“Öküz” hekayəsi – Mo Yan

13 Baxış

Mo Yan

Çinli yazıçı Guan Moye Mo Yan təxəllüsü ilə tanınır. Təxəllüsün mənası çin dilindən “Danışma” deməkdir. Yazıçı karyerasına Çinin islahatlar dövründə Çin dilində nəşr etdirdiyi onlarla qısa hekayə və romanlar yazmaqla başlayıb. Mo Yanın əsərləri “qara yumor”dan ibarət tarixi epik romanlardır. Mo Yan 2012-ci ildə Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb.

 

Yazıçının “Öküz” hekayəsini sizə təqdim edirik.

Lao Lan yeni metod kəşf etmişdi. O, kəsilmiş heyvanların ağciyər arteriyalarını təzyiqli su ilə doldururdu. Belə ki, Lao Lanın yeni kəşfi sayəsində iki yüz yinlik* donuzun bədəninə bir vedrə su doldura bilərdin, köhnə üsulla isə ölü öküzün bədəninə yalnız yarım vedrə tökmək mümkün idi.

Özlərini ağıllı hesab edən şəhər camaatı illərdir ətə pul verdiklərini düşünsələr də, əslində kəndimizin suyuna pul xərclədiklərini bilmirdilər. Əminəm ki, aldadıldıqları rəqəmdən xəbərləri olsaydı, əsəblərindən dırnaqlarını gəmirərdilər.

Lao Lan özü yekəqarın, qırmızısifət biri idi, səsi cırıltılı zınqırov kimi çıxırdı. Bir sözlə o, sanki varlı məmur olmaq üçün doğulmuşdu.

Kəndə başçı təyin olunduqdan sonra kəndin sərvətini talamaqda və rüşvətin dəbə minməyində lider kimi canfəşanlıqla xidmət etdi. Kəndçilər onun əlindən boğaza yığılmışdılar, hətta bəziləri onun divardakı şəkillərini cıraraq, Lao Lanı işçi zümrəsinin hakimiyyətini devirmək istəyən varlıların himayədarı adlandırırdı. Ancaq bunlar hamısı sözdən o tərəfə keçmirdi. O, tez-tez deyərdi: “Əjdahadan əjdaha, Simurq quşundan Simurq doğar və siçanlar ömrü boyu dəlmə-deşiklərdə yaşamağa məcburdurlar”.

Onun gəlişindən bir müddət sonra qərara gəldik ki, o Kunq-Fu ustadlarına oxşayır, çünki Lao Lan da ustadlar kimi heç vaxt bacardıqlarının hamısını öz şagirdlərinə öyrətmirdi, özünü qorumaq üçün həmişə əlavə fəndləri olurdu. Lao Lanın suvurma metodu ilə əldə etdiyi əti, hamınınkına bənzəyirdi, ancaq başqalarından fərqli olaraq onlar daha təzə görünür, xoş qoxurdular. Əgər sən həmin əti iki gün günün altında saxlasan belə xarab olmurdu, ancaq digərləri əti satmasalar bir gündə qurd tökərdi. Buna görə də Lao Lan heç vaxt qiyməti öldürmək istəyən müştərilərlə razılaşmırdı, çünki əti əvvəlki kimi təzə görünürdü və satılmamaq qorxusu yox idi.

Atam – Luo Tonq mənə demişdi ki, Lao Lan ətə su yox, formaldehid vurur. O, Lao Landan daha ağıllı idi. Luo Tonq heç vaxt fizika oxumamışdı, amma müsbət və mənfi enerji ilə bağlı hər şeyi bilirdi, o, heç vaxt biologiya oxumamışdı, amma yaradılışın ən kiçik zərrəsinə qədər xəbərdar idi, o, heç vaxt kimya oxumamışdı, ancaq formaldehidin bakteriyaları öldürdüyünü, əti xarab olmaqdan qoruduğunu və proteini stabilləşdirdiyini deyir, buna görə də Lao Lanın ətə formaldehid vurduğunu güman edirdi. Əminəm ki, atam varlanmaq istəsəydi, qısa vaxt ərzində kəndin ən zəngin adamı olardı. Ancaq o, əjdaha ilə adam arasında bir məxluqdu, mal-mülk marağında deyildi. Siz siçovulları və dələləri yeməklərini gizlətmək üçün deşiklər qazdığını görə bilərsiniz, ancaq heç vaxt Lao Lan digər insanlara bənzəməyib, heç vaxt məkrli vasitələrlə pullar yığmayıb, qaşınmayan yerdən qan çıxartmayıb. Nə də bəzi yekəpər kəndliləri kimi alnının təri ilə pul qazanmaq üçün qatar stansiyasına gedirdi. O, həyatını ağlı ilə qururdu.

