Frankfurt beynəlxalq kitab sərgisi

12 Baxış

ml

Senet.az saytı Mədəniyyət və Turizm nazirliyinə istinadən xəbər verir ki, 2016-cı ilin 19-23 oktyabr tarixində keçiriləcək Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan təmsil olunacaq.

Ölkəmizin, onun zəngin mədəniyyətini, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsini, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından və yerli nəşriyyat nümayəndələrindən ibarət nümayəndə heyəti Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərinə səfər edəcəkdir.

Beynəlxalq kitab sərgiləri sırasında Frankfurt Kitab Sərgisi özünün nüfuzu, iştirakçı və ziyarətçilərin sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin görüşü baxımından əlamətdardır. Hər il təşkil olunan bu sərgiyə dünyanın əksər ölkələrindən iştirakçılar gəlir.

Cari ildə 56 kv.m. sahədə, Qız Qalası və Qala divarları dizaynı ilə hazırlanmış xüsusi stendlə təmsil olunacağımız sərgidə ümummilli lider Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tariximizə, mədəniyyətimizə və ölkəmizin turizm potensialına dair nəşrlər ziyarətçilərin diqqətinə təqdim ediləcəkdir.

Həmçinin 22 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən, cari ilin “Multukulturalizm ili” elan edilməsi ilə bağlı tədbirin keçirilməsi nəzərdə tutulur.

Bölmə : Konfrans, Manşet