“Ölülər” tamaşası – Akademik Milli Dram Teatrında

13 Baxış

Oktyabrın 7-də və 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı iki hissəli komediya-tamaşa təqdim olunacaq. Tamaşa teatrın direktoru və bədii rəhbəri, Xalq Artisti Azər Paşa Nemətin quruluşu əsasında səhnələşdirilib.

Teatrın mətbuat xidmətindən Senet.az saytına verilən mələumata əsasən səhnə əsərinin rejissorları isə gənc rejissorlar Əlif Cahangirli və Anar Sadıqovdur.  Səhnə əsərində görkəmli bəstəkar, SSRİ Xalq Artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

“Ölülər”in Şeyx Nəsrullahı Xalq Artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə aktyor Anar Heybətovdur. Tamaşada digər rolları Xalq Artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Hicran Nəsirova, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Firuz Xudaverdiyev, Mirzə Ağabəyli,  Əjdər Həmidov, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova, Adil Dəmirov məharətlə canlandırırlar.

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətə məxsusdur. Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılıb. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə bilirlər.

Bölmə : Teatr