Ölülərlə savaşanlar

266 Baxış

Elxan Nəcəfov2Elxan Nəcəfov

Ölülərlə savaşanlar

Gündəmi qamarlamaq üçün B. Vahabzadənin, M. Cəlilin, yaxud “səsi çıxmayan” başqa birinin şəxsiyyətini müzakirəyə çıxaran “şəxsiyyətlər” şəxsiyyət məsələsində bir az həssas (diqqətli) olsalar yaxşıdır. Öz şəxsiyyəti ilə yola çıxa bilməyənlər asan yola baş vururlar.

İnsan şəxsiyyəti, xarakteri elə insanın özü qədər mürəkkəb anlayışdır. Bu mövzuda yazı yazmağın, fikir söyləməyin məsuliyyəti, çətinliyi və günahı dərk edilməlidir.

Kitab çıxarmaq, fərqli görüntü imici yaradıb diqqət çəkmək düşüncəsi ilə özünü ya ədəbiyyata, ya da publisistikaya sırıyan bəzi “şəxsiyyətlər” var. Onların da bəzisi Allahın bəxş etdiyi ömrü pis-yaxşı başa vurmuş bir çox tanınmış insanlarımızın şəxsiyyətini müzakirəyə çıxarmağı özləri üçün asan yol seçiblər. Müşahidələr də onu göstərir ki, haqqında müzakirə açdıqları insanlar müzakirəni yaradanların özündən qat-qat sanballı yaradıcılığa və nümunəviliyə sahib olublar. Sadəcə eşitdiklərindən və oxuduqlarından bir-iki detal tapıb, sonra da onu şişirdərək guya möcüzə yaradıblar kimi hislərə qapılıblar. Məsələn, Seymur Baycan  “Bəxtiyar Vahabzadə ən yaxşı halda toylarda tamada ola bilərdi” deyir. Deyəcəksiz ki, ciddiyə almamaq da olar. Amma…

Məsələnin amması odur ki, bu ittihamda B.Vahabzadə fikrən təhqir olunur, tamadalıq isə həmin cümlədən çıxan məntiqlə təhqir olunur.  B. Vahabzadənin tamadalıq etməsinin ondan heç nə əksiltməyəcəyini qəbul etmək elə də çözülməz məsələ deyil. Tamadalıq da bir sənətdir və olduqca çətindir, yəni hər adam bacarmaz. Demək istədiyim budur ki, B. Vahabzadəni tənqid etmək istəyəndə tamadalığı da təhqir etmək qələm əhlinin ….. (nöqtələrin yerinə özünüz bir söz uydurarsınız).

Seymur Baycanın yazısının əsas məğzi budur ki, o bir kitab tapıb və orada xoşu gəlməyən nələrsə oxuyub və üz tutub camaata: “Ay camaat, məlumunuz olsun ki, mən bir kitab oxudum. Oxuduqlarımdan bunu bildim ki, B.Vahabzadə sizin bildiyiniz kimi deyilmiş. Bəs o boş boş-boş şeylər yazıbmış, sizin xəbəriniz yoxdur. Bəxtiyar Vahabzadəni bizə sırıyıblar” Bəy əfəndi, yəqin ki, o kitabı sizdən əvvəl oxuyanlar çox olub. Amma onlar sizdən fərqli olaraq düşünüblər ki, B.Vahabzadəni zaman və məkan anlayışlarını nəzərə alanda nədəsə mühakimə etməyin faydası və ya nəticəsi olmayacaq.

Həmid Herisçinin yazdıqlarından da belə çıxır ki, M. Cəlil bütün əsərlərini kimlərdənsə oğurlayıb, orijinallığı olmayan ədibdir. Ya Qoqoldan, ya gürcü ədəbiyyatından ya da başqa bir mənbədən. Həmid müəllimin mütaliəsinə və araşdırmalarına şübhə etmirəm. Amma bunu da xatırlayıram ki, Həmid müəllim, bir ara veriliş aparırdı. Görəsən bu xalq əmin ola bilərmi ki, Həmid müəllimin o verilişinin formatı sırf onun özünə məxsusdur? Bəlkə elə Həmid müəllim özü də onu ya ruslardan, ya Türkiyə telekanallarından çırpışdırıb. Həmid bəy, inciməyin, amma adam istər-istəməz şübhələnir.