Heç kim meşənin kralı – aslanın belə bir şey edəcəyini görə bilməz. Aslanlar vaxtının çoxunu yuvasında yataraq keçirər, ancaq acanda ovlanmaq üçün hücum edərlər. Atam da aslan kimi vaxtının çoxunu evində yemək, içmək və xoş vaxt keçirmək üçün keçirir, ancaq ac olanda gəlir barəsində düşünməyə başlayır.

Pao Dinq adlı məşhur aşbaz var idi, inəkləri doğramaqda mahir idi. Doğranmış əti incələyən təkcə bir mütəxəssis var idi – mənim atam. Pao Dinqin gözündə inək sümükdən və yeməli ətdən ibarət idi. Həmçinin, mənim atamın nəzərində də. Pao Dinqin baxışları iti bıçaq kimiydi, atamınkı isə həm iti, həm də ancaq düz dilimlə kəsən bıçaq kimiydi.

Demək istədiyim budur ki, əgər siz atama canlı inək göstərsəydiniz, o iki, ya da ən uzağı üç dəfə inəyin ətrafında gəzişər, şou üçün əli ilə ayaqlarını sığallayar, sonra isə onun çəkisini və sümüklərinin ağırlığını deyərdi, bu cür dəqiqliyi ancaq İngiltərə qəssabxanalarında rəqəmsal alətlər ölçə bilərdi. Əvvəlcə camaat onun dil pəhləvanı olduğunu, hapa-gopa basdığını düşünürdülər, ancaq atamın dediklərini yoxladıqdan sonra inandılar. Artıq atam qəssablar və maldarlar arasındakı sövdələşmədə söz sahibi oldu və bununla da ədalət bərpa edildi. Onun bu bacarığı üzə çıxandan  sonra qəssablar və maldarlar daha çox gəlir əldə etmək üçün onu ələ almağa çalışırdılar. Lakin o, öz nüfuzuna hörmət edən insan olaraq hər hansı bir qazanc üçün öz reputasiyasını təhlükəyə atmazdı. Əgər maldarlar bizim evə gəlib ona şərab və siqaret hədiyyə edərdilərsə, atam onları tez evdən küçəyə qədər qovar, sonra bağımızın hasarına dırmaşıb yüksək səslə söyərdi. Əgər qəssablar donuz başı hədiyyə etmək istəsəydi, atam onları küçənin başına qədər daşlayar, sonra da bağçamızın divarına çıxıb söyərdi. Qəssablar və maldarlar hər ikisi Luo Tonqun axmaq olduğunu deyərdilər, ancaq hamısı onun ədalətli olduğunu etiraf edərdi.

Kənd camaatı ona qeyd-şərtsiz inanırdı. Əgər sövdələşmə dalana dirənərdisə, tərəflər məsələnin həlli üçün ona üz tuturdular.

– Gəlin mübahisəni dayandıraq və görək Luo Tonq nə deyir!

– Yaxşı, elə olsun. Luo Tonq, sən qərar ver!

Atam özündənrazı bir əda ilə heyvanın ətrafında iki dəfə fırlanır, nə alıcıya, nə də satıcıya tərəf baxmır, sonra göyün maviliyinə nəzər salır və çəkinin, ətin və sümüyün çəkisini, ardınca da qiymətini açıqlayırdı. Ardınca siqaret yandıraraq özü üçün gəzişirdi. Alıcı və satıcı bir-birinə əl verib razılığa gəlirdilər.

– Yaxşı razılaşma oldu!

