“Ölümə aparan üzlər və üzsüzlər “

272 Baxış

elchinefendi

Elçin Əfəndi

Bakı böyük bir faciə ilə qarşılaşdı. XXI əsrin əvvəllərində baş verən zəlzələ belə, bu qədər faciəvi, bu qədər qəddar deyildi. 16 ölü, 61 yaralı ilə günümüz qara gəldi. Hamı bikef (həyasızlar istisna), hamı hüznlü, hamı gərgin. Bu faciə olmalı idi. Əvvəla ona görə ki, binaların üzünə ucuz başa gələn örtük vurulmuşdu. Bundan qara qüvvələr yararlanaraq pul yığdı, digər qara qüvvələrsə bundan yararlanaraq tək binalara deyil, qəlbimizə od vurdu. İkincisi ona görə ki, Azərbaycan çox mötəbər bir idman oyununu ilk olaraq özü keçirir. Burada müəyyən və qeyri-müəyyən qüvvələr anti-təbliğat maşınını işə saldılar. Deyərdim ki, bacardılar da. İndi çoxu başayaq düşünəcək. Anlaşılandı. Qayıdaq məsələyə.

Elə o gecə həmin üzlükləri bir sıra binada sökdülər. Əslində bunu aprel ayında Əhmədlidə yanan bina zamanı etmək lazım idi. O artıq bu üzlükləri vuran üzsüzlərə həyəcanlı ismarıc olmalı idi. Amma təəssüf ki, olmadı və dünən ikinci və daha dəhşətli faciə baş verdi.

Söküntü gedən yerlərdən birinə yaxınlaşdıq. Şərt xətri üçün sökülənlərdən birini alışqanla yandıraraq test etdik ki, görək nəticə necə olur. Alışqan o üzlüyü yandırmadı. Sadəcə qaraltdı. Dəfələrlə cəhddən sonra nəhayət ki, bu istəyimiz baş tutdu. Belə qənaətə gəldik ki, öz-özünə bu örtük alışa bilməz. Kim inanmırsa, cəhd etsin, bir test edərək yoxlasın. Həmin üzlüyün üzərinə bir az benzin tökdük və alışqanı vurmağımızla üzlüyün alışması bir oldu. Əlimizin yanmağından çəkinib, yerə atdıq. Can şirin şeydi. Biz əlimizin yanmağından çəkindik, amma bəziləri körpələrin, məsumların içəridə yanmalarından çəkinmədi. Artıq bəlli idi. Bu üzlük bəziləri kimi üzsüzdür. Bir az əl gəzdirəndən sonra özünü sərbəst hiss edir. Yanır, yandırır, yaxır.

Faciədən kimlərsə qazandı. O kimlər ki, ucuz və tez başa gələn üzlük istehsal edirlər. O kimlər ki, dövlət büdcəsindən külli-miqdarda pulu mənimsəyib, belə ucuz üzlükləri alaraq, əvəzində daha keyfiyyətlisini alıblarmış kimi yalnız kağızda süni qiymət artıraraq, qalıq pula villalarda saxladıqlarına avtomobillər və s. aldılar. O kimlər ki, kreslosunu itirməmək üçün bu cür süni gözəlliklərə üstünlük verdi. Və “baxın, mən görün necə işləyirəm” deyə genəldi. Amma üzü bəzək, içi təzək olduğu ortaya çıxdı. Hansı ki bunu bir çox əxlaqdan kasıblar ora-burasına slikon doldurtdurmaqla edir. Amma çox keçmədən qarışqayeyənə oxşar vəziyyət alırlar. O kimlər ki, xaricdən aldığı vəsaitlə öz vətəndaşının canına qıydı. Ölkədə qarşıdurma yaradacaq hala imza atdı. O kimlər ki, bu cür təxribatı edərək indi mitinqdə “Yanğınlara son” deyəcəklər. Özləri öz işlərini ört-basdır etmək istəyən bəzi murdarlarxislətlilərtək addımlarını atacaqlar. Bütün bunları mənliyi olmayan bu kimlər etdi.

Məsələyə digər aspektdən baxaq. Deməli o cür üzlükləri istehsal edən şəxsə mötəbər ad verilmişdi bir neçə il öncə. Amma görünən o oldu ki, o da bir çox olimpiadada yer tutan olimpiaçılarımız kimi tez qudurdu. Gözlərini var-dövlət elə tutdu ki, ancaq özünü və burnunun ucunu gördü. Daha görə bilmədi ki, burnu elə bir maddəyə batıb ki, çox pis qoxusu var. O qoxunu hər an içinə çəkir.

Digər bir məsələyə diqqət edək. Baş verən faciə zamanı bütün televiziya kanalları həmişəki mövqeyində idi. Yəni çalıb, çağırır, deyib-gülür, əylənirdlər. Yasa batmış milyonlardan xəbərsiz toy-bayram ab-havası vardı. Amma bu belə olmamalı idi. Ya bütün kanalların yayımına qərənfil şəkli ataraq gün bitənədək bağlanılmalı, ya da hadisə barədə hər an məlumat verməli idilər. Amma gözlənilən olmadı. Bəlkə də yuxuda olsaydıq görə bilərdik, amma oyanmışdıq. Hamımız oyaq idik. Görürdük ki, kimlərsə yerində deyil, ya da yerlərini itirməkdən çəkinirlər. Və yaxud da onlar da düşünürlər ki, fürsətçilərin əlinə fürsət verməyək. Əsas olan o idi ki, gözlədiyimizi görmədik, ağ baldırları, ağ sinələri, slikon dodaqları gördük…

İlanın ağına da lənət, qarasına da. Düşmənlərimiz bizə başsağlığı verdiyi halda içimizdə olan satqınlar ölənlərə “yaxşı olub, qoy elə ölsünlər. Yəqin hansısa günahları olub ki, Allah cəhənnəmi göstərdi onlara” deyə fikirlər səsləndirdilər. Baxın, budur satqınlar, budur düşmənlər, budur cahillər, təsbehçevirənlər. Hansı ki, onlar üçün qız, qadın bıçaqlamaq hobbidir. İnsan ölümü onlar üçün qarışqa ölümüdür. Bunlar körpəyə qıyan ermənilərdən betər ermənilərdir.

İçi mən qarışıq hər bir vətəndaş baş verənlərə çaşbaş qalmışıdıq. Soyuqqanlı və aydın başla dünən heç nə düşünə bilmirdik. Bəzi qüvvələr də bundan istifadə etdi və edir. Xalqı kütlə və ya kölə psixologiyasına sürükləyərək, konkret bir işi pisləməyə çağırış etdilər: Olimpiadaya yox. Adama deyərlər ay vicdansız, əvvəla bu olimpiada deyil, Avropa oyunlarıdı. İkincisi nə üçün hansısa harınlamış və təxribatçı şərəfsizə görə dövlətini gözdən salırsan? Olmaz ki, bir olaraq dövlətə bu ağrılı gündə dəstək olasan? Deyəcəksən ki, dövlət mənə dəstək olur ki, mən ona dəstək olum? Bəlkə də haqlısan öz aləmində. Amma haqsızsan ona görə ki, dövlətlə harınlamış məmur eyni anlamı ifadə etmir. Kiməsə görə dövlətə qara yaxmaq olmaz. Sən öz haqqını qoruya bilsən, öz hüquqlarını bilsən, o kimsələri rədd etmək iqtidarında olarsan, daha dövlət mənə nə edib ki, sualı ilə başını yormazsan. Bu anda bir olmağımız lazımdı. Faciəni də kişi kimi atlamaq lazımdı. Hansısa qara qüvvələrin təbliğatına uyaraq, hərəkət etmək lazım deyil. Bu kimi faciələr hər bir ölkədə baş verir. Yaxınlarda ABŞ-da oldu, keçən il Türkiyədə Soma hadisələri və s. Hislərə qapılaraq nələrəsə, pisxislətli ünsürlərin fikirlərinə uymamaq lazımdır. Ehtiyatlı olmalıyıq. Dediyiniz o oyunlara qədər hələ bir neçə təxribat olacaq. Çalışıb qarşısını almalıyıq. Daha baltalara sap olmamalıyıq. Faciə hamımızındır. Hamımız o üzləri sökməliyik ki, kiminsə əlinə fürsət verməyək. Kimsə dövləti gözdən salmaq üçün əməlinə davam etməsin.

Yeni binalar tikiləcək, həmin bina sakinləri kompensasiya alacaq, mənzillə təmin olunacaqlar, amma nə o binada Tanrının rəhmətinə faciəvi şəkildə qovuşanlar geri qayıdacaq, nə o faciə unudulacaq, nə də bu yara sağalacaq! Tanrı ölənlərə rəhmət etsin, xalqımızı qorusun!

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10