Ölməyinizi qadağan edirəm! – Müşfiq XAN

53 Baxış

musfiq-xan-sergi

Hamımızın başına gəlib, gəlir, gələcək – iş ya da istirahət gününə normal ovqatla başlamaq istəyirik, amma nəsə çatmır, hiss edirik, məhz nə olduğunu müəyyənləşdirə bilmirik. Cəncəl məsələdi. Belə bomboz günlərinsə aya dörd, beş, lap olsun on dənəsinin dizini qatlayıb öhdəsindən birtəhər gəlmək olur. Di gəl…

İşdən, evdən, gərəkli-gərəksiz məşğuliyyəti-qayğılardan, özümdən aralanıb hərdən cəmiyyətimizə tamaşa edirəm – otuzlarını yaşayan və məsuliyyətlərini dərk edən biri olaraq. Lap aralıdan e, xeyli uzaqdan. Və bu zaman mənə belə gəlir ki, bu ölkədə bir insan ömrü elə otuzunda tamam olur. Qalanını bəxşiş kimi yaşayır, bəxtəbəxt. O gün yenə boz fikirlər əlimdən təzəcə tutub aralanmışdı, gedib qəza törətdim. Handan-hana sükan arxasında olduğumun fərqinə vardım…

Cəmiyyətin əli-gözü həyatdan soyuyub. Aktyor rolunu, yazıçı kitabını, operator kamerasını, rəssam fırçasını, əsgər səngərini, həkim andını, vətəndaş mövqeyini atıb uzaqdan məlun-məlun yadca tamaşa edir. Heç kim heç kimin, heç kim heç nəyin, heç nə heç kimin umurunda deyil. Bu torpaqlarda az qalsın heç nə də heç nəyin vecinə deyil. Elə götürək torpağın özünü – su, gübrə, peyin – nə lazımdısa verilir. Torpaq nə edir? Vecinə almır! Kəndçimizdən, insanımızdan, zəhmətkeşimizdən üz döndərib. Bərəkəti üzülüb. Əvəzində farsın-rusun genixarab mer-meyvəsini yeyib yarısalamat səhhətimizi zəqqum edirik.

“Bəxt üzüyü” filminin finalında əyyaş Hüseynin çox təsirli bir monoloqu var – itirməklə bağlı. Nə illər qoyduq geridə, amma hələ də ellikcə o səhnəni yaşayırıq. Fəqət, oynaya bilmirik. Mininci dubldu. İtiririk də özümüzçün, bala-bala…

Həyatda ən böyük itki bir insanın yaşama sevincini itirməsidi. Dünən faciənin anım ili idi. Bu gün bayramdı. Sabah adi günlərdən biridi. Dünən üzümüz gülmürdü. Bu gün də. Sabah güləcəyinə dair zəmanətimiz yoxdu. Donuq üz ifadəmizə daşlaşmış kədərli bir məzmun biçilib. Biz cəmiyyət olaraq heç vaxt bu qədər pessimist olmamışıq. Nə bilim, bəlkə mənim yaşım imkan vermir, çətinliklərə naşıyam, səhvim var. Yanlışdısa, düzəldin. Deyin ki, bundan da ağır günlər, ölümlər, faciələr görmüşük…

Saytların xəbər başlıqlarına baxmalı deyil – hamısı ölümlərdən, intiharlardan, qəzalardan yazır. Dəm qazından beş nəfər, ehtiyatsızlıqdan altı nəfər, atəşkəsin pozulmasından yeddi nəfər, problemlərdən usandığından səkkiz nəfər…

Vəziyyət o həddə çatıb ki, öz əcəli ilə ölən görəndə az qalsın şadyanalıq edək… Nə edirlər? Səbəbləri nədir? Bu sualları o gün qəzadan sonra özümə də verdim. Yəni illah itməliyikmi? İtməlidirlərmi? İtməlisinizmi? Niyə axı? Nə üçün?

Hər ilaxır çərşənbə gələndə yeddi ya səkkizinci sinifdə oxuyanda bayram axşamı bıçaqlanıb öldürülən Camal yadıma düşür. Atamın dostu idi. Dəli Camal deyirdilər. Həqiqətən dəlisov, dedikcən mərd adamdı rəhmətlik. Hansısa gərəksiz mübahisə üstündə canını fəda elədi, zalım. Bilənlər-bilir, biz tərəflərin ilaxır çərşənbəsi ilin əziz günüdür. Amma o hadisədən sonra mən odur-budur hər ilaxır çərşənbəyə təşvişlə, gözüqıpıq uşaq kimi başlayıram ki, birdən yenə kimsə ölər. Bayramı ürəyimdən gəldiyi kimi keçirə bilmirəm. Bu dəfə də belə oldu… Hamısı sizin ucbatınızdan! Bilin və agah olun, ölməyinizi qadağan edirəm! Mən bu travma ilə yaşamaq istəmirəm! Haqqımı istəyirəm – ildə bircə dəfə bayram istəyirəm!

İtirməmək üçün bacardıqca daha artıq çaba göstərək. Çünki insan yeganə canlıdır ki, obyekt deyil və gərəksiz eksperimentlərə qapalıdır. Çünki ağılsız risklər dönülməz nəticələrlə sabitdir. Nəyisə itirib, bir müddət sonra onu yenidən tapıb xoşbəxt olmaq mümkündü. Ancaq insan həyatı üçün bu keçərli deyil. Eşidirsiz? Keçərli deyil!

Həyat hamımıza bircə dəfə verilir. Üfürə-üfürə qoruyaq. Ehtiyatımızı əldən verməyək. Mənim həyatım, sənin həyatın, onun həyatı təkcə mənə, sənə, ona görə verilməyib – çiyinlərimizə aldığımız böyük məsuliyyəti – sevdiklərimizi unutmayaq. Özümüzü qoruyaq! Özümüzü itirməyək! Buna haqqımız çatmır. İnanın mənə… heç mən də atamı itirmədim. Sadəcə o məni itirdi…

Müşfiq XAN

KÖŞƏ YAZARLARI
TOP 10