Ölü göyərçinlər kimi… – Xuraman Hüseynzadə

43 Baxış

author_38

Möhkəm özüllü evlər tikildiyi zaman xilasedicilərin üzərinə daha bir məsuliyyət düşdü: kitab yandırmaq. Elə bir dövr idi ki, kitab da, onu oxuyan da alovla cəzalandırılırdı. Məqsəd düşünməyən, müqayisə edilməyən, hər şeyə “gözəl” deyən bir toplum yaratmaq idi. Onlara görə düşünməyən, televiziya ilə beyinləri qurudulmuş, bir sözlə, beyinsiz bir toplum xoşbəxtdir. Oxuyan insan bir çox gerçəyi kitablardan öyrənir və mübarizə aparmağı bacarır. Halbuki baş verənlərə göz yumub rahat yaşamaq varkən, hər kəs bir-birinin eynisiykən oxumaq nəyə lazımdır?

Kitabın gücünü anladan bu müdhiş antiutopiya, oxuyarkən nəfəs almağı unutdurur insana. Bir an, sadəcə bir an kitab oxumanın qadağan olunduğunu, onları kimlərdənsə gizləmək məcburiyyətində qaldığınızı və hətta bunun günah olduğunu düşünün. Bunu düşünmək belə çox çətindir. Deyilmi?

Hər şeyi sıfırlayıb yeni həyata başlamaq…

451 Farenheit – kitab kağızlarının yanma temperaturudur. Rey Bredberinin “Farenheit 451″ romanını Corc Oruellin “1984″ əsərinə bənzədənlər haqlıdırlar. Bu iki romanı birləşdirən əsas mövzu insanların qorxu içində yaşamasının, hüquqlarının əlindən alınmasının, haqqının tapdanmasının yaşatdığı çətinliklər haqdadır.

Əsərin qəhrəmanı on ildir, kitab yandırmaqla məşğul olan Guy Montaq öz işini sevən bir xilasedicidir. O, gecənin bir aləmi yola çıxması, alovların kitabları necə udması haqda heç düşünməmişdi… Heç  düşünməmişdi, insanların qorxusuz, hürküsüz yaşadığı bir keçmişi anladan 17 yaşlı o gənc qızla qarşılaşana qədər… Montaqın həyatındakı bütün səhvlər öz yerini doğrulara verdi o andan sonra. İşinə, sevgisinə, yaşayışına yeni, fərqli istiqamətdən baxdı Montaq. Qarşısını ala bilmədiyi duyğuları onu, əsla təxmin edə bilmədiyi işlər görməyə vadar etdi. Əsəri oxuduqca insan özünü təzədən kəşf edə biləcəyinə, hər şeyi sıfırlayıb yeni həyata başlayacağına inanır…

Kitab oxumaq qadağa olunarsa…

“Farenheit 451″ romanı kitab oxumağın qadağan olunduğu bir dünyanın təsviri haqdadır. Görəsən, bu, nə vaxtsa baş verə bilərmi? Bəşəriyyət necə olar o zaman?

Roman yanğınsöndürənlərin funksiyasının dəyişməsindən, onların kitabları meydanlarda yandırmasına nələrin səbəb olmasından bəhs edir. Kitabların nəşrinə və oxunmasına hökumətin qadağa qoymasına fikir və ifadə azadlığının qarşısını almaq və hamını eyni fikir ətrafında toplamaq cəhdindən başqa nə ad vermək olar? Heç düşünmüsünüzmü, kitab oxumaq azadlığınız bir gün əlinizdən alınsa, neyləyərsiniz?

Bu haqda düşünməyin dəhşətlərindən arınıb əsas məqsədi dərk edək: Bu, daha çox cəmiyyətin manqurtlaşmasına, insanların beyninin “yuyulmasına” xidmət etmək deməkdir. Düşünməyi bacaran, düşünərək özünə yol seçən, işıqlı insanlar bəzi cəmiyyətlər, onları idarə edən hakimiyyətlər üçün potensial təhlükə mənbəyidir. Corc Oruellin “1984″ romanı ilə “Farenheyt 451″i birləşdirən əsas cəhət məhz cəmiyyətlərin düşüncə azadlığının necə əllərindən alınmasından bəhs etməsidir. “1984″də də insanlar kameralar vasitəsilə güdülür, danışmağa qorxur, işgəncələrə məruz qalırlar. Kitablara qadağa qoyulmasından danışırıqsa 1937-ci il repressiyalarını, 70-ci illərdə Türkiyədə Marks və Engelsin kitablarına qadağa qoyulmasını və başqa bu kimi faktları misal göstərə bilərik.”Farenheyt 451″ əvvəlcə fantastik əsər təsiri bağışlasa da, oxuduqca onun reallığa söykəndiyini hiss edir oxucu. Romanda öncə hadisələr öz axarı ilə gedir.  Oxumağa, öyrənməyə kitablar var, insanların düşüncə azadlığı təmin olunub. Bəlkə də həmişə belə ola bilərdi. Əgər sistem çox güclü olmasaydı… Romanın kulminasiya nöqtəsində fərd ilə sistem arasında dialoq yaranır sanki. Baş qəhrəman Guy Montaqla əks cəbhədə olan müdiri ilə söhbətini xatırlayaq: Fərd ilə sistem arasında yaranan reallıq əslində ikincinin necə işlədiyini göstərir. Cəmiyyətlərin korlanmasına, insanların mənəvi tarazlığının pozulmasına elə bu cür sistemlər səbəb olmurmu?

