“Ölü Həsən” – Rafiq Tağı

33 Baxış

26679

Senet.az oxucularına Rafiq Tağının “Ölü Həsən” hekayəsini təqdim edir.

Onların kəndindən daim iki fəsil görünür: yuxarıda-qış, aşağıda-gah yaz, gah yay, payızda da-payız. Bircə qışda ətək də elə bilirsən dağın kəlləsidir – hər yan ağappaq. İl uzunu qışda yaşadıqlarından kəllədəkilərə qış adamı deyirdilər.

Haçan birinin alnına buz qoymaq lazım gəlirdi, Həsən qaçardı qışa. Çox vaxt da kəlləyə dırmaşmısan deyə, qarı gətirib həyətlərində basdırardı. Qar gərəyi olan gəlirdi onlara. Hamı bu fikirdə idi ki, Həsən böyüyəndə həkim olacaq.

Ancaq camaatın sözü düz çıxmadı; ata öləndən sonra qazanılan yeganə sənət yetimçilikdir.

…Qəbiristanlığa aparılanda kişi dağ aşağı uçmağa başladı; tabutdan yapışanlar da onunla. Evlərin üstündən aşıb düzənlik qəbiristanlıqda uçurum qəbirin qaya qırağına qondular.

Bu yerdə həyətlər qabaq evlərin damında qurtarır. Həsən öz həyətlərindən qabaqdakı evin damına çox tullanmışdı. Onların da damına arxadakı evin uşaqları atılıb-düşərdi. Evlərin damları idman meydançalarıydı. Kənd soveti “gələcək nəslin sağlamlığı naminə” qərar çıxarmışdı ki, heç kəs buna etiraz etməsin. Etmirdilər də.

Atası uçub gedəndə yasa gələnlər yolun alçaq-hündür pilləkənlərilə qəbiristanlığa qaçışırdı. Bəzən yuxarıdakı hoppananda özü də istəmədən oturmalı olurdu aşağıdakının boynunda. Qara libaslı bir topa qadın arxada kölgə kimi sürünürdü. Həsən özü ən qabaqdaydı; birdən İsa yeyib Musa təpmiş bir adam ağır daş kimi göydən üstünə necə gəldisə, o, dizi üstə çökdü. Huşu başından çıxdı; nəfəsi getdi, gəlmədi. Həkimin yoxluğundan (bu kənddən ilk həkim Həsən özü olacaqdı) qəbiristanlıqdan mollanı gətirdilər; o da heç çatmamış dedi ölüb.

Atası tabutda ona görə uçurmuş ki, oğlunun ölümündən uzaq olsun. Oğlu da qəbiristanlıqdan aralı öldü ki, atasının dəfnini görməsin. İki ölüm bir-birini istəmirdi. Mollanın işi, əvəzində də qazancı iki qat artmışdı, tapşırdı meyiti hələlik evə aparsınlar. Gedib atanı dəfn eləyib dalından dəyəndən sonra qayıtdı oğlunun üstünə.

Mürdəşir Həsəni yuduqca suyu həyətə əndərirdi. Su axıb Həsənin qar basdırdığı yerdə göllənirdi. Birdən çadırdan hay qopdu ki, aman, əl-əman, ölü dirildi. Haya-abır da gözləmədən, lüt-anadangəlmə mürdəşirin qabağında dayanmışdı. Camaat onun dirilməyini bu kəndin tezliklə yerlə-yeksan olacağı əlaməti kimi yozdu. Görəcəkli əməllərsə daldaymış. Ağsaqqalların göstərişilə bütün kənd oğlanın üstünə töküldü: yaba, bel, çəkic-balta, daş-kəsək… Həsən ölən kimi onlara düşmən kəsilmişdi. Elə bil azarlayanda buz-qar verdiyi adamlar deyildi. Üzlərini həmişə gülər gördüyü adamların təbəssümlərinin yerində qəzəb işıldayırdı. Nəlbəki boyda sifətlər o qəzəbi güzgü kimi onun gözlərinə salırdı, ölümünə çırpırdılar, amma bu gədə, əksinə, tamam dirilib daim qar gətirdiyi qış səmtə daban aldı. Ancaq heç kəs dalınca getmədi, çünki qışın yollarını Həsəndən özgə bir insan dürüst bilmirdi. Həm də arxayındılar: onsuz Həsən getdiyi yerdə təzədən öləcək; orda acından-soyuqdan div canavarlar ölür, onda qalmış sərçə Həsən ola. Həsən ölümünün yanına öz ayağı ilə getdi.

