Ölkəni bataqlıqdan çıxaran fədakarlar

64 Baxış

Ağ zanbaqlar ölkəsiSenet.az Atatürkün oxuyub heyran qaldığı və dərhal ölkədəki məktəblərin, xüsusilə hərbi məktəblərin proqramına salınmasını əmr etdiyi “Ağ zanbaqlar ölkəsi” kitabından dördüncü hissəni təqdim edir. 

Əsərdən ilk hissə- Atatürkün dərslik olmasını istədiyi kitab ilk dəfə Azərbaycan dilində

İkinci hissə- Tarixi kim yaradır? Qəhrəmanlar, yoxsa millət?

Üçüncü hissə- Suominin tarixi

Snellman

Hələ çar I Aleksandrın dövründə Fin mədəniyyətini inkişaf etdirməyə səy göstərənlərin başında Snellman adlı bir nəfər dururdu. Buna görə də həmin şəxsin həyatı və etdikləri barədə bir az məlumat vermək istərdik.

Johan Vilhelm Snellman 12 may 1806-cı ildə Stokholmda (İsveçin paytaxtı) anadan olub  və 4 iyul 1881-ci ildə isə Danskarbidə (Cənubi Finlandiyada əhalisi az olan yaşayış yeri) vəfat edib. Snellman dövrünün elmli şəxslərindən biri, filosofu və məşhur siyasətçilərindən idi. Ancaq Snellmanı daha çox tanıdan onun Fin mədəniyyətini yaradan xalq müəllimi olması idi. Snellman və dostları xalq müəllimləri kimi çalışaraq “Min bir bataqlıq ölkəsi”ni “Ağ zanbaqlar ölkəsi”nə çevirməyi bacarmışdılar.

Finlandiyanın böyük müdriki hesab edilən Snellman bütün həyatı boyu bu həqiqəti həmvətənlərinin şüurlarına həkk etməyə çalışırdı:

Finlandiya hər zaman Rusiya və İsveç tərəfindən işğal edilmə təhlükəsi ilə üz-üzədir. Güclü və imperilalist qonşularına qarşı dura bilmək üçün ölkəmiz mədəni və sivilizasiya baxımından onlardan yüksək olmalıdır.

Snellman nəşr etdirdiyi Saima adlı qəzetdə ölkə əhalisinə daim bu fikirləri aşılmağa çalışmışdır:

Bizim kiçik millətimiz böyük qonşularından daha yüksək sivilizasiyaya sahib olanda təhlükə sovuşmuş olacaq.

Finlər milli mədəniyyətlərinin inkişafı üçün uzun illər çalışıblar və bu gün bir çox Avropa ölkəsindən daha yüksək mədəni səviyyəyə çata biliblər. Artıq böyük və kiçik qonşularının hücumları ilə azadlıq və müstəqilliklərini itirmək təhlükəsi yoxdur.

J_V_SnellmanSnellman yeni yetişən Fin ziyalılarının ən gözəl nümunəsidir. O, bir ovuc gənc müəllim, din xadimi, vəkil və məmurla birlikdə xalqın təhsil alması və təhsilin daha da yayılması üçün sanki bir səlib yürüşü elan etmişdir.  Sayları çox az olan bu bir qrup insan isə ziyalılara məhz belə səslənirdi:

Ziyalı olmaq modaya uyğun paltar, papaq geyinmək demək deyil. Ziyalılar xalqın beyni deməkdir. Xalqımız sizi yaxşı təhsil aldıqdan sonra yüksək gəlir əldə edib, gecələri əylənəsiniz deyə o mövqeyə gətirməyib. Belələri həqiqi ziyalı ola bilməzlər. Onlar korlanmışlardır.

Təhsil alanların hamısı milli düşüncəni inkişaf etdirməyə, milli ruhu oyandırmağa, milli iradəni gücləndirməyə məcburdurlar. Kəndlilərə, işçilərə, xalqın aşağı təbəqəsinə daha yaxşı mövqeyə necə yüksəlmək lazım olduğunu öyrədin!

Xalqımıza var olmağın dəyərini bilməyi və qorumağı öyrədin. Quraq torpaqlarımızda hər kəndlinin, hər işçinin insan kimi, daha sağlam, daha xoşbəxt, daha ağıllı bir həyat yaşaya bilmək  imkanlarını izah edin!

