“Ol ! Ölmək üçün hələ çox tezdir ! ”

269 Baxış

10968095_1773730466186458_868062936_n

Yarıqaranlıq otaq.  Köhnə pəncərədən içəri daxil olan külək və onun vıyıltılı səsi …bir də gecənin bu vaxtında yuxusuna haram qatan düşüncələri .
Donuq baxışlarla səssiz şəkildə düşünürdü . Olanları, keçənləri  gedənləri … Yox gələn yox idi elə gedənləri … Suallar beyninin içində bir burulğana dönmüşdü  və bu burulğan getdikcə onu öz ağuşuna alıb intihar dəryasında məhv edecəkdi sanki ..

Amma intiharlıq bir halı da qalmamışdı artıq məhv olmuşdu o …

Ölmüşdü ..

Ümidləri ilə birgə …
Sanki bir anlıq  fikirlərinə ara verdi beyni dondu…

Hər şey , elə bil , hər şey  silindi yaddaşından  və ani şəkildə yanındakı  soyumuş acı çaydan bir neçə qurtum aldıqdan sonra yenidən düşüncələrin ağuşuna atdı özünü . Neçə gecə idi ki gözününün qarşısından çəkilməyən səhnə indi lap kino lenti kimi keçirdi …

Sanki əlini uzatsa toxuna bilərdi o səhnəyə sanki hadisələri bir hərəkəti ilə dəyişə bilərdi , uzatsaydı əlini… Tutsaydı əlindən, kütlənin içindən dartıb çıxartsaydı onu, baxmasaydı heç kəsə, heç nəyə –nə yanındakılara ,nə kənardakılara …

Düşünməsəydi qınaqları  qalib gəlsəydi qüruruna onu atıb getdiyi günü unutsaydı  …

O gedəndən sübhə qədər  dayanmadan bir nöqtəyə, gözünü  belə qırpmadan  baxdığı gecələri unutsaydı…

Səslənəndə gözlərinin dolduğu mahnıları  sırf onunla  dinlədiyi üçün dayanmadan səsləndirməsini , mahnı səsləndikcə oyuncağı əlindən alınmış uşaq kimi hönkürtü ilə ağlamasını unutsaydı  …

Və tutsaydı əlindən, əfv etsəydi onu bayramqabağı əfv olunmuş məhbuslar kimi  azad etsəydi onu xəyallarının həbsxanasından…

Amma artıq gec idi. Həm də çox gec… Nə onda edə bilmişdi bunları,  nə də indi edə bilərdi …

Xəyallarında dəfələrlə cəhd etsə də, heç xəyallarında belə edə bilməmişdi ağlından keçənləri .Bir gün etməsindən çəkinmişdi bəlkə də ….

Bəlkə də xəyal belə  edə bilməyəcəyindən çəkinmişdi … Amma reallıq  bu idi ki, bu gecə də tək idi.  Tək və çarəsiz …
Gözlərini bayaqdan bəri dikdiyi divardakı nöqtədən çəkdi və bir otağın küncündəki həftələr öncə gətirdiyi kəndirə ,  bir də tavana …

Elə tənbəlləşmişdi ki,  durub özünü asmağa belə həvəsi yox idi… Həm də bəlkə özünü assaydı yolu çox uzun olacaqdı deyə düşündü…

Axı həmişə danışanda  “O Dünya” , “O Dünya “ deyirlər …Deməli çox uzaqdaydı “O Dünya”. Burdan  ora getmək üçün çox yorğun idi …Həm də həvəssiz …

”Bu Dünyada” yeriməyə taqəti yox idi qalsın…

Ora getmək…

Bu düşüncələrlə artıq səhər də açılırdı və pəncərdən üzünə düşərək gözlərini dəhşətli şəkildə qamaşdıran gün şüaları onu bütün bu düşüncələrin ağuşundan çəkib çıxardı  sanki …

Və eyni zamanda qərarlı şəkildə ayağa qalxıb otağın küncündəki iş  masasına yaxınlaşdı…

Səliqəsizlikdən özü belə  diksindi bir anlıq  …

Köhnə bloknotunu  götürüb böyük həriflərlə  iki cümlə qeyd etdi :

“OL !ÖLMƏK ÜÇÜN HƏLƏ ÇOX TEZDİR ! ”

 İlqar Vahid Cəfəri

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10