dədələrimizin, qamlarımızın bizə ruh kimi üfürdüyü kodlardır. Layla deyəndə uşaq təkcə yatmır, həm də onun ruhu təzələnir. Beş – on əsr ondan öncə yaşamış uluların, əcdadların ruhu gəlir onu görməyə. O ruh qarışır qana, cana keçir. Sonradan nə qədər o çocuğu özündən uzaqlaşdırmağa çalışsalar da alınmır. Çünki, onun ruhuna qanına o laylalar hopub.

-Qızıl Alma motuvi necə,mən bildiyim qədərilə Azərbaycanda Yusif Səmədoğlununun və Qırğız türklərindən Çingiz Aytmatovun əsərində var. Başqa kimlərin əsərlərində görmək olar bu bu motivi?

-Qızıl Alma Turkiyə türklərinin ədəbiyyatinda Niyazi Yıldırım Gencosmanoglunda, Dilaver Cebecidə mövcudddur.  L. Kokışevin “Surak” (Sual), A. Adarov’un “Tonyukuk” və “Kül-teginnin Kölötközi” (Kültiginin Kölgəsi), B. Bedurovun “Daş Kezer” və B. Ukaçinin “Tonyukuktın Kereezi” adlı şeirlərində Qızıl Alma anlayışı mövcuddur.

 -Bəs Sazla bağlı nə deyə bilərsiz. Turanlılarda sazın və onun havalarında nə kimi əlaqə və fərqliliklər var?

- Saz Türklərin yaddaşıdır. İstər adına saz deyin, istər adına çağır deyin, istər adına qopuz deyin fərq etmir. Ya da saz çalan istər ozan olsun, istərsə də xayçı fərq etməz əsas odur ki, yaddaşlarda Turanın işığı var və bu işıq soyuq qış gecələrini isitmək, insanların içinə qut vermək üçün yetərlidir. Anadolu türklərində, bizdə və Türkmən türklərində saz, digər Türk boylarında isə daha çox qopuz çalınır.

- Ulu Tanrı sizə yar olsun, bəyim. Var olun. Bilgiləndik. Sənətlə qalın.

- Əsən olun mən də dərginizə öz təşəkkürlərimi bildirirəm. Uca Tanri özu yardımcınız olsun, işiniz qutsaldır, bu işdə yorulmayasınız.

 

Söhbətləşdi: Odər Sərdar 

KÖŞƏ YAZARLARI
TOP 10