Xalqımıza necə çalışmaq lazım olduğunu öyrədin! Az xərclə daha möhkəm yaşayış binalarını necə inşa etməyi göstərin! Özlərinin və uşaqlarının sağlamlıqlarını necə qoruya biləcəklərini öyrədin! Xoşbəxt bir ailə həyatını necə qurmaq lazım olduğunu, qadının kişiyə, kişinin qadına necə davranmasını və uşaqlarını necə tərbiyə etməsini başa salın!

Xalqımıza hər işi vaxtında görmək, nizamlı və intizamlı olmaq vərdişlərini aşılayın! Özlərinin və başqalarının hüquqlarına hörmətlə yanaşmağı öyrədin! Bütün bu işlərdə şəxsən özünüz hər kəsə nümunə olun! Öz-özünüzə və xalqa yol göstərən olun!

Bütün Suomini böyük bir ailə kimi qəbul edin. Bütün ölkəyə də o gözlə baxın. Unutmayın ki, ən yoxsul kömürçü, satıcı, qulluqçu və dul qadın- hamısı bütövlükdə Fin xalqını təşkil edir. Onlar sizin qardaşlarınız, həmvətənlərinizdir. Onlara təhsil vermək və onları mədəni sivilizasiyada daha qədim olan millətlərin sırasına daxil etmək sizin vəzifələrinizdir.

Unutmayın ki, xalqın cəhaləti, kobudluğu, içki düşkünü olması, xəstəliyi, səfaləti, əxlaqlarının pis olması kimi mənfi xüsusiyyətlərinin hamısı sizin utancınız  və günahınızdır.

Bir qrup Fin müəllimi, vəkili, məmuru və həkimi ziyalılara belə səslənib və bu səpkidə yazılar yazırdılar. Snellman onların arasında işgüzarlığı və həvəsi ilə daha çox fərqlənirdi. O, qışda xizəklə, yaz və yayda qayıqla, bəzən isə piyada Finlandiyanı qarış-qarış gəzərək xalqı marifləndirməyə çalışırdı. Meşələrdə və daş karxanalarında çalışan gənc və ya yaşlı ağıllı insanlarla qarşılaşdıqda onlarla söhbət edir, kitablar verir, ünvanlarını alır və onlarla hökmən məktublaşırdı. Snellman getdiyi hər qaranlıq məkanda bir çox problemləri həll edirdi. Həqiqətləri insanların beyinlərinə həkk etməyə çalışırdı:

Bütün ölkəni suvarmaq üçün bir neçə çay bəs etməz. Ən ucqar yerlərin belə göl, bulaq və ya çay kimi su mənbələrinə ehtiyacı var. Millətin mənəvi susuzluğu da buna bənzəyir. Hər yerdə millətin başa düşə-düşə içə biləcəyi təzə bulaqlar tapılmalıdır.

Snellman getdiyi hər yerdə insanların oyanışı üçün onlara yol göstərir, onlarla davamlı əlaqə saxlayırdı. Yazılan məktublar ayrı-ayrı adamlar vasitəsilə ünvanlara çatdırılırdı. Snellman göndərdiyi məktublarda bəzilərini qınayır, bəzilərinə isə nəsihətlər edərək onların qarşısında yeni vəzifə və öhdəliklər qoyurdu.

Səfər etdiyi yerlərdə ətrafına təhsil sahəsində çalışan könüllüləri toplayaraq onlarla söhbətlər edirdi:

Baxın, çətənədən ip və kəndir necə hörülür? İncə, xam çətənə liflərini alıb nazik ip kimi bükürlər, sonra iplərin bir hissəsini bərabər hörərək qalın ipə çevirirlər. Yenə bu iplərin bir neçəsini birləşdirərək kəndir hazırlayırlar. Bizim işimiz də belədir. Ziyalıların dağınıq şəkildə olan güclərini biraraya toplayaraq, iki milyonluq xalqımızı böyük bir qüvvəyə çevirməliyik.