Bir dəfə sövdə baş tutduqdan sonra alıcı və satıcı atamın yanına gəlib, hər biri ona on yuanlıq istiqraz və öz təşəkkürlərini çatdırırdılar. Aydın olduğu kimi, atamdan əvvəl bu tip auksionlarda razılaşmalar, danışıqlar köhnə üsulla aparılırdı – qaranlıq, qəribə məkanlarda sıraların arxasından barmaqları ilə gizli rəqəmlər deyən yekəpər qoca kişilər – brokerlərlə keçirilirdi. Atam bu brokerləri tarixin səhifələrindən silməyi bacardı. Diqqətə dəyər mal-qara alverindəki bu irəliləyiş bir az şişirtsək əsl inqilabi addım idi. Atamın iti gözləri təkcə inəklərdə yox, donuzlar və qoyunlarda da yaxşı işləyirdi. O, usta dülgər kimi həm masa düzəldə bilir, həm də oturacaq, xüsusilə onun istedadı tabutda özünü büruzə verirdi, atamın hətta dəvələri də qiymətləndirməkdə çətinliyi yox idi.

Yay vaxtı, səhər tezdən atam məni çiyinlərinə alıb tavana qaldırmışdı. Biz hələ də babamdan miras qalmış üç otaqlı qaradamda yaşayırdıq. Bizim qaradamımız yeni tikili binalar və qırmızı damörtükləri arasında qorxunc və köhnə görünürdü, sanki dilənçi varlıların qarşısında diz çöküb sədəqə istəyirdi. Bağçamızın divarı yetkinlik yaşına çatmış, ətrafı yabanı otlarla əhatələnmişdi. Tənbəl, bivec atam sayəsində ətlə dolu qazanlarla xoş günlər və boş qablarla yarıac ağır dövrlər keçirərək ekstremal bir həyat yaşayırdıq. Nə vaxtı atam anamın qəzəbli söyüşlərinə tuş gəlirdi, o deyirdi:

– Tezliklə, bu yaxınlarda ikinci torpaq islahatı başlayacaq və evi dəyişmədiyim üçün mənə təşəkkür edəcəksiniz. Bir anlıq da olsa Lao Lana qibtə etməyin, çünki o sahibkar atası kimi külə dönəcək və kasıb kəndlilər onu öldürmək üçün körpüyə sürüyəcəklər.

O, anamın başına əli ilə xəyali tapança tutaraq atəş açar, ardınca da qışqırardı:

– Banq!

Anam əsəbdən başını iki əli ilə tutar və haray çəkərdi. Amma ikinci torpaq islahatı keçirilmirdi və deyəsən, heç vaxt da başlamayacaqdı. Yazıq anam insanların zibilliyə atdığı çürük şirin kartoflarla donuzlarını bəsləyirdi. İki donuzumuz heç vaxt tam doymur, həmişə acından zikkildəyirdi. Bu, çox zəhlətökən idi.

Bir səhər atam əsəbi-əsəbi deyindi:

– Bunların səsi beynimə düşür. Bu iki haramzadəni tutub qazana doldurun.

Anam əlindəki baltaya tərs-tərs baxıb dedi:

– Bunu heç ağlına da gətirmə. Onlar mənim donuzumdur. Mən böyütmüşəm, heç kim onların tükünə də toxuna bilməz. Bu, mənim üçün ölüm-qalım məsələsidir.

– Yaxşı görək, – atam hiyləgərcəsinə gülərək dedi, – Sənin bir ət – bir dəri olan heyvanların guya kimə lazımdı?

Mən donuzları diqqətlə nəzərdən keçirdim, atam düz deyirdi, bu donuzlarda elə də çox ət yox idi, ancaq ətli qulaqları qəlyanaltı üçün yaxşı idi. Məncə, donuz başının ən yaxşı yeri qulaqlarıdır, yağı-piyi az olur, xırda sümükləri adamın ağzında xırçıldayır. Onlar xiyarla dadlı olur, özü də təzə yetişən xiyarla, bir az da əzilmiş sarımsaq və küncüt yağı ilə.

– Biz onların qulaqlarını yeyə bilərik, – ucadan dedim.

– Mən sənin qulağını kəsib yeyəcəm, yaramazın biri! – anam dedi.

O, qulağımı dartdı, atam məni xilas etmək üçün boynundan endirməyə çalışdı, mən isə qulağımın qopacağından qorxub qışqırdım. Səsim kənddəki kəsilən donuzların cikkiltisinə oxşadı. Nəhayət, atamın qüvvətli qolları məni xilas etdi. Anamın üzü əsəbdən gərginləşdi və dodağının rəngi qaraldı, başdan ayağa silkələndi. Atamın qoruması altında cəsarətləndim və onun tam adını tüpürürmüşcəsinə hayqırdım:

– Yanq Yuzhen, qoca qarı, həyatımı cəhənnəmə çevirirsən!