Kitabın gücü

“Farenheit 451″ romanı elmi-fantastikanın əsas funksiyalarını oxucuya bir daha göstərir. Bu roman vasitəsilə oxucu, gələcəkdə insanlar üçün zərərli olacaq proseslərin bu gündən işıqlandırılmasının vacibliyini dərk edir. Bununla mübarizəyə indidən başlamaq və ya buna hazır olmaq çox zəruridir…

“- Ay fərsiz, deməli, sən burada rəndəyə baxmaq əvəzinə bu axmaq-axmaq kitabları oxuyursan, eləmi? Bu kitabları axşam, kürenin yanına gedəndə oxuyarsan – orada lap canın çıxana qədər oxu! Zərbədən qulaqları tutulan, başdan-ayağa qan içində olan Jülyen rəndənin yanına qayıtdı. Gözündə yaş gilələnmişdi – onu ağladan ağrı deyil, çox sevdiyi kitabın bir az əvvəl əlindən suya düşməsiydi.” – Stendalın “Qırmızı və qara”sındandır bu epizod.

Kitabların nəyə qadir olduğunu, gücünü sübut edən milyardlarla fakt göstərə bilərik…

Oxumayan insanların yaratdığı cəmiyyət

Rey Bredberi roman vasitəsilə monoton, elmdən, oxumaqdan uzaq düşmüş insanların yaratdığı cəmiyyəti tənqid edir. Yazıçı, yaratdığı dünya ilə keçmişdə yaşananların gələcəkdə də yaşana biləcəyini tənqidi detallarla göstərib, inanılması çətin olsa da baş verə biləcək bir antiutopiya kimi oxucuya təqdim edir.

Amerika ədəbiyyatının önəmli yazıçılarından olan Rey Bredberinin mükəmməl əsəri olan “Farenheit 451″ tayı-bərabəri olmayan bir antiutopiya belə deyək, məhsuludur.  Francois Truffaut tərəfindən eyni adla 1966-cı ildə lentə alınaraq şöhrətinə şöhrət qatan əsər, texnoloji cəhətdən inkişaf etmiş bir toplumun geriləməyə üz tutmuş sənətinə və insanlığına güzgü tutur.

Bir az da yazıçı Rey Bredberidən söz açaq. 1920-ci ildə dünyaya göz açan məşhur yazıçı, 92 illik həyatına təxminən 500-ə yaxın hekayə, ssenari, şeir və roman sığdırıb. Alfred Hitchcock kimi böyük şəxsiyyətlərlə çalışmaq şansına nail olmuş yazıçı ayrıca Moby Dickin televiziya variantının ssenarisini də qələmə alıb. 1988-ci ildə opera səhnəsində oynanılmaq şansı qazanan “Farenheit 451″, Montaq adlı xilasedicinin (əsərdə yaradılan dünyada yanğınsöndürənlər yangını söndürmürlər, onun yerinə kitabların yandırılmasına səbəb olurlar) sənətlə maraqlanan Betti ilə tanış olmasını və onun Montaqda buraxdığı izləri oxuculara göstərir. Televiziyalı, amma kitabsız bir dünyanın cəmiyyəti necə dəyişikliyə məruz qoymasını bu əsər vasitəsilə görə bilərik. Kitabların yandırıldığı, insanların totalitar düşüncə sahibləri tərəfindən istiqamətləndirildiyi bu coğrafiya Orta əsrlərdəki sxolastik düşüncə tərzi ilə də böyük bənzərlik sərgiləyir. Hər iki dönəmdə kitablar yandırılır, onların yandırılması insanların savadsızlığına yol açır, savadsız, oxumaqdan uzaq düşmüş insanlar isə diktatorlar tərəfindən asanlqla idarə olunur. Rey Bredberi, kitab yandıranlarla onu oxumayanlar arasında maraqlı bağlılıq yaradıb hər iki tərəfin diktatorlar tərəfindən idarə olunduğunu ustalıqla göstərir.

Yazıçı, “Farenheit 451″də antiutopiyanı totalitar bir coğrafya ilə birləşdirərək  oxucunu bir növ ayıldır – baş verə biləcək təhlükə haqda Nostradamus, Vanqa kimi öncəgörənlik edir. Əlbəttə, bu, bir yazıçı təxəyyülüdür. Amma suda boğulan zaman saman çöpündən yapışmamaq üçün baş verə biləcək təhlükələrə hər an hazır olmaq lazımdır. Təbii, bu təhlükə bizim cəmiyyəti və dövləti gözləmir. Yenə də kitab oxumayanlara, bütün gün televizorda şou-biznes xəbərlərinə, müğənnilərin lüks həyatına baxıb köks ötürənlərə, elmi atıb kitabı mikrofona dəyişənlərə qarşı tədbirli olmaq lazımdır. Yazıçının dediyi də bu qəbildən olan təhlükələrdir. Yəni hazırkı dövrdə kitaba qarşı ən böyük təxribat elə burdan ola bilər… Yazıçı, baş qəhrəman Montaqın vasitəsilə kitabların yandırıldığı bir dünyadakı insanların düşüncələrini, yaşantılarını oxucuya çatdırır…

Romanı oxuduqca  ağlım bir cümlədə ilişib qalmışdı: “Evin önündəki yaşıllığa atılmış kitablar qanadları qırılmış ölü göyərçinlərə bənzəyirdi.” Şeirə, sözə bağlılıq belə gözəl bədii ifadə vasitəsilə qarşılaşan zaman daha çox üzə çıxır. Elə bu sözün təsiri ilə romanı oxuyub başa çatdırdım. Hesab edirəm ki, Rey Bredberinin bu romanı hər kəsin şəxsi kitabxanasının bəzəyi olmalıdır… Kitabları ölü göyərçinlərə bənzəməkdən qorumalıyıq… Bu bədii tapıntı nə qədər gözəl səslənsə belə…