Snellman yay tətilində ətrafdakı müəllimləri bir yerə toplayaraq iki-üç həftəlik kurslar təşkil edirdi. Kurslarda yüzdən çox müəllim iştirak edirdi. Ölkənin ucqar bölgələrində bütün qışı işləyib yorulan müəllimlərin çoxu əslində peşələrindən və işlərindən razı deyildilər. Kurslara da həvəssiz qatılırdılar. Hətta bəziləri “Bu kurslar haradan peyda oldu? Müəllimlərə təhsil vermək nə deməkdir?” deyərək narazılıqlarını bildirirdilər. Snellman bunların hamısını bilir, amma çox təmkinli davranırdı. O, insanlara bir həkim gözü ilə baxırdı. “Xəstələri müalicə etmək lazımdır.”- deyərək işinə həvəs göstərirdi.

Baş verənlərdən bezmiş, yorulmuş müəllimlərə kurslarda belə müraciət edirdi:

Əziz qardaşlar! Öhdənizə düşən işin necə ağır və yorucu olduğunu bilirəm. Ucqar bölgələrdə hansı çətinliklərlə çalışdığınızı və göstərdiyiniz səylərin xalq tərəfindən lazımi şəkildə qiymətləndirilmədiyini də bilirəm. Maddi vəziyyətinizin də yaxşı olmadığını bilirəm. Amma nə edək? Heç vaxt yaddan çıxarmayın ki, biz milləti oyandırmaq üçün çıxdığımız yolun hələ lap başındayıq. Biz yeni təhsil ordusunun öndə gedənləriyik. Cəhalətlə mübarizədə bütün çətinliklərə sinə gərmək məcburiyyətindəyik. İlk vaxtlar bəlkə də bizi başa düşməyəcəklər. Amma fədakar olmalıyıq. Bəlkə aramızda veriləcək qurbanlar da olacaq. Bu da zəruridir, ondan qaçmaq mümkün deyil.

Mən sizi fədakarlığa dəvət edirəm. Yalnız özünü fəda etməyə hazır olanları çağırıram. Bağışlayın, açıq demək istəyirəm! Hər peşədə olduğu kimi müəllimlər arasında da peşəsinə yad olanlar var. Onlar peşə sahibləri (sənətkar) belə deyillər.  Onlar müəllimliyə xor baxan iş hərisləridir. Belələrinə dost kimi təklif edirəm ki, peşələrindən uzaqlaşsınlar. Özlərinə başqa iş tapsınlar! Getsinlər tacir olsunlar… Rəsmi qurumlarda məmur işləsinlər… Getsinlər ki, daha canlı, daha yüksək ruhlu insanların işləməli olduğu belə müqəddəs vəzifələrə layiq olanlar gəlsinlər!

Mənim xahişimlə ölkəmizin ən böyük alimləri sizinlə konfrans keçirməyi qəbul ediblər. Onların söyləyəcəkləri fikirlərdən faydalanmağa çalışın. Bu kurslardan məktəblərə qayıtdığınız zaman siz də şagirdlərinizə öyrənmək istəyini aşılayın!

İbtidai təhsil verən müəllimlərin əksəriyyəti Snellmanın sözlərindən təsirlənərək onun ətrafında toplandılar, cəhalətə qarşı mübarizədə onun köməkçilərinə çevrildilər. Həmin müəllimlərin çoxu biliklərini artırmaq üçün gərgin şəkildə yenilikləri öyrənməyə və ustadlarının göstərdiyi yolla getməyə başladı. Onların hər biri bir müddət sonra ölkədə böyük bir mədəniyyət və sivilizasiya mənbəyinə çevrildilər. Qısa müddətdən sonra ölkənin hər yerində yüzlərlə böyük-kiçik Snellmanlar peyda oldular.

Lakin Snellman sevimli Suomi xalqının oyanışını yalnız müəllimlərdən gözləyə bilməzdi. Məmurların, həkimlərin, tacirlərin hardasa toplandığını eşidirdisə ora gedir və onlara həyəcanlı, coşqun nitqlər söyləyirdi:

Xalqımızı unutmayın! Siz hamınız bu xalqın içindən çıxmısınız. Amma indi nə iş görürsünüz? Savadsız qardaşlarınızdan qaçırsınız? Yoxsa xalqımızın daha yaxşı bir mövqeyə yüksəlməsi üçün çıxış yolları düşünürsünüz? Xalqımızın oyanması və mədəni səviyyəsini yüksəltmək üçün nə iş görürsünüz?