Qışqırmağımdan bir anlıq çaşan anam gözlərini bərəltdi, atam irişdi, məni götürüb tez qaçdı. Anamın uca səslə ağlamağını eşidəndə artıq çöl qapısına çatmışdıq:

– Səni öldürəcəm, ipləmənin biri, haramzadə…

Atam başıma qapaz vurub sakitcə dedi:

– Ay balaca şeytan, anasının adını haradan bilirsən?

Mən onun qarabəniz, mısmırıqlı üzünə baxdım:

– Sən deyəndə eşitmişəm!

– Nə vaxt onu Yanq Yuzhen deyə çağırmışam?

– Xalam Ualyd Muleyə demisən. Sən dedin ki, Yanq Yuzhen, qoca qarı, həyatımı cəhənnəmə döndərmisən!

Atam tez ağzımı əli ilə tutub, pıçıldadı:

– Kəs səsini, əclaf. Bu günə qədər yaxşı ata olmuşam. İndi  də heç nəyimi məhv etmə.

Anam əlində balta ilə evdən çıxdı.

– Luo Tonq, – deyə qışqırdı, – Luo Xiaotonq, sizi əclaflar, iki yekə haramzadə, ikinizi də ələ keçirsəydim, day ölsəm də dərdim olmazdı. Bu gün bu ailəyə son qoyacam!

Onun üzündəki qəzəb dediklərinin zarafat olmadığını işarə edirdi. Atam yava bir ömür sürmüşdü, amma axmaq deyildi. Təhlükədən qaçacaq qədər ağıllı idi. O, məni boynundan endirdi, qoltuğuna vurdu və divara tərəf qaçmağa başladı, qəzəbli anamı və bir çox problemləri arxamızda qoyduq. Divardan tullana biləcək gücü olduğundan şübhəm yox idi, ancaq o bunu etmədi. Anam bizi həyətdən çıxardandan sonra təqib etməyi dayandırdı. Bir müddət divarın dibində tullanıb-düşdü, sonra şirin kartofları doğramaq üçün havanı söyüşlərlə dolduraraq geri qayıtdı. Mənfi enerjisini çıxartmağın ən yaxşı yolu bu idi, nə qan, nə qarışıqlıq, nə də başqa qanun pozuntusu, hələ mən bilirəm ki, bu çürümüş kartoflar onun ən böyük düşmənlərini əvəz edirdi. İndi də eyni cür fikirləşirəm ki, düşmən nə mən, nə də atam idi, kənddəki şərab dükanı işlədən Ualyd Mul idi. Anam əmin idi ki, o qadın atamı yoldan çıxardıb və mənsə bunun belə olduğuna tam əmin deyildim. Atam və Ualyd Mulun təkcə ikisi bilirdi ki, ilk dəfə kim kimi yoldan çıxartmışdı. Biz ora çatanda yeddi, ya da səkkiz tacir xırmanda oturmuşdu, siqaret çəkib qəssabları gözləyirdilər. (Kəndimiz böyük bir qəssabxanaya çevrilmişdi, əkin yerləri və xırmanlar alver yerinə dönmüşdü) İnəklər başlarına gələcək əzablardan bixəbər gövşəyirdilər. Tacirlərin çoxu rayonun qərb hissəsindən gəlir və gülməli ləhcə ilə danışırdılar, radio pyeslərindəki aktyorlar kimi. Onlar hər on gündən bir gələr, hər birinə iki, ya da üç baş mal gətirərdilər. Onlar adətən yavaş sürətlə heyvan və sərnişin qatarlarında qürub vaxtı kəndimizə ən yaxın stansiyaya gələrdilər. Stansiyanın kənddən çox da uzaq olmamasına baxmayaraq, heç vaxt gecəyarısından tez kəndə çatmamışdılar. Məntiqlə bir-iki saata çatmalı idilər. Bəs onda onlar niyə kəndə gecəyarısı gəlməyə üstünlük verirdilər? Bu, onların sirri idi. Mən gənc olanda ailəmdən və kəndin ağsaqqallarından bu sualı soruşurdum. Ancaq onlar mənə cavab əvəzinə donuq baxışlarla baxırdılar, elə bil, onlardan həyatın mənasını, yaxud da hamının bildiyi bir sualı soruşurdum.

Davamı “Ustad” jurnalının 14-cü sayında.

KÖŞƏ YAZARLARI
TOP 10