O, nəfəsini dərmək üçün dayananda, ağappaq qışa sancılmış qapqara payaya bənzəyirdi. Aşağıdan, düşmən yuvalarına dönmüş evlərdən məşum səslər gəlirdi:

- Ölü Həsən! Ölü Həsən!

- Rədd ol! Rədd ol!

Həsən qışdan dağın o üzündəki yaya enəndə elə bil şaxtalı çöldən içində peç yanan evə girdi. Sümüklərini xeyli qızdırıb, yadlıqda öz kəndlərinə bənzər bir kənddən adlayıb Bakıya düzləndi.

***

Sanki ölü olduğundan iyirmi ildən çoxdur Bakıda Həsənə ev vermirdilər. Bəlkə kəndçilərindən onun yoxluğunu Bakı rəhbərlərinə çatdıran olub.

Zəmbilə oxşar köhnə həyətdə güc-bəla xırda bir hücrə ala bilmişdi. Ancaq həyətin sahibi yenə əvvəlki kimi Qəribağa sayılırdı. Buxara papaqlı Qəribağa ona göz verirdi, işıq vermirdi. Həsəngildə işıqların nə vaxt keçirildiyini hər gecə qeyd edirdi. Guya işıq hardan yanır-yansın, onun yuxusunu qaçırır. Əlində ixtiyar olsaydı, yatanda bütün Bakının işıqlarını söndürərdi.

Həsən gecələr arvadla qoşa yatmağı çoxdan tərgitmişdi, çünki evində iki qız uşağı böyüyürdü, iki oğlan. Onlar məktəbə gedəndə… – bax, bu, başqa məsələ. O, samosvalla gəlirdi, oğrun-oğrun girirdi həyətə, hop, alıcı quş kimi alırdı şikarın üstünü.

Bir gün Qəribağanın zövcəsi işi anlayıb Həsənin arvadına min cür latayır yağdırdı. Sözündən də belə çıxırdı ki, ərlə yatmaq müsəlmançılığa yaraşan deyil; ondansa gedib özünü çöldə qoysun.

Həsənin arvadı sanki qulağına pambıq tıxamışdı; lal-dinməz içəridə corab toxuyurdu.

Bu pozğun əhvalat qulağına çatanda, Qəribağa əsib-çoşdu, Həsəni tapança-tüfənglə hədələdi. Ancaq buxara papağına yaraşmayan tərzdə ailə söyüşünə keçəndə lal-kar Həsənin də dili açıldı:

-Heç oğlumun şeyini də yeyə bilməzsən, alçaq!

-Ə, sən-nin… – Qəribağa burda ağzını saxladı. – Yaxşı, sən sən ol, mən də mən.

Dediyini eləyib səhərdən keçdi ayrı metoda. Həyətdəki ümumi tualetin ağzına ağır, özü də paslı bir qıfıl asdı. Özləri tualetə girib çıxandan sonra bağlayacaqdılar. Qəribağanın arvadına xanımlıq çatmaqdaydı; haçan kefi çəksə tualetə girə biləcəkdi.

Həsənin arvadısa hələ öz gözlərinə inana bilmirdi; tualetsiz bu ilk gündə elə bilirdi yuxu görür. Tez-tez ümidlə çölə çıxır, hər dəfə də qapını qıfıllı görəndə utana-utana qayıdırdı geri. Onda Qəribağagil səmtdə qaqqanaq çəkirdilər.

Elə işə getməyə duranda Həsənin dalağı sancmışdı, ona görə samosvalını sürə-sürə dərd içində boğulurdu. Acıb evə dəyəndəsə ehtimalı düz çıxdı: hə, onları tualetə qoymurdular. Bax, bu skelet caynaqlarıyla Qəribağanın bəlağətli boğazını cırardı; təkcə uşaqlar qabağını kəsir. Həm də dərisi beş qəpiyə dəyməz onun! Axı nədir o!

Ailədə bu işə, nəhayət, bir əncam qıldılar. Hələ məktəbə getməyən uşağı tasa siyidirdilər. Böyüklərsə analarının tapşırığıyla səhərlər özlərini qısıb məktəb tualetinə çatdırırdılar (çətini ev alanacandı!) Hərçənd Qəribağanın uşaqları məktəbdə yaymışdılar ki, bu yetimçələrin öz tualetləri yoxdur, ona görə də çatacaq cumuşurdular məktəbinkinə. Onların ilk dərsi həmişə tualet dərsidir. Deyilənlər düz çıxanda Həsənin iki böyük qızını, bir də balaca oğlunu lağa qoymağa, fitə basmağa başladılar. Oğlan dözməyib savaşar, hər gün də üzü-gözü gömgöy evə qayıdardı.