Hansısa ədibin kimdənsə təsirlənib yeni bir əsər yazmasını yaradıcılıqdan uzaq, orijinallıqdan xali bir hal kimi görürsüzsə, deməli, ədəbiyyatımızın olduqca dəyərli bir çox əsərini və onların müəlliflərini də M. Cəlil qədər qiymətləndirirsiz. Çox da qəliz nümunə göstərməyə ehtiyac yoxdur. Klassik ədəbiyyatımızdan bir neçə nümunə: Məhəmməd Füzuli “Leyli və Məcnun” poemasını Nizami Gəncəvinin eyni adlı əsərinin əsasında yazıb və orijinallıq edib. Şah İsmayıl Xətayi “Dəhnamə” əsərini Marağalı Əhvədinin eyni adlı əsərinin təsiri ilə yazıb və orijinallığını inkar etmək olmaz. Abbasqulu ağa Bakıxanov “Mişkətül-ənvar” əsərini yazarkən Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərindən necə lazımdır bəhrələnib, amma yetəri qədər yeniliklər edib.  Hüseyn Cavidin “Azər” poemasında Abbasqulu ağa Bakıxanovun “Miratül-cəmal” poemasının təsiri hiss olunsa da, müəllifin digər əsəri kimi bu poeması da orijinallığına görə geri qalmır. Həmid bəy, indi bunları da mı kənara qoyaq? “Orijinalsızlıqda” günahlandırıb gözdən salaq?

Siz nə deyirsiniz deyin, M.Cəlil yazdıqlarını xalq üçün yazıb. Bax elə siz özünüz də onu oxuyub, maşallah hardan hara gəlmisiniz. Allah bir az da artıq eləsin.

Kimsə hansısa yazıçı və ya şairin bir əsərini tənqid edirsə, onun çatışan və ya çatışmayan cəhətlərini açıb göstərirsə ədəbiyyata xidmət edir. Əlbəttə bütün sənətkarların zəif əsərləri var. Həmin əsəri təhlil etmək, zəif və ya uğurlu tərəflərini göstərə bilmək həm də şəxsin  elmi fəaliyyəti sayıla bilər. Bax bunu etmir bizim yazımızın baş qəhrəmanları. Deyəsən, bu işin çətin tərəfidir.

Ey “böyük insanlar”,  pis-yaxşı bizim olanı biz məhv edəcəyiksə, kənardan day düşmənə nə gərək var? Ölüb getmişləri tənqid etmək çox asandır. Axı onlar həyatda deyil ki, siz bunları deyəndə onların şəxsiyyətinizə dəyən şapalağını hiss edəsiniz. Birdən təkzib edərsiniz ki, bəs, bizim heç bir problemimiz yoxdur. Bizim şəxsiyyətimiz və əməllərimiz idealdır. Biz nümunəyik. Deməyin. İndi aşınıza nə tökürsünüzsə qaşığınıza da o çıxacaq.

Mən bunları yazmaqda o fikrin sahibi deyiləm ki,  insanların yanlışlarının ört-basdır edilməsinin tərəfdarı olum. Əsla. Əgər hansısa  şəxs həyatdadırsa, yazıb-yaradırsa, əməlləri ilə gündəmdədirsə onun çatışmazlıqlarını müzakirə etmək çox faydalıdır. Çünki, həmin adamın ən azından sizə cavab vermək imkanı var, özünü islah etmək üçün zamanı var. Məsələn, Əkrəm Əylislinin “Daş yuxular” əsəri  ilə bağlı son gedən proseslər göz qabağında idi. Bəyənməyənlər, tənqid edənlər, hətta bəyənənlər də öz fikirlərini dedi və Əkrəm müəllim də öz cavabını verdi. Bu nümunəni ona görə deyirəm ki, cavabını alacaqlarınız haqqında yazın. Uzatmağın mənası yoxdur.

Yığışın bir yerə, topanıza bir sualım var:

Sizlər Elçin, Anar, Fikrət Qoca, Rüstəm Behrudi, Musa Yaqub, Aqil Abbas, Kamal Abdulla və başqaları  haqqında yazdınız da bizmi oxumadıq?