OL! ÖLMƏK ÜÇÜN HƏLƏ ÇOX TEZDİR!

123 Baxış


ilqar vahid cəfəri 1İlqar Vahid Cəfəri

OL! ÖLMƏK ÜÇÜN HƏLƏ ÇOX TEZDİR! 

Yarıqaranlıq otaq. Köhnə pəncərədən içəri daxil olan külək və onun vıyıltılı səsi… Bir də gecənin bu vaxtında yuxusuna haram qatan düşüncələri… Donuq baxışlarla səssiz şəkildə düşünürdü. Olanları, keçənləri, gedənləri… Yox, gələn yox idi, elə gedənləri… Suallar beyninin içində bir burulğana dönmüşdü və bu burulğan getdikcə onu öz ağuşuna alıb intihar dəryasında məhv edəcəkdi sanki… Amma intiharlıq bir halı da qalmamışdı, artıq məhv olmuşdu o, ölmüşdü, ümidləri ilə birgə…
Sanki bir anlıq  fikirlərinə ara verdi beyni, dondu… Hər şey, elə bil, hər şey silindi yaddaşından və ani şəkildə yanındakı  soyumuş acı çaydan bir neçə qurtum aldıqdan sonra yenidən düşüncələrin ağuşuna atdı özünü.  Neçə gecə idi ki, gözünün qarşısından çəkilməyən səhnə indi lap kino lenti kimi keçirdi. Sanki əlini uzatsa toxuna bilərdi o səhnəyə. Sanki hadisələri bir hərəkəti ilə dəyişə bilərdi, uzatsaydı əlini… Tutsaydı əlindən, kütlənin içindən dartıb çıxartsaydı onu, baxmasaydı heç kəsə, heç nəyə-nə yanındakılara, nə kənardakılara… düşünməsəydi qınaqları, qalib gəlsəydi qüruruna, onu atıb getdiyi günü unutsaydı…  O gedəndən sübhə qədər  dayanmadan bir nöqtəyə gözünü  belə qırpmadan baxdığı gecələri unutsaydı… səslənəndə gözlərinin dolduğu mahnıları  sırf onunla dinlədiyi üçün dayanmadan çalınmasını, mahnı çalındıqca oyuncağı əlindən alınmış uşaq kimi hönkürtü ilə ağlamasını unutsaydı… Və tutsaydı əlindən, əfv etsəydi onu bayramqabağı amnistiya almış məhbuslar kimi, azad etsəydi onu xəyallarının həbsxanasından… Amma artıq gec idi, həm də çox gec… Nə onda edə bilmişdi bunları, nə də indi edə bilərdi … Xəyallarında dəfələrlə cəhd etsə də, heç xəyallarında belə edə bilməmişdi ağlından keçənləri… Bir gün etməsindən çəkinmişdi bəlkə də…. Bəlkə də xəyal belə edə bilməyəcəyindən çəkinmişdi… Amma reallıq bu idi ki, bu gecə də tək idi. Tək və çarəsiz …
Gözlərini bayaqdan bəri dikdiyi divardakı nöqtədən çəkdi və bir otağın kücündəki həftələr öncə gətirdiyi kəndirə,  bir də tavana baxdı… Elə tənbəlləşmişdi ki, durub özünü asmağa belə həvəsi yox idi… Həm də bəlkə özünü assa idi yolu çox uzun olacaqdı deyə düşündü… Axı həmişə danışanda  “O Dünya” , “O dünya “ deyirlər. Deməli çox uzaqdaydı “O Dünya”. Burdan ora getmək üçün çox yorğun idi. Həm də həvəssiz … “Bu Dünyada” yeriməyə taqəti yox idi, qalsın ora getmək… Bu düşüncələrlə artıq səhər də açılırdı və pəncərdən üzünə düşərək gözlərini dəhşətli şəkildə qamaşdıran gün şüaları onu bütün bu düşüncələrin ağuşundan çəkib çıxardı sanki… və cəld, eyni zamanda qərarlı şəkildə ayağa qalxıb otağın küncündəki iş masasına yaxınlaşdı. Səliqəsizlikdən özü belə diksindi bir anlıq. Köhnə blaknotunu götürüb böyük hərflərlə iki cümlə qeyd etdi: “OL! ÖLMƏK ÜÇÜN HƏLƏ ÇOX TEZDİR!”

Bölmə : Nəsr, Ədəbiyyat