Axşamlar şəhər tualetləri saat doqquzda bağlanır, ancaq Həsən ehtiyat üçün bir az tez – səkkiz radələrində maşın tutub ailəsini Bakı Soveti yanındakı tualetə aparırdı. Tanışlar rast gələndə; hər dəfə bir bəhanə işlədirdi; eyni tanışın iki dəfə rast gələcəyindənsə yaman qorxurdu. Onda gərək Yer aralana, girə Yerə – ikinci dəfə deməyə sözü yoxdu. Tualetin qadın və kişi şöbələrinə bir vaxtda girirdilər ki, təxminən bir vaxtda da çıxsınlar. Sonra yenə taksi tutub evə qayıdırdılar.

Bazar günləri məktəb yoxdu deyə axşamdan əlavə tualetə səhər də gedirdilər.

Həsən qənaət məqsədilə tualetə girişləri həftədə bir-iki dəfə ixtisara salmaq üçün ailədə təbliğat aparırdı ki, adam yayda çox da elə şey istəmir, çünki nə içirsən, dəridən buxarlanır. Bir də axı az su içəndən sonra tualet nə lazım! Özü də çox su içənin böyrəyi daş bağlayır. Böyrək damır deyil ki. Oğlan atasının sözünə qüvvət olaraq dedi ki, dəri də böyrəyin elə bir formasıdır, anatomiyada keçiblər. Qızlarsa bir söz deməyə utanırdılar. Ana da.

Allah onların üzünə baxırdı – heç kəs ishala tutulmurdu. İshala tutulmamaq üçün Həsən evə nə konserv alırdı, nə də balıq.

Qəribağagildə tualetin açarı iki idi: biri ailənin (onu iç otağın divarındakı mismara keçirirdilər), o birisə şəxsən Qəribağanın özününkü idi ki, məscid açarları ilə bir halqada cibində gəzdirirdi. Tualeti bağlayandan sonra gedib məscid qapılarını açır, namaz vaxtınacan xuddamlığa daim nə iş var, görüb qurtarırdı.

İnşallah, gələn partiyada Məkkəyə ziyarətə getmək niyyətində idi.

Həsən yuxarı təşkilatlara məktub yazıb gözləməklə məşğuldu. Deyirdi adam cavab gözləyəndə nə infarkta tutulmaz, nə “paralic”ə. İşdə söz atırdılar ki, bu minvalla onun ölümü qaldı hamı öləndən sonraya. “Əlbəttə, – o, döşünə döyərdi. – Çox yaşamaq qanunu mənim kəşfimdir. Fikir verin, şəhərdə əsasən kimlər ölür – hər şeyə çatmış adamlar”.

Bir gün dövlətdən ona məktub gəldi. Oxuyub sevincək arvada çatdırdı ki, onlara ev verilməsi qalıb naməlum vaxta. Arvad dedi daha bunda sevinməli nə var! “Sevinməlisi budur ki, ölməyim qaldı naməlum vaxta! Mən yalnız ev alan günü ölməliyəm”.

Həsənin samosvaldakı qazancı tualet xərcini ödəyirdi. Maaşsa dolanacaq üçündü. Qızların çətinliyi ərə gedənəcəndi, onda, inşallah, tualetləri də olacaq, hər şeyləri də. Pislik elə pis adama qalacaq. Oğlanlar Həsənin vecinə də deyildi. Onlara nə var! Kaş qızları da oğlan doğulaydılar.

Bir gün şəhərdə çox yubandı. Tualetlər bağlanana… Evdə geyinib onu gözləyirdilər. Yolu hövllü keçərkən terrorçuya bənzəyən qara bir maşın onu altına aldı.

O gün Həsənin ailəsi tualetsiz qaldı. Yağışlı da bir gündü.

İşdə hamı heyfsləndi ki, o cür heç vaxt ev almayası, o cür çox uzun yaşamayası bir insan heç nədən getdi.

Bakıda qəbiristanlıq bahalaşdığından Həsəni kəndə apardılar. Daha onun üzü ağdı – ölmüşdü.

KÖŞƏ YAZARLARI
